Oralarda kimlər var: BÖYÜKXAN BAĞIROV-1
Ədəbiyyatımızın
və sənətimizin böyük bir qolunu təşkil edən
Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan
yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ
YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən
uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin
indiki məqamında böyük bir qüvvədilər və
buna görə də bu Birliyin filialları deyə bir termin də
var və onlar bu filiallarda birləşirlər.İndiki
kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini
itirmiş kimidir və internet dünyası o filialların
yaradıcılarını və günlük qəzet
yazarlarını daha yaxına çəkib gətirmişdir.İnternet-sorğu
deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox
yaxınlaşdırıb. Həmin sıradan bu günkü
qonağımız yazar Böyükxan Bağırovdur.Bəyəfəndiylə
söhbətimiz Özü və Ədəbiyyat
haqqındadır.
–Bəlkə bir az geniş
tanış olaq.Təbii ki, Böyükxan Bağırov
imzasıyla indiki gənc yazarlar çox az tanışdı və
çoxdan tanış olsaq da mən də sənin
biyoqrafiyana çox az bələdəm.Elə bir rayondansan
ki,orada ədəbiyyat mən bilən bir o qədər də
populyar deyil : məsələn Qazax kimi, Tovuz kimi, lap elə Səlyan
kimi ...bu rayonlardan ən azı bir neçə ədəbiyyatçı-yazar
adı çəkmək mümkündü.Amma sənin
doğulduğun yer bir az başqa səpkidə bir yerdir.
NECƏ OLDU Kİ, JURNALİSTİKANI VƏ YAZARLIĞI
SEÇDİNİZ? DOĞRUDUR YAZARLIQ SEÇİLMİR. BUNU
HAMIMIZ BİLİRİK.
–Mənim yazı-pozuya meylim
içində boya-başa çatdığım mühitlə
bağlıdır. Gözümü açanda ətrafımda
nağılçıları, avazla qəsidə oxuyan dərvişləri,
el arasında “Lotu” adlandırılan xalq məzhəkəçilərini,
növbə ilə uzun qış gecələri
ayrı-ayrı məhəllələrdə haqq aşiqləri
barədə dastanlar söyləyən telli saz
ustalarını, ilaxır çərşənbə gecələrində
çillə çıxaran, dilək tası quran sevdalı
qızları, Kərbəla müsibətindən əhvalatlar
söyləyən rövzəxanları,
bekarçılıqdan kəndin o baş, bu başında
şayiələr yayan, hədəfə gələn, tilova
düşən, “zır kəndçi” deyilən müəyyən
avam, suyu şirin adamlar barədə söz
çıxardıb belələrini bir günün ərzində
dəli eləyib çöllərə salan baməzələri,
yazda havalar qızanda ilan tutan ovsunçuları, düyün
çalanları, tas quranları, divara arpa yeridən cadugərləri,
hoqqabazları...görmüşəm. Bütün bunlar zəngin
bir aləm idi. Mənim uşaq təsəvvürümdə
bu tiplərin hər birinin öz rəngi, öz
çaları, öz səsi,ritmi var. Aradan uzun illər
keçməsinə baxmayaraq, uşaq vaxtı
gördüyüm bu adamların səsləri, sözləri
hələ də qulağımdadı. Onların
görünüşü, jesti gözlərimin önündədir.
İlan tutan ovsunçu Yarpaq nənənin ontaxda qanovuz
tumanının xışıltısını indi də
eşidirəm. Yaxud nağılçı Cullan
dayının əvvəl-əvvəl
“nağıl-mağıl bilmərəm, bilsəm də,
söyləmənəm...” deyə özünü mazata
qoyması, masqurada gətirilən sarı nehrə
yağını yeyib bığını sığallayandan
sonra “Hə...Şah Abbas cənnətməkan, tərəziyə
vurdu təkan, bir qoz ,bir girdəkan” deyə qızışar,
sicilləmədən sonra keçərdi nağıla.
Keçən əsrin əllinci illərinin əvvəllərində,
kəndimizdə handa bir adamın evində radioqəbuledici
olduğu bir dövrdə rəhmətlik Cullan dayının
nağılları qaranlıq mühitə işıq
saçır, xüsusən uşaqların xatirində silinməz
izlər buraxırdı. Biz bu nağıllarla yaşayır,
bu nağıllarla böyüyür, qol-qanad
açırdıq. Yadımdadı, 1952-ci ildə
qarlı-şaxtalı bir qış gecəsində, kəndimizi
gəzib dolaşdıqdan, əzik-üzük səhifələri
yaman günə düşdükdən sonra bizim evə qara
meşin cildli bir kitab gəlib düşmüşdü.
“AŞIQLAR” kitabı. Latın qrafikalı bu kitabı bizə
onun içindəki dastanları əzbər bilən Qaraxan
adlı yaxın qohumumuz gətirmişdi. Həmin dövrdə
gənclik illərini yaşayan Qaraxan bibioğlunun
yaxşı səsi vardı. Bal kimi şirin, lirik tenor səsiylə
“Kərəm gözəlləməsi” üstündə
xırda-xırda gəzişər, yeddilik lampa ətrafına
toplaşan qohum-əqrəbanı feyziyab eləyərdi.
–Maraqlısı budu ki,nə
yaxşı o dastanlar səni poeziyaya yox,məhz nəsrə
dartıb?
–Həqiqətən də elədi.1954-cü ildə Alar kənd yeddiillik məktəbin birinci sinfinə gedəndə bu kitabdakı bütün dastanları, demək olar ki, əzbər bilirdim. Latın qrafikasını da öz-özümə öyrənmişdim. Məktəbimizin müəllimləri məni ayrı-ayrı siniflərə aparıb “Aşıqlar” kitabını, “Koroğlu” dastanını oxutdurardılar. Bir az sonralar əsgərlikdən qayıdan və Mingəçevirə gedib orada fəhlə işləyən böyük qardaşım Əliheydərin bir payız axşamı Ordubadinin “Qılınc və qələm” romanını özü ilə evimizə gətirməsi heç yadımdan çıxmaz.Həmin payız axşamının dadı, təmi hələ də damağımdan çəkilməyib. O axşam qardaşım qaz kəsdi, anam boranıplov bişirdi, manqalda çay dəmlədi. Süfrə hələ hazır olmamış bir də gözümüzü açıb gördük ki, evimizə xeyli qonaq gəlib. Hamısı da öz yaxınlarımız idi. Sən demə, kimsə Əliheydər qardaşımın qoltuğunda “Qılınc və qələm”i görübmüş və ilmə də ondan keçibmiş. Həmin dövürdə, ucqar bir kənddə “Qılınc və qələm” romanı böyük bir qənimət idi. Hamı bu əsərdən danışırdı. Bu kitabdan, deyirdilər ki, kənd kitabxanasına cəmi bir nüsxə göndəriblər, onu da müharibə veteranı olan kənd sovetinin sədri aparıb qoymuşdu evinə...Müxtəsər, həmin payız axşamı qardaşımla Məzahim dayım növbə ilə romanı oxuyurdular. Anam iki dəfə lampaya nöyüt tökdü. Beləliklə, kitabın oxunuşu bir həftədən çox çəkdi. Müharibədən baş leytenant rütbəsində orden-medalla qayıtmış Zöhrab əmim əlini əlinə vurub deyirdi: “Pah atonan sənin arvad yiyəsi, bu Qətibə (romandakı Qətibə surətini nəzərdə tuturdu) gör nə işlər gördü, nə oyunlar çıxartdı!... Allah bizi məkri-zənənnən qorusun...”0 zaman mən qonaqlar gedəndən sonra yorğanı çiynimə çəkib, yalan olmasın, ta sübhə kimi bu romanı ayrı bir gözlə, xüsusi bir ləzzətlə oxuyar, şagird dəftərimə özümçün qeydlər edərdim.
O ki,
qaldı sualınızın
“NECƏ OLDU JURNALİSTİKANI VƏ YAZARLIĞI
SEÇDİNİZ”
cavabına, doğrusu, durum deyim ki, mən nəsə düşünüb-daşınıb seçim eləmişəm, belə şey olmayıb, həyatın öz axarı məni gətirib yazı-pozu işinə çıxarıb. Yəni bu, sümüyümdə olub. Hacı Qaranın sözü olmasın, mən yazı-pozunu yox, onnar məni əyləyib. 1962-ci ildə 8-ci sinfi bitirəndən sonra yaşlı valideynlərimə kömək məqsədi ilə kəndimizdəki Əzizbəyov adına kolxozda işə düzəldim. Arıq, cılız, təcrübəsiz bir yeniyetmə olmağıma baxmayaraq, yaşca məndən böyük olan iş yoldaşlarımla ayaqlaşmalıydım ki, onlar məndən briqadirlərə, baş aqronoma şikayətlənməsinlər. Biz su arxlarını təmizləyir, tirə çəkir, dəmiryolu stansiyasından pambıq çiyidi, dərman preparatları, müxtəlif mal-material daşıyırdıq. Sonra məni taxıl xırmanına göndərdilər, burda elevatorla taxıl təmizləyirdik. Səhərdən axşamadək tozun-torpağın içindəydik. Payıza dönəndə məni elevatordan ayırıb kolxozun ağır işlərinə göndərdilər. Odur ki, işə çıxmadım. Kolxozda əkin texnikasının taxıl səpininə hazır olmaması barədə tənqidi məqalə yazıb, Biləsuvarda çıxan rayonlararası “Məhsul”qəzeti redaksiyasına göndərdim. Məqalə tez çap olundu. O, kənddə bərk səs-küy salmışdı, məni kolxoz sədrinin yanına çağırdılar. Getdim. Sədrin yanında ucaboy, orta yaşlı, saçları seyrəlmiş, səliqə sahmanlı bir kişi əyləşmişdi. İti baxışları diqqəti cəlb edirdi. Öyrəndim ki, bu adam Astraxanbazar ( indiki Cəlilabad) Rayon Partiya Komitəsinin məsul işçisidir. O, birdən yumruğunu stola vurub məni hədələdi: “Cavan oğlansan, –dedi.-indidən demaqoqluq edirsən”.
Mən təmkinimi pozmadan
sakit bir tonda cavab verib dedim:
– İndidən eləməyim,
sonraya saxlayım, yəni deyirsiz hələ tezdir?!
Kişini gülmək tutdu..
“ Ə, sən yaxşı kişinin oğlusan,- dedi- otur
izahat yaz, məqalənə düzəliş ver. Yaz ki, cavan
olmuşam, səhv eləmişəm...”
– Siz Lenin komsomolçusuna –dedim,- belə
tərbiyə verirsiniz, onu bu sayaq əyri yola çəkirsiniz?!
Yaxşı olar ki, düzəlişi mən yox, kolxoz rəhbərliyi
eləsin, texnikanı əkinə vaxtında
hazırlatdırsın...
Əlbəttə, bu həngamədən
sonra mən kolxozda işləyə bilməzdim, işdən
çıxdım. Oturub “Anbardar” adlı bir pərdəli, iki
şəkilli komediya yazdım. Kənd Mədəniyyət
evinin direktoru, rəhmətlik Tarverdi Əliyevin
xeyir-duasıyla bu komediyanı kənd cavanlarının-həvəskar
aktyorların ifasında tamaşaya qoyduq. Özüm baş
rolda oynayırdım. Tamaşa kənd klubunda göstərilərkən,
yalan olmasın, iynə atsaydın yerə düşməzdi. Klub
ağzınacan adamla doluydu. Tamaşa böyük uğur
qazanmışdı. Kənddə hamı ondan
danışırdı. Sorağı bütün rayona
yayılmışdı. Həvəskar rejissor Əlifağa Həsrətovun
verdiyi quruluşda bu tamaşa rayonun bir çox
yaşayış məntəqələrində
nümayiş etdirildi. Bundan sonra kolxoz sədri məni
yanına çağırıb dedi: qayıt işinə. Razılaşmadım,
əvvəla, kolxozda əmək haqqını gec, bəzən
ilin yekunlarına görə verirdilər, ikincisi, özümə
yaxşı iş tapmışdım.
İLK QƏLƏM MƏHSULUNUZ?
Puşkin rayon (indiki Biləsuvar)
Mexaniki Suvarma İdarəsində maşinist vəzifəsində
çalışırdım. Həm də müəssisə
rəhbərliyinin, ictimai təşkilatlarının
orqanı olan “İrriqator” divar qəzetinin müəlliflərindən
biri kimi tanınmışdım. Bir gün, səhv etmirəmsə,
bu, 1964-cü ilin noyabr günlərindən biri idi, idarəmizin
rəisi İmran Məmmədov məni kabinetinə
çağırtdırıb dedi: “Oğlum,” “İrriqator”da məqalələrinizi
oxuyuram, sən bizə yaxşı kömək edirsən. Qorxma,
heç kimdən çəkinmə. Gördüklərini
yaz. Mexaniki yığma sexindən yazdığın tənqidi
məqaləni yoxlatdırmışam, düz yazıbsan, onu
müzakirə eləyəcəyik. İndi isə get “Məhsul”
qəzetinin redaktoru Həmdulla Əzizovun yanına. Demişəm,
o səni qəbul edəcək. Məqalələrinin
çap olunmasına köməklik göstərəcək.Həmdulla
Əzizov xeyirxah, qayğıkeş bir insandı. O, mənə
yaxşı tövsiyələr verdi, əlindən gələn
köməyi etdi. Sonralar isə bu kişinin, eləcə də
istedadlı jurnalistlər Əlövsət Bəşirovun və
Dilarə Vəkilovanın zəmanəti ilə SSR Jurnalistlər
İttifaqına üzv qəbul olundum...
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.