Dörd şairin Qəşəm Nəcəfzadə haqqında düşündükləri

 

Yaşamaq dəlisi

 

Qəşəm şeir dəlisidir.Bu, həm də o deməkdir ki, o yaşamaq dəlisidir. Onun ayıq vaxtını görmədim, həmişə şeirdən sərxoşdur, ilham ayığındadır. Tək-tək şair onun qədər şeirin gücünə inanar, şeiri arxası, söykənəcəyi sayar.

Qəşəm Nəcəfzadə ilə köhnənin dostuyuq. İnstitutda məndən iki kurs aşağı oxuyan Qəşəmin şeir yazdığını eşidəndə özüm gedib onunla tanış olmuşdum. Onda gur saçı dağınıq, yellənə-yellənə gəzən bir oğlanıydı. Qəşəmlə Gəncənin, Bakının küçələrində çox var-gəl eləmişik, kitab mağazalarını gəzmişik, çay içmişik, ədəbiyyat haqqında danışmışıq. O, öz havası olan şairdir.

Şeirləri sadə və səmimidir. Şeirdə həmişə konkret bədii faktları olur. Bəlkə heç bircəcik də mücərrəd şeiri yoxdur. Bu tələskən adamın, demək olar ki, bütün şeirləri tələm-tələsik, bir nəfəsə yazılıb. İnanmıram ki, o, yazdığı şeirin üstünə təzədən qələm silkələyə. Yazdısa, qurtardı getdi. Necə deyərlər, “Yazıya pozu yoxdur!”

Qəşəmin şeirlərinin canı olduğu üçün bəzən misralarının köntöylüyü, qafiyələrinin uyuşmazlığı onun eyninə deyil.

Onun hərdən adamdan küsməyi də var. Xoşuna gəlməyən adi bir söz, hərəkət onu alt-üst eləyir. Ancaq küsülü qalmağa da dözümü yodur, bir də gördün, gəldi barışdı. Qəşəmi kim tərifləyirsə, deməli, onu duymayıb, düzgün başa düşməyib. Tərif siyasətdir, bu şair dostumsa siyasətdən min ağac uzaqdır.Onun şeirini dinləyirsənsə, bu, ona bəsdir.

Qəşəmin sözüdür, deyir: “Dünyanın dərdləri çoxalıb, nədir, dünyaya bu qədər şairlər gəlir?!”

Bəli, dünyaya gələn çox şairlərdən biri olan Qəşəm Nəcəfzadə nazik, yuxa şeirlər yazır:

 

A kişi, döymə arvadını,

Heç bilirsən onu kim sevirdi?

 

***

 

...O sənin üstünə yüz yol hirslənər,

Mən sənə yüz sevgi şeiri yazardım.

 

***

 

...Vaxt axır... şagirdlər duymurlar səni,

Gör necə qıyırlar kövrək səsinə.

Hardan bilsinlər ki, həsrət qalmışam

Qırx beş dəqiqənin bir dəqiqəsinə.

 

O, sevgi şairidir, özü də saf, dupduru, halal sevgi şairi. Onun könül oyunları ilə işi yoxdur.

Bütün bəlalara qarşı ən yaxşı immunitet diri sözdür. Biz şeirsiz yaşaya bilmədiyimiz kimi, cəmiyyət də bizsiz yaşaya bilməz.

Böyük, basabas, tünlük şəhərlərin şeir oxuyan sakit hücrələri də var. Milyonları olanlar var ki, rahat yuxusu yoxdur, təsəlliyə möhtacdır. Bax, şeir (ədəbiyyat) o təsəllidir.

Mən birnəfəsə elədiyim bu qeydlərimi gecə vaxtı yazıram. Bu gecə vaxtı, Qəşəm, səni düşünə-düşünə deyirəm:

 

Gecəmiz xeyrə qalsın,

Gecəmiz şeirə qalsın!

 

SƏLİM BABULLAOĞLU

 

Qəşəm Nəcəfzadənin portreti üçün abzaslar...

 

15-16 il bundan əvvəl idi, qarışıq vaxtlardı. “Zaman” qəzeti Bakı bürosunun əməkdaşı kimi İmişliyə ezam olunmuşdum, qaçqın şəhərciyindən reportaj hazırlamalı, Çardaqlıdan Türkiyədəki fotosərgi üçün fotolar çəkməliydim. Mənə, adını təəssüf ki, unutduğum bir cavan adamı təhkim etdilər, yaddaşım məni aldatmırsa o vaxtkı komsomol sistemində çalışmışdı, rayonu yaxşı tanıyır, hadisələrin xronologiyasını yaxşı bilirdi. İcra hakmiyyətinin qonaq evindəki bir axşamüstü baş tutan söhbəti xatırlayıram. Dedi ki, sizi (yəni, məni) iki yerə aparmaq istəyirəm. Seyid Nəsihət Ağa ocağına və şair Qəşəm Nəcəfzadə ilə görüşə. Əlavə elədi ki, Qəşəm Nəcəfzadə onun müəllimi olub. Sonra da bir az Ağa ocağının və onun övladlarının kəramətindən, bir də Qəşəm Nəcəfzadənin sevdiyi şeirlərindən danışdı. Mən onun təklifini qəbul eləyə bilmədim, o gün gecə geri qayıtmalıydım...

Üstündən illər keçəndən sonra mən bu hadisəni niyə xatırladım? Yəqin ona görə ki, bu şair həmkarımız Qəşəmə olan hörmətin nişanəsi kimi görünür mənə. Yəqin ona görə ki, xalqımız (bu sözün bütün plakat tərəfini kənara atın, lütfən) bütün dövrlərdə dinini və ədəbiyyatını ən qiymətli hesab edib, onlara bağlılığını və hörmətini məhz bu cürə sadə şəkildə büruzə verib. Və bir də yəqin ona görə ki, böyüklərin dediyi kimi, həqiqi ədəbiyyat dini tərkibli olmalıdır, danışdığım hadisədə buna balaca bir eyham vardı.

Qəşəm Nəcəfzadə maraqlı şairdi. Lirik-sentimental ovqatlı şeirlərində (“Sənin dərsin”) o tamam başqa bir poetika sərgiləyir, estetik gözdən məhrum olsa da onun bu şeirləri bəzən ziyadə uşaq sadəlövhlüyünün, təxəyyül və təmizliyinin əksi kimi görünür adama. Amma publisistik və ictimai motivli, içrikli şeirlərində(“Xocalı mövsümü fevral”, “ 8 a” sinif jurnalının arxasında yazı”, “Amerika”, “Aritmiya”) onun poetikası, dili çox soyuq təsir bağışlasa da, hədəfi çox aydın, problemə yanaşması çox dəqiq baş verir. Adi bir məqam: təsəvvür edin, Azərbaycanın yaxın tarixi, mənzərəsi, insanlarının ruhi vəziyyəti və ovqatı haqqında yalnız poeziya vasitəsilə məlumat almaq istəyən olsaydı, Qəşəmin adlarını ikinci çəkdiyim şeirləri məlumat verə bilərdimi? Fikirləşirəm ki, hə, özü də dolğun məlumat verərdi. Görünür məhz bu keyfiyyətləri,belə şeirləri onun yazdıqlarını bəzən böyük poeziya ilə qohum edir. Rotterdam poeziya festivalına onun gedişi, əlbəttə ki, çoxlarının hesab etdiyi kimi təsadüf, yaxud da ki, yalnız uğurlu tərcümə ola bilməzdi...

Qəşəm həm də olduqca maraqlı hekayələrin müəllifidi. Məsələn, bizim polyak antologiyası üçün çevirtdirdiyimiz hekayələrin arasında redaktor, tərcüməçi və oxuculardan müsbət rəy alan, diqqət çəkən əsərlərdən biri də məhz onun “Bənövşə” hekayəsi idi, halbuki onlar indiyə qədər milli ədəbi tənqidimizin diqqətindən, təəssüf ki, yayınıb...

Qəşəm aktiv kreativ potensiala malik, olduqca çalışqan adamdı, bu onun portretini tamamlayır, o gah “Pərvanə”nin təşkilatçısıdı, gah auditoriyalara çağdaş ədəbiyyatımızı və həmkarlarını təqdim edən pedaqoqdu, gah sayt yaradır, gah da hər gün onlarla əcnəbi həmkarı ilə yazışır...

Mən Qəşəmin öz kəndləri ilə bağlı şeirlərini – təpələr (Aranda dağ olmur), çəmənlər, otlar, itlər, çəpərlərin aydın, gözəl təsvir olunduğu şeirlərini sevirəm. Onların təsvirində Qəşəm poetik imkanlarının ən yuxarı plankasına qalxır. Düşünürəm ki, vaxt gələcək, bizim bir-birimiz haqqında “ya zəlzələdən, ya vəlvələdən” söz demək istəmədiyimiz dövr ötüb keçəcək, bax, onda bütün digər dəyərli həmkarlarının yazdıqları ilə yanaşı Qəşəmin şeirləri öz həqiqi, ehtirassız yerini tutacaq...

 

KƏRAMƏT

 

Tələbə yoldaşlığından qələm yoldaşlığına...

 

Bütün münasibətlərin, ədəbi gəlişmələrin təməl nöqtələri, vazkeçilməz səbəbləri var. Qəşəm məndən iki kurs aşağı oxuyub Gəncədə, biz başqa dostlarımızla birgə eyni ədəbi mühitin havasını udub, suyunu içmişik. İndi ədəbi mühiti həmin imzalarsız təsəvvür eləmək mümkünsüzdü.

Müasir Azərbaycan ədəbiyyatı mənzərəsinin yaradılmasında həmin tələbə dostlarımızın, qələmdaşlarımızın xidməti aydın seçilməkdədir. Bütün bu mühitin yaradılmasında mənim liderliyim də (faktı təvazökarlığa qurban vermək istəmədim) təkcə “Pöhrə” ədəbi dərnəyilə sınırlı qalmırdı. Bizi şeir, ədəbiyyat, ədəbi tabulara qarşı mübarizə birləşdirirdi.

Bu xırda girişi vurğulamasaydım, özüm-özümə yalan satmış olardım.

Qəşəm Nəcəfzadənin elə ilk şeirlərindən aydın seçilən, məncə, sonrakı yaradıcılığının əsas cizgisinə çevrilən də onun özünəməxsus poetik “elçi daşında” oturub dünyanı, ətrafında baş verən irili-xırdalı hadisələri, sözün yaxşı mənasında, uşaq yozumudu. Sərt davranan həyata, sevdiyi qıza uşaq münasibəti, dünya nəsrində müşahidə edilsə də, poeziyada belə bir tendensiv baxış bucağı ona məxsusdu. Həyata baxışında təmiz, pak bir uşaq baxışının dayanmasıdı. Onda da, elə indi də, düşünürəm ki, Qəşəmin sevilən, seçilən, yadda qalan, onun poeziyasını xarakterizə eləyən də, məhz bu başlanğıc, bu amildi. Təəssüf ki, ədəbi tənqidi ya tərif-mədh, ya da sözün leksik anlamında tənqid, bəzən də təhqir kimi başa düşürlər.

Əllərin, saçların oyuncağımdı, –

belə bir yanaşma tərzidi Qəşəm Nəcəfzadəni fərqləndirən, onun şair stixiyasını müəyyənləşdirən.

Qəşəm indi də şeirlərinin hansısa ölkədə çap olunmasıyla, qazanılan uğurla elə uşaq kimi sevinir və bu sevincdən bizlərə – dostlara da pay düşür.

Saçları ağaran, alnına qırış düşən, kədərli gözlərlə ərafında nə baş verdiyini sorğulayan Qəşəm Nəcəfzadənin içində gəzdirdiyi bicləşməyən “uşaq Qəşəm” mənə öz uşaqlığım qədər doğmadı:

Mən səni sevirəm, ölməzsən heç vaxt.

 

ZAHİD SARITORPAQ

 

Qürbətdə buzumu əritmiş ad

 

Çağdaş ədəbiyyatımızın xəritəsinə nəzər salan hər kəs orada onlarca ünlü imzayla yanaşı Qəşəm Nəcəfzadə imzasına da rast gələ bilər. Bu, həmən o imzalardandı ki, heç bir mübaliğəsiz, ədəbiyyat salnaməmizi öz çalarları, öz çeşidli ştrixləriylə bəzəyir. Bu gün Azərbaycan şeirini bir qocaman ağaca bənzətsək, onun ən yaşıl, ən sağlam budaqlarından biri Qəşəm Nəcəfzadəyə məxsusdur, desəm, yəqin mənimlə razılaşanların sayı kifayət qədər olar.

Yaxın çevrəm, dostlarım bilir ki, mən hər şeiri “həzm” edə bilmirəm, içimlə, ruhumla uzlaşmayan hər hansı yazı haqqında fikir söyləməkdən qaçıram. Amma Qəşəm Nəcəfzadənin şeirləri haqda, hansı səviyyədə olursa olsun, mübahisə etməyə hazıram. O ki qaldı onun özünə, şəxsi münasibətimdən gəldiyim qənaətə görə, Qəşəmin insani keyfiyyətləri çoxlarına örnək olmağa layiqdir. Onun diqqətcilliyi və qayğıkeşliyi həmişə duyulur. Bu, yaradıcı insanda ən önəmli keyfiyyətdir.

... Yazıçılar Birliyinin foyesində rastlaşdıq. “Bu yaxınlarda əlliilliyimdir” – dedi. Təbrik elədim. Yadıma, səhv etmirəmsə, doxsanıncı illərin sonunda, şaxtanın ülgüc kimi kəsdiyi bir gündə, Rusiyanın Moskva şəhərində, barmaqlarım soyuqdan tökülə-tökülə, ürəyimdə dünyanı, özümü, gərdişi söyə-söyə, tünlük küçələrdən birinin ortasında xarab olub qalmış avtomobilimi təmir etməklə məşğul olduğum bir məqam düşdü. Çiynimə bir əl toxundu. Başımı qaldırdım. Bu şəhərə mənim kimi çörək dalıyca gəlmiş tanışlarımdan birini gördüm. Acıqlı olduğumu görüb əvvəlcə duruxdu. “Heyif, maşından başım çıxmır, yoxsa sənə kömək eləyərdim” – deyərək uzaqlaşdı. Dinmədim. Aralanmağıyla geri dönməyi bir oldu. “Bəri bax, dedi, qoy könlünü açım, sənə səninlə bağlı bir xəbər verim”. “O nə xəbərdi elə?” – deyə etinasızlıqla soruşdum. Elə bir durumdaydım ki, məni heç bir xəbər-filan ilgiləndirmirdi. “Vətənə getmişdim. Televiziya ilə iki nəfər şair çıxış edirdi. Səni bir xeyli təriflədilər. Harda itib-batdığından nigarandılar”. “Kim idi axı onlar?” “Səhv etmirəmsə, birinin adı Qəşəm idi, hə, Nəcəfzadə Qəşəm, o birini xatırlamıram, amma çox odduydular...” Bilmirəm əllərimin donu açılmışdı, yoxsa ürəyimin buzu sınmışdı, ilıq bir istilik keçdi canımdan o an. Düzü, kövrəldim də. Kim idi məni itirib-axtaran axı? Mən ki onu tanımırdım... Kim idi bu Qəşəm Nəcəfzadə?

Mənim bu imzayla ilk tanışlığımın tarixçəsi, bax, beləydi.

Şəxsi tanışlığımız isə üstündən çox sonralar, Vətənə dönməyimdən sonra baş tutdu. Buna qədər isə artıq mən onun şeirlərini dövri mətbuatda oxumuşdum, yaradıcılığına bir xeyli bələd idim. Onun şeirləri arxasında bitkin və özünütəsdiq mərhələsini artıq keçmiş olan bir şair durduğu şübhəsizdi.

Ədəbiyyatımızı son zamanlar dünya çapında layiqincə təmsil edənlər arasında onun müstəsna yeri var. Bu, qürur gətirir. Qəşəm çağdaş şeirimizlə dünya turnesinə çıxmış layiqli səyahətçidir – tufanlar qorxutmaz onu, çünki onun yazdıqlarının stixiyası daha güclüdür. Ən gözəl şeirlərini isə inanıram ki, 50-sindən sonra – kamillik dövründə yaradacaq. Buna onun odu və nəfəsi çatar. Bu mənim içimdən gələn bir inamdır.

 

 

ƏJDƏR OL

 

525-ci qəzet.- 2010.- 30 yanvar.- S.30.