Vətənə qayıdış
Və ya
Musa Urudun “Uruda iki səfər”
kitabı haqqında qeydlər
“Əsil yüksək əxlaqlı,
xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o,
özünün bütün hərəkət və
davranışlarını əsil vətənpərvərliklə
uyğunlaşdırsın”. Bir neçə əsr öncə
M. F. Axundzadə tərəfindən deyilən bu sözlər
əslində vətənin bizim həyatımızda
oynadığı rolu bir qədər də konkretləşdirmiş
olur.
Bu günlərdə əlimə
bir kitab düşdü. Düzü kitabı
oxumamışdan çox sevindim. Çünki çox nadir
hallarda bizim tarixi həqiqətləri əks elətdirən
kitabın eyni zamanda üç dildə (ingilis və
fransız) çap olunduğunu görürdüm. Kitabı
oxumaq qərarına gəldim.
Əvvəla onu deyim ki,
kitab iyirmi ildən çox davam edən Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi nəticəsində doğma
yurdundan didərgin düşən insanların vətən həsrətindən
bəhs edir. Musa Urud əsərdə öz şəxsində
18 il həsrətində yaşadığı doğma yurduna
dönüşünü böyük ustalıqla və bədii
çalarlara qələmə alır. Yurdunun viran
qaldığını-bağ-bağçaların məhv
olduğunu, kənd qəbiristanlığından əsər-əlamət
qalmadığını görən müəllif
deportasiyanın törətdiyi fəsadları tam
çılpaqlığı ilə əks etdirib. Bəzi məqamlarda
müəllif çəkdiyi əzab-əziyyətə
baxmayaraq, yurdunu viran gördüyünə görə
doğma kəndinə gəldiyinə peşman olurdu. O,
hamının yerinə orada yatan bütün həmyerlilərimiz
ruhuna “Fatihə” surəsini oxuyur, bu məqamı isə
şeirlərində bədii ustalıqla qələmə
alır:
Gözüm dolu
qanlı yaş,
Ağlar könlüm
tarı-mar.
Nə Ağanın
kümbəzi
Nə Allahın evi var.
Kaş bura gəlməyəydim.
Ata-baba qəbrini
Viranə görməyəydim.
Kitabın mənimçün
ən maraqlı, mən deyərdim ki, ən təsirli
hissəsi Musa Urudun öz doğma evlərinə gəlişi və orada yaşayan erməni ilə söhbəti oldu. O evdə yaşayan qoca erməni – Pavliklə müəllifin
dialoqunu təqdim edirəm:
“Pavlik – Sən kimsən? Haradan gəlmisən?
Musa Urud – Mən bu evin
sahibiyəm, Bakıdan
gəlmişəm.
Pavlik – Nəyə
gəlmisən?
Musa Urud – (zarafatla) Bəs eşitməmisən, dava qurtarıb, icazə veriblər ki, hər kəs qayıdıb öz evində yaşasın. Təklif edirəm mən burda, sən də Bakıda yaşayasan.
Pavlik – Məni
Bakıda öldürərlər.
Musa Urud – Sən Bakıda neçə il yaşamısan
Pavlik – Ara, mən orda
doğulmuşam,65 il orda
yaşamışam.
Musa Urud – Səni 65 ildə orda incidən olubmu?
Pavlik – Yox, ara, onda yaxşı
vaxtlar idi!”
Bu söhbətdən
tam aydın olur ki, əslində ermənilər öz havadarları hesabına işğal etdikləri Azərbaycan torpaqlarında
nəinki xoşbəxt
deyillər, deyərdim
ki, çox kasıb, bədbəxt və peşmandırlar.
Bu və bu kimi dialoqlar kitabda çoxdur. Söhbətlər zamanı
müəllifin düşmənlər
arasında olmasına
baxmayaraq, hazırcavablığı
və təmkini xüsusi olaraq vurğulanmalıdır. Sisyanın
deputatı Hovik Azoyanın qərargahında
yemək süfrəsi
zamanı onun qardaşı, general Basensi
Azoyanla Musa Urudun dialoqu bunu tam olaraq sübuta yetirir:
“Basensi Azoyan – Mən sənə “xoş gəlmisən” deməyəcəm,
ən azından ona görə ki, aramızdakı müharibə hələ
bitməyib.
Musa Urud – Həm də ona görə ki, adam öz
evinə gələndə
ona “xoş gəlmisən” deməyə
ehtiyac yoxdu.
Basensi Azoyan –
O da düzdü (candərdi gülümsəyir)”
Kitabda eyni zamanda müəllifin erməni mətbuatının
bəzi nümayəndələri
ilə görüşü,
müsahibələrindən bəzi parçalar da öz əksini
tapıb. Bəzi müsahibələr erməni
mətbuatında gözlənildiyi
kimi, təhrif olunsa da, bəzi
jurnalistlər söhbətləri
olduğu kimi yazıya almışlar.
Göyçə mahalında
anadan olan bir gənc kimi
müəllifin bu gözəl mahal haqqında gördüklərini
çox böyük ustalıqla qələmə
aldığının şahidi
oldum:
Gördüm səni
Göyçə gölü,
Düşmədi kölgəm
üstünə.
Ağırlığın,
uğurluğun,
Tökülsün
düşmən üstünə.
Bağışla məni
Göyçə gölü
Siseronun “Mən ya vətənimin
rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə
məhv olmalıyam” aforizmi yadıma düşür. Əminəm
ki, yaxın vaxtlarda biz doğma torpaqlarımıza yenidən
dönəcəyik. Buna təkcə biz – azərbaycanlılar
deyil, elə ermənilər də əmindirlər. Erməni
qoca ilə Musa Urudun qısa dialoqundan:
“Musa Urud – Məni burada
görəndə deyəsən heç təəccüblənmədin?
Qoca erməni (Kolya) – Yox, niyə
təəccüblənirəm. Bilirdim ki, bir gün yenə gələcəksiniz,
indi sən gəlmisən, sonra da o birilər gələcəklər.
Geci-tezi var, bir gün bu dava qurtarmalıdır”.
Atasız, anasız
keçinmək olur,
Qardaşsız, balasız
keçinmək olur.
Vətənsiz keçinmək
olmur, İlahi!
Adam niyə
yurddan didərgin düşür,
Adam niyə
yurdda ölmür, İlahi!
Səbuhi Abbasov
525-ci qəzet.- 2011.- 1 aprel.- S.7.