Dörd şairin Qəşəm
Nəcəfzadə haqqında düşündükləri
Qəşəm Nəcəfzadə
Yaşamaq dəlisi
Qəşəm şeir dəlisidir.Bu, həm də o deməkdir ki, o yaşamaq dəlisidir. Onun ayıq vaxtını görmədim, həmişə şeirdən sərxoşdur, ilham ayığındadır. Tək-tək şair onun qədər şeirin gücünə inanar, şeiri arxası, söykənəcəyi sayar.
Qəşəm Nəcəfzadə ilə köhnənin dostuyuq. İnstitutda məndən iki kurs aşağı oxuyan Qəşəmin şeir yazdığını eşidəndə özüm gedib onunla tanış olmuşdum. Onda gur saçı dağınıq, yellənə-yellənə gəzən bir oğlanıydı. Qəşəmlə Gəncənin, Bakının küçələrində çox var-gəl eləmişik, kitab mağazalarını gəzmişik, çay içmişik, ədəbiyyat haqqında danışmışıq. O, öz havası olan şairdir.
Şeirləri sadə və səmimidir. Şeirdə həmişə konkret bədii faktları olur. Bəlkə heç bircəcik də mücərrəd şeiri yoxdur. Bu tələskən adamın, demək olar ki, bütün şeirləri tələm-tələsik, bir nəfəsə yazılıb. İnanmıram ki, o, yazdığı şeirin üstünə təzədən qələm silkələyə. Yazdısa, qurtardı getdi. Necə deyərlər, “Yazıya pozu yoxdur!”
Qəşəmin şeirlərinin canı olduğu üçün bəzən misralarının köntöylüyü, qafiyələrinin uyuşmazlığı onun eyninə deyil.
Onun hərdən adamdan küsməyi də var. Xoşuna gəlməyən adi bir söz, hərəkət onu alt-üst eləyir. Ancaq küsülü qalmağa da dözümü yodur, bir də gördün, gəldi barışdı. Qəşəmi kim tərifləyirsə, deməli, onu duymayıb, düzgün başa düşməyib. Tərif siyasətdir, bu şair dostumsa siyasətdən min ağac uzaqdır.Onun şeirini dinləyirsənsə, bu, ona bəsdir.
Qəşəmin sözüdür, deyir: “Dünyanın dərdləri çoxalıb, nədir, dünyaya bu qədər şairlər gəlir?!”
Bəli, dünyaya gələn çox şairlərdən biri olan Qəşəm Nəcəfzadə nazik, yuxa şeirlər yazır:
A kişi, döymə
arvadını,
Heç bilirsən onu kim
sevirdi?
***
...O sənin üstünə
yüz yol hirslənər,
Mən sənə yüz
sevgi şeiri yazardım.
***
...Vaxt axır... şagirdlər
duymurlar səni,
Gör necə
qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət
qalmışam
Qırx beş dəqiqənin
bir dəqiqəsinə.
O, sevgi şairidir,
özü də saf, dupduru, halal sevgi şairi. Onun
könül oyunları ilə işi yoxdur.
Bütün bəlalara
qarşı ən yaxşı immunitet diri sözdür. Biz
şeirsiz yaşaya bilmədiyimiz kimi, cəmiyyət də
bizsiz yaşaya bilməz.
Böyük, basabas,
tünlük şəhərlərin şeir oxuyan sakit
hücrələri də var. Milyonları olanlar var ki, rahat
yuxusu yoxdur, təsəlliyə möhtacdır. Bax, şeir (ədəbiyyat)
o təsəllidir.
Mən birnəfəsə elədiyim
bu qeydlərimi gecə vaxtı yazıram. Bu gecə vaxtı,
Qəşəm, səni düşünə-düşünə
deyirəm:
Gecəmiz xeyrə qalsın,
Gecəmiz şeirə
qalsın!
SƏLİM BABULLAOĞLU
Qəşəm Nəcəfzadənin portreti
üçün abzaslar...
15-16 il bundan əvvəl idi,
qarışıq vaxtlardı. “Zaman” qəzeti Bakı
bürosunun əməkdaşı kimi İmişliyə ezam
olunmuşdum, qaçqın şəhərciyindən reportaj
hazırlamalı, Çardaqlıdan Türkiyədəki fotosərgi
üçün fotolar çəkməliydim. Mənə,
adını təəssüf ki, unutduğum bir cavan adamı
təhkim etdilər, yaddaşım məni aldatmırsa o
vaxtkı komsomol sistemində
çalışmışdı, rayonu yaxşı
tanıyır, hadisələrin xronologiyasını
yaxşı bilirdi. İcra hakmiyyətinin qonaq evindəki bir
axşamüstü baş tutan söhbəti
xatırlayıram. Dedi ki, sizi (yəni, məni) iki yerə
aparmaq istəyirəm. Seyid Nəsihət Ağa ocağına
və şair Qəşəm Nəcəfzadə ilə
görüşə. Əlavə elədi ki, Qəşəm
Nəcəfzadə onun müəllimi olub. Sonra da bir az Ağa
ocağının və onun övladlarının kəramətindən,
bir də Qəşəm Nəcəfzadənin sevdiyi şeirlərindən
danışdı. Mən onun təklifini qəbul eləyə
bilmədim, o gün gecə geri qayıtmalıydım...
Üstündən illər
keçəndən sonra mən bu hadisəni niyə
xatırladım? Yəqin ona görə ki, bu şair həmkarımız
Qəşəmə olan hörmətin nişanəsi kimi
görünür mənə. Yəqin ona görə ki,
xalqımız (bu sözün bütün plakat tərəfini
kənara atın, lütfən) bütün dövrlərdə
dinini və ədəbiyyatını ən qiymətli hesab
edib, onlara bağlılığını və hörmətini
məhz bu cürə sadə şəkildə büruzə
verib. Və bir də yəqin ona görə ki, böyüklərin
dediyi kimi, həqiqi ədəbiyyat dini tərkibli
olmalıdır, danışdığım hadisədə
buna balaca bir eyham vardı.
Qəşəm Nəcəfzadə
maraqlı şairdi. Lirik-sentimental ovqatlı şeirlərində
(“Sənin dərsin”) o tamam başqa bir poetika sərgiləyir,
estetik gözdən məhrum olsa da onun bu şeirləri bəzən
ziyadə uşaq sadəlövhlüyünün, təxəyyül
və təmizliyinin əksi kimi görünür adama. Amma
publisistik və ictimai motivli, içrikli şeirlərində(“Xocalı
mövsümü fevral”, “ 8 a” sinif jurnalının
arxasında yazı”, “Amerika”, “Aritmiya”) onun poetikası, dili
çox soyuq təsir bağışlasa da, hədəfi
çox aydın, problemə yanaşması çox dəqiq
baş verir. Adi bir məqam: təsəvvür edin, Azərbaycanın
yaxın tarixi, mənzərəsi, insanlarının ruhi vəziyyəti
və ovqatı haqqında yalnız poeziya vasitəsilə məlumat
almaq istəyən olsaydı, Qəşəmin adlarını
ikinci çəkdiyim şeirləri məlumat verə bilərdimi?
Fikirləşirəm ki, hə, özü də dolğun məlumat
verərdi. Görünür məhz bu keyfiyyətləri,belə
şeirləri onun yazdıqlarını bəzən
böyük poeziya ilə qohum edir.
Qəşəm həm də
olduqca maraqlı hekayələrin müəllifidi. Məsələn,
bizim polyak antologiyası üçün çevirtdirdiyimiz
hekayələrin arasında redaktor, tərcüməçi və
oxuculardan müsbət rəy alan, diqqət çəkən əsərlərdən
biri də məhz onun “Bənövşə” hekayəsi idi,
halbuki onlar indiyə qədər milli ədəbi tənqidimizin
diqqətindən, təəssüf ki, yayınıb...
Qəşəm aktiv kreativ
potensiala malik, olduqca çalışqan adamdı, bu onun
portretini tamamlayır, o gah “Pərvanə”nin təşkilatçısıdı,
gah auditoriyalara çağdaş ədəbiyyatımızı
və həmkarlarını təqdim edən pedaqoqdu, gah sayt
yaradır, gah da hər gün onlarla əcnəbi həmkarı
ilə yazışır...
Mən Qəşəmin
öz kəndləri ilə bağlı şeirlərini – təpələr
(Aranda dağ olmur), çəmənlər, otlar, itlər,
çəpərlərin aydın, gözəl təsvir
olunduğu şeirlərini sevirəm. Onların təsvirində
Qəşəm poetik imkanlarının ən yuxarı
plankasına qalxır. Düşünürəm ki, vaxt gələcək,
bizim bir-birimiz haqqında “ya zəlzələdən, ya vəlvələdən”
söz demək istəmədiyimiz dövr ötüb keçəcək,
bax, onda bütün digər dəyərli həmkarlarının
yazdıqları ilə yanaşı Qəşəmin
şeirləri öz həqiqi, ehtirassız yerini tutacaq...
KƏRAMƏT
Tələbə yoldaşlığından qələm
yoldaşlığına...
Bütün münasibətlərin,
ədəbi gəlişmələrin təməl nöqtələri,
vazkeçilməz səbəbləri var. Qəşəm məndən
iki kurs aşağı oxuyub Gəncədə, biz başqa
dostlarımızla birgə eyni ədəbi mühitin
havasını udub, suyunu içmişik. İndi ədəbi
mühiti həmin imzalarsız təsəvvür eləmək
mümkünsüzdü.
Müasir Azərbaycan ədəbiyyatı
mənzərəsinin yaradılmasında həmin tələbə
dostlarımızın, qələmdaşlarımızın
xidməti aydın seçilməkdədir. Bütün bu
mühitin yaradılmasında mənim liderliyim də (faktı
təvazökarlığa qurban vermək istəmədim) təkcə
“Pöhrə” ədəbi dərnəyilə
sınırlı qalmırdı. Bizi şeir, ədəbiyyat,
ədəbi tabulara qarşı mübarizə birləşdirirdi.
Bu xırda girişi
vurğulamasaydım, özüm-özümə yalan
satmış olardım.
Qəşəm Nəcəfzadənin
elə ilk şeirlərindən aydın seçilən, məncə,
sonrakı yaradıcılığının əsas cizgisinə
çevrilən də onun özünəməxsus poetik
“elçi daşında” oturub dünyanı, ətrafında
baş verən irili-xırdalı hadisələri,
sözün yaxşı mənasında, uşaq yozumudu. Sərt
davranan həyata, sevdiyi qıza uşaq münasibəti,
dünya nəsrində müşahidə edilsə də,
poeziyada belə bir tendensiv baxış bucağı ona məxsusdu.
Həyata baxışında təmiz, pak bir uşaq
baxışının dayanmasıdı. Onda da, elə indi də,
düşünürəm ki, Qəşəmin sevilən,
seçilən, yadda qalan, onun poeziyasını xarakterizə
eləyən də, məhz bu başlanğıc, bu amildi. Təəssüf
ki, ədəbi tənqidi ya tərif-mədh, ya da sözün
leksik anlamında tənqid, bəzən də təhqir kimi
başa düşürlər.
Əllərin,
saçların oyuncağımdı, –
belə bir yanaşma tərzidi
Qəşəm Nəcəfzadəni fərqləndirən,
onun şair stixiyasını müəyyənləşdirən.
Qəşəm indi də
şeirlərinin hansısa ölkədə çap
olunmasıyla, qazanılan uğurla elə uşaq kimi sevinir və
bu sevincdən bizlərə – dostlara da pay düşür.
Saçları ağaran,
alnına qırış düşən, kədərli
gözlərlə ərafında nə baş verdiyini
sorğulayan Qəşəm Nəcəfzadənin içində
gəzdirdiyi bicləşməyən “uşaq Qəşəm”
mənə öz uşaqlığım qədər doğmadı:
Mən səni sevirəm,
ölməzsən heç vaxt.
ZAHİD SARITORPAQ
Qürbətdə buzumu əritmiş ad
Çağdaş ədəbiyyatımızın
xəritəsinə nəzər salan hər kəs orada onlarca
ünlü imzayla yanaşı Qəşəm Nəcəfzadə
imzasına da rast gələ bilər. Bu, həmən o
imzalardandı ki, heç bir mübaliğəsiz, ədəbiyyat
salnaməmizi öz çalarları, öz çeşidli
ştrixləriylə bəzəyir. Bu gün Azərbaycan
şeirini bir qocaman ağaca bənzətsək, onun ən
yaşıl, ən sağlam budaqlarından biri Qəşəm
Nəcəfzadəyə məxsusdur, desəm, yəqin mənimlə
razılaşanların sayı kifayət qədər olar.
Yaxın çevrəm,
dostlarım bilir ki, mən hər şeiri “həzm” edə
bilmirəm, içimlə, ruhumla uzlaşmayan hər hansı
yazı haqqında fikir söyləməkdən
qaçıram. Amma Qəşəm Nəcəfzadənin
şeirləri haqda, hansı səviyyədə olursa olsun,
mübahisə etməyə hazıram. O ki qaldı onun
özünə, şəxsi münasibətimdən gəldiyim
qənaətə görə, Qəşəmin insani keyfiyyətləri
çoxlarına örnək olmağa layiqdir. Onun diqqətcilliyi
və qayğıkeşliyi həmişə duyulur. Bu,
yaradıcı insanda ən önəmli keyfiyyətdir.
... Yazıçılar
Birliyinin foyesində rastlaşdıq. “Bu yaxınlarda əlliilliyimdir”
– dedi. Təbrik elədim. Yadıma, səhv etmirəmsə,
doxsanıncı illərin sonunda, şaxtanın ülgüc
kimi kəsdiyi bir gündə, Rusiyanın Moskva şəhərində,
barmaqlarım soyuqdan tökülə-tökülə, ürəyimdə
dünyanı, özümü, gərdişi söyə-söyə,
tünlük küçələrdən birinin ortasında
xarab olub qalmış avtomobilimi təmir etməklə məşğul
olduğum bir məqam düşdü. Çiynimə bir əl
toxundu. Başımı qaldırdım. Bu şəhərə
mənim kimi çörək dalıyca gəlmiş
tanışlarımdan birini gördüm. Acıqlı
olduğumu görüb əvvəlcə duruxdu. “Heyif,
maşından başım çıxmır, yoxsa sənə
kömək eləyərdim” – deyərək uzaqlaşdı.
Dinmədim. Aralanmağıyla geri dönməyi bir oldu. “Bəri
bax, dedi, qoy könlünü açım, sənə səninlə
bağlı bir xəbər verim”. “O nə xəbərdi elə?”
– deyə etinasızlıqla soruşdum. Elə bir
durumdaydım ki, məni heç bir xəbər-filan ilgiləndirmirdi.
“Vətənə getmişdim. Televiziya ilə iki nəfər
şair çıxış edirdi. Səni bir xeyli təriflədilər.
Harda itib-batdığından nigarandılar”. “Kim idi axı
onlar?” “Səhv etmirəmsə, birinin adı Qəşəm
idi, hə, Nəcəfzadə Qəşəm, o birini
xatırlamıram, amma çox odduydular...” Bilmirəm əllərimin
donu açılmışdı, yoxsa ürəyimin buzu
sınmışdı, ilıq bir istilik keçdi canımdan
o an. Düzü, kövrəldim də. Kim idi məni
itirib-axtaran axı? Mən ki onu tanımırdım... Kim idi
bu Qəşəm Nəcəfzadə?
Mənim bu imzayla ilk
tanışlığımın tarixçəsi, bax, beləydi.
Şəxsi
tanışlığımız isə üstündən
çox sonralar, Vətənə dönməyimdən sonra
baş tutdu. Buna qədər isə artıq mən onun
şeirlərini dövri mətbuatda oxumuşdum,
yaradıcılığına bir xeyli bələd idim. Onun
şeirləri arxasında bitkin və özünütəsdiq
mərhələsini artıq keçmiş olan bir şair
durduğu şübhəsizdi.
Ədəbiyyatımızı
son zamanlar dünya çapında layiqincə təmsil edənlər
arasında onun müstəsna yeri var. Bu, qürur gətirir. Qəşəm
çağdaş şeirimizlə dünya turnesinə
çıxmış layiqli səyahətçidir – tufanlar
qorxutmaz onu, çünki onun yazdıqlarının
stixiyası daha güclüdür. Ən gözəl şeirlərini
isə inanıram ki, 50-sindən sonra – kamillik dövründə
yaradacaq. Buna onun odu və nəfəsi çatar. Bu mənim
içimdən gələn bir inamdır.
ƏJDƏR OL
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.30