Altısı aprelin bəxti...

 

2009-cu ilin iyun ayında qatarla Qazaxdan qayıdırdıq – Mehdi Hüseynin yüzillik yubileyindən. Perronda pəncərənin qabağında dayanıb qəlyan çəkirdim. Mən Bakıdan kənarda, dünyanın harasında oluramsa olum, müəyyən müddət darıxmıram. Elə ki, üzü Bakıya tərəf yola çıxıram başlayıram darıxmağa – həmişə belə olub, indi də belədi; darıxırdım, tez çatmaq istəyirdim və onu da dəqiq bilirdim ki, vaxtından əvvəl çatmaq onsuz da mümkün deyil; xəstə nə qədər tələssə də armud vaxtında yetişəcəkdi...

Qəlyan çəkə-çəkə armudun yetişməyini gözləyirdim.

– Seyran müəllim, salam.

Gözəl, gənc bir xanım idi.

– Salam, – dedim.

– Seyran müəllim, təzə kitabım çıxıb, sizə bağışlamaq istəyirəm, – o, utana-utana əlindəki kitabı mənə uzatdı.

Mən kitabın üz qabığına göz gəzdirdim: “Bulaq üstə bitən susuz laləyəm”, “Xədicə Murad”. Kitabın üz qabığında nəzərə çarpacaq dərəcədə gözəl bir lalə şəkli çəkilmişdi və bu lalə sudan korluq çəkənə oxşamırdı...

Sonra kitabın üz qabığını açıb yazdığı avtoqrafı oxudum: “Sevimli yazıçı Seyran Səxavətə istəklərimlə”. Sonra da onun üzünə baxıb dedim:

– Burda yazmısan ki, istəklərimlə... istəyin nədi?

O, qısa cavab verdi:

– İstəyim odur ki, kitabımı oxuyub fikrinizi bildirəsiniz...

– Birdən oxumadım... ya da ki, oxudum fikrimi bildirmədim?

– Siz sağ olun, – dedi.

Xədicə Muradın kitabını da kupedəki qatlama, dördkünc stolun üstündəki kitabların yanına qoydum.

Qazax səfərimizdə müəlliflər mənə xeyli kitab bağışlamışdılar. Hətta kupe yoldaşım İlyas Tapdıq zarafat da elədi ki, bir belə kitabı evə necə aparacaqsan.

Aradan beş-altı ay keçəndən sonra kitabı vərəqlədim ki, görüm Xədicə Muradın bulaq üstə bitən laləsinə niyə su vermirlər – bu Yezidlər kimdi belə?

Sevimli xalq şairimiz Söhrab Tahir kitaba ön söz yazıb. Bu, məni xeyli ruhlandırdı. Çünki Söhrab Tahir Azərbaycan poeziyasında, həm də ən “qorxaq” şairlərimizdən biridi: “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölə bilmirəm”. Söhrab Tahir təxminən qırx beş il bundan qabaq belə qorxmuşdu, belə yazmışdı...

Xalq şairimiz ön sözdə bizi Xədicə Muradın lirik qəhrəmanı ilə tanış etmək arzusu ilə yazır ki, bu, xalqın mənəvi aləmi ilə bağlı, uşaqlıq, körpəlik illərinin şeiriyyətini qəlbində gəzdirən, özünəməxsus tərcümeyi-halı olan bir şəxsiyyətdir. Dünyadakı humanizm, işıq, ülfət, mehribanlıq, səmimiyyət, məhəbbət, ülviyyət onun şeirlərinə hopub”.

Söhrab Tahirin Xədicə Murada verdiyi bu yüksək qiymət məni sevindirdi. Axırda isə xalq şairi yaradıcılıq axtarışları və uğurlar arzulayır. İndi Xədicə Muradın bircə yolu qalır, ona bəslənən ümidlərin dibinə sü töküb cücərtmək, böyütmək...

Xədicə Murad çox həssas və zərifdi. Burda təəccüblü bir şey də yoxdu; şair elə bu cür adamlara deyirlər də...

Həssaslıq, zəriflik dediklərimiz zahirən, xüsusilə kişi vücudunda, “ölüvaylıq” kimi görünə bilər; ancaq yerinə düşəndə həssaslığın-zərifliyin toqquşmasından dünyanın altını üstünə çevirməyə qadir olan bir qüvvə meydana çıxıb bütün boy-buxunu ilə görünür – bunu unutmaq olmaz...

Xədicə Murad öz lirik qəhrəmanının, tənha qadının diliylə deyir:

 

Bəxtini qarğıya-qarğıya,

Soyuq güzgülərin önündə

Qarıya-qarıya

Bir qadın durub

Hələ təkliyinə, tənhalığına

Kölgə salır qüruru...

 

Bu şeir parçasını oxuyan hər kəs, başqalarını yox, öz halalca bəxtini qarğıyan bu qadını görür, ona acıyır, soyuq güzgünün qabağında bitib üşüməsini istəmir. Mən də bu qadını gördüm, onu Xədicə Murad göstərdi – güzgüsüynən, güzgüsünün soyuqluğuynan, tənhalığıynan, dərdiynən. Mən də bir oxucu kimi ona acıdım, onun üşüməsini istəmədim və bu təqdimat mənə o qədər real göründü ki, ona yaxınlaşıb pencəyimi onun çiyninə salmaq istədim ki, üşüməsin...

Həssaslıq, zəriflik humanizmə aparan ən qısa, qoşa yoldu. Bu yolun yolçularını heç vaxt yorulan görməmişəm. Bu yolun yolçuları ömrü boyu o qədər özlərini başqalarının yerinə qoyurlar ki, özləri yaddan çıxır; insan özünü yaddan çıxardanda isə başqalarının əvəzinə yaşayır və bu, ancaq dərdi-sərə, sarsıntılara şəriklik mənasında başa düşülməlidi – Xədicə Muradın “Dərd tablosu” şeirində olduğu kimi:

 

Çiliklənmiş körpə gülüşləri,

Qarımış qızların,

Uğursuz gəlinlərin

Solğun təbəssümləri

Çay kimi axır içimdən...

 

Hamımız insanıq və insanın xasiyyətnaməsi də məlumdur. Hər insan öz yerində möhkəmdi və başqalarının yerində həmişə laxlayar, çünki ilahi mizan pozulur və başlayırsan laxlamağa. Bax, bu mənada özünü başqasının yerinə qoymaq çox çətin başa gələn bir prosesdir. Həyatdan, təcrübəmizdən də görmüşük və buna da inanmışıq ki, ömür boyu özünü sözün həssas, zərif mənasında başqalarının yerinə qoyanlar, sonralar elə bir həddə gəlib çatırlar ki, qayıdıb öz yerlərini tapa bilmirlər və nəhayətdə yersiz qalırlar. İnsanı sevən, onun sevincindən çox dərdinə şərik olan qəlb sahiblərini həmişə belə görmüşəm – bu, çox baha başa gələn İlahi bir qismətdir – çox bahalıdır...

Yalançı qürurun bir adı da dikbaşlıqdı və bu cür yalançı qürurun heç vaxt bəraəti olmayıb, olsa da mövsümi xarakter daşıyıb, məhv olub, sahibini də özü ilə bərabər məhv eləyib. Və bu da bir həqiqətdir ki, külli halında sevginin qanqrenasıdır. Bir də var ki, bunun əksinə olaraq, insan özünü yaxşı tanıyır, çəkisini, yerini bilir, həssaslığından, zərifliyindən doğan, bəraəti mövsümi olmayıb böyük olan qürura qovuşur və ləyaqətlə yaşamaq istəyir. Xədicə Murad kimi “Sənə getmə deməyəcəyəm” mənsur şeirində yazır:

“Getmək istəyirsən.. Dərdindən ölsəm belə sənə getmə deməyəcəyəm. Payız olsaydı yağış yağardı, qış olsaydı qar. Getmək istəyirsən... Gözümü gözümdən çəkmədən belə, sənə getmə deməyəcəyəm.

Ancaq... yolunu gözləyəcəyəm”.

Bu mənsur şeiri oxuyandan sonra fikirləşirsən ki, iyirmi birinci əsrdə hər şeyin qiymətini bilən insanlar bir-birinə qiymət verməyi, yadırğayıb, bəlkə də həmişəlik tərgidib.

Bəzən Xədicə Muradın lirik qəhrəmanı təzadlı mövqedən çıxış edir, öz gözəlliyinin – qürurunun çat verməsi hesabına deyir: “Tək qoyma məni, tənhalıqdan qorxuram mən. Qorxuram qoca dünyanın tənhalığından, saçı ağarmış sarmaşığından. Tək qoyma məni. Tənhalıqdan qorxuram mən. Sənsiz qocalaram. Qocalmaqdan qorxuram mən...”

Bu da iyirmi birinci əsr insanının pırtdaşıq düşmüş ovqatının düyünləri; bu da lirik qəhrəmanın bu düyünləri açmaq, mənəvi səliqə-səhman yaratmaq cəhdi...

Xədicə Muradın yazdığı mənsur şeirləri oxuyub qurtarandan sonra bu qərara gəlirsən ki, bu yazıların hamısının lirik qəhrəmanı eyni adamdı, sadəcə olaraq düşdüyü çıxılmaz vəziyyətlər cəhətdən zəngindir. Çaşqın halda sarsıntılar bolluğuna düşmüş lirik qəhrəmanın taleyi, uğursuzluğu, bu uğursuzluğun çərçivəsindən çırpına-çırpına azad olmaq cəhdi, qəlbində insan sevgisi – ümumiyyətlə sevgi olan hər kəsi göynədir və göynəyə-göynəyə də özünü o yerə – başqasının yerinə qoyur; əslində isə “başqasının yeri” dediyimiz, elə o həssas oxucunun öz yeriymiş – Sözün bir borcu da adamları yerbəyer eləməkdi axı...

Xədicə Muradın lirik qəhrəmanı bir tərəfdən deyir ki, “Sənə getmə deməyəcəyəm”, bir tərəfdən də deyir ki, “Tənhalıqdan qorxuram”, sonra da deyir ki, “Gedim üzü tənhalığa”, lap sonra da deyir ki, “Günahlarım məni axtarmağa gəlib bu gecə”.

Lirik qəhrəmanın düşdüyü psixoloji vəziyyət, onun yaşadığı sarsıntılar, çaşqınlıq konkret ovqatın dördtərəfli həmləsinin gözlənilən ağır nəticəsidi. Və bu mürəkkəb, ağır nəticə həm də lirik qəhrəmanın alın yazısıdır ki, onu da pozub təzədən yazmaq mümkün deyil, yoxsa nə vardı ki?..

Bu kitabda mənə maraqlı görünən bir ovqatla da üzbəüz gəldim ki, bu duyğumu da sizinlə bölüşmək, bu yolla da sizin hisslərinizə qovuşmaq iddiasındayam. Sən demə Xədicə Muradın bəzi şeirlərinin adını bir-birinin ardınca yazanda bir mənsur şeir alınır, bax, belə: “Sənsiz” “Sevgi pıçıltıları” “Dəniz kimi sakit”, “Sənin dərdin nədir bəs?” “Bəlkə bacardın...” “Ölən sevgi”, “Yenə tənhalıq”, “Şirinli-acılı göz yaşı...”

Xədicə Muradın bir cümlədən ibarət şeiri də var: “Nə istədiyim kimi yaşadım, nə də bacardığım kimi”. İnanıram ki, lirik qəhrəman belə yaşantının səbəbini duymamış deyil, əks halda bu cür nəticəni bizə təqdim eləyə bilməzdi. Oxucu kimi belə yaşam tərzinin məndə də cavabı var: Lirik qəhrəmanın ömür boyu istədiyi kimi yaşamaq arzusu, onu bacardığı kimi yaşamağa da qoymayıb; sözün yaxşı mənasında istədiyi kimi yaşamaq cəhdi, onun bacardığı kimi yaşamaq eşqini də əlindən alıb və nəticədə qəhrəman ortalıqda qalıb, əli heç hara çatmayıb.

Bir şair kimi Xədicə Muradın sözünün, poetik məkanının ünvanı aydın və məlumdur, o, həmişə uğursuz, talesiz,bəxti kəm adamların arasında zərif duyğu kimi gəzib dolaşır. Kitabın əvvəlindən axırına qədər onun poetik “mən”ini bir dəfə bəxti yeyin adamlar arasında görmədim. Görünür bu məqamda sinfi-mənəvi oxşarlıq, bənzəmə də öz işini görmüş və görməkdə davam eləyir. Yəqin Xədicə Murad belə hesab eləyir ki, bəxti yeyin adamlar onsuz da “bərk gedirlər” və onlarla ayaqlaşmaq, onların arasında məskunlaşmaq çətindir və buna ehtiyac da yoxdur...

Mən Xədicə Muradın bu kitabda toplanan bütün yazıları haqqında söz açmaq fikrindən uzağam, sadəcə olaraq fikirlərimi müəlliflə və onun oxucuları ilə bölüşmək istəmişəm. Ancaq burda bir məsələyə də öz münasibətimi bildirmək yerinə düşərdi. Kitabda on müəllifin Xədicə Muradın özü, onun adamlığı haqqında “İthaflar” başlığı altında kiçik həcmli yazıları, ürək sözləri çap olunub. Dostları, tay-tuşları, ayrı-ayrı sənət adamları onu nə qədər çox istəyir və istədikləri qədər də ona güvənir və inanırlar.

Aidə Şükürlünün “Yerin günəşi”, Aynurun “Məğrur mələk”, şair-publisist Fəridə Ləmanın “Şirvan gözəlləməsi”, Nizaməddin Şəmsizadənin “Qan yaddaşın harayı”, Salatın Əhmədlinin, Dilarə Girzanlının, Elmira Mahalqızının və ən nəhayət Xədicə Muradın orta məktəb müəllimi Qabil İmaməliyevin yazıları bu qəbildəndir.

Xədicə Murad filologiya elmləri namizədidir, Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutunda çalışmaqla “Məlhəm” humanist qadınlar ictimai birliyinin sədridir. O, Gülamail Muradın Qarabağ haqqında yazılmış “Vətən harayı” kitabının, Xalid Mahmudovun və əlil Şəhriyar Həsrətin “Dünya aç qapını çıxım gedim” şeirlər kitabının çapını maliyyələşdirmiş və redaktoru olmuşdur.

Bir-iki ay bundan əvvəl isə Rəşid Behbudov adına Mahnı teatrında, Azərbaycanda yeganə qadın, batalyon komandirinin müavini olmuş, Qarabağ uğrunda döyüşlərdə kişilərdən bir addım da geri qalmamış, hal-hazırda polis mayoru olan Aida xanım Şirinovanın əlli illik yubileyini “Məlhəm” ictimai birliyinin hesabına təntənə ilə keçirmişdir.

Xədicə Muradla, belə demək mümkündürsə, görkəmli yazıçımız Mehdi Hüseynin üzünə tanış oldum – onun yüzillik yubileyində. Sonra isə kitabını oxudum, əməllərindən xəbər tutdum, ürəyim atlandı ki, bu yazını yazım və yazdım.

Xədicə xanım aprelin altısında dünyaya gəlib. Bu mənada altısı aprelin bəxti yeyindi, yoxsa Xədicə xanımın, bunu zaman göstərər...

Uğurlar, Xədicə Murad!

 

 

Seyran SƏXAVƏT

 

525- ci qəzet.- 2010.- 30 yanvar.- S.26.