Bu da bir həyatdı...
Qarayazı torpağında
doğulanın saza-sözə məhrəmliyi adi haldır. Və
elə bir kəs olmaz ki, o torpağın suyundan içsin,
amma heç olmasa hərdən ürəyini boşaltmaq, hisslərinə
çıxış vermək üçün də olsa, bir
neçə kəlmə yazmasın. Hansı ixtisası seçməsindən,
hansı sahəylə məşğul olmasından
asılı olmayaraq daxili ehtiyac yarananda sözə müraciət
bu diyarın övladlarında daha tez-tez təsadüf olunan
haldır. Bu diyarda dünyaya göz açıb gənc
yaşlarından özünü dəqiq elmlər sahəsində
təsdiq etmiş fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet
İsaxanlı da poeziyaya müraciət edir.
Riyaziyyatçıların ədəbiyyata,
bədii yaradıcılığa müraciəti bir o qədər
də nadir hadisə deyil.
XX əsrin ən
böyük riyaziyyatçılarından biri demişdi ki, təxəyyülü
riyaziyyat üçün kifayət etməyənlər ədəbiyyatçı
olurlar. Zarafatla deyilmiş bu sözlərdə müəyyən
həqiqət də var. Yaradıcı təxəyyül
olmasa, elmin heç bir sahəsində uğur qazanmaq
mümkün deyil, xüsusilə də yalnız rəqəmlər
və riyazi əməllər vasitəsilə gözlə
görünməsi mümkün olmayan məsafələrə
və dünyalara nüfuz edib, onların sirrini açmaq
işində. Lakin riyaziyyatla ədəbiyyat arasında tam hədd
qoymaq da çətindir. Hər iki sahədə
yaradıcı təxəyyül vacibdir. Təsadüfi deyil
ki, dünya elminin gənc dövrlərində, ələlxüsus
Şərq aləmində dəqiq elmlərlə humanitar elmlər
və ya bədii yaradıcılıq arasında indiki
dövrdə olduğu kimi kəskin hədd olmayıb. Tarixə
nəzər salsaq İbn Sina, Ömər Xəyyam kimi
dühaların maraq dairəsindən, dövrümüzə
qədər gəlib çatmış əsərlərindən
çıxış edərək onların yerini müəyyənləşdirməkdə
çətinliklə üzləşirik. İbn Sina həkimdir,
riyaziyyatçıdır, yoxsa əsərləri bu gün də
bədii dəyərini saxlayan görkəmli filosof-şairdir?
Ömər Xəyyam dövrünün ən böyük
astronomu, bütün dövrlərin ən görkəmli
riyaziyyatçılarından olsa da, bizim dövrümüzdə
daha çox şair kimi, rübai ustası kimi tanınır.
Dövrümüzdə bədii
yaradıcılığa müraciət edən
riyaziyyatçılardan biri Hamlet İsaxanlıdır. Bəs
gənc yaşlarından özünü dəqiq elmlər sahəsində
təsdiq etmiş alimin poeziyaya müraciəti nədən irəli
gəlir?
Bu suala cavab vermək
üçün, yəqin ki, ilk növbədə onun
şeirlərinə müraciət etməliyik:
Müdriklər ortaya hey sual
atdı:
Varmı əbədiyyət?
Varsa nədir o? Və nədir
həyat?
Kim-kimi yaratdı?
Bu misralar Hamlet
İsaxanlının “Bu da bir həyatdı” (Bakı, 2004)
kitabından götürülüb və müəyyən mənada
yuxarıda səsləndirdiyimiz suala şeirdə qoyulmuş
suallarla cavab verilir: “Nədir həyat?”, “Kim-kimi yaratdı?”,
“Varmı əbədiyyət?”... Bir-birindən ağır,
cavabı müşkül suallar... Bu sualların
cavabını heç bir riyazi hesablamalarla vermək
mümkün olmadığından müəllif sözə
müraciət edir, onlara cavab verməyə cəhd edir. Və
ayrı-ayrı şeirlərində bu qoyulan sualların
cavabını səsləndirməyə və bunu da bir
riyaziyyatçı kimi tam bitkin həyata keçirməyə
çalışır.
İnsan dünyaya gəlir,
onu dərk etməyə çalışır, hər gün
onun üçün dünyanın yeni rəngləri, yeni
çalarları açılır, o əvvəlcə nənə,
baba nağılları ilə əfsanəvi bir aləmə
yol alır, bundan sonra tədricən gerçəkliyin sərt
üzü ilə üzləşir və yer həyatının
sonuna qədər həyatın nə olduğunu öyrənməyə
çalışır. Amma yenə də buna nail ola bilmir.
Riyaziyyatda bəzi məsələlərin cavabı sonsuzluq
olduğu kimi, həyatın dərki də bitib-tükənməyən,
sonsuz bir prosesdir... İstər əlli yaşa, istər
yüz yaşa... Nə doymaq olar bu həyatdan, nə də ki
sirrini açmaq...
Nədir həyat?
Bir günəş
doğuşu
Qaranlığın pərdəsini
söküb atdı,
Aləmə dağılan
odlu telləri
Alova bürüdü hər
yeri,
Hərarəti qəlbimə
də gəlib çatdı –
Bu bir həyatdı.
(“Bu bir həyatdı”)
Maraqlı fikirdir və
çoxmənalı dərk olunandır. Günəş – həyatın
mənbəyidir, günəş olmasa, həyat da olmaz. Digər
tərəfdən, günəş yalnız enerji mənbəyi
deyil, gündüzün gəlməsinin səbəbkarıdır,
yəni buludlar arxasında gizlənsə belə günəşin
gəlişi öz sözünü deyir. Məhz bu zaman şər
qüvvələr çəkilir, xeyirin
hökmranlığı başlayır: “bir çiçək
qoxusu”, “sevgi...duyğusu”, “məhəbbət yuxusu” da günəşlə
başlanır, gündüzdən başlanğıc
alır... Nədir həyat? – sualı az da olsa cavablanır. Az
da olsa! Çünki bu sualı tam cavablandırmaq, çox
güman, heç mümkün də deyil. Bütün
dövrlərdə alimlər də, şairlər də bu
sualın cavabını verməyə
çalışıblar, lakin sualın cavabı hələ
də açıqdır. Həmin sualı
cavablandırmağa, gördüyümüz kimi,
alim-filosof-şair Hamlet İsaxanlı da cəhd edir və
öz cavabını verir.
Lakin suallar çox, fikirlər
müxtəlif, cavabların verilməsi isə olduqca
müşkül...
Yazarın sözün həqiqi
mənasında düşünən beyinə və həssas
qəlbə malik olması bir çox hallarda özünü
sualların qoyulmasında göstərir. Problemin qoyuluşu
özü-özlüyündə bədii
yaradıcılıqda ideya daşıyıcısına
çevrilməyə qadirdir. Sözügedən yazarın
böyüklüyü də məhz bir-birindən vacib, bəşəri
sualların qoyulmasında və onların
cavablandırılmasına öz alim təxəyyülündən
çıxış edərək riyazi dəqiqliklə cavab
verməyə cəhd etməsindədir. “Ömrün
harasındayıq” şeiri bu mənada əlamətdardır.
Burada da sual qoyulur, amma təsdiq formasında:
Sadə insanlardan biriyik biz də
–
Mərhəmətə layiq,
hörmətə layiq.
Sözümüz də
xoşdur, əməlimiz də,
Haqqa söykənənlər
sırasındayıq.
Di gəl, bir nisgil var ürəyimizdə
–
Bilmirik ki ömrün
harasındayıq...
Şərq sufi poeziyasına
vaqif olanlar bilir ki, dar meydan insan ruhunun müvəqqəti məkanı,
daşıyıcısı olan bədəndir. Ruh müəyyən
vaxta qədər bu “qın”da qalmalıdır, yalnız ariflik
dərəcəsinə çatanlar müəyyən məqamlarda
bir anlığa “sıyrıla” bilir, lakin yenə də yerinə
qayıdıb Həqqin müəyyənləşdirdiyi
vaxtı gözləyir ki, “köhnə”, köhnəlmiş
qından birdəfəlik sıyrılaraq öz “əbədi
sevgisinə” qovuşsun. Və bu yerdə iki sevda məsələsi
önə çıxır: müvəqqəti, yer həyatına
olan sevda və əsl məhəbbətin yeganə obyekti olan
Həqqə olan sevda. İlahi məhəbbət yolunun
yolçusu əsl məhəbbət obyektinə qovuşmaq
üçün müvəqqəti, yer həyatını
könüllü tərk edə bilməz. Buna görədir
ki, insan iki sevda arasındadır. Hansına daha yaxın
olduğunu isə o özü bilmir və bilə də bilməz.
Belə olarsa, həyat öz mənasını itirər. Həyatın
mənası məhz bu müəmmadadır.
Həyat yoldur, olumdan
ölümə gedən yol. Həyat insana əmanət
verilmiş ömürün “xərclənməsidir”. Əsas
məsələ bu əvəzsiz, təkrarolunmaz neməti hara
və necə xərcləməsindədir. Onsuz da
hamımız
Yaşamağın odu ilə
Əriyirik
Bir şam kimi gilə-gilə.
(Ölümə na var ki)
Əriyirik... və günlərin
bir günü ömür tükənir.
Olumun, yaxud ölümün
daha ağır olduğunu söyləmək çətindir.
Lakin bu məsələdə də Hamlet İsaxanlı
üçün elə bir müəmma, hər halda, ilk nəzərdə,
yoxdur. O, yenə də hər şeyi şeir diliylə, fəlsəfi
baxışla və riyazi dəqiqliklə
ölçür-biçir və gəldiyi qənaəti
söyləyir:
Ölümə na var ki,
gülüm?!
Bircə dəfə gəlir
ölüm,
Ölüm deyil həyatda ən
böyük zülm,
Yaşamaqdır bu həyatda
ən ağır iş.
Varlığımız
yoxluğa doğru bir giriş,
Həyatımız
ölümə gedən yol imiş...
Hamlet İsaxanlı
poeziyasının mövzu diapazonu xeyli genişdir. Burada təbiət
şeirlərini də (“Lalə”), məhəbbət
lirikası nümunələrinin də (“Yadındamı”, “Səni
çox sevirdim”, “İkimizdən birimiz” və b.), urbanizasiya
mövzusunda əsərləri də (“Bakı”, “Şəhərlilər
kənddən gəldi” və b.) göstərmək olar.
“Səni sevdim çox sadəcə”
şerini Hamlet İsahanlı öz həyat yoldaşı Nailə
xanıma həsr edib. Nailə xanım isə bu şeirə
gözəl musiqi bəstəliyib. Onların gənclikdən
başlayan təmiz sevgi hissləri zaman keçdikcə daha da
möhkəmlənir. İki ömrün səadəti
ömürlərə calandı. Sadə, sağlam, inamlı
bir məhəbbətdən başladı bu səadət:
.....Məcnun olub, dərdli
eşqlə səhralara
üz tutmadım,
İnsanlardan üzaq
düşüb ceyran-cüyür
ovutmadım...
Xəyallara səcdə
qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdim
səni,
Səni sevdim çox sadəcə!....
Fərhad olub, dəryaları
məcrasından
döndərmədim,
Xosrov kimi can
yanğımı
məhəbbətlə
söndürmədim...
Dünyanın naz-nemətini
sənə bəxşiş
göndərmədim...
Sadəcə, çox sevdim
səni,
Səni sevdim çox sadəcə!...
Bu, əfsanəvi məhəbbət
olmasa da, bu, həyatın axarında doğrulan, onu səadətli
edən sevgidir.
Lakin Hamlet İsaxanlı
şerinin əsas qayəsini fəlsəfi məzmun təşkil
etdiyindən biz məhz bu qəbildən olan əsərlər
üzərində durmağı lazım bildik.
Sözümüzün təsdiqini kitabın lap əvvəlində
verilmiş “Fikir yükü” şeirindən də görmək
olar. Müəllifin tərtibatda birinci təqdim etməyə
ehtiyac duyduğu əsər əslində kitabın ən əsas
fikirlərini özündə ehtifa edir, onun fəlsəfi
yönümlü olduğunu nəzərə
çatdırır, bariz şəkildə insan və
doğma torpaq, vətən və yaratdığı insan
probleminə toxunur. Yazar özü haqqında tamamilə
haqlı olaraq “Fikir yüklü sənətkaram” deyir.
Hamlet İsaxanlının
yeni kitabı isə “Ziyarət” adlanır və 2009-cu ildə
çapdan çıxıb.
Kitaba salınmış əsərlər
ritmik təşkil, vəzn və ölçü
baxımından xeyli rəngarəng olsa da, onları birləşdirən
və bir kitabda birləşdirməyə əsas verən əsas
məqam aşkar sezilən “nostalji” hissi, duyğusudur. Lakin bu
nostalji konkret zaman və məkan kəsiyinə çatmaq istəyindən
doğmur. Bu daha müqəddəs bir duyğudur. İnsan
müstəqil həyata başlayıb ana qucağından və
ata evinin kandarından uzaqlara yol açır, amma həyatın
müəyyən anında ürəyindən həmin yerə,
həmin illərə və həmin dünya duyumuna
qayıtmaq istəyi keçirir...
Kitabın əvvəlindən
axırına bir lirik qəhrəman obrazı keçir,
bütün şeirləri vahid bir hiss – həsrət və
kökünə, buradan da elinə, obasına, vətəninə
məhəbbət hissi – birləşdirir. Bu hiss həm kitaba
daxil edilmiş şeirlərin, həm də “Ziyarət”
poemasının əsas leytmotividir.
Kitabın lirik qəhrəmanı
kəndinə, elinə-obasına, kiçik vətəninə
qayıdır və bu qayıdış müəyyən mənada
uşaqlıq və gənclik illərinə
qayıdışa çevrilir, çünki gənc
yaşlarında doğma yerlərdən getmiş qəhrəman
dünyanı gəzib gəlib. Həm onun özü, həm
də onun kənddə qoyub getdikləri kəslər illərdən
keçib bu günə gəlmişlər və bu illər hər
kəsə öz möhürünü vurmuşdur. Bu isə
doğma el-obaya qayıdışla həsrətin tam aradan
qalxmasına ümid etməyin mənasızlığını
göstərir.
Əslən hamı kənddəndir
– dədəsi, babası şəhərdə doğulub
böyüyənlər də, çünki bir vaxtlar, bəşəriyyət
özünü dərk etməyə başlayanda şəhərlər
olmayıb. Həyat kənddən
başlanğıcını alıb. İlk şəhərləri
də kəndlilər salıb. Və tədricən insanlar
şəhərə üz tutub. Kimi oxumağa, kimi işləməyə,
kimi yaşamağa...Şair “Bu da bir həyatdı” adlı
kitabında bu mövzunu maraqlı şəkildə işləyib:
Şəhər yeni, kənd
əzəldi,
Şəhərlilər kənddən
gəldi...
Oxumağa gələn də
çox,
Ağlayan da, gülən də
çox,
Şəhər
üçün ölən də çox...
Biri haya-küyə gəldi,
Biri məzə-meyə gəldi,
Bilməsə də nəyə
gəldi,
Şəhər deyə-deyə
gəldi,
Şəhəri görməyə
gəldi,
Şəhərdə ölməyə
gəldi.
Oxucularla bir
görüşündə “bütün şairlər, demək
olar ki, kənddə doğulur” deyə kəndin poetik ruhunu
qabardan bir gəncə şairin anında verdiyi cavab
maraqlıdır, bu cavabın bir anın deyil, oturmuş
düşüncənin məhsulu olduğu hiss olunur: “Fikrin
aydındır, lakin onu da əlavə et ki, bütün
şairlər, demək olar ki, şəhərdə
ölürlər”.
İnsan öz kökündən
ayrılmır, onu qismən özü ilə aparır, illər
keçsə də həmin illərə, həmin yerlərə
qayıtmağa ehtiyac duyur.
Keçmişə,
ötüb-keçən günlərə fiziki qayıtmaq
mümkünsüzdür. Şair də bunu çox gözəl
anlayır, amma bunu heç cür qəbul etmək istəmir,
zamanı yarıb ötən günlərin ziyarətinə
can atır:
Çaylar axmazmış tərsinə,
Mənsə uymaq istəmədim
Zamanın quru dərsinə.
Nədən lirik qəhrəman
özünü qərib kimi hiss edir, nədən onun gözləri
yol çəkir? Səbəb birdir – doğma elin ziyarətinə
gələn xatiratında yuva salanlarla gerçəklikdə
olanlar arasındakı təzadı görür. O, görmək
istədiyinin həsrətini çəkir və onu tapmır,
ən ağırı isə tapdığının az qala
tanınmaz dərəcədə dəyişməsidir.
Şairin özünə söz verək:
Geri döndüm. Onu
gördüm,
Gördüm,
köksümü ötürdüm.
Mən uşaqkən. O,.. o
zaman
Gözəllikdə ad
çıxaran
Bir gəlindi. Amma indi...
Kəndin “gözəlikdə
ad çıxaran” gəlini indi qocalıb,
günükeçmiş qarı olub. Lirik qəhrəmanın
acı təəssüflə dediyi “amma indi...” yalnız vaxtilə
“gözəllikdə ad çıxaran” gəlinə aid deyil,
onun özünə də aiddir, çünki o illərdə
gözələ uşaq gözləri ilə
baxmışdı və o gözəl bu qədər dəyişibsə,
həmin gözəlliyi aparmış illər lirik qəhrəmanın
da saçlarına sığal çəkib, onu da
tanınmaz dərəcədə dəyişib.
Lirik kənaraçıxmalarla
insan – dünya – zaman probleminə nəzər salan şair bəşər
övladının “qaydasız oyunları” ilə
barışa bilmir, “məxluqat nə etməlidir?”
sualını cavablandırmadan “min şükür ki, hər
yaranan bir gün ölüb getməlidir” deyə insan qüdrətinin
məhdudluğunu insanın allahlıq etmək iddiasına
qarşı çıxan xeyir qüvvə kimi qəbul edir:
Nə yaxşı ki, kainata
Tor qurub kəmənd
atmadıq,
Nə yaxşı ki, yeri,
göyü
Biz qurub, biz yaratmadıq.
Poema həcmcə
böyük olmasa da, bir nəslin, elin həyat tarixçəsini
əks etdirir. Burada bütöv bir elin
ağrılı-acılı həyat yolu –
sürgünlükdən, geriyə dönüşdən
keçən yolu öz əksini tapır.
Doğma yurda dönən
lirik qəhrəman el ağsaqqalları ilə
görüşür, böyüklərini yada salır,
oxucunun gözləri önündə babasının, nənəsinin
poetik obrazlarını canlandırır. Bununla da onların
ziyarətinə gəlir. Bu ziyarət xəyali ziyarətdir,
yaddaşda yaşatmaq, böyüklərinin bir hissəsini
özündə daşıyaraq gələcək nəsillərə
çatdırmaqla edilən ziyarətdir. Və təsadüfi
deyil ki, kitaba müəllifin əcdadı Qaçaq
İsaxanın portreti ilə yanaşı, şairin yaxın
qohumlarının, hətta nəvələrinin şəkilləri
də salınıb. Bu isə ulu babadan nəvəyə həyat
estafetinin ötürülməsi təəssüratı
bağışlayır.
Ziyarət niyyətlə gəlib
baş çəkməkdirsə, şairin ziyarəti baş
tutub. Ziyarət unutmamaq, daim özündə
yaşatmaqdırsa, şairin ziyarəti baş tutub. Bu yerdə
deməli bircə söz qalır: “Ziyarətiniz qəbul olsun,
şair”!
Tamilla ƏLİYEVA
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.28.