Mənəvi varisliyin əyani
nümunələri
65 yaşını haqlamış
Polad Bülbüloğlunun yeni yaradıcılıq
uğurları haqqında
Polad Bülbüloğlunun 65 yaşı tamam olur və bu yubileyə ən gözəl hədiyyəni elə onun özü edib: “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adlı yeni albomu işıq üzü görüb və Azərbaycan xalq mahnılarından ibarət olan bu alboma “Həştərxan”dan tutmuş “Çal-oyna”ya qədər 14 məşhur mahnımız daxil edilib. Polad mahnıları Siyavuş Kərimli ilə birlikdə işləyib və aranjiman da Siyavuşundur. Alboma Palmali Şirkətlər Qrupu sponsorluq edib.
Mən bu quru informativ sətirləri yazıram, içimdə isə indicə dinlədiyim o xalq mahnılarının doğurduğu fərəh, qürur hissini yaşayıram və o fərəh, qürur yalnız onunla bağlı deyil ki, həmin mahnılar mənimdir, mənim xalqıma məxsusdur, – bu, öz yerində; bu fərəhin, qürurun bünövrəsində, ümumiyyətlə, sənətin qadirliyi, sənətin bəşəri mahiyyəti dayanır. Bu mahnıların incəliyi, zərifliyi hansısa coğrafi məkan çərçivəsinə sığmır, o incəlik də, zəriflik də məhəlli yox, bəşəri lirikanın ifadəsidir.
Eyni zamanda, mənim üçün gün işığı kimi aydın bir həqiqətdir ki, milli sənəti duymadan, onu dərindən hiss etmədən, həmin sənəti bəşəri mədəniyyətin səviyyəsində ifadə etmək mümkün deyil. Sən bəşəri mədəniyyətin səviyyəsinə bələd ola bilərsən, ancaq milli sənət sənin varlığının hüceyrələrinə hopmayıbsa, həmin hüceyrənin bir hissəciyinə çevrilməyibsə, o bəşəri mədəniyyət yalnız süni surətdə sənin köməyinə yetə bilər – sünilik isə, bizim yaxşı bildiyimiz kimi, böyük sənətin düşmənidir.
Poladın ifası da, bu mahnıların yenidən işlənməsi də, aranjimanı da əsl sənət nümunəsidir, onların intonasiyası, melodik səs düzümü, ladları, musiqi quruluşu qədim bünövrə üzərində yerləşdirilmiş novatorluq, yenilikdir.
Misilsiz Bülbül ifasından sonra həmin xalq mahnılarını ayrı-ayrı konsertlərdə, məclislərdə ifa etmək, əlbəttə, yaradıcılıq riskidir, çünki bir azərbaycanlı tapmaq olmaz ki, bu mahnıları eşidərkən, o dəqiqə Bülbülün ifasını yada salmasın və bu zaman təhtəlşüur bir müqayisə də qaçılmazdır; ancaq bu ifaların – 14 xalq mahnısının – hamısını bir yerə yığıb, eyni diskdə, bir albom kimi, həm də Bülbülün ifasını xüsusi nəzərə çatdıraraq (əslində, Bülbülün xatirəsinə həsr edərək!), dinləyiciyə təqdim etmək, daha artıq yaradıcı cəsarət tələb edən bir riskdir.
Poladın yeni albomunu dinlədikcə, hiss edirsən: bu risk özünü doğruldub.
Əlbəttə, Bülbülün səsi təkrarsız bir səsdir.
“Milli səs” məfhumu yoxdur, belə demək olmaz və bu ifadə, bu söz birləşməsi – “milli səs” – aydın məsələdir, tamam absurd səslənir, ancaq oxucudan gizlətmirəm, mən Bülbülün ifasında Azərbaycan xalq mahnılarına qulaq asanda o absurd, heç bir məntiqə söykənməyən ifadə – “milli səs” – həmişə fikrimdə dolaşıb.
Elə bil ki, Bülbülün səsi, nəfəsi də o mahnıların özü kimi, bir Azərbaycan nağılı, bayatısı kimi Azərbaycan xalqına mənsubdur, bu xalqın hiss-həyəcanını, bu xalqın mənəvi ruhunu, onun koloritini ifadə etmək üçün yaranıb.
Elə Bülbül sənətinin bu milliliyinə görə də, həmin sənət milli sərhədlər tanımır, bəşəri mahiyyətlidir.
Polad Bülbüloğlu Bülbülün səsini, nəfəsini, Bülbül boğazının xırdalıqlarını yamsılamır, ancaq elə bil ki, o, öz ifasının və interpretasiyasının doğmalığı, məhrəmliyi ilə “oxuyardı Bülbül...” nostalgiyasına, əgər belə demək mümkünsə, bədii-estetik təsginlik gətirir. Polad xalq mahnılarının estetik koloritini, bədii məna dərinliyini hiss edir və bu hissiyyat həmin mahnıların məğzini ifadə etmək üçün münbit zəmin yaradır. Hər bir not səsləndikcə, elə bil, Poladın damarlarındakı Qarabağ genlərinin kodu açılır və Azərbaycan xalq mahnılarının ab-havası, ətri bu dəfə, dinləyicinin içinə dolur.
Azərbaycan xalq mahnılarının (və yəqin ki, başqa xalqların da mahnılarının) əsas estetik xüsusiyyətlərindən biri onların mətninin sadəliyindədir və əlbəttə, bu leksik sadəlik olmasaydı, mahnılar kütləvilik əldə edə bilməzdi, yəni xalqın özünüifadəsinə çevrilməzdi. Ancaq bu, adi sadəlik deyil; bu – əsrlərin estetik süzgəcindən süzülüb gəlmiş bir sadəlikdir ki, indiki kontekstdə zərifliyin, incəliyin, naz-qəmzənin, işvənin sinonimidir:
Girdim yarın bağçasına,
Çiçəklər açmış.
O yar mənim ürəyimdə
Yaralar
saçmış...
(“Girdim yarın bağçasına”)
Bağçasında çiçəklər açmış bu sevimli varlığın yarın ürəyində saçdığı yara zərif lirik bir ab-hava yaradır və sənin ustalığın, sənət duyumun, milli koloriti hiss etmək bacarığın elə olmalıdır ki, bu ab-havanı nəinki dinləyiciyə çatdıra biləsən, hətta o anlarda həmin dinləyicinin emosiyalarına sahib olasan.
Poladın ifası, onun bədii-estetik interpretasiyası, yozumu sənətkarlıq baxımından bu çətin işin öhdəsindən gəlir.
Vaxtı ilə mən Bülbülə həsr etdiyim essedə onun oxuduğu “Yaxan düymələ” xalq mahnısından bu bəndi:
Sallanıban gələn dilbər,
Yaxan düymələ, düymələ...
Məni dərdə salan dilbər,
Yaxan düymələ,
düymələ...
– misal gətirərək yazmışdım: “Bülbülün oxuduğu o gözəl xalq mahnısı yalnız bir lirik qəhrəmanın hisslərinin, məhəbbətinin ifadəsi deyil. Bülbülün nəfəsi, vurduğu xallar o qədər doğma və məhrəmdir ki, elə bil, Azərbaycan məhəbbət dastanlarının bütün qəhrəmanları – Qərib də, Şah İsmayıl da, Kərəm də, Abbas da xalqın ruhu ilə yaşayan bir vahid obrazda ümumiləşdirilərək əvvəli və sonu olmayan, həyatı yaradan və yaşadan sevgidən, vurğunluqdan söhbət açır.
Kətan köynək, nazik bədən –
Gördüm, bihal oldum,
Bihal oldum, bihal oldum, bihal!..
Bülbülün
səsi, ifa tərzi bu sadə sözləri də yalnız
bir lirik qəhrəmanın yox, xalqın dilindən söylənən
məhəbbət nəğməsi səviyyəsinə
ucaldır.”
İndi budur, Poladın
albomuna qulaq asıram:
Obaları oymaq-oymaq,
Yalan sözdür yardan
doymaq,
Üzü gül, ləbləri
qaymaq,
Yalan sözdür
yardan doymaq.
(“Evləri var xana-xana”)
Öz-özlüyündə
səmimi və sadə sözlərdir, ancaq bu sadəliyi sənət
nümunəsinə çevirməkdən ötrü, hətta
onu milli sənətin səviyyə göstəricisi dərəcəsinə
qaldırmaq üçün, “üzü gül, ləbləri
qaymaq” təşbehinin koloritini elə duymalısan, xalqın,
millətin içindən qopub gələn təranələri,
o təranələrin ladlarını elə hiss etməlisən
ki, həmin duyğu, həmin hissiyyat yalnız milli auditoriyaya
yox, bəşəri auditoriyaya bədii-estetik təsir etmək
gücünə malik olsun və bu zaman, əlbəttə, tərəf-müqabil
kimi o faktor da əsasdır ki, eyni zamanda, ifaçılıq
mədəniyyətinin də bəşəri səviyyəsinə
nəinki bələd olasan, həm də onu əyani şəkildə
nümayiş etdirməyi bacarasan.
Poladın sənətində
həmin milli hissiyyat da, həmin bəşəri
ifaçılıq mədəniyyəti də
özünün təbii vəhdətini tapmışdır və
mən bunu Polad Bülbüloğlu
yaradıcılığının ən mühüm
xüsusiyyətlərindən biri, bəlkə də birincisi
hesab edirəm.
Onun keçmiş Sovet məkanındakı
populyarlığının, – mən bu populyarlığın
çox şahidi olmuşam – qazandığı dinləyici
sevgisinin də əsas “səbəbkarı” məhz bu
xüsusiyyət, bu cəhətdir və deməliyəm ki, bu
yerdə də Polad Azərbaycan mədəniyyətinin
böyük nümayəndələrindən, o cümlədən
də Bülbüldən gələn ənənələri
davam və inkişaf etdirir.
Polad Bülbülün ailəsində
anadan olub və onun, onilliklərdən bəri davam edən
yaradıcılıq yolu açıq-aydın göstərir
ki, o, Bülbülün xalqı ifadə edən
mahnıları ilə bu xalqın iç dünyasına daxil
olub, həmin dünyanın sakini və sənətkarıdır.
Qarabağda, Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən birində
– Qafqazın konservatoriyası adlandırılan Şuşada
anadan olmuş Bülbül – xalqın içindən
çıxmış, ilkin (əsas!) estetik tərbiyəsini
xalq mahnıları, Azərbaycan muğamları ilə
almış bu gənc xanəndə – xalq müğənnisi
idi və keçən əsrin iyirminci illərində həmin
gənc xanəndə Bakı konservatoriyasında F.Polyayev,
V.Nikolski, İ.Speranski kimi professorların siniflərində təhsil
aldı, İtaliyaya gedib Milanda uzunmüddətli təcrübə
keçdi, əgər belə demək mümkünsə, “La
Skala ustad dərslərini” mənimsəyərək Avropa vokal
sənətinin incəliklərinə yiyələndi.
Ən əsası isə,
Bülbül öz ifası ilə bu təcrübəni, bu mənimsəməni,
bu sənət sahibliyini ifadə etməyi bacardı və
Şumanın, Şubertin romanslarının, Neapolitan
mahnılarının, Hersoqun (C.Verdi, “Riqaletto”), Loenqrinin
(R.Vaqner, “Loenqrin”), Levkonun (N.Rimski-Korsakov, “May gecəsi”),
Verterin (C.Massne, “Verter”), Gənc qaraçının
(“S.Raxmaninov, “Gənc qaraçı”) və Avropa
operasının başqa qəhrəmanlarının, Əsgərin
(Ü.Hacıbəyov, “Arşın mal alan”), sonralar isə
unudulmaz Koroğlunun (Ü.Hacıbəyov, “Koroğlu”)
ariyalarının sevimli ifaçısı yüksəkliyinə
qalxdı.
Eyni zamanda
Bülbül, heç vəchlə unutmadığı,
yadırğamadığı, əksinə, daha artıq bir
ehtiras və həvəslə oxuduğu Azərbaycan xalq
mahnılarını da həmin vokal mədəniyyətinin
yüksək səviyyəsinə qaldırdı.
Bülbül sənətinin
ruhunu hiss etmək baxımından, elə bilirəm ki, onun həyatının
və fəaliyyətinin belə bir epizodunu xatırlatmaq
çox əlamətdardır: İtaliyadan vətənə
qayıdan Bülbül Opera və Balet Teatrında solistliyi ilə,
konsertlər verməklə bərabər, məşhur xanəndələrin,
o cümlədən muğam sənətimizin klassiki Cabbar
Qaryağdıoğlunun ifasında Azərbaycan xalq
mahnılarını fonoqrafa alır, onları nota
köçürməkdə çox fəal iştirak edir,
Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Səid
Rüstəmovun, Tofiq Quliyevin nota köçürüb
hazırladıqları 550 (!) xalq rəqsi və
mahnıları Bülbülün redaktəsi ilə nəşr
olunur.
Bütün bunları ona
görə xatırlayıram ki, mən “Oxuyardı
Bülbül... Oxuyur Polad Bülbüloğlu” albomunu
yaradıcı varisliyin nümunəsi hesab edirəm və bu
varisliyin qiymətli cəhəti ondadır ki, söhbət,
Üzeyir Hacıbəyovdan gələn, Bülbülün də
daxil olduğu və şərəfli yer tutduğu, Qara
Qarayevin və Fikrət Əmirovun, Niyazinin və Soltan
Hacıbəyovun, Şövkət Məmmədovanın və
Fatma Muxtarovanın, Tofiq Quliyevin və Rəşid Behbudovun, Səid
Rüstəmovun və Rauf Hacıyevin, digər böyük
maestrolarımızın adı ilə bağlı olan
ümumazərbaycan musiqi mədəniyyətinin ənənələrindən,
həmin ənənələrin davamından gedir.
Bu günlərdə mən
Poladın yeni bir proyekti və elə bəri başdan deyim ki,
yeni də yaradıcılıq uğuru ilə tanış
oldum: o, yeddi xalq mahnısını – “İnnabı”, “Xumar
oldum”, “Ay dilbər”, “Kəklik”, “Qara tellər”, “Nə
olaydı”, “Qaçaq Nəbi” – simfonik orkestr üçün
işləyib.
İtaliyadan
qayıtmış Bülbül xanəndələrin
ifasını fonoqrafa alır, mahnıları, təsnifləri
bizim böyük bəstəkarlarımzla bir yerdə nota
salırdısa, Qara Qarayevin sinifini bitirmiş, həyatının
bütün gənclik çağlarını Moskvada
keçirmiş, Sovet estradasının ulduzlarından biri
olmuş Polad Bülbüloğlu bu gün həmin
mahnıları simfonik orkestr üçün işləyir və
Sergey Skripkanın dirijorluğu ilə Moskva Kinematoqrafiya
Orkestrinin yüksək professionallıqla müşayiəti ilə
özü də o xalq mahnılarını ifa edir.
Doğrudan da
gözəl bir varislik nümunəsi deyilmi?
Vaxtı ilə
böyük maestro Niyazi ilk dəfə belə bir təşəbbüs
göstərmişdi – “Qaragilə” mahnısını simfonik
orkestr üçün işləmişdi və unudulmaz
Şövkət Ələkbərova Niyazinin özünün
də idarə etdiyi simfonik orkestrin müşayiəti ilə
bu mahnını ifa etmişdi. Niyazinin o təşəbbüsü
də, Şövkət xanımın o ifası da Azərbaycan
vokal sənətinin şedevrini meydana çıxardı,
ancaq təəssüf ki, bu iş özünün
ardıcıl davamını tapmadı.
Bu baxımdan
Poladın fəaliyyətini mən yalnız görkəmli bir
bəstəkar fəaliyyəti (və nailiyyəti!) kimi yox,
eyni dərəcədə vətəndaş fəaliyyəti
kimi qəbul edirəm. Əlbəttə, indiki vaxt
çatışmazlığı içində Polad bu əziyyətli
işin əvəzinə özü neçə-neçə
yeni mahnı, yaxud hansısa simfonik bir əsər yaza bilərdi
, ancaq onun Azərbaycan sevgisi, xalqa bağlılığı,
onun qanındakı, dediyim, həmin Qarabağ genləri onu məhz
bu işi görməyə sövq edib.
“Qara tellər”,
yaxud “Qaçaq Nəbi” kimi ən məşhur xalq
mahnılarını simfonik orkestr üçün işləmək,
hələ məsələnin bir tərəfidir, onları həmin
simfonik müşayiət ilə ifa etməyin özü də
çox ciddi sənət riskinə getmək deməkdir. Ancaq artıq bildiyimiz kimi,
Polad yaradıcılıq riskini xoşlayır və bu dəfə
də onun növbəti riski özünü doğruldub: onun
ifasında bu folklor inciləri bir tərəfdən milli
koloritini saxlayıbsa, digər tərəfdən də dərin
simfonik məzmun, zəngin mənəvi mündəricat əldə
edib.
Poladın bu
işi yalnız onun yaradıcılığında yox,
ümumiyyətlə, müasir musiqimizdə hadisədir;
yalnız onun yox, müasir musiqimizin nailiyyətidir.
Polad Bülbüloğlu on səkkiz
il Azərbaycanın mədəniyyət naziri vəzifəsində
işlədi (məncə, Qinnes kitabına düşəsi
bir hadisədir!), bu gün o, Rusiya Federasiyası kimi nəhəng
və mühüm bir dövlətdə Azərbaycan
Respublikasının Fövqəladə və Səlahiyyətli
Səfiri vəzifəsində çalışır, ancaq o, əlbəttə,
hansı vəzifədə çalışmasından
asılı olmayaraq, ilk növbədə sənətkardır,
bəstəkar və müğənnidir.
Rəsmi vəzifələr,
aydın məsələdir, çox vaxt aparır və
öz təcrübəmə istinadən yaxşı bilirəm
ki, Poladın da bir sənətkar kimi ən böyük
problemi – vaxt, zaman problemidir.
Onun yazdıqları, ifa
etdikləri yuxusuz gecələrinin, elementar istirahətdən
qoparılmış saatların bəhrəsidir və mənim
üçün xoşdur ki, son üç ildə mən
dostum Poladı üçüncü dəfə
yaradıcılıq uğuru ilə təbrik edirəm: birinci
dəfə ilk baleti “Eşq və ölüm”ün müvəffəqiyyətli
tamaşası münasibətilə, ikinci dəfə
İlyas Əfəndiyevin pyesi əsasında mənim ssenarim
üzrə çəkilmiş ikiseriyalı “Hökmdarın
taleyi” filminə yazdığı gözəl musiqiyə
görə və nəhayət, bu gün,
üçüncü dəfə Azərbaycan xalq
mahnılarının yeni, uğurlu ifası və uğurlu
simfonik təqdimi münasibətilə.
65 yaşlı Polad
Bülbüloğlu onilliklər bundan əvvəllərdə
olduğu kimi, yenə Azərbaycan musiqi sənətinin ön
cərgəsindədir və mən sidq-ürəkdən
inanıram ki, gələcəkdə Poladı hələ
çox yaradıcılıq qələbələri,
çox təbriklər gözləyir.
ELÇİN
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.20.