Çiçək tapa bilmədim...
Mən qurd kimi gəmirərdim
bürokratizmi, mandatlara qarşı yoxdu hörmətim...
Təbii ki, orijinalda gözəl səslənir. Niyə bu misraları xatırladım... Demək istəyirdim ki, vəzifəli adamlardan zəndeyi-zəhləm gedir. Onların ədalarını, iddialarını həzm edə bilmirəm. Bugünki qəhrəmanım da vəzifəlidi – amma burda istisna durumu var. Mən onu uşaqlıqdan sevirəm. Uşaqlığım deyəndə də Şüvəlanda Yazıçıların Yaradıcılıq evini xatırlayıram və orada maqnitofonda bütün günü fırladılan mahnıları xatırlayıram. Bir də yadımdadı, bizdən bir 10-12 yaş böyük bir qız vardı, bu mahnılara qulaq asıb ağlayırdı və böyüklər pıçıldaşırdılar ki, qızın başı xarab olub, “ona vlyubilas v Polada”. O vaxt çox populyar olan rus mahnısı da vardı – Saulskinin “Çernıy kot” mahnısı. İndiki dillə desək, xit, şlyager. “Çernıy kot”u qoyum o bəyaz günlərdə – bax o vaxtdan Polad mənim həyatıma daxil olub. Bir az böyüyəndən sonra “ya toje vlyubilas v neqo”.
İndi də Poladın mahnılarına qulaq asanda bütün varlığımı saran nostaljidən qurtula bilmirəm. Və düşünürəm ki, dünyada kabinetdən, katibədən, kreslodan çox-çox önəmli şeylər var. Sənət, yaradıcılıq, tamaşaçı alqışı. Yalandan, nəyə görəsə, kiməsə tərif vurmaq olur, amma ürəyinin qapılarını açıb hər kəsi ora buraxmaq olmur. Olmur!
İndi 65 yaşını qeyd eləyən vəzifəli Polad Bülbüloğlu mənim üçün həmişə o yaraşıqlı, şıq geyimli, sevimli Poladdı.
10 il əvvəl 55 yaşının ərəfəsində, hələ mədəniyyət naziriykən görüşüb söhbətləşmişdik. Uzun fasilədən sonra yenidən yazı-pozuya qayıdırdım və obyektim nə az, nə çox nazir idi, həm də elə-belə nazir yox, mədəniyyət naziri idi, həm də elə-belə mədəniyyət naziri yox, Polad Bülbüloğlu idi.
Görüşə gedəndə xəyalımda yaratdığım sevimli obrazın dağılacağından çox qorxurdum. Yəni əvvəldə qeyd etdiyim vəzifə ədasını nahaqdan xatırlatmamışdım. Amma əbəs yerə – qarşımda görmək istədiyimi gördüm. Və ondan sonra müxtəlif vəsilələrlə dəfələrlə görüşdük, telefon söhbətlərimiz oldu. Hətta bir dəfə telefonda səsini tanımamışdım, o da zarafatla “koqda to mne platili za etot qolos, a teper ne uznayut” demişdi. Televiziyaya qayıdanda da ilk müsahiblərimdən biri oldu – Nazim Hikmətin 100 illiyi ərəfəsində burda keçiriləcək tədbirlərdən danışdıq. Yeri gəlmişkən, işlədiyim həmin o TV kanalında rəhbərlik dəyişəndə – (Poladı çox “sevən” birisini gətirmişdilər vəzifəyə) – mənim filmimin başlığında ( TV- dilində şapkasında) Poladın iki saniyəlik görüntüsünü çıxarmışdılar. İki saniyəlik görüntüyə görə bir saatlıq filmi bərbad eləmişdilər. Ay Allah, bizim bu bürokrat sistemində nə qədər yelli-belli dəlilər var. Və onlar bu gün bizim nəyə baxacağımızı müəyyən edirlər. Nə isə...
Polad Moskvaya gedəndə burda verdiyi sonuncu müsahibələrinin birində gözəl bir söz demişdi:
“Mən gedirəm, amma mən gedəndən sonra nə kimsə cavanlaşmayacaq, nə səsi gurlaşmayacaq, nə də istedadı artmayacaq”. Poladdan narazılar yenə narazıdılar, heç nə dəyişməyib. Heç nə dəyişməyibsə, mən də 10 il əvvəlki söhbətimizi sizə təqdim etmək istəyirəm. Dəyişən odur ki, o vaxt nazir idi, indi səfirdi. Ancaq söhbətimizin məzmunu daha çox dəyişməyən Polad haqqında idi. 10 il əvvəlki müsahibə və...
FOREVER POLAD!
Bülbülün oğlu
Polad. Bir tərəfdə xalq mahnılarının, vokal
partiyaların əvəzsiz ifaçısı, bir tərəfdə
tamam başqa janrlarla 250 milyon əhalisi olan Sovetlər
İttifaqının hər bir kiçik guşəsində də
tanınan və sevilən bir sənətçi. Bir tərəfdə
ölümündən qırx ilə yaxın vaxt keçsə
də xatırlanan, yaddaşlarda qalan Bülbül. Bir tərəfdə
də səhnədə olduğu otuz beş ilə yaxın
müddətdə yazdığı musiqilərlə hələ
də populyar olan, bu gün də alqışlanan Polad. Bu
musiqilər məndə indi də qəribə nostalgiya hissləri
doğurur. Dinlərkən tələbəlik illərimi, ilk gəncliyimi,
Bakının gözəl vaxtlarını xatırlayıram.
Və maraqlısı budur ki, bu günün gəncləri də
bu musiqilərə eyni həvəs və şövqlə
qulaq asırlar...
Bülbülün oğlu
Polad. Bəstəkar və müğənni. Milyonları cazibəsində
saxlayan yaraşıqlı cavan oğlan. Və bu gün on ildən
artıq bir müddətdə Azərbaycan
Respublikasının mədəniyyət naziri olan Polad
Bülbüloğlu. Yadımdadı ki, televiziyada işlədiyim
illərdə Polad Bülbüloğlu nazir olduğu
üçün televiziya və radioda bütün
fonoqramlarına qadağa qoymuşdu. Yəni bu musiqilərdən
istifadə etməyə icazə vermirdi. Nazir kimi təvazökarlıq
edirdi, amma biz televiziya işçiləri bəzən bu
qadağaları pozurduq və lazım olan mahnılardan istifadə
edirdik. Və tamaşaçı da bundan ancaq udurdu...
Adı mətbuatda çox
hallandırılan hökumət üzvlərindəndir.
Haqlı-haqsız barəsində çox yazılar
çıxır. Mətbuatdan incik adamla mətbuat nümayəndəsinin
söhbəti heç də asan görünməsin. Ona
görə də nazir Polad Bülbüloğlu ilə yox,
müğənni və bəstəkar Poladla söhbətə
başlayıram.
– Uzaqdan hamıya asan
görünən yaradıcılıq yolunun
başlanğıcı necə olub? Atası vəfat edəndə
on altı yaşında uşaq olan, sonra bu
“aldım-satdım, təmənna” dünyasında təkbaşına,
arxasız necə duruş gətirib?
–İllər keçdikcə,
yaşlandıqca başa düşürəm ki, ən
xoşbəxt vaxtlarım atamla birlikdə keçirdiyim
günlər olub, əlimdən tutub gəzməyə
apardığı günlər olub. Ömrünün
axırıncı üç ilini konsertlərdə mən
pianoda onu müşayiət edirdim, qastrollara birlikdə
gedirdik. Qulluğunda mən dururdum, tərləyəndə
köynəyini dəyişirdim, qalstukunu düzəldirdim,
kostyumunu ütüləyirdim – yəni təbii ata-oğul
münasibəti. Amma aramızdakı yaş fərqinə
baxmayaraq, bu, birgə yaradıcılıq işi idi və
tez-tez mübahisə edirdik. Evdə məşq edəndə
atam mənə irad tuturdu ki, nəyisə düz
çalmadın, nəyisə düz eləmədin. Mən də
deyirdim ki, bax, burda belə yazılıb, amma sən başqa
cür oxuyursan. Təbii ki, o, təcrübəli olduğu
üçün mübahisə onun xeyirinə bitirdi. Çox
mehriban adam idi. Yadıma gəlmir ki, bizim evə kimsə gəlsin,
yemədən-içmədən getsin. Lap poçtalyon da gəlsə,
bir stəkan çay içirdikdən sonra yola salırdı.
Evin, ailənin bütün problemlərini özü həll
edirdi.
– Yəni bazarlığı
da Bülbül edirdi?
– Bəli,
bazarlığı da özü edirdi – həm də
xoşlayırdı bazarlıq eləməyi. Bazara gedəndə
əvvəlcə bir-iki dövrə vururdu, hər şeyə
baxırdı. Sonra seçib ən gözəl meyvələri
alırdı. Xoşlayırdı ki, anam onun
bazarlığını tərifləsin. Bazarda da hamı
tanıyırdı, çox hörmətlə müraciət
edirdilər, yaxınlaşıb söhbət edirdilər. Bir
dəfə meyvə alanda atam satıcıya üç kilonun
pulunu verdi və başı yanındakı adamla söhbətə
qarışdı. Mən gördüm ki, satıcı iki
kiloluq daşı qoyub meyvəni çəkir. Mən
başladım atamın pencəyini dartıb işarə eləməyə.
Çöndü məni sakitləşdirdi. Bazardan
çıxanda dedim ki, ay papa, üç kilonun pulunu verdin,
görmədin səni aldatdı? Atam da dedi ki, ay oğul, məni
aldatmasın, bəs kimi aldatsın?
Həmişə deyirdi ki, “mən
istəyirəm sən musiqinin necə
yarandığını öyrənəsən, bəstəkar
olasan. Oxumağı mən sənə səsin olmasa da öyrədərəm”.
Qismət olmadı.
Sonralar mən konservatoriyada
oxuyanda Qara Qarayev mənə danışdı ki, atam
ölümündən bir az əvvəl xahiş edibmiş
ki, ona bir şey olsa Qara Qarayev Polada arxa dursun. Poladın bəstəkar
olmağına kömək eləsin.
Atamın ölümündən
sonra həyatla üzbəüz qaldıq. Anam ev xanımı
idi, öyrəşmişdi ki, hər şey ilə atam məşğul
olsun, qazansın-gətirsin. Maddi və mənəvi çətinliklər
başladı. Həmişə qonaqlı-qaralı,
haylı-küylü evimiz birdən-birə boşaldı.
Telefon susdu. 1961-ci ilin sentyabrında atam vəfat etdi. 1961-dən
1962-yə keçən yeni il gecəsi bizə cəmi
iki-üç adam zəng edib yad elədi. İnsanların
soyuqluğu o qədər pis təsir elədi ki, biz də gecəynən
oturduq maşına – anam, qardaşım və mən getdik
atamın qəbri üstə...
Ay gidi dünya, vəfasız
insanlar. Amma bir neçə ildən sonra həmin bu
unudulmuş ailənin başqa bir üzvü hamıya öz
varlığını xatırlatdı. Salonlar
alqışlardan titrədi, sevgi-məhəbbət seli,
gül-çiçək yağışı başladı.
Cəmi bir neçə ildən sonra. Amma ona qədər Qara
Qarayevin tələbəsi Polad vardı...
– Mən xoşbəxt adamam
ki, Qara Qarayev kimi bir nəhəngin tələbəsi
olmuşam. Bəzən gözəl bir bəstəkar
yaxşı musiqiçi olmur, bəzən də gözəl
musiqiçidi, amma bəstəkar deyil. Qara Qarayevdə bu iki
anlayış birləşirdi – musiqiçi və bəstəkar.
Bu da bir Allah vergisidir. O musiqi haqqında bildiyi hər şeyi tələbələrinə
öyrədirdi.
(Qara Qarayevin həmsöhbəti
olduğum bütün tələbələrinin ürəyində
bu böyük insanın işıqlı xatirələri
yaşayır və maraqlıdır ki, bu gün onun tələbələri
arasında qatı müxalifətçi və sırf iqtidar
tərəfdarları var. Bu ideoloji mübarizədə musiqi nə
qazanır, nə itirir?)
– Pasportunuza familiyanız
Bülbüloğlu yazılıb?
– 1962-ci ildə pasport alanda
Bülbüloğlu yazdırdım. Bir az keçmiş məni
çağırdılar komsomolun Mərkəzi Komitəsinə.
Getdim, dedilər bu nədir, sən pantürkizmi təbliğ
eləmək istəyirsən? Dedim nə pantürkizm,
atamın adını yaşatmaq istəyirəm. Təsəvvür
edin ki, 60-cı illərdə 17 yaşlı bir uşaq bu barədə
nə bilər? Amma bu söhbətdən sonra getdim kitabxanaya,
tarix kitablarını vərəqlədim.
Turançılığın da nə olduğunu öyrəndim,
pantürkizmin də. Özləri məni itələdilər.
Buna görə təşəkkür edirəm onlara.
– Şöhrət nə vaxt
gəlib tapdı sizi?
– Şöhrət... Mən
uşaqlıqdan şöhrətin içində olmuşam.
Amma bilavasitə özümə aid olan şöhrət
1965-ci ildən sonra gəldi. Həmin ildə “İstintaq davam
edir” filminə musiqi yazdım. Moskvanın “Dobroe utro”,
“Novoqodniy qoluboy oqonyok” verilişlərində
çıxış etdim. Bu verilişlərdə
çıxış etdiyim günün sabahı bütün
ölkə məni tanıyırdı. İndi çətindi,
amma o vaxt obyektivlik var idi.
– İndi çətindi? Əksinə
kanalların sayı çox, harda istəyirsən, nə vaxt
istəyirsən pulunu ver oxu.
– Məsələ elə
puldadı da. Kimdənsə 30-40 manat borc alıb Moskvaya
gedirdim, orda da sosiska yeyib dolanırdım. Amma mahnılarım
xoşa gəlirdi, bəyənirdilər. Efirdən əvvəl
neçə instansiyalardan keçirdi, bədii şura,
redkollegiya, texsovet... amma gedib dinləyiciyə
çatırdı. 1966-cı ildən sonra həyat öz
axarına düşməyə başladı. Birinci valım
5 milyonluq tirajla bütün Sovet İttifaqında
satıldı. 1968-ci ildə “Uşaqlığın son gecəsi”
filminə musiqi yazdım. Sonra qastrollara başladım. (Yeri gəlmişkən
bu filmlərə yazılmış mahnılar çoxdan filmdən
ayrılıb öz müstəqil musiqi həyatlarını
yaşayırlar. Bu gün də populyar və sevilən
mahnılardır.)
– Yaradıcılığa
başladığınız illər bütün dünyada
“Bitls” qrupunun tufan qopardan illəri idi. Onların sizə təsiri
olubmu?
– Əlbəttə, mən və
mənim yaşıdlarımın hamısı bundan
keçiblər. Mənim mahnım da var rus dilində
“Vospominaniya o “Bitls”. Səhv eləmirəmsə, bu qrupa öz
münasibətini bildirən yeganə Azərbaycan bəstəkarıyam.
–Mahnılarınızın əksəriyyətini
həm rus, həm də Azərbaycan dilində oxumusunuz. Evdə
necə hansı dildə danışırdınız?
– Həm rus, həm də
öz dilimizdə. Atamla həmişə Azərbaycan dilində
danışmışıq. Bir də mən uşaqlıqda yayın
bir hissəsini Mərdəkanda bağda qalırdım. Orda
uşaqlarla oynaya-oynaya dili də təmiz öyrəndim,
vuruşmağı da öyrəndim, söyüş söyməyi
də öyrəndim, hələ desən kəllə
atmağı da. Demək istəyirəm ki, özümü
müdafiə edə bilərəm. Bu böhtanları ki, mənə
yağdırırlar – elə eləməsinlər ki, mən də
bir gün qarabağlıları yığıb gedim, kiminsə
layiqli cavabını verim.
– Qarabağlılar hakimiyyətdə
deyil axı.
– Mən qarabağlıyam,
özüm də hakimiyyətdəyəm.
– Bir halda ki, söhbət
bura gəldi çıxdı... Mətbuatla münasibətinizi
niyə belə gərgin saxlayırsınız?
– Əvvəllər
bütün qəzetlər dövlət nəzarətində
olanda nadir hallarda qeyri-dəqiq informasiyalar gedirdi, yalan gedirdi.
Adamlar da qəzetlərə inanırdılar...
– Ya da yalan dövlət səviyyəsində
olurdu.
– O ideoloji məsələlərlə
bağlı yalan idi. O vaxt əgər hər hansı bir nazir
haqqında tənqidi yazı gedirdisə hamı bilirdi ki, bu
nazirin “kitabı bağlanıb”, onu işdən
çıxardacaqlar. Tam səmimiyyətlə deyirəm,
xoşa gəlmək üçün yox. Bu tabunu hörmətli
prezidentimiz Heydər Əliyev yıxdı. 1980-ci illərin əvvəllərində
məndən əvvəl mədəniyyət naziri işləmiş
– çox gözəl, təmiz insan, ləyaqətli, yüksək
səviyyəli bir ziyalı olan Zakir Bağırov haqqında
“Pravda” qəzetində tənqidi məqalə getmişdi. Onu
yıxmaq istəyən bir qrup azərbaycanlı müxtəlif
vasitələrlə bunu təşkil etmişdilər. O zaman
hamı elə fikirləşirdi ki, vəssalam, Zakir
Bağırovu işdən çıxaracaqlar. Belə
olmadı. Komissiya yaradıldı, araşdırdılar. Hər
şey üzə çıxdı. “Pravda” kimi bir qəzetdə
material çap elətdirənlərin qərəzli
münasibəti, məqsədi aydın oldu. Zakir
Bağırov düz on səkkiz il nazir işlədi. Bunu niyə
xatırlatdım? İndi qəzetlər çox, hərəsinin
öz sahibi və arxasında duranı. Nə istəyirlər
yazırlar, məsuliyyət də daşımırlar.
Düzdü, bəzən iş məhkəmələrə
gedib çıxır, amma hər adamın pulu da yoxdu vəkil
tutsun, məhkəmə xərclərini ödəsin. Bunu da nəzərə
almaq lazımdır. Hər yazılan sözün arxasında
fakt durmalıdır. Bir də ki xalqın mentalitetini də nəzərə
almaq lazımdır.
Bu yaxınlarda bir hörmətli
sənətkarımız qəzetlərin birində məndən
şikayətlənir, Bülbülün və mənim
yubileylərimizdən danışır. İşin əsli
budur ki, həmin bu tarzən bir neçə il bundan əvvəl
gəldi mənim yanıma dedi ki, qastrola gedirəm, tarım
xarab olub, mənə tar verin. Dedim: Mədəniyyət
Nazirliyində tar yoxdu axı. Dedi: muzeydə filankəsin
tarı var, onu verin. Dedim: muzey əşyasını necə
vermək olar? Sonra nəsə məsuliyyəti
götürdüm boynuma, muzeyin direktoruna tapşırdım
tarı versinlər. O da vermək istəmirdi. Dedim ki, qastroldan
qayıdan kimi gətirib qaytaracaq. O qaytaran, bu qaytaran, beş il
oldu gətirmədi. Tarın sahibinin qardaşı oğlu da
bizdən şikayət yazdı ki, əmimin tarı muzeydən
yoxa çıxıb. Nə isə, min bir müsibətlə
tarı geri gətirtdik. Kimlər bizə zəng eləmədi
bu tardan ötrü...
İndi bu sözləri
danışır, soruşmurlar ki, bu yaşa çatmısan,
evin, maşının, geyimin-gecimin, amma tarın yoxdu?
Odunçunun baltası olar, jurnalistin qələmi,
sürücünün maşını və s. Muzey əşyasını
sənə niyə verməliyik ki? Bunu soruşmurlar, amma
yazırlar ki, nazir sənətkarın tarını əlindən
alıb. Başqa yazılar da eləcə. Siz bilən mətbuata
necə münasibətdə olmalıyam?
– Hər halda mətbuatla
yaxşı münasibətdə olan iqtidar nümayəndələri
də var.
– Bir qəzet ki, adını
“Bulvar” qoyub, mən ona hörmət eləyə bilmərəm.
Pul verib yazı yazdırmaq da mənim xasiyyətimə
uyğun deyil. Yeri gəlmişkən, “Ədalət” qəzeti
həmişə məni müdafiə eləyir, təşəkkürümü
bildirirəm.
– Nazir olmasaydınız bu
sözləri də eşitməzdiniz. Hakimiyyətdə olmaq
sənət adamına nə verir? Siz onsuz da guruldayan bir
adın sahibisiniz.
– İnanın ki, heç nə.
Neçə illərdi yaradıcılıq da qalıb bir tərəfdə.
Həmişə demişəm, hər an bu kabinetdən getməyə
hazıram. Mənim insanlarla daim gözəl münasibətlərim
olub. Amma indi işimlə bağlı o qədər problemlər
yaranıb ki. Bax bu gün iki adamı işdən
çıxarmağa məcbur olmuşam.
– Ümumiyyətlə, sərt
adamsınız?
– Çox. Mənim sərtliyim
olmasaydı, bu sistem çoxdan dağılardı. Nazirlikdə
çox ciddi nizam-intizam var.
– Bəs evdə, ailədə
necə?
– (Bir az fikirləşir.) Evdə
də elə...
– İnanmaq olmur.
– (Gülür.)
– Özəl həyatınızı
niyə belə yeddi qapı arxasında saxlayırsınız?
– Bir halda ki özəldir,
deməli, gizli qalmalıdır...
– Amma hər halda çox
adama maraqlıdır.
– Oğlum Moskvada
yaşayır. O da musiqiçidir. Babasının adını
daşıyır. Teymur Bülbül. Üç
yaşında bir qızım var, Leyla. Çox şirin və
şeytan qızdır. Ailədə də, bütün azərbaycanlı
ailədə olduğu kimi patriarxat hökm sürür.
Bu gün baş alıb gedən
zövqsüzlüyə mədəniyyət nazirinin
münasibətini soruşuram.
– Bu, mənim
ağrılı yerimdi. Təəssüf ki, bu tendensiya get-gedə
artmaqdadır. Belə getsə bir beş-on ildən sonra gələn
nəsil Baxı da, Bethoveni də, Motsartı da, heç
Üzeyir Hacıbəyovu da tanımaya bilər.
– Bəs bunun
qabağını kim almalıdır? Sənətin ciddi
növləri dövlət nəzarətində, dövlət
qayğısında olmalı deyil?
– Biz
çalışırıq bunun qarşısını
almağa. Uşaq filarmoniyası yaradılıb, tez-tez simfonik
musiqi konsertləri təşkil olunur. Televiziya
kanallarının da böyük təsir qüvvəsi var,
onlar da bu prosesdə iştirak etməlidirlər. İndi
çox şey Mədəniyyət Nazirliyinin tabeçiliyindən
çıxıb, özəlləşdirilib. Kinonu dövlət
nəzarətindən çıxardılar. Axırı nə
oldu? Kino sənayemiz dağıldı. İndi yenə dövlətdən
pul istəyirlər. Başqa sahələr də eləcə.
“Mən özüm” demək sözdə çox asandır,
sonra bu sözün arxasında durmağı bacarmaq
lazımdır. Bu fürsətdən istifadə edib bəzi sənətçilərimizin
yadına salmaq istəyirəm ki, Mədəniyyət Nazirliyi
konsert təşkilatçısı deyil. Heç kimi də
qastrola göndərmir. Bunu nəzərə alsınlar və
bizdən inciməsinlər. Bununla özəl qurumlar məşğul
olur...
Uzun illər “qardaş
xalqlar” birliyinin sevimli sənətkarı olub. Qəribədir
ki, özbək də, yakut da, latış da, çukça
da, rus da onun mahnılarını bizim sevdiyimiz kimi sevib və
qəbul edib. Hansı dildə oxusa da bu mahnıların Azərbaycan
bəstəkarlarının yazdığı
anlaşılıb. Xalq musiqisi ilə estrada janrının
qovşağında yaratdığı “Bayatılar”, “Dilin can
incidəndir”, “Çiçək tapa bilmədim”, “Durnalar” bu
gün də müasirdir, təzədir. Özü də eləcə.
İllərin sığal çəkdiyi saçları bəyazlaşsa
da otuz il əvvəlki şık geyimli, gözəl, cazibəli
oğlandır. Başa vurduğumuz XX əsr onların əsri
olub – atanın və oğulun. XXI əsrdən nə gözləyir?
– İnanın ki,
özümçün heç nə. Ancaq Qarabağ. Mən
Bakıda doğulub böyümüşəm,
ömrümün çox hissəsi dünyanın müxtəlif
şəhərlərində konsertlərdə, qastrollarda
keçib. Amma görünür bu da yaşla əlaqədardır
– illər keçdikcə insan dədə-baba torpağına
daha çox bağlanır. Qarabağda keçirdiyim günlərin
sayı o qədər də çox olmaya bilər. Vətəni
sevmək üçün orda olmaq şərt deyil. Amma bu dərd
məni içimdən yeyir. Şuşa yuxularımdan
çıxmır...
Mən tam səmimiyyətlə
ürəkdən yazdığım bu yazını kiməsə
xoş gəlmək üçün yazmamışam. Sevdiyim,
hörmət bəslədiyim bəstəkar və müğənni
üçün yazmışam. İndiyə qədər
nazir kreslosunda çox adamlar oturublar. Vəzifə gəldi
–gedərdi. Amma bu gözəl melodiyaları bizə bəxş
edən Polad Bülbüloğlu var və olacaq. Bunun üçün
təşəkkürlər, Polad müəllim. Yeni
mahnılar eşitmək ümidi ilə, hələlik.
10 il əvvəlki müsahibəsinin
sonunda “Şuşa yuxularımdan çıxmır”
demişdi. Neçə illər sonra rəsmi şəxs
qismində Şuşaya getdi. Amma bu onun
ağrılarını azaltmadı yəqin ki. Şuşaya
getmək heç nəyi dəyişmədi.
55 yaşını qeyd edəndə
böyük səhnədə üç saatlıq konsert
vermişdi, yadımdadı gül gətirən qızlara
baxıb dedi: “Bakıda bu qədər gözəl qızlar
var, mənimsə 55 yaşım var”. Amma fikirləşirəm
ki, 55-də də, elə 65-də də min cavana dəyən
oğlandı.
Gəncliyimizin Poladı.
İndi hər yerdə o qədər gözəl-gözəl
güllər var ki, amma gəncliyimizin o ətirli
çiçəkləri yoxdur. Çiçək tapa bilmədim,
Polad, sənə göndərəm. Təbriklərimi qəbul
elə!
İradə TUNCAY
525-ci qəzet.- 2010.- 30 yanvar.- S.8-9.