Azərbaycan təhsili: yaxın
keçmişə,bu günə və gələcəyə
bir baxış
Misir MƏRDANOV
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli
oxucular, ötən məqalədə Milli Kurikulum barədə
bir sıra mülahizələrimi Sizinlə
bölüşmüşdüm. Bu məqalədə həmin
konseptual sənədlə bağlı fikirlərimi davam etdirmək
istərdim. Milli Kurikulum sənədi məntiqi
ardıcıllığa əsaslanan və bir-birini üzvi
şəkildə tamamlayan struktura malikdir. Belə
ki, Milli Kurikulumda ümumi təhsilin hər bir səviyyəsinin
məqsədləri, məqsədlərə uyğun olaraq təlim
nəticələri, sonra isə təlim nəticələrinin
reallaşdırılmasına xidmət edən fənlər
müəyyən olunmuşdur. Bu proses
aşağıdakı sxemdə aydın təsəvvür
edilir: Göründüyü kimi, nəticəyönümlülük
prinsipi əsas tutulmaqla Milli Kurikulumda təlim nəticələri
tədris edilən fənlərdən əvvəl müəyyən
edilmişdir. Bunun əsas mənası odur ki, yeni yanaşmaya
görə təlim nəticələri fənlərə
görə deyil, əksinə, fənlər təlim nəticələrinə
görə təyin olunur. Yəni tədris olunan fənlər
əvvəlcədən müəyyənləşdirilmiş
təlim nəticələrinin reallaşdırılması
üçün bir vasitə rolunu oynayır. Milli Kurikulumda
eyni zamanda hər bir təhsil səviyyəsində tədris
edilən fənlərin vaciblik baxımından əsaslandırılması
və həmin təhsil səviyyələri üzrə
ümumi təlim nəticələri öz əksini tapmışdır.
Fənnə aid ümumi təlim nəticələri bilavasitə
təhsil səviyyəsi üzrə müəyyən
olunmuş bu və ya digər konkret təlim nəticəsinin
həyata keçirilməsinə yönəlmişdir. Məsələn,
ibtidai təhsil səviyyəsi üzrə Milli Kurikulumda 10
ümumi təlim nəticəsi müəyyən edilmişdir.
Onlardan birinin ayrı-ayrı fənlər üzrə konkret təlim
nəticələri ilə əlaqəsinə, reallaşma vəziyyətinə
diqqət yetirək:Bu nümunədən də aydın
görünür ki, təlim nəticələri işlənib
hazırlanarkən “şagirdlər nələri bilməlidir”
yox, “nələri bacarmalıdır” tələbi əsas
tutulmuşdur. Belə yanaşma heç də təlim
prosesinin vacib elementlərindən olan nəzəri biliklərin
rolunun azaldılması demək deyildir. Bilik bütün
dövrlərdə inkişafın hərəkətverici
qüvvəsi olmuşdur. Lakin o biliklər faydalı hesab
edilir ki, insan bunlarsız ötüşə bilmir, real həyatda
tətbiq edilir, insanda zəruri bacarıqların
formalaşmasına xidmət edir. Milli Kurikulumdan
irəli gələn tələblər əsasında
hazırlanmış fənn kurikulumları 2007-ci ildə təsdiq
edilmiş və məlum olduğu kimi, 2008-2009-cu dərs ilindən
etibarən tətbiqinə başlanmışdır.Fənn
kurikulumlarında məzmun istiqamətləri, onun mahiyyətinin
açıqlanması xüsusi yer tutur. Əgər Milli Kurikulumda hər fənnə aid təlim
nəticələri təhsil səviyyələri çərçivəsində
müəyyənləşdirilmişdisə, fənn
kurikulumlarında hər bir sinif üzrə ayrıca təsbit
edilmişdir. Fənlərin məzmununun vahid bir istiqamətdə
deyil, ümumi məqsədə xidmət edən
ayrı-ayrı məzmun xətləri üzərində
qurulması fənn kurikulumlarının diqqətçəkən
cəhətlərindən biridir. Məzmun xətləri hər
bir fənn üzrə şagirdlərin əldə edəcəyi
təlim nəticələrini, bilik və bacarıqları
daha aydın təsəvvür etmək və onları sistemləşdirmək
məqsədi daşıyır. Məzmun xətlərinin səciyyəvi
xüsusiyyəti həm də onların dəyişkən
olmaması, sabit qalmasındadır. Yəni bunlar konkret fənn
üzrə təlim kursunu əvvəldən axıra qədər
müşayiət edir. Başqa sözlə, onları
böyük standartlar da adlandırmaq olar. Məsələn,
ana dili təlimi üçün 4 məzmun xətti - dinləyib-anlama
və danışma, oxu, yazı, dil qaydaları; riyaziyyat təlimi
üçün 5 məzmun xətti - ədədlər və
əməllər, cəbr və funksiyalar, həndəsə,
ölçmələr, statistika və ehtimal məzmun xətləri
təyin olunmuşdur. Kurikulumlarda hər bir məzmun
xəttinin müvafiq təhsil səviyyələri daxilində
məqsəd və vəzifələri əsaslandırılıb
ümumi təlim nəticələri verilmiş, onların əsasında
da konkret siniflər üzrə əsas və alt-standartlar
formalaşdırılmışdır. Əsas standartlar da
ümumi nəticələri əks etdirdiyindən, bir
qayda olaraq, dəyişməz qalır. Alt-standartlar isə
sinifdən-sinfə doğru inkişafı əks etdirdiyindən
dəyişir və məzmun etibarı ilə mürəkkəbləşir.
Aşağıdakı nümunədə ana dili fənninə
aid “Dinləyib-anlama və danışma” məzmun xətti
çərçivəsində nəzərdə tutulan
bacarıqların siniflər üzrə inkişafına diqqət
yetirək:Yeri gəlmişkən, qeyd etmək lazımdır
ki, təlim nəticələrinin standartlar formasında təqdim
olunması təhsilimizdə yeni hadisədir. Standartların
yaranması ilə ümumi təhsilin məzmunu
optimallaşmış, öyrədiləsi və mənimsədiləsi
biliklərin, bacarıqların həddi müəyyən
olunmuş, təhsilin məzmununa lüzumsuz, zəruri əhəmiyyət
kəsb etməyən məsələlərin daxil edilməsinin
qarşısı alınmışdır. Məzmun və fəaliyyət istiqamətlərindən
ibarət tərtib olunmuş standartlar ölçülən
xarakterə malik olduğundan şagird nailiyyətlərinin
obyektiv qiymətləndirilməsinə real şərait
yaratmış, təhsil pillələri üzrə tələbatları
əks etdirən vasitəyə çevrilmişdir.Təhlil
göstərir ki, istər Milli Kurikulumda,
eləcə də hər bir fənn kurikulumunda məzmun
standartları konkret fənn üzrə bilik dairəsinin
müəyyənləşdirilməsi ilə yanaşı,
şagirdlərə müasir cəmiyyətdə qəbul edilən
yetkin insan üçün lazım olan keyfiyyətlərin
formalaşmasına yönəlmişdir. Məsələn,
nitq və ünsiyyət mədəniyyətinin, əməkdaşlıq,
birgəfəaliyyət, problem həlli, tənqidi
düşüncə, tədqiqatçılıq, tətbiqetmə
bacarıqlarının aşılanması bütün fənn
kurikulumlarında əsas məqsədlərdən biri kimi nəzərdə
tutulur. Kurikulumların məntiqinə
görə, məsələn, bu gün riyaziyyat təlimi, sadəcə
olaraq, riyazi anlayışların, məsələ və
misalların, inteqralların həlli yollarının öyrədilməsi
ilə məhdudlaşa bilməz, ən azı ona görə
ki, təhsil alan şagirdlərin heç də hamısı
gələcəkdə riyaziyyat sahəsində fəaliyyət
göstərməyəcəkdir. Ancaq riyaziyyat təlimi vasitəsilə
formalaşdırılan məntiqi təfəkkür, analiz və
sintez, mühakimə, təsnifetmə, çevik nəticəçıxarma,
tətbiq bacarıqları hamı üçün eyni dərəcədə
vacibdir. Yaxud ana dili, ədəbiyyat fənlərinin
vəzifəsinin dilə aid təriflərin, qaydaların əzbərlədilməsindən,
yazıçıların həyat və
yaradıcılığının, onların bəzi əsərlərinin
öyrədilməsindən ibarət olduğunu
düşünmək yanlış yanaşmadır. Ana
dilini, ilk növbədə, milli təfəkkürün təşəkkülü
vasitəsi kimi qiymətləndirmək lazımdır. Firudin bəy Köçərlinin sözləri ilə
desək, “Ana dili millətin mənəvi diriliyidir”. Şagirdlərdə
doğma dilə məhəbbət oyadılması, onların
bu dildə səlis, aydın, obrazlı danışa bilməsi,
dilin geniş imkanlarından səmərəli istifadə etmələri,
yazı və oxu mədəniyyətinə yiyələnməsi
dil təliminin başlıca məqsədidir ki, bütün
bunlar müvafiq fənn kurikulumunda nəzərdə
alınmışdır. Eləcə də ədəbiyyat
fənninin məzmunu şagirdlərdə sözə, söz
sənətinə həssas münasibət
yaradılmasını, mütaliə vərdişləri və
obrazlı təfəkkür
formalaşdırılmasını, bədii əsərlərin
nümunəsində təhlil, müqayisə, mühakimə
vərdişləri
aşılanmasını təmin etməlidir. Əslində,
indiyədək mövcud olan dərsliklərdə müxtəlif
bədii əsərlərin təhlilinin verilməsi ziyanlı
bir haldır, çünki belə vəziyyət şagirdlərin
müstəqil fikir yürütmək, öz mülahizələrini
bildirmək imkanlarını heçə endirir. Güman edirik ki, yeni kurikulumun tələbləri bu
cür halların aradan qaldırılmasına səbəb
olacaqdır.Məzmunla bağlı fikirləri ümumiləşdirərkən
xüsusi vurğulamaq istərdim ki, kurikulumlarda həyati
bacarıqların, milli-mənəvi keyfiyyətlərin
aşılanmasının prioritet istiqamət kimi nəzərə
alınması bu sənədlərin şəxsiyyətyönümlü
xarakterini bir daha təsdiq edir. Fənlərin məzmununun
şəxsiyyətyönümlülük prinsipi əsasında
hazırlanması şagirdlərdə təhsilə
marağı artırır, potensial imkanlarına inam
yaradır. Beləliklə də, təhsil
inkişafyönümlü proses nəticəsində artıq
insanın həyatı üçün vacib olan dəyərə,
dəyərlər sisteminə çevrilir.Təhsilin məzmununa
müasir baxış və yanaşmalar, heç şübhəsiz,
tədris prosesində “müəllim-şagird” münasibətlərini,
istifadə olunan təlim strategiyalarını da əsaslı
surətdə dəyişir. Bu gün təhsil ictimaiyyəti
“müəllim-şagird” münasibətlərini pedaqoji əməkdaşlıq
mənasında qəbul edir. Təhsilin məzmununun nəticə,
şəxsiyyət və şagirdyönümlülük
prinsipləri əsasında qurulması bu əməkdaşlığa
daha dönməz xarakter verir, şagird və müəllim fəaliyyətinin
bir-birinə olan nisbətini müəyyənləşdirir. Kurikulumlardan irəli gələn tələblərə
görə bugünün müəllimi sinifdə daha
çox istiqamətverici rol oynamalıdır., şagirdləri
düşünməyə, araşdırmalar aparmağa,
müstəqilliyə sövq etməlidir. Əgər müəllim
uşaqların düşünmək səlahiyyətlərini
əllərindən alıb bütün məsələlərə
özü aydınlıq gətirərsə, bu halda təhsil
yeknəsək və faydasız bir prosesə çevrilər.
Belə vəziyyətin baş verməməsi
üçün müəllim müasir tələbləri dərindən
dərk etməli, qarşıya qoyulmuş məqsədlərə
çatmaq üçün çevik və mütərəqqi
dərs formalarından, təlim strategiyalarından yerli-yerində
istifadə etməyi bacarmalıdır.İnkişaf etmiş
ölkələrin təhsil müəssisələrində
sınaqdan çıxarılıb vətəndaşlıq
hüququ qazanmış təlim strategiyaları ölkəmizdə
hələ ötən əsrin 90-cı illərindən etibarən
tətbiq olunmağa başlanmışdır. Fəal /
interaktiv təlim metodları adlanan bu strategiyaların təbliği
və tətbiqi sahəsində qabaqcıl təhsil müəssisələrimizdən
olan Bakı Avropa Liseyinin rəhbərliyi və pedaqoji
kollektivi əhəmiyyətli rol oynamışdır.
Onların səyi və təşkilatçılığı
sayəsində Bakı şəhərində və bir
sıra bölgələrdə müəllimlər
üçün treninqlər, öyrədici kurslar təşkil
olunmuş, pilot layihələri həyata keçirilmişdir.
Son zamanlar UNİSEF-in Azərbaycandakı
Nümayəndəliyi də fəal təlimin məktəblərimizdə
tətbiqi ilə bağlı xeyli iş görmüş, Təhsil
Nazirliyi ilə işgüzar əlaqələr
qurmuşdur.Bütün bunların faydası yeni kurikulumlarla fəaliyyətə
başlanan dövrdə daha çox hiss edilmişdir. Belə ki, müəllimlərin bir qismi bu prosesə
psixoloji cəhətdən hazır olduqlarını
nümayiş etdirmişlər.Bununla belə, hesab edirəm
ki, yeni kurikulumlarla iş prosesində ən zəruri amillərdən
biri kimi bütün müəllimlərin fəal təlim
metodlarından istifadə bacarıqlarına yiyiələnməsi
indiki vaxtda mühüm vəzifələrdəndir.
Çünki kurikulumlarda ifadə olunmuş nəticə
standartlarının təlim prosesində reallaşması
statik deyil, dinamik fəaliyyət tələb edir. Bu dinamikliyi
isə yalnız fəal təlim metodları vasitəsilə təmin
etmək olar.Yeri gəmişkən, bir məsələyə
də toxunmağı vacib bilirəm. Fəal təlim
metodları ilə iş prosesində müəllimlərin
bunlara yaradıcı yanaşması çox önəmlidir.
Çünki təlim metodları standart xarakteri daşıya
bilməz. Təlim zamanı məqsəddən
asılı olaraq hər bir müəllim həmin metodları
təkmilləşdirə, onlara hansısa əlavələr
edə, yaxud tamamilə fərqli metodlar müəyyənləşdirə
bilər. Əsas məsələ odur ki, bu metodlar təlimin
maraqlı qurulmasına, müvafiq standartların
reallaşmasına, qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsinə əhəmiyyətli dərəcədə
xidmət etmiş olsun.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.10-11.