Yazıçılar Birliyində
Xeyrəddin Qocanın 60 illiyi qeyd olunub
Tanınmış yazıçı
Xeyrəddin Qocanın
yanvarın 29-da 60 yaşı
tamam olur. Ömrünün 60-cı ilini
yola salan yazıçıyla söhbətimizi
təqdim etməmişdən
əvvəl əslində
hamıya tanış
olan Xeyrəddin Qocanın həyat və fəaliyyətindən
bəzi məqamları
oxucuların diqqətinə
çatdırmağı lazım
bilirik.
X.Qoca 1950-ci ildə Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində dünyaya göz açıb. 1967-ci ildə Qəsil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedoqoji Universitetinə qəbul olunub. Müxtəlif mətbuat orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 1995-ci ildə millət vəkili seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin martına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində çalışıb. Yazıçı “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Bu dünyadan məktublar...”, “Gərək yazam”, “Hərənin öz payı”, “Pyeslər”, “Bu da belə həyatdır” kitablarının müəllifidir. X.Qoca böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib. “Hərənin öz payı” adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Yazıçının “Qonşulaşma, qohumlaşma, kirvələşmə” pyesi AzTV-nin efirində ekran həyatı tapıb. “Düzü düz, əyrini əyri”, “Bu bizim zamanədir” , “Toy olacaq” pyesləri isə Azərbaycan radiosunda səsləndirilib.
X.Qoca indiyədək mətbuatdakı xidmətlərinə, səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə, satira və yumor janrında qələmə aldığı əsərlərinə görə “Qızıl qələm”, “Dan ulduzu”, “Araz” Ali Ədəbi Mükafatına layiq görülüb.
Yazıçı haqqında professorlar Pənah Xəlilov, Nizami Cəfərov, xalq yazıçısı Anar, xalq şairləri Qabil, Cabir Novruz, Zəlimxan Yaqub, Türkiyənin yazıçıları və alimləri dəyərli fikirlər söyləyiblər. Bugünlərdə akademik İsa Həbibbəylinin mətbuatda çıxan məqaləsində Xeyrəddin Qoca müstəqillik dövründə Azərbaycan satirik nəsrinin görkəmli yaradıcısı və təmsilçisi kimi xarakterizə edilib: “Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq yazıçının satirik nəsrinin ana xətləridir. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhimbəy Haqverdiyevdən sonra müasir həyatın “marallarının” bədii obrazını yaratmağa müvəffəq olub. Onun “cavabları” Molla Nəsrəddinin marallarının davamçıları, xələfləridir. Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb”.
Yubilyar yazıçı ilə 60 illiyi ərəfəsində görüşərək, həyat və yaradıcılıqla əlaqədar çeşidli məsələlərə dair onun fikirlərini öyrəndik.
– Xeyrəddin müəllim, yəqin siz də hədiyyədən xoşlanmamış olmazsınız. Doğum günlərinizdə sizə nə hədiyyə verilməsini istəyərdiniz?
– İnanmıram ki, hədiyyə almağı sevməyən insan olsun. Ola bilər, qəribə səslənsin, amma mən hədiyyə almaqdan daha çox hədiyyə verməyi, həm də qalıcı əşya bağışlamağı xoşlayıram. Çünki ömür qısadır, istəyirəm kimlərdəsə bir nişanə qalsın, baxanda məni xatırlasınlar. Ucuz-baha, fərqi yoxdur, əsas odur ki, uzun müddət qalan bir şey olsun.
– Yaş artdıqca insan ötənləri – keçmişi, uşaqlığını, gəncliyini daha tez-tez xatırlayır, deyirlər. 60 illik ömrünüzdən hansı xatirələr bu gün yaddaşınızda daha tez-tez çözələnir?
– Vallah, hərdən heç inanmağım gəlmir ki, 60 yaşa gəlib çatmışam. Öz-özümə təəccüblənirəm, 60 yaş nə tez gəldi? Bu ömrü nə vaxt yaşadım? Amma hər dəfə ürək ağrılarım tutanda, qan təzyiqim qalxanda hiss edirəm ki, ömür keçir... Məişət qayğıları, həyat ehtiyacları, mübarizələr içində bir də gördüm ki, 60 yaşa çatdım. Keçmişdə 60 yaşlı kişilərin beli bükülərdi, əsa ilə gəzərdi... Doğru deyirlər, insan yaşlaşdıqca tez-tez uşaqlığını, keçmişini xatırlayır.
Mən ziyalı ailəsində böyümüşəm. Atam vaxtilə Üzeyir Hacıbəyovla, Səməd Vurğunla və başqa böyük şəxsiyyətlərlə ünsiyyət saxlayıb, münasibətləri olub. O, Azərbaycan ədəbiyyatı və dilini mükəmməl tədris etməklə yanaşı, əməkdar incəsənət xadimi Əhməd Ağdamskidən tar dərsi də alıb, həm də onunla dost olub. İndi mən bu dostluğu onun oğlu, kimya elmləri doktoru Telman Ağdamski ilə davam etdirirəm.
Atam evdə tez-tez Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadimləri, şair və yazıçıları haqqında danışardı. Onun söhbətlərindən çox şey əxz eləmişəm. Üzeyir Hacıbəyovla bağlı maraqlı bir xatirə yaxşı yadımdadır: Atam konservatoriyada böyük bəstəkara tardan imtahan verib. Adətən imtahan zamanı tələbənin musiqi istedadını yoxlamaq üçün kiçik bir parça ifa etməsi kifayət olur. Ancaq Üzeyir Hacıbəyov onun ifasını sona kimi dinləyib və axırda deyib: “Bu Əhmədin barmaqlarıdır”. Halbuki atam Əhməd Ağdamskinin tələbəsi olduğunu əvvəldən bildirməyibmiş...
Mən də tar çala bilirəm, amma peşəkar deyiləm – atamdan yadigardır. Bir neçə dəfə televiziya efirlərində “öz məharətimi” göstərmişəm. Gəncliyimdə aktyor olmaq istəsəm də, teatr institutuna qəbul olunmadım. Elə həmin il Pedaqoji Universitetin tələbəsi oldum.
1968-ci ildə qəzetdə ilk yazım dərc olunub. Beləliklə, jurnalistlik fəaliyyətinə başlamışam. Sonralar müxtəlif qəzet-jurnal redaksiyalarında işlədim. “Dan ulduzu” və “Yeni Azərbaycan” qəzetlərinin ilk saylarından baş redaktor oldum. Jurnalistliklə yanaşı, bədii əsərlər də yazırdım. Deyilənə görə, indi yazıçıyam... Xarakter etibarilə azad insanam. Həmişə daxili azadlığımı hər şeydən üstün tuturam. Bu xüsusiyyət mənə çox bədxahlar qazandırıb. Doğrudur, onlar açıq-aşkar mənə qarşı çıxa bilməyiblər, amma gizlində istədiklərini həyata keçirməyə çalışıblar. Ancaq belələri nə qədər canfəşanlıq etsələr də, məni xalqın, dövlətin və ölkə rəhbərliyinin gözündən salmağı bacarmayıblar. Hamı bilir ki, bir vaxtlar Azərbaycanın və Rusiyanın kommunist mətbuatı Heydər Əliyevin əleyhinə böhtanlar, iftiralar yağdıranda mən onun müdafiəsinə qalxmışam. Heydər Əliyevi həqiqətən sevmişəm, şəxsiyyətinə böyük hörmət bəsləmişəm. İnsanlar bəzən yaltaqlıqla hörməti qarışdırırlar. 1989-cu ilin sonlarından başlayaraq bu Böyük İnsan haqqında həqiqətləri yazdığım üçün dörd dəfə işdən uzaqlaşdırılmışam. Amma heç vaxt ideallarımdan və əqidəmdən dönməmişəm. Heydər Əliyev də mənim bu xüsusiyyətimi həmişə yüksək qiymətləndirirdi. Sonralar bu diqqət və qayğını Azərbaycan prezidenti cənab İlham Əliyevdən gördüm. Heydər Əliyevin rəhbərliyi dövründə millət vəkili seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu olmuşam. Əgər Heydər Əliyevin köməyi olmasaydı, Londonda ürəyimdən əməliyyat oluna bilməzdim. Bəlkə də indi həyatda yox idim. Cənab İlham Əliyev isə mənə mənzil verdi, prezidentin fərdi təqaüdünə layiq gördü...
– Yüz illərdir ki, bu millətin öndə gedənləri yazır, amma “dünya düzəlmir ki, düzəlmir...”
– Yarızarafat-yarıciddi yazmışam ki, Cəlil Məmmədquluzadədən bəri bizim ancaq kostyumumuz dəyişib. Nöqsanlar, çatışmazlıqlar, eybəcərliklər
həmin dövrdəki kimi qalıb. Bəlkə
bir az da
artıb. Bir dəfə bu
haqda akademik Bəkir Nəbiyevin
fikrini bilmək istədim, cavab
verdi ki, eyiblərimiz daha da təkmilləşib.
Bu millətin dərdlərini yazmağa yüz Mirzə
Cəlil bəs eləməz... Lakin
yazıçı sadəcə əlini-qolunu sallayıb
oturmamalı, naqisliklərə göz
yummamalıdır. Cəmiyyətdəki nöqsanları,
çatışmazlıqları yazmaq
yazıçının işidir.
Söhbət bütün cəmiyyətlərdə
mövcud olan insani eybəcərliklərdən, nöqsanlardan, çatışmazlıqlardan gedir. Mən hekayələrimdə heç kimin adını
çəkmirəm, cəmiyyətdəki ümumi
bəlalardan yazıram. Ad çəkməsəm
də, bəziləri yazılarımda özlərini
görürlər və nəticədə bədxahlar
çoxalır. Bütün bunlara rəğmən həmişə millətin
gələcəyinə nikbin baxıram.
Millət alidir, hər şeydən
yüksəkdə dayanır. Xalqın içərisində çox ləyaqətli insanlar
görürəm, yüksək səviyyəli siyasətçilər,
dövlət adamları var,
bütövlükdə millətin içərisində
işıq var. Bizə o
işıq lazımdır.
– Deməli,
bu qədər problem sizi nikbin olmaqdan
çəkindirə bilmir.
Bu optimizmi necə qoruyub saxlayırsınız?
– Başqalarına
nikbin təsir bağışlasam da, əslində hər dərdi ürəyimdə
çəkirəm. İnsanları
çox sevirəm. Mənim tənqidim də insanlara olan hədsiz sevgimdən irəli gəlir. İstəyirəm
ki, cəmiyyətimizdə
nöqsansız, eyibsiz
insanlar çox olsun. Onu da
deyim ki, kövrək, hissiyatlı
adamam. Məsələn,
“Segah” muğamını
dinləyərkən hönkür-hönkür
ağlaya bilərəm.
Heç vaxt satiralarımı gülüş
naminə yazmıram. Ona görə yazıram ki, yazmaya bilmirəm. Qeyd edim ki,
Azərbaycanda çox
şeyləri bayağılaşdırıb
şouya, lağlağıya
çeviriblər. Hətta
Cəlil Məmmədquluzadənin
əsərlərini də
gülünc vəziyyətdə
ifa etməyə can atırlar. Bizim ən çatışmayan
cəhətlərimizdən biri böyük şəxsiyyətlərimizə dəyər verə bilməməyimizdir. Baxın,
dahi Cəlil Məmmədquluzadəni cəmi
yeddi nəfər torpağa tapşırıb!
Haqqında yazılan nekroloqda da tənqidi
fikirlər yer alıb. Biz Müşfiqin
güllələnməsinə, Cavidin sürgünə göndərilməsinə, Salman
Mümtazın tamamilə
yandırılmasına imkan
vermişik. Hadinin başına nələr gətirilib? Ürəyimdə
hələ yazılmamış,
deyilməmiş çox
sözüm var. Altmış illik ömrümdə onların heç mində birini deməmişəm,
yazmamışam.
– Qələminizi
özünüzə tərəf
çevirməyi bacarırsınızmı?
Özünüzə də
tənqidi yanaşırsınızmı?
– Bəzən
özümə qarşı
çox qəddar oluram. Düşünürəm,
boş vaxtım çox keçib, təəssüf edirəm
ki, həmin vaxtdan lazımınca istifadə edə bilməmişəm.
Lakin düşünürəm
ki, özümdən razı qalmaq üçün də səbəblər var; Mənə görə ailə hər şeydən üstündür.
Bütün həyatımı
ailəmə həsr etmişəm – üç
övlad böyütmüşük,
onlara ali təhsil vermişik, ev-eşik eləmişik. Deyirlər, mənim kimiləri cənnətə
gedir... Sadə insanam, şəxsiyyətimi
hər şeydən üstün tuturam. Hiss edirəm ki, insanlar da mənə
hörmətlə yanaşırlar.
Həqiqəti sevən
insanlar məni qiymətləndirirlər. Ömrüm
boyu şərəfimi
qorumuşam. Xalq şairi Fikrət Qocayla söhbətlərimiz
zamanı bildirdim ki, indiki zəmanədə
şərəfi qorumaq
çox çətindir.
Fikrət müəllim
də cavab verdi ki, elə
ən çətini odur. Bunu eləyə
bilmişəmsə, deməli,
yaşadığım ömürlə
qürur duya bilərəm.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.22.