SÖZ haqqında deyilənlər
YAXUD KÜRDƏMİRDƏ
UNUDULMAZ BİR GÖRÜŞ
Zaman o zaman oldu ki, bir ay
öncədən Nərminin və bizim böyük həyəcanla
gözlədiyimiz tədbir martın 26-da Kürdəmir
rayonunun Gənclər Evində, nəhayət ki, baş tutdu. “525-ci
qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, AYB-nin Tərcümə
seksiyasının rəhbəri və “Ulduz” jurnalının
şöbə müdiri İlqar Fəhmi, gənc yazarlar Qismət,
Cavid Zeynallı, Zərdüşt Şəfizadə, Pərvin,
Orxan Muxtarlı və bəndəniz Kürdəmirə
yollandıq. Yolboyu Kürdəmirə qoşulan bayatılar,
İlqar Fəhminin yumor dolu söhbətləri (xüsusilə
tərəvəzlərlə bağlı
araşdırmaları, landşaft üzrə dizaynerlik
bacarığı) vaxtın necə keçdiyini hiss etdirmədi.
Necə deyərlər, gözümüzü
açıb-yumduq, özümüzü Kürdəmirin
girişində, qoyun-quzu, keçilərin arasında
gördük. Yanlış anlaşılma olmasın deyə,
HAŞİYƏyə çıxmaq istəyirəm: rayonun
girişində xatirə şəkli çəkdirmək
üçün Cavid Zeynallı fədakarlıq edib iki
keçi gətirdi. Keçilərdən birini qucaqlayıb
şəkil çəkdirmək başqa söhbət olsa da,
nəticələri ürəkaçan olmadı. Üstümə
yapışmış keçi qoxusunu Nərmin məni
qucaqlayıb görüşəndə sifətinin ifadəsindən
hiss etdim. Dəhlizdən keçərkən gözucu zala nəzər
saldıq.
“Maşallah, Nərmin,
Kürdəmirdə adam qalmayıb ki...” – deyib içəridə
bizləri gözləyənləri çox intizarda
saxlamadıq. Doğrusu, kitaba, sözə, ədəbiyyata hələ
də marağın olması və insanların belə bir tədbirdə
gündəlik məişət qayğılarından bir
neçə saatlıq ayrılıb bir araya toplanması bizdə
ilk müsbət təəssüratları yaratdı. Tədbiri
giriş sözü ilə açan Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru,
filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir
üzvü, millət vəkili Rafael Hüseynov bu
görüşü əlamətdar hadisə kimi dəyərləndirdi:
“Bu gənclər hələ ədəbiyyatda ilk addımlarını
atırlar. Onların arasında ilk kitabları nəşr
olunanlar, qəzet səhifələrində, mətbuatda dərc
edilənlər də var. Kim bilir, bəlkə də müəyyən
zaman keçəcək, onlar Azərbaycan ədəbiyyatının
ən aparıcı adamlarına çevriləcəklər və
sizlər bir zaman bu yazarlarla görüşməyinizdən
iftixar duyacaqsınız. Bu gün ədəbi mühitdə
bir çox gənclər vardır ki, müəyyən
qanunauyğunluq çərçivələrini qırıb
yazırlar. Bu, gənc yazar üçün normaldır.
Lakin bu eksperimentləri edənlər arasında olanların bəzilərinin
düşüncə tərzinə baxırsan və ədəbiyyat
sözü ilə onlar arasında böyük bir təzad
görürsən. Rəşad Məcidin öz ətrafına
topladığı, müəyyən mənada səmtləndirdiyi,
himayədarlıq etdiyi gənclərin böyük bir qismi
vardır ki, onlar həqiqətən ədəbiyyatın
içindən keçib gələn və daşımalı
olduğu missiyanı dərk edən insanlardır. Bu gənclər
ədəbiyyatın ağır məsuliyyətini anlayır,
onun sirlərini öyrənməyə can atırlar. Bu mənada
ümidlə inanmağa dəyər ki, Rəşad Məcidin
ətrafında toplanan gənc yazarlar arasında Azərbaycan ədəbiyyatının
sabahkı həyatının parlaq insanları var. Bu gənclərin
bir gün Azərbaycan oxucu auditoriyasında
tanınacağına inanıram. Kitab oxumaq, zamanla, yenə də
əvvəlki tək populyarlığına qayıdacaq. Elə zamanlar olub ki, yüz
min tirajla kitablar nəşr olunub. Mənim Hüseyn Cavidə
həsr etdiyim “Vaxtdan uca” kitabım vaxtı ilə altı
yüz on min tirajla nəşr edilib. Sonra yenidən Hüseyn
Cavidə həsr etdiyim, daha təkmil yazdığım “Əbədi
Cavid” kitabım isə min tirajla nəşr edildi. Bu iki
kitabın tirajları arasındakı fərq qədər
bizim də kitaba olan münasibətimiz dəyişib. Mən
inanıram ki, Azərbaycan oxucusu köhnə
yaddaşını bərpa edib yenidən kitab oxuyacaq. Həmin
oxunan kitabları da gənclər yazacaq. Düşünürəm
ki, Rəşad Məcid bu yöndə fəaliyyətini davam
etdirəcək və hər zaman belə gənclər ədəbiyyatda
ilk addımlarını atacaq. Şübhəsiz ki, bu gənclərin
hər birində istedad var və onların bəhrələrini
Azərbaycan xalqı zamanla görəcək”. Rafael
Hüseynovun çıxışından sonra Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyinin Kürdəmir rayonu Aran
regional şöbəsinin direktoru Yaqut Bahadurqızı gəncləri
zaldakı tamaşaçılara təqdim etdi. Doğrusu,
Yaqut xanımın həyəcandan bəzilərimizin təvəllüdünü,
iş yerini, ixtisasını yanlış söyləməsi
də qəbul olunan idi. Həyəcan öz sözünü
deyirdi. Sonra söz gənc yazarların kitabları,
yaradıcılığı ilə tanış olan oxuculara,
müəllimlərə verildi.
Əməkdar müəllim
Rafael Məmmədov gənclərin qarşısında həyəcanlı
olduğunu qeyd edərək öncədən
çıxışını sığortaladı. O,
şair Qismətin şeirləri ilə tanışlıqdan
sonra ədəbiyyatın gələcəyinə olan, bir ara
itirdiyi inamının yenidən özünə
qayıtdığını dedi və bunun üçün
Qismətə təşəkkür etdi. Qismətin şeirlərində
səmimiliyin əsas yer tutduğunu qeyd edərək, hətta
onun “Mükafat” şeirindən bir parça da söylədi:
Mən sənin qədrini
bilmirəm hələ,
Pul olsa qaçaram tez gülə-gülə.
Bax, sənə
yazdığım şeirimi belə
Mükafat naminə
yazıram, Vətən.
Daha sonra Qismətin başqa şeirlərindən
də söyləyən əməkdar müəllim fürsətdən
yararlanıb öz şeirini də dedi.
Növbəti
çıxış Kürdəmir Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevin idi. O,
son 30 ildə onu ilk dəfə işə gecikdirən Cavid
Zeynallının “Günəşi gözləyənlər”
romanı haqqında fikirlərini bölüşdü.
“Mütaliənin öldüyü günü insanın da
öldüyünü” deyən Vaqif bəy romanı nə az,
nə çox – 2 dəfə oxuduğunu qeyd etdi: “Romanı
oxuyarkən ilk olaraq Anarın “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” əsərini
xatırladım. Əsərdəki Üzeyir Zaurun sanki tərs
tərəfi idi. Əqrəb adlandırdığı
sevgilisi ilə Təhminə arasında da müəyyən fərqlər
vardı. Kitabxanalarda oxucu qıtlığının yaşandığı
bir dövrdə ədəbiyyata gəlmək, ona bir
ömür sərf etmək özü bir qəhrəmanlıqdır.
Mən Cavidi belə qəhrəmanlardan hesab edirəm. Cavid
Zeynallının qələmində nəsrin bütün tələblərinə
cavab verən ustalıq var”. “Günəşi gözləyənlər”
romanında maşın altda qalmış pişiyin “estetik” təsviri
hətta Vaqif Alıyev bir neçə kilo itirməsinə də
səbəb olub, o mənada ki, hər dəfə nahar etmək
istəyəndə bu səhnəni
xatırladığını və yemək yeyə bilmədiyini
söylədi. Nərmin Hüseynzadəni qırmızı
ayaqqabıları ilə yaddaşına
köçürdüyünü deyən Vaqif Alıyev məni
əsasən “Mədəniyyət” qəzetindən izlədiyini
söyləyərək, 2 və 4 misralıq şeirlərimə
də toxundu. Heç bilməzdim ki, yazdıqlarım onun
günlərcə düşünməsinə, tapmaca
şeirlərimin cavabını Yaqut xanıma zəng edib
açmasını öyrənməsinə səbəb olub...
Doğrusu, son vaxtlar bəzi şeirlərimi heç
özüm də hələ başa düşə bilməmişəm
(vay oxucuların halına). Söz verirəm, şeirlərimin
açmasını tapan kimi birinci Yaqut xanıma zəng edib,
Vaqif Alıyevə deməsini xahiş edəcəm. Maraqlı
havada köklənən tədbir davam edirdi.
Çıxış edənlər arasında ədəbiyyat
müəllimi Əsmət Musayevanın
çıxışı da fərqli idi. Adətən
Yaqut xanımın qəzetlərini, kitablarını alıb
aparan, bəzən isə heç qaytarmayan Əsmət
xanım gənc yazarlarla bağlı etdiyi qeydləri həyəcanla
danışdı, hələ “Bilirəm ki, çox
danışacağam” deyib özünü öncədən
vaxt məhdudiyyətindən sığortaladı da. “Sizlərlə
tanışlığım heç də uzaq günlərə
gedib çıxmır. Darıxdığım, havamın
çatmadığı günlərdə tələbə
oğlum şeirlər kitabı gətirdi və oxu dedi, sonra
demə ki heç nə yazmırlar. Beləcə, çap
olunan nəyiniz varsa, evimizə ayaq açdı. Əvvəlcə
gündüzün yorğunluğunu canımdan
çıxarmaq, düşünmək, itirdiklərimi necə
qaytarmaq fikri ilə mütaliə edirdim sizi. Sonra isə
günün birində Yaqut xanım “525-ci qəzet”in bir
nüsxəsini gətirdi. Nərminin yazısı çap
olunmuşdu. Sizin hamınızı – Cavidi, Qisməti, Zərdüştü,
Elvini, Fəridi, Pərvini, Sevinci, Mövludu, Güneli, Kəraməti,
Yeganəni sevdirdi bizlərə. Özüm mütaliə
etdikdən sonra şagirdlərimlə fikir mübadiləsi
aparmaq üçün onlara da oxuyurdum. Beləcə, biz sizi
görmədən bu əyalət şəhərində əsərlərinizlə
sizi tanıdıq. Qismətin “20 qəpiklik mühazirə”sinə
birlikdə qulaq verdik, İlqar Fəhmini hansı yönümdə
tanıdığımızı indi də ayırd edə
bilmirik. Ruhumu tərpədən qəzəlləri ilə,
yoxsa həyatın dibindən gələn ssenariləri ilə?...
Cavidin “Günəşi gözləyənlər”ini birnəfəsə
oxudum. Amma iç dünyama Elvinin “Cavidi gözləyənlər”
yazısı daha çox toxundu. Pərvini mütaliə etdikdə
onun müşahidə qabiliyyətinin güclülüyünə
qibtə etdim. Tez-tez şagirdlərim Mövludla bağlı sual
verirlər. Onun son dövrdəki pessimizmi hardandır görəsən?
Nərminə dərs deyərkən hərdən onu anlaya
bilmirdim. Yuxarı siniflərdə inşa yazılarında
özünü mənə tanıtdı. Yazılarında
mövzulara fərqli bir baxış vardı. Həmin
inşalarda Nərmini kəşf edirdim. Sonda, hər birinizə
tövsiyəm: mütaliənizi daha da genişləndirin.
Ümid edirəm bu zaman sizin istedadınız özünü
daha əlverişli şəkildə göstərəcək”.
Bir-birindən maraqlı çıxışlarla davam edən
tədbirdə müəllimlər Vaqif Hacıyev, Rəhilə
xanım və başqaları da öz sözlərini dedilər.
Tədbir
iştirakçılarından İlqar Fəhminin
özünün dediyi, ən çox sevdiyim “Təngnəfəs
ayrılaq” şeiri isə xüsusi qeyd edilməyə dəyər.
Daha sonra Pərvin, Qismət, Zərdüşt Şəfizadə
də çıxış edərək öz ürək
sözlərini bildirdilər. Yekun olaraq Rafael Hüseynov
danışdı: “Fikirləşirsən ki, yeni şeir yazmaq
mümkün deyil. Ancaq mümkündür. Bu insanlar
sözü hiss edirlər, şairlik də ordan
başlanır. Burda olan və olmayan bir çox gənc ədəbiyyatçılarımız
var. Bu gənclərdən hansının böyük
yazıçı, şair olacağı taleyin işidir. Amma
bunların ən üzdə olan cəhəti ondan ibarətdir
ki bunların içində mənəviyyat var. Onlar söz ilə
oynayırlar. Bunların əyləncəsi, dincliyi ədəbiyyatdır.
Bunun özü gözəldir”. Tədbirin sonunda Rəşad
Məcid hər kəsə öz təşəkkürünü
bildirərək, bu gün burada hamının ruhən
rahatlıq tapdığını dedi: “Bu gün Rafael müəllimin
səsləndirdiyi fikirləri gənclər həmişə
yadda saxlayacaqlar və bu fikirlərin onlara böyük köməyi
olacaq. Elə bilirəm ki, gənclər Kürdəmirdə
keçirilən bu görüşü heç vaxt
unutmayacaqlar”.
Şəhərin stress yüklü
həyatından bir neçə saatlıq da olsa
ayrılıb Kürdəmirə gəlmək, burada oxucularla
tanış olmaq, təbii ki, bizim hər birimiz
üçün olduqca böyük dəstək və sevinc
idi. Kitab oxucularının azlıq təşkil etdiyi bir
dövrdə səni hansısa rayonun sakininin oxuması,
düşünürəm ki, hər bir yazıçı
üçün böyük stimuldur. Kim bilir, bəlkə elə
bu yazını indi tanımadığım bir dağ kəndində
kimsə oxuyub “Kaş bizim rayona da gələrdilər” – deyir.
Məhz belə oxucular üçün həvəsdən
düşməməyə və yola davam etməyə dəyər...
Yeganə CANSAİL
525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.