“Eh, müsəlmanlar elə
həmin ruslardır...”
“İsa – ruk Allax, aleyxi salam.
Alla Akber”.
Xoca Yusuf Xorasaninin kiril əlifbasında qələmə
aldığı bu sözlər adamı təəccübləndirməyə bilmir. Xoca Yusuf
niyə rus əlifbasında yazırdı?
Görəsən, Yusuf
Xorasaninin özü kim olub? Əslində
bu sualı mənə, Moskva Ədəbiyyat institutunda oxuyarkən, seminar rəhbərim,
tanınmış ədəbiyyatşünas
İ.Volqin vermişdi.
Boynuma alıram ki, o vaxt bu
suala cavab verə bilmədim. Sonradan öyrəndim ki, sən demə,
bu sözlərin müəllifinin əsl adı Afanasi Nikitin imiş – məşhur “Üç dəniz arxasına səyahət” kitabının
müəllifi. Şirvanşah
Fərrux Yassarın dönəmində (1642-1500) Şirvana
göndərilmiş rus
elçiliyi haqqında
da ilk dəfə bu kitabdan oxudum.
Rus ədəbiyyatında
və mədəniyyətində
islam-şərq motivləri
bəlkə də heç bir başqa xristian xalqında olmadığı
qədər güclüdür.
Puşkinin məşhur
“Qurana nəzirələr”
silsiləsini, Buninin, Balmontun islami şeirlərini, Lermontovun
“Aşıq Qərib”,
Vyazemskinin “Məhəmməd”,
Murovyovun “Dərvişlər
nəğməsi” və
onlarla, yüzlərlə
digər rus ədiblərinin islami ruhlu əsərlərini xatırlayın. 20-ci əsr
rus poeziyasının böyük nümayəndəsi
Velimir Xlebnikovun “Eh, müsəlmanlar elə həmin ruslardır və İslam rusun da ola
bilər” sözləri
rus ədəbi-bədii-fəlsəfi,
hətta ictimai fikrində islami motivasiyanın nə qədər böyük yer aldığının
ifadəsidir.
Son dərəcə
zəngin ənənələri
olan rus ədəbiyyatında islami
motivlərin (əslində
bu, bütöv bir qatdır) öyrənilməsi böyük
bir zərurətdir.
Bu zərurət nədən
irəli gəlir? Həyatımızın başqa
sferalarını bir kənara qoyuram, mənə elə gəlir ki, bu, ilk növbədə bir növ “dünyaya
çıxmaq” lənətilə
yaşamağa məhkum
olunmuş Azərbaycan
elmi və ədəbiyyatı üçün
lazımdır. Bu yaxınlarda
Rusiya qəzetlərindən
birində maraqlı bir məqalə oxudum. Yazır ki, “Rus mədəniyyəti,
incəsənəti və
ədəbiyyatının onda
doqquzu ümumbəşəridir,
dörddə üçü
Avropa dəyərlərinə
söykənir və yalnız onda biri millidir”. Müəllif rus mədəniyyətinin böhran
vəziyyətinə düşməsinin
səbəbini, xeyli şişirdilmiş formada
olsa da, məhz bunda görür. Bu yerdə mən Lev Tolstoyun sözlərini xatırlayıram.
O, qətiyyətlə zədəgan
elitasının xalqa
“sırıdığı” stereotiplərin(fransız,
alman, ingilis mədəniyyət qavramlarının)
əleyhinə çıxırdı.
Baxmayaraq ki, o özü də bu elitaya daxil
idi. Tolstoy deyirdi ki, mədəniyyətin zirvəsinə xalq kütlələrinin içərisindən
yüksəlmək lazımdır.
Biz, bunları illah da Tolstoy deyir deyə, mütləq onunla razılaşmağa
borclu deyilik. Amma yuxarıda qeyd etdiyim məqalə
müəllifinin yazdıqlarının
işığında Azərbaycandakı
vəziyyət haqqında
düşünərkən, bizim necə bir çıxmaza girdiyimizi görməmək
mümkün deyil. İş burasındadır
ki, biz Rusiyadan fərqli olaraq müsəlman ölkəsiyik.
Amma gətirdiyimiz örnəklər, sitatlar,
ifadə tərzləri
əksərən xristian
– Avropa və ümumilikdə qərb müəlliflərinin mətnlərinə,
qərb xalqlarının
miflərinə əsaslanır.
Ona görə də, mənə elə gəlir ki, bizim mədəniyyətin
vahid müstəqil bütövlüyə qovuşması
prosesi hələ başa çatmayıb; çağdaş Azərbaycan
mədəniyyətinin, bədii-estetik
fikrinin eklektik xarakteri hədəflərimizin
dürüst bir şəkildə müəyyənləşməsini
əngəlləyir. Biz hardasa
16-cı yüzillikdə Latın
Amerikasının ispan
kolonizatorları tərəfindən
işğal olunduğu
dönəmlərə oxşar
bir zamanda yaşayırıq. Belə
olan halda biz özümüzü kiminlə,
necə identifikasiya etməliyik – bu məsələ həyati
əhəmiyyət kəsb
edir. Hər halda, milli-dini özünüdərk olmadan
hansısa yüksək
materialardan söz açmaq bir qədər çətindir
məncə...
Tanınmış ədəbiyyatşünas
professor Asif Hacılının
bu günlərdə çapdan çıxmış
“Qurani Kərim rus ədəbiyyatında”
adlı kitabı məhz belə bir şəraitdə meydana gəlib. Əsərin yüksək
elmi və ictimai əhəmiyyətini
şərtləndirən amillərdən
biri də elə budur. Kitabın elmi redaktoru professor Kamal Abdulla yazır: “Qurani Kərimin dərin dini, fəlsəfi, mənəvi,
bədii axtarışlara
sövq etdiyi, humanist dəyərlər aşıladığı
rus yazıçı
və şairlərinin
islam ruhu aşılanmış əsərləri
olduqca aktualdır. Bu zəngin irs islamın umumbəşəri
mahiyyətini bir daha təsbit etməklə yanaşı,
görkəmli nümayəndələrin
timsalında rus ədəbiyyatının humanist məzmununun dərki, xalqlarımızın bir-birini
daha yaxından tanıması üçün
də dəyərlidir.
Professor Asif Hacılının
müxtəlif mənbələr
əsasında təqdim
etdiyi bu kitabının oxucularda, tərcüməçilərdə və mütəxəssislərdə
dərin maraq oyadacağına əminəm”.
Qeyd edim ki, kitab “Bakı
Slavyan Universitetində
mühazirələr” silsiləsi
çərçivəsində nəşr edilib və bu ənənənin
başlanğıcını da məhz Kamal
Abdullanın özü
qoyub. Onun akademik Aydın Mirzəcanzadə ilə birgə nəşr etdirdiyi “Bakı Slavyan Universitetində mühazirələr” toplusu
elmi və tələbə mühitində
həmişə sevilərək
oxunan kitabdır.
Professor Asif
Hacılının “Qurani
Kərim rus ədəbiyyatında” kitabı
qədim dövrlərdən
tutmuş ta günümüzəcən böyük
rus ədəbiyyatında
islami başlanğıcın
keçdiyi möhtəşəm
yola işıq salır. Rusların islam mədəniyyəti ilə tanışlığı
necə, hansı şəraitdə baş verib, qədim rus nağıllarında, bılina və nəğmələrində, yazılı
ədəbiyyatda Şirvan,
Şamaxı (“Şamaxı
şahzadəsi”), Dərbənd
(“Derben”) hansı yeri tutur, türk
insanı Avrasiya tarixində, rus dövlətçiliyinin, rus
milli şüurunun, etnik simasının təşəkkülündə hansı rolu oynayıb və s. bu kimi məsələlər
kitabda bütün təfərrüatı ilə
çözülür. Ayrıca
olaraq, Qurani Kərimin təkcə rus dilinə deyil, ümumilikdə qərb dillərinə tərcüməsinin tarixinə
nəzər salınır,
bu prosesin obyektiv mənzərəsi
canlandırılır; Quranın
1141-1543 illərdə qərb
dillərinə ilk tərcümələri
və katolik kilsəsinin buna mənfi münasibəti, eləcə də Dante, Kampanella, Martin Lüter kimi mütəfəkkirlərin
islama qarşı sərgilədikləri davranış,
zaman keçdikcə Qurani Kərimin qərb mədəniyyətinə
və ədəbiyyatına
dərindən nüfuz
etməsi və bir növ sivilizasiyaların
dialoquna zəmin oluşdurması prosesi kültüroloji müstəvidə
təhlil edilir.
“Hey şirin
Quranı oxumuşam mən, gizli mağarada, didərginlikdə”(A.Puşkin), “...lütfən
mənə xeyirxah müsəlman kimi baxın”(L.Tolstoy), “Allahdan başqa Allah yox! Sirdən güclü güc yoxdur!(İ.Bunin) – rus bədii fikrinin ünlü təmsilçilərinin bu
sözləri Qurani Kərimin rus mənəvi həyatına,
onun dünyaya və həyata münasibətinə nə
qədər dərindən
sirayət etdiyini, rus yazıçı, şair və filosoflarının ilham qaynaqlarından birinə çevrildiyini göstərir.
Biz, adda-budda da olsa, rus ədəbiyyatında
şərq, islam mövzusu haqqında xeyli şeylər bilirik, lakin Asif Hacılının bu kitabını oxuduqdan sonra bu temanın rus ədəbiyyatının
bu dərəcədə
toxumasına işlədiyini
görüb heyrətlənməmək
olmur. Böyük rus filosofu V.Solovyovun
(“Məhəmmədin həyatı”),
Qoqolun (“Əl-Məmun”)
və s. kimi əsərləri Rusiyada şərqə olan marağın yalnız etnoqrafik deyil, daha çox mənəvi-poetik səciyyə
daşıdığına işarədir.
Rusiyada şərqə,
islam mədəniyyətinə
maraq bu gün də davam etməkdədir. Hətta sovet dövründə də bu maraq səngimədi.
1991-ci ilə aid statistikada
göstərilir ki, təkcə sovetlər dönəmində türk,
ərəb və digər şərq dillərindən tərcümə
edilərək çap
olunan kitabların ümumi tirajı 50 milyondan çox olub. Ölkədəki şərqşünaslıq mərkəzlərinin,
elmi-tədqiqat müəssisələrinin
öz çalışmalarını
da bura əlavə
etsək, mənzərə
daha da aydınlaşar.
Bunun qarşılığında
bizim də rus mədəniyyətindəki
islam izlərini tədqiq etməmizdə böyük fayda var.
Professor Asif Hacılının
bu kitabı daim ünsiyyətdə olduğumuz bu böyük toplumun təbiətini, dünyaduyumunu,
xarakterini dərindən
öyrənmək, hiss etmək
və əlaqələrimizi
yeni müstəvilərə
daşımaq, eləcə
də Azərbaycan filoloji fikrini daha da irəliyə
götürmək baxımından
mükəmməl bir
əsərdir. Bu münasibətlə
Asif Hacılını
təbrik edir, ona öz çalışmalarında
yeni uğurlar arzulayırıq.
Etimad
BAŞKEÇİD
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.21.