Sözün canlı heykəli

Xalq şairi Zəlimxan Yaqub yer üzündə Allahın çox sevdiyi xoşbəxt insanlardan biridir. Qadir Allah ona hər şey bəxş edib: ilahi vergisi olan istedad, gur səs, geniş nəfəs, fenomenal yaddaş, nurlu təbəssüm, Tanrıya, vətənə və insana sevgiylə dolu atəşli bir ürək... Və ən başlıcası sahilsiz ümman kimi coşub-çağlayan tükənməz bir xalq məhəbbəti. Onunla hara getdimsə bir dost kimi qəlbim qürur hissi ilə doldu. Və tərəddüd etmədən fikirləşdim ki, Səməd Vurğundan sonra ‘’Xalq şairi ‘’ adı hamıdan çox Zəlimxan Yaquba yaraşır.

Onun fikrən dolğun, poetik cəhətdən zəngin sənəti mayası ərəbin zehniyyəti, farsın lisanı və türkün ruhundan tutulmuş ümummüsəlman mədəniyyətinin bizim zəmanəmizdəki bədii-fəlsəfi ifadəsidir. Zəlimxan türk-islam xalqlarının poeziyasını – Yunıs Əmrəni, Əhməd Yəsəvini, Mövlanə, Cəlaləddin Rumini, Hafizi və Sədini, Xaqanini, Firdovsini ,Xəyyamı, Nizamini, Nəsimini, Fizulu və Nəvaini zəngin türk aşıq sənətimizi-Qurbanini, Aşıq Alını, Sarı Aşığı, Dədə Ələsgəri... yüzlərlə qoşma, bayatı, gəraylı, qəzəl və qəsidəni əzbərdən deyir, mənə elə gəlir ki, təkcə əzbər demir, canına hopdurub. Zəlimxan dünya söz incilərindən toxunmuş əlvan bir xalıya bənzəyir. Onu bütün türk dünyasının şairi, Azərbaycan ədəbiyyatının yeriyən klassiki adlandırmaq olar.

Z.Yaqub bir əli torpaqda, bir əli haqda olan qüdrətli söz ustasıdır.O, tükənmək bilməyən enerjisini torpaqdan, aləmə işıq saçan nurunu haqdan alır. Onun şair xəyalı torpaqla haqq arasında cövlan edir, sufi məkanı (məkansızlığı) bu müqəddəs ərazidə yerləşir. Z.Yaqub XX və XXI əsrlərdə şairliyi xalqa yaxınlaşdıran söz ustasıdır. O, xalqın xəbəri olmadan xalqdan aldığı şeri qızıl alma kimi xalqa təqdim edir. Zəlimxan rəsmi şairliyin çərçivələrini, zorakı ehkamlarını vurub dağıtdı.

Çağdaş Azərbaycan poeziyasında iki şair təbiətin özünə bənzəyir –Musa Yaqub və Zəlimxan Yaqub. Bəlkə elə ona görə bir-birindən xəbərsiz, müqəddəs peyğəmbər soyadı kimi söykəniblər – o da Yaqub, bu da Yaqub. Çağdaş poeziyanın Yaqubları... Təbiətin gözəl yaz səhəri də var, amansız tufanı da, qızıl payızı da var, boranlı qışıda, yarpızların içindən utancaq qızın pıçıltısı kimi axıb gedən bulaq hıçqırtısı da var, yeri gələndə axmağın başına dəyən daşı da, sıldırım qayada tənha çıçəyin aldığı nəfəs qədər gözəldir Yaqubların lirik poeziyası. Günlərin bir günü gəldi, iki şairin ikisi də millət vəkili oldu. Millətə vəkil yox, şair lazım idi, eləcə də millət onlara məhz şair kimi baxdı, salam verdi sevindi. “Ən Əzəmi vəkillikdir şairlik” həqiqəti bir daha özünü təsdiq etdi.

Mən həmişə demişəm: insanı şəxsiyyət kimi yetişdirən üç nəcib qüdrət var: ana qucağı, ata ocağı və təhsil ocağı! Mən Kəpənəkçidə olmamışam, fəqət Zəlimxanın anası ilə dəfələrlə görüşmüşəm, o səmimi və sərt ananın əlini öpmüşəm, şairin və qohumlarının dilindən atası Yusif müəllim haqqında ən dəruni sözlər eşitmişəm. Zəlimxandan bir neçə il sonra mən də BDU-nu bitirmişəm, eyni müəllimlərdən dərs almışam. Tale ona şairlik, mənə alimlik qismət edib.

Z.Yaqub zaman-zaman yağmalanmış, tikə-tikə doğranmış, infarkt keçirmiş ürək kimi paralanmış Azərbaycanın şairidir.

Məşhur bir fikir var; ‘’Əgər torpağın üstündə birləşməsək, onda torpağın altında birləşməli olacağıq’’.

Tarixçi tarixin faktlarını, şair isə tarixin günahlarını tapıb üzə çıxarmalı və qaydasınca yerbəyer etməlidir. Z.Yaqub məhz bələ şairdir. Bu məqamda müəllimim, böyük mütəfəkkir Yaşar Qarayevin sözlərinə ehtiyac duyuram: ‘’İstər xərabatda olsun, istər təkyədə, istər türmədə olsun istər türbədə , istər şah taxtında olsun istər cəllad kötüyündə, fərqi yoxdur, harada şair varsa, ora şairin ərazisidir! Yaddaşı ilhamla birgə hansı ünvana gətiribsə, şair özü də orada sakindir!

Vay o gündən ki, yaddaş itirilə. Özü də fitri-təbii “qan” yaddaşı, milli-mənəvi ‘”gen” yaddaşı, bədii-fəlsəfi “mən” yaddaşı. Millətin xalqın halallıq yaddaşı.

Zəlimxan Yaqub şeirin “can evi”nə dirhəmin yox, canını gətirib gələn şairlərdəndir. Söz “can alanda” və “can olanda” bu canın damarında yaddaşın enerjisi, vicdanın ağrısı və əzabı, etnosun əsəbi, geni, qanı bulanır və çalxalanır: cism, bədən yananda – külə və cəsədə, yaddaş yananda isə fəryada, haraya çevrilir – əcdadın yaddaş harayına!”

Z.Yaqub öz şeirləri və çox məzmunlu poemaları ilə bizim qan yaddaşımızı, gen yaddaşımızı dövlətçilik düşüncəmizi oyadan milli bir şairdir. O, millətin ağrı yaddaşından doğulub. O, dədələrimizin tarixi kimliyindən minillərin sorağını gətirən ulu Sazla birləşəndə, sazı bağrına basanda özü də tarixə çevrilir, Dədələşir:

Təklənib, qəmlənib, yalqız olanda

Çiçəyim saralıb, gülüm solanda.

Qəlbim kövrələndə, gözüm dolanda

Sazdı ümid yerim pənahım mənim.

“Saz” poemasını oxuyuram elə bil ki, Zəlimxan ən ulu qeyrət sözlərini Sazın içindən nəfəslə dərir, Sazın bağrından nələr qopmur: “Sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Dilqəmi”, “Misri”... hərəsi bir ecazkar dünya, hərəsi bir fəlsəfə, sevinc, qəm şücaət simvolu – hamısı Zəlimxanın qəlbindən od alıb Azərbaycan şerinin ülviyyət çiçəyinə çevrilir.

Milli xəyanətlərə nifrət Zəlimxan şerinin şah damarıdır. Tarixi taleyimizin, milli yaddaşımızın keşiyində dayanan vətəndaş şair qəzəbini misra-misra sıyırıb Qarabağı satanların xəyanətini buğum-buğum doğrayır:

Bu gecə yuxuma girmişdi Şuşa

Pənah xan qəzəbdən tir-tir əsirdi

Şuşanı satanlar verib baş-başa

Şəhərin üstündə qiymət kəsirdi.

“Qoruya bilmədik məzarınızı” şerində şair üzünü ulu ustadlarına M.P.Vaqifə, X.Natəvana, Aşıq Ələsgərə, Dədə Şəmşirə, Sarı Aşığa tutub qəzəblə deyir:

Qayanı yardılar, daşı çapdılar

Məqbərə ucaldıb gümbəz yapdılar

Sizin ruhunuzu sevən nəsillər

Sizin adınızla şöhrət tapdılar.

Belinə daş qoyduq biz o şöhrətin

Qoruya bilmədik məzarınızı!

Bax, bu şeir ağrı yaddaşının fəryadı deyil, bəs nədir? Ağrıya-ağrıya təbəssüm göstərən çağdaş azərbaycanlı! – Z.Yaqubun lirik qəhrəmanı məhz dünyada analoqu olmayan belə bir insandır. Şairin ”Çıxış edir Xəlil Rza”, “Nifrətim”, “Çəkə-çəkə”, “Barışmaram”, “Səbr eləmə” şeirləri də xəyanətə nifrətin, satqınlıqla vətəndaş qəzəbinin poetik ifadəsidir.

Zəlimxan dünyaya halal atanın belindən, halal ana bətnindən gəlmiş, mayası halallıqdan tutulmuş saf bir insandır. Onun poeziyası da halallıq üstündə köklənib. O, Tanrı yolundan bir an belə sapmayan bir salik, ilahi eşq yolunun – Yunis Əmrə, Əhməd Yasəvi, Mövlanə Cəlaləddin Rumi, dahi Füzuli yolunun sədaqətli yolçusudur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev onun haqqında qiymətli sözlər söyləyərək deyib: “Siz müasir ədəbiyyatımızda Azərbaycanın şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız’’. Bələ əsərlərdən biri məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm tarixi fəaliyyətinə, əzəmətli şəxsiyyətinə həsr olunmuş ‘’Əbədiyyət dastanı’’ epik-lirik poeması idi. Z.Yaqub ‘’qoynunda qor saxlayan’’ (M.Dilbazi) “sazın tellərindən süzülüb durulan” (B.Vahabzadə), ‘’öz səsində üzə bilən” (V.Səmədoğlu), ‘’mayası sazla yoğrulan’’ (H. Arif) ‘’milli şairimiz’’ (F. Sadıq), ‘’Azərbaycanda heç bir təbliğata ehtiyacı olmayan poeziya hökmdarı’’ (Xəlil Rza Ulutürk) ‘’əbədiyyətdən gələn səs, yer üzünün əbədi səsidir’’ (İsa Muğanna).

Dahi Füzuli deyirdi: ‘’Söz yaradanın mədhi sənası nəğməsidir’’, ‘’Sözə xor baxmaq olmaz, hər bir söz “Ərşrəndir gəlib hədiyyə bizə’’, ‘’İlahi feyzdən bir xəzinədir söz’’.

‘’Peyğəmbər’’ kimi möhtəşəm ilahi bədii-fəlsəfi dastanı ancaq ərşdən gəlmiş SÖZlə yazmaq olar. ‘’Peyğəmbər’’ adi poema deyil, şairi əllidən altımışa gətirib çıxaran haqn yolu, əqidə və məslək yolu, Allahın dərgahına gələn əzablı nur yoludur. Dünya ədəbiyyatında Peyğəmbər mövzusunda dəyərli əsərlər yazılıb. Bəs Zəlimxanı bu mövzuya gətirən nədir? Bu suala şair əsərin ‘’Peyğəmbər’’i niyə yazdım?’’ adlı ön sözündə özünəməxsus cavab verib. Mənim fikrimcə ‘’Peyğəmbər’’ 60 yaşa gələn şairin bir müdriklik sınağı, kamillik dərsi, istedadın Tanrı dərgahında mənəvi hesabatıdır. ‘’Peyğəmbər’’ saf Allah bəndəsi Zəlimxan Yaqubun İslam dininə inamının bədii-poetik təsdiqidir. ‘’Peyğəmbər’’ bir şairin yox, bir ədəbiyyatın uğurudur. Mayası nurdan tutulmuş ilahi şəxsiyyət – Məhəmməd Ələyhüssəlam haqqında bu poetik dastan insanı kəndi varlığından alıb ilahi aləmlərə – həqiqət, fəzilət, mərifət və ülviyyət məqamlarına aparır. ‘’Peyğəmbər’’i oxuyandan sonra yerə qayıtmaq istəmirsən, səmalarda qalmaq, əbədiyyət mülkündə sakin olmaq eşqi ilə yaşayırsan.

Ucaldım Allaha, endim insana

Sirli-soraqlıdır ‘’Allahu-Əkbər!’’

Açar qapıları eşqin üzünə

Nurdan çıraqlıdır ‘’Allahu-Əkbər!’’

‘’Ucaldım Allaha, endim insana’’ – məncə ‘’Peyğəmbər’’ poemasının əsas fəlsəfi qayəsi budur. Bu ‘’insan’’ o qədər dərin, sirli-sahmanlıdır ki, Allah istəsə o peyğəmbər ola bilir. Əslində din insanı Allaha ucaldan müqəddəs bir qüvvədir. İnsanın qüdrəti təkcə imanında yox, həm də inamındadır.

‘’Peyğəmbər’’ xalqına, millətinə, dövlətinə, ümmətinə vurğun bir şairin özünü əbədiləşdirmək ehtirasından doğulub. Dahi filosof Hegel deyirdi: ‘’Ehtirassız dahiyanə heç nə yaradılmır’’ Zəlimxanın poeması cövhərində qüdrətli insan ehtirasları çağlayan, böyük Tanrı sevgisindən yaranıb. ‘’Peyğəmbər’’ də həm ən ucanı, həm də dərini fəth etməyə qadir böyük bir nəfəs var: şair nəfəsi, insan nəfəsi!

Bizim nüfuzlu fikir adamları Zəlimxan yaradıcılığını müxtəlif yönlərdən yüksək qiymətləndiriblər. Ustad tənqidçi, akademik K.Talıbzadə yazıb: ‘’Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir’’. ‘’Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir günəş parladı’’ deyən AMEA-nın müxbir üzvü N.Cəfərov həm də ‘’Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var’’ deyə yazır. ‘’Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir’’- bu mülahizəni mərhum akademik Xudu Məmmədov neçə illər öncə söyləyib. Bu gün isə akademik B.Budaqov belə düşünür: ‘’Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət göyərməlidir’’. Yenə də Zəlimxan nəfəsi! Görünür poeziyanın estetik dəyər meyarlarına bu anlayışı da daxil etməli olacağıq...

Z.Yaqubun yaradıcılığında gələcəyə böyük inam və məhəbbətlə bərabər keçmişə, ulu sənətkarlara, deyilmiş SÖZ-ə bir ehtiram və hörmət də var. O, bu fani dünyaya nə qədər bağlansa, şair xəyalı gələcəyin üfüqlərində qanad çalsa da əlini keçmişdən üzmür.

Zəlimxan həyat aşiqi, sevgi mübtəlasıdır. O, təbiətin gözəllikləri, həyatın həzzləri, gözəllərin nəfəsi ilə birgə nəfəs alır. Onun ‘’Allah, gözlərə bax’’, ‘’Gözəl dünya gözəllərin var olsun’’, ‘’Çin qızı, Çin gözəli’’, ‘’Küsmə məndən’’ şeirləri şairin sevgi dolu qəlbinin süslənmiş poetik çiçəkləridir.

Yanağın güldən zərif,

Belin telindən incə.

Dilin sözündən şirin

Sözün dilindən incə

Göy suların ağ quşu

Qızdan, gəlindən incə

Sən mənim nəzərimdə

Dünyanın ən gözəli,

Çin qızı, Çin gözəli!

Bu ağlıq ki, səndə var,

Süd gölündə çimənsən.

Bu ətir ki, səndə var,

Yamyaşıl bir çəmənsən

Yerini verə bilməz

Dünyanın min gözəli!

Çin qızı, Çin gözəli.

Z.Yaqub Azərbaycan klassik şerinin minillik poetik ənənələrini müasirliyin xidmətinə gətirən, SÖZün bədii hüsnünü özü bildiyi kimi süsləndirən SÖZü urvatdan düşməyə qoymayan, qəvvas kimi dəryalara cumub poetik incilər kəşf edən, taleyi SÖZə bağlı isdedadlı bir sənətkardır.Hələ onun qələminin altında çox gözəl sözlər ağ kağıza mənalı nəqşlər salacaq. Türkün ulu ruhu Zəlimxan şeirinin qanadlarında kosmik gəmilərin çata bilmədiyi xəyal dünyalarını kəşf edəcək.

Zəlimxan Yaqub ədəbiyyatında Fuzulisi olan qədim, ulu və isdedadlı bir xalqın bənzərsiz bir şairidir.

Mənim əziz dostum ana bətnindən üzü bəri 60 il yol gəlir. Yolu uğurlu olsun. Bənzərsiz poeziyası ilə özünə ölməzlik qazanmış böyük qardaşım Zəlimxan Yaqubla onun 100 yaşında görüşmək təşnəsi ilə yaşayan

Nizaməddin ŞƏMSİZADƏ,

Professor Sözün canlı heykəli

Professor

525-ci qəzet.- 2010.- 30 yanvar.-S.24.