Yol, yaxud
SÖZÜN DÖL KOMPANİYASI
Novruz Nəcəfoğlunun “Azərbaycan” jurnalının ikinci nömrəsində “Çarəsiz yolçu” povestini oxuyandan sonra bu əsər haqqında təəssüratımı bölüşməkdən başqa çarəm qalmadı...
Doğulduğum Yaz çağından bu günə qədərki altmış beş ildə fəsilləri iki yüz altmış beş dəfə qarşılayıb Yol-a salmışam. Əgər fikir
verdinizsə Yol sözünü cümlənin ortasında (elə
burda da) böyük hərflə yazmışam,
çünki sözümün canı var. Yer üzündə
nə varsa hamısı bir-birindən gözəldi, ağac,
ceyran, quş, kəpənək, dağ kəli, canavar... hətta
adam da...
Gözəldi və gözəlliyin
cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən dəfələrlə
qüdrətlidir, cəzbedicidir. Çünki
böyük, sonsuz ətrafımızdakı gözəlliklərin
vahid və şəriksiz müəllifi Allahdır. Necə
deyərlər, Allahın əl işidir (ruçnaya robota).
Bu mənada qismətimin və umacağımın ancaq
özümə məxsus ərazisində mən də
çox şey görmüşəm. Bəlkə də
gördüyümdən çox baxdığım olub,
çünki adam hər baxdığını
görmür-baxmaq ayrıdı, görmək başqadı.
“Baxar kor” ifadəsi var dilimizdə – baxır, ancaq
görmür. Baxıb gördüklərimin içində məni
ən çox sehrləyib cəzb eləyən, yerimdən
oynadan, əlimdən tutub dünyanı dörd dolandıran
bilirsiniz nədi – Yol. Özümü tanıyandan,
ağlım kəsəndən bu fikirdəyəm; uşaq
vaxtı Cığır xoşuma gəlirdi,
böyüdükcə Yol-a daha çox bağlandım. Hiss
eləyirdim ki, Yol mənim varlığımdı. Sizi
inandırmaq üçün cavan, sütül vaxtı
yazdığım “Yollar, ayaqlar” şeirimdən bir bəndi də
yadınıza sala bilərəm: Gözümdə
qaranlıq, gözümdə sabah, Yol var cığır
yükü daşıya bilmir. Deyirəm dünyanın işlərinə
bax, Yollar tapdanmasa yaşaya bilmir...
Və təxminən otuz
yaşından sonra əvvəlcə duydum, sonra isə dərk
eləyib möhkəm inandım ki, İnsan elə Yol-dur, Yol
deməkdir. Mən, həm də Yol-am. Yol həmişə
baş götürüb harasa gedir; adamın adama qovuşmaq həvəsi
olduğu kimi, Yol da Yola qovuşmaq eşqində və qüdrətindədir.
Güney tayındakı evimizin ikinci mərtəbəsindən
uşaq vaxtı baxanda kəndimizdən baş alıb gedən
Yol-lara qoşulub harasa getmək istəmişəm həmişə.
Şəhərdə dəmiryol vağzalının, yaxud hava
limanının yanından keçəndə harasa
çıxıb getmək istəmişəm həmişə
– elə indi də eləyəm. Yol! Yol! Yol! Əlqərəz...
Novruz Nəcəfoğlunun
bu povesti məni uzaq və çətin bir səfərə
Yol-a saldı, arxamca Allahın bir ovuc suyunu da atmadı. Mən
Qıztamamla yayın bu cırhacırında Yol gedirdim;
Qıztamam povestin baş qəhrəmanı olaraq, mən isə
onunla əl-ələ tutuşub gedən bir oxucu kimi. Bu
qadının vəziyyəti o qədər qəliz idi ki, mən
onu tək qoya bilməzdim, axıra kimi onunla getməli idim, necə
ki, Novruz Nəcəfoğlu getmişdi. Qıztamam məni necə
görə bilərdi ki? Ancaq mən onu görürdüm,
kirpik çalmadan onu gözümdən qoymurdum. Biz gedirdik. Mən
onu qarabaqara izləyirdim. Köç əhli xeyli aralanandan
sonra mənim də, Qıztamamın da yadına
düşdü ki, altmış kilo, bir xaral
tıxılı-təpili yunu qoyub gəlmişik. Geri
qayıtdıq, xeyli gedəndən sonra pay-piyada asfalt yola
çıxdıq. Birdən Qıztamamın da, elə mənim
də qulağıma əri Məmişin
bağırtısı gəldi. Qıztamamın əziz-xələf
qardaşının, qohum-əqrəbasının, yeddi arxa
dönəninin qarasına yağdırdığı
söyüşlər bu cəfakeş qadının
arxasınca vədəsiz külək kimi
vıyıldayırdı. Qıztamam da, mən də diksindik.
Məmiş nə gəzirdi, qulağımız səsə
düşmüşdü. Qıztamam köçlə gedən
uşaqlarından da nigaran idi, çünki Məmiş
arvadının acığını uşaqlarından
çıxa bilərdi və qadının ürəyi nanə
yarpağı kimi əsirdi. Əsər boyu Məmişlə
“oturub-durduqca, yaxından tanış olduqca fikirləşirdim
ki, Allahın altında cavan vaxtım olaydı, məsələn
iyirmi beş yaşım, dünyanın bu ən əzazil,
ağızdan pərto heyvərəsini salaydım təpiyimin
altına. (Qıztamam məni bağışlasın, necə
olsa da bir yastığa baş qoyublar.) Əslində biz
üç nəfər idik – Qıztamam, qaynar günəş
və mən; inanın ki, Qıztamamın az qala
sümüyünü yandıran, üz-gözünü
qarsalayan günəş məni də əldən
salmışdı. Səhrada qəfil qızıl ilana rast gəldik.
Biz onunla xeyli üzbəüz dayandıq, elə bil
ofsunlanmışdıq.
O, uzun, haça dilini
çıxardıb fısıldayırdı. Elə bil
günəşin saysız-hesabsız şüalarından
biri yerə sancılmışdı. Qıztamamı elə
bil dizinə qədər yerə basdırmışdılar.
Ona yazığım gələn kimi ilanı Məmişə
oxşatdım. Ancaq ilan Məmişdən qəşəng
idi... Qəşəng olduğuna görə də biz onun
böyründən sakitcə keçib getdik. İlan nə
Qıztamamı söydü, nə də məni... Yol elə
bil ki, getdikcə uzanırdı. Birdən ağlıma gəldi
ki, bəlkə də Yol-un ortasında otursaydıq Yol
qurtarardı. Ancaq yox, Qıztamam nəfəs dərmədən
gedirdi – daha doğrusu gedirdik. Ana gedirdi ki, bu bir xaral yunu,
ömrünü didən kimi didib, yuyub, təmizləmişdi
ki, qızına cehiz eləsin, yorğan-döşək
salsın. Əsas məsələ bu idi. Bir də ki, Məmiş
onu kasıb itini döyən kimi döyəcəkdi,
çomağıyla onun sür-sümüyünü
qıracaqdı; buna yüz faiz əmin idi – əminliyə bax
də... Məmişin əzazilliyi nəinki öz kəndlərinə,
lap qonşu kəndlərə də artıqlaması ilə bəs
eləyirdi. Qıztamam isə tez-tez bu əzazilliklə təkbətək,
üzbəüz qalırdı. Ancaq balalarının xətrinə
dözürdü, dözə-dözə də
doğulduğu günü qarğıyırdı.
Qıztamamın ətrafında yaxşı adamlar çox
idi. Hamı onun xətrini istəyir, hörmətini
saxlayırdı; zəhmətə qatlanan, müqəddəs
ana, əsl qadın, qonum-qonşuya özünü vaxtında
çatdıran... Bu, mənim də xoşuma gəlirdi. Ancaq
Məmişin atgetməz işləri, heç kəslə
Yol-a getməməsi, arvad-uşaq yanında ağzına gələni
deməsi, böyük-kiçik qanmaması onu xəcalət
eləmişdi-ərinin xəcalətini çəkirdi ki,
qadın üçün də bundan ağır yük ola
bilməz. Qıztamamın balaları, nə başınızı
ağrıdım, bütün kənd Məmişin xəcalətini
çəkib qurtara bilmirdi – evin tikilsin Məmiş, sən nə
vaxt adam olub adamlar cərgəsinə qoşulacaqsan, nə
vaxt? Oğlunun toyunda dava salan adama nə deyəsən? Bu hərəkətinə
görə də müəllif onu hələ toy
qurtarmamış tövləyə salıb Məmişin
ağzını da, pəyənin qapısını da
qıfılladı. Novruz Nəcəfoğlu kimi humanist
yazıçının bu qərarını, zərərçəkənin
– yəni, Məmişin yuxarılara şikayət etmək
hüququ olmayan bir hökm kimi alqışlayıram.
Adamları nə qədər bezdirmək olar axı, bəsdi
də!!! Qıztamamın övladları da (Məmişin
övladları deməyə dilim gəlmir), Balaxan da, Gülgəz
də gül kimi uşaqlardı, hələ gəlinləri
Nilufəri demirəm – aydan arı, sudan duru. Bu kənddə mən
pis adam görmədim, məmə yeyəndən pəpə
deyənə kimi hamısı ürəyi açıq, son
tikəsini adamla bölən, bir-birinə əl tutan,
çörəkli-sulu, istiqanlı adamlardı. Ancaq Məmiş
bu adamların hamısının Yol-unun üstündə qara
daş kimi bitən, gölə qələm sancan, qan qaraldan,
zəhər tuluğu idi. İşi-peşəsi camaatın
da, ailəsinin də yeyib-içdiyini burunlarından gətirib
haram eləmək idi; Məmiş bu kəndin haram yeri idi,
heç kəsə bənzəmirdi. Əslində o, bu kənddə
kimə oxşasaydı bəxti gətirmiş olardı. Ancaq
dilinin ucbatından bəxt ondan üz döndərib onu qəbrin
də düzəldə bilməyəcəyi bir qozbel şəklinə
salmışdı. Və məni tanıyanlar bilir ki, Mənim
Məmişlə heç bir şəxsi-qərəzliyim
yoxdu, ola da bilməz. Məmiş kim, mən kim? Onu deyə bilərəm
ki, heyf Məmiş də o kənddədi. Məmişin,
oğlu Balaxanın taleyindəki rolu barədə, əsərdən
bir neçə kəlmə. “Qıztamam Almuradgilə
ara-sıra gedib gəlirdi. Fürsət tapıb Zümrüdlə
uşaqların məsələsini
danışmışdı. Qızının Balaxana meyilli
olduğunu bilən Zümrüd bu işə canı-dildən
qol qoymuşdu. Di gəl ki, Almuradı razı sala bilmirdi. Daha
kimlər qalmamışdı ki, Qıztamam Almurada minnətçi
salmasın. Kişi daş atıb başını
tutmuşdu: – Mənim Məmişə verəsi qızım
yoxdu, yoxdu!” Məmiş qoymur də camaat yaşasın. Ancaq
el ağsaqqalı Cahangir kişi saqqal tərpədəndən
sonra Nilufərin atası Almurad imana-dinə gəlmişdi,
cavanların ulduzları barışmışdı. Cahangir
kişi, dediyim kimi, saqqal tərpətmişdi:
“ – Almurad, bilirəm Məmişə
görə belə eləyirsən, ancaq nahaq. Düzdü, Məmiş
bir az tündxasiyyət adamdı. Ancaq uşaqları
ağıllı-kamallıdı, ay Almurad! Allah verən xasiyyətdi
də neyləsinlər? Əslində bədbəxt oğlunun
ürəyində bir şey yoxdur, ağızdan pərtöydü.
Qasırğa kimi əsir-sovurur, sonra da bir tərəfə
çəkilib uşaq kimi ağlayır”. Bu yerdə fikirləşdim:
Bax, əsl Məmiş budur. Novruz Nəcəfoğlu Məmişi
xilas eləyir, ona inanın, mənim bayaqdan bəri Məmiş
haqqında dediklərimə fikir verməyin, əsəbiləşmişdim,
olan şeydi. “Çarəsiz yolçu” povestinin məzmununu
sizə danışmaq fikrində olsam belə, bunu əsərin
müəllifi Novruz Nəcəfoğlu qədər gözəl,
sərrast, əhatəli şəkildə
bacarmayacağıma inanıb bu istəyimdən vaz keçirəm.
Mən əsəri oxumağa başlayan kimi müəllif məni
“intriqaya” çəkdi. Əgər mən də sizi
şirnikləndirə bildimsə, buyurun, çünki yüz
eşitməkdənsə bir dəfə oxumaq
yaxşıdı. Hörmətli, hörmətli olduğu qədər
də az saylı oxucular, sizinlə sağollaşıb,
üzümü qələm dostum, (Allahın da qələmi
var, o adamların alnına yazır, yazıçı vərəqə)
yazıçı Novruz Nəcəfoğluna çevirirəm.
Əziz həmkarım! Sənin bu povestin məni
sarsıtdı. Sarsıntılar külli halında insan
ömrünə hesablanmış zəruriyyətdir və
onsuz keçinmək mümkünsüzdür. Bunun
mükafatı da var; biz ətrafımızdakıların
dözülməz-çıxılmaz vəziyyətinə
adam balası kimi reaksiya verdikcə, elə bil ki,
sarsılmağı məşq eləyirik və günlərin
birində doğmamızın, əzizimizin taleyinə görə
əzab-əziyyət çəkəndə məşq elədiyimiz
sarsıntılar köməyimizə yetir və bizə o qədər
də baha-başa gəlmir. Bəli, dediyim mükafat da budur. Mən
həm də peşəkar oxucu olduğuma görə deyə
bilərəm ki, əslində Qıztamam bir obrazdır; lap əslində
isə Qıztamamı elə yaratmısan ki, bu, elə həyatın
özüdür: onun sarsıntıları adamı yaxından
tanıdığı, hörmət etdiyi, doğma, əziz
bir insanın taleyi kimi göynədir və göynəyə-göynəyə
ilahi məqama qovuşursan. Bu, birinci növbədə sənin,
ikinci isə oxucunun, yəni mənim qələbəmdi,
uğurumdu. Onu da deməliyəm ki, bu yerdə oxucunun ilahi məqama
qovuşmaq uğuru, ancaq yazıçı uğurundan
asılıdı. Bu belə...
İkinci, bu povest Azərbaycan nəsrinin
şəksiz uğurudur, onun irəli atılmış halal
addımıdır. İndiki halda bu uğurun, irəliyə
atılmış halal addımın bir səbəbi sənin
istedadındırsa, ikinci səbəbi –sənin kəndi
gözəl bilməyin, bütün qatları ilə
duymağın, dərk etməyindir. Ay Novruz Nəcəfoğlu,
sən nə boyda kəndçi imişsən? Mənə elə
gəlir ki, sən öz içində kənddən şəhərə
gətirdiklərini yüz il “xərcləsən”də tükənən
deyil. Bu, sənin bir yazıçı kimi ən böyük,
tükənməz, “devalvasiyaya” məruz qalmayacaq var-dövlətindi.
Öz ilkinliyinə qayıtmaq, elə Allahın yoluna
qayıtmaq qədərdir, mükafatı da Allahdandır. Vecinə
alma, axı dünyanın ilkin maketi kənddir. Axı,
dünyanın ilkinliyi daha gözəldir... bakirədir! Bu da
belə...
Nəhayət
sənin dilin. Oxucunu dağa-daşa salıb yormadan, onu
inandırmaq üçün təcili bir sitat-əsərdən:
“...Qoşa təpənin arasındakı bərədən durna qatarıtək düzülüb Cam bulağına tərəf enən o qızların qəhqəhəsi dağa-daşa səs salmışdı”. Bəlkə də oxucuya qəribə gəlir ki, nə olsun, qızlardı də, qəhqəhə çəkib gülürlər. Ancaq belə deyil. Siz sözlərin düzülüşünə fikir verin və bu düzülüşün gözlərimiz qarşısında açdığı genişliyə, bu genişlikdə azadlığa, bu azadlıqda məhrəmliyə və sərrastlığa fikir versəniz, yazıçının peşəkarlığına heyran qalarsınız. Elə bil ki, sözlər rus “matryoşkaları” kimi bir-birinin içindən çıxır, bir-birinin “çiyninə” toxuna-toxuna hərəkətə gəlib nöqtəyə doğru addımlayırlar, yük qatarı kimi adamın üstünə gəlirlər. Bu cümlədə bir dənə də bekar, işləməyən söz yoxdur. Bu cümlədə sözlər taqqıldamır, çünki hamısının içi doludur, yükü, çəkisi var. Burda sözlər bir-birindən doğulur, bir-birindən doğulduqlarına görə də doğmalaşır, öz sırasında, öz yerində daha möhkəm dayanır, bir az da sıxlaşıb cümlənin monolit arxitekturasını bütün əzəməti ilə canlandırır. Buna sözün döl kampaniyası da demək olar... Hörmətli Novruz Nəcəfoğlu və hövsələsini basıb bu yazını axıra qədər oxuyanlar! Əslində, janrından asılı olmayaraq istedadla yazılmış hər bir əsər, məsələn roman, öz-özlüyündə səması özündən böyük olan bir ölkədir. Dünyanın istənilən ölkəsində vətəndaşlar öz yerində olanda, daha doğrusu öz yerini biləndə gözəl olur, dünyada yaxşı tanınır, hamı o ölkəni gedib görmək istəyir. Bədii əsər də belədir. Çünki əsərin vətəndaşları sözlərdir. Sözlər öz yerində olanda, öz yerini biləndə gözəl əsər olur, bütün dünyada yaxşı tanınır, hamı o əsəri oxumaq istəyir. Burda mürəkkəb, qəliz heç nə yoxdur, çox sadədir. Hörmətli Novruz Nəcəfoğlu! Povestin, məni göynətdiyi, sarsıtdığı qədər də sevindirdi – elə bildim ki, özüm yazmışam. Belə bir əsərə müəlliflik iddiamın heç bir əsası olmasa da, oxuculuq iddiamın yetərincə əsası var. Qəribə də olsa, sənə cümlə qurmaqda uğurlar diləyirəm. Çünki cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Cümlə də Yoldur, Yol...
Seyran SƏXAVƏT
525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.