MUXTAR KİŞİNİN VƏ
GÖY GÖYƏRÇİNİN NAĞILI
“Nağıllar” silsiləsindən
Yaraşıqlı gödək
dayaqların üstündəki nikel zəncirlə dairəyə
alınmış o Zeytun Ağacı kollu-koslu səhralıqda
tək ağac idi və alimlərin son tədqiqatları
sübut etmişdi ki, o Zeytun Ağacının yaşı
üç min ili keçib. Onun qarşısında yerə
basdırılmış dirəyin üstündəki
kiçik mərmər lövhədə
yazılmışdı: Yaşı 3000 ildən çox olan
bu zeytun ağacı milli sərvət olaraq, dövlət tərəfindən
qorunur.
Qış
çağlarında bu səhralıq tamam bomboş olurdu,
yeganə yaşıllıq – o Zeytun Ağacının yuxuya
getmiş yarpaqları idi və elə ki, hərdən qar
yağırdı, o yarpaqlar elə yuxudaca
üşüyürdü. Belə vaxtlarda zeytun ağacı
çox dərinlərə gedib çıxmış
kökləri ilə torpağın altından istini içinə
çəkib, yay-qış yamyaşıl olan yarpaqlarını
qızdırırdı, amma qışda Zeytun
Ağacını ən çox rahatsız edən – bu tərəflərdə
tez-tez əsən küləklər idi, çünki zeytun
ağacı qorxurdu ki, külək yarpaqları yuxudan
vaxtsız oyadar. Sonra yaz gəlirdi, kol-kos yavaş-yavaş
cücərirdi və o zaman Zeytun Ağacının da yarpaqları
yuxudan oyanırdı, hər biri bir yaşlı ağac
yoğunluğunda olan budaqları qışın soyuğundan
sonra günün altında qızınırdı. Zeytun
Ağacının nəhəng gövdəsi isə
qışın, yaxud yayın fərqində deyildi,
çünki artıq neçə yüzillər idi ki, nə
soyuq ona təsir edə bilirdi, nə də yayın istisi onu
hövsələdən çıxarırdı.
Yayda o Zeytun Ağacı
üç min il bundan əvvəl olduğu kimi bar gətirirdi
və səhər açılana qədər onun
yamyaşıl təzə-tər meyvələrini – zeytun dənələrini
sərin şeh bürüyürdü, payızda isə o meyvələr
dəyərək, qapqara qaralıb yerə
tökülürdü, çünki uzaq olduğu
üçün o zeytun ağacının yanına alimlərdən
başqa heç kim gəlmirdi, heç kim zeytunu
yığıb aparmırdı.
Göy Göyərçinin isə
yuvası uzaqda idi və Göy Göyərçin hələ
yumurtadan çıxıb yuvasından boylandığı
çağlarda o uzaq tənha ağacı
görmüşdü, elə o vaxtdan da o ağac həmişə
onun düşüncələrində idi. Göy Göyərçin
yuvasının ətrafındakı ilk uçuşunda da o
ağaca baxa-baxa fikirləşmişdi ki, görəsən
haçansa onun yanınadək uça biləcəkmi?
Və o zaman ki, Göy Göyərçin
uzaqlara uçmağa başladı, uçub, gəlib, o
Zeytun Ağacının yarpaqları arasında nazik bir
budağa qondu və o nəhəng gövdəyə, bir-birinə
dolaşmış o böyük budaqlara baxa-baxa heyrətə
gəldi: bu nəhənglikdə ağac olar? Və Göy
Göyərçin eləcə heyrətlə də
soruşdu:
– Sənin... sənin adın
nədir?
O tənha ağacın
cavabı da heyrətamiz oldu:
– Mənim adım Muxtar
kişidir! Göy Göyərçin budaqdan aşağı
uçub nikel zəncirin üstünə qondu və fikirləşdi
ki, görəsən, bu adı ona kim verib? Zeytun Ağacı
dedi:
– Özüm! Zeytun
Ağacı quşların fikrindən keçəni də
oxuyurdu? Onun adının mənası nə idi? Muxtar kişi
dedi: – Muxtar ərəbcə müstəqil deməkdir. Göy
Göyərçin Muxtar kişinin fəhminə də,
savadına da heyrət etdi.
– Sən başqa dilləri də
bilirsən? Muxtar kişi qart səsi ilə:
– Mən latınca fikirləşirəm...-
dedi. Göy Göyərçin bunu rəfiqələrinə,
tanış göyərçinlərə desəydi,
heç biri inanmazdı, inanmazdı ki, o uzaq tənha ağac
latınca fikirləşir, ərəbcə bilir...
Və Göy Göyərçin
nikel zəncirin üstü ilə gəzə-gəzə
Muxtar kişinin ətrafında dövrə vurub, yenə sual
vermək istədi:
– Sən...
Amma bu dəfə Muxtar
kişi acıqla onun sözünü kəsdi:
– Mənə mane olma! Göy Göyərçin
soruşdu: – Sən nə edirsən ki?
– Mən söhbət edirəm!
Göy Göyərçin təəccüblə o tərəf-bu
tərəfə baxdı:
– Sən kiminlə söhbət edirsən?
– Özümlə!
Göy Göyərçin təkcə
rəfiqələrinə, tanışlarına, başqa
göyərçinlərə yox, bütün quşlara demək
istəyirdi ki, baxın, o uzaq tənha ağacın adı
Muxtar kişidir, bu adı o, özü özünə verib və
ona mane olmaq olmaz, çünki o, öz-özü ilə
çox ciddi söhbətlər edir. Ancaq Göy Göyərçin
heç bir quşa heç nə demirdi, təkcə ona
görə yox ki, quşlar buna inanmazdı... həm də ona
görə ki... ona görə ki, Göy Göyərçin
istəmirdi... istəmirdi ki, ondan başqa da hansı bir
quş isə bunu bilsin ki, üç min ildən artıq
yaşı olan o zeytun ağacının adı Muxtar
kişidir və o, latınca fikirləşir, ərəbcə
bilir, yüz illərdi ki, öz-özü ilə söhbət
edir. Bu, Göy Göyərçinin məxsusi sirri idi və
Göy Göyərçin yaşlaşdıqca tamam əmin
olurdu ki, bu dünyada gərək heç olmasa bir sirrin, bir
gizli bilgin olsun ki, həyat tam bir bozluq içində keçməsin...
Göy Göyərçin hər dəfə
uça-uça Muxtar kişiyə yaxınlaşanda və
dostunu dövrəyə almış nikel zəncirlərə
yuxarıdan baxanda fəxr edirdi ki, onu, yəni Muxtar kişini
bu cür qalın, möhkəm, tərtəmiz, ləkəsiz
nikel zəncir dövrəyə alıb. General poqonları
insanları necə nüfuzlu, mötəbər və qəhrəman
edirdisə, Göy Göyərçinin təsəvvüründə
o nikel zəncirlər də Muxtar kişini eləcə
nüfuzlu, mötəbər və qəhrəman edirdi. Bəzən
nikel zəncir gün işığında par-par
parıldayırdı və o zaman Göy Göyərçin
də möhtəşəm dostu ilə daha artıq fəxr
edirdi. Bəzən də payız ayları yetişərək
ağacın dibinə tökülmüş zeytun dənələrini
görəndə, Göy Göyərçin fikirləşirdi
ki, Muxtar kişi bəlkə elə bu barədə – yerə
tökülüb, gərəksiz məhv olan barları barədə
öz-özü ilə söhbət edir? Ancaq bunu kim bilirdi?
Zaman keçdi, Göy
Göyərçin sağlam və yaraşıqlı bir erkək
göyərçin ilə tapışdı, onlar bir-birini
sevdilər, ailə qurdular, bir müddətdən sonra Göy
Göyərçin yumurtladı, balaları o yumurtaları
deşib bizim bu dünyaya təşrif buyurdu, o cücələr
də böyüdü, sonra o cücələrin də
balaları oldu...
... Muxtar kişi isə eləcə
tək-tənha öz-özü ilə söhbət edirdi...
Hər gün sübh tezdən
günəş çıxmağa başlayanda,
quşların səsi ətrafa yayılanda Göy Göyərçin
yuvasından başını qaldırıb Muxtar kişiyə
tərəf baxırdı: əvvəlcə Muxtar kişinin
qaraltısı görünürdü, hava get-gedə
işıqlandıqca Muxtar kişinin də o uzaq
qaraltısı göz işlədikcə uzanan səhrada tənha
ağaca çevrilirdi. Göyərçinlərin
gözü iti olur və səmanın aydın
çağlarında Göy Göyərçin gün
şüalarının altında parıldayan o nikel zəncirin
işıltısını da görürdü və bu
işıltı bir sevinc dalğasına çönüb
Göy Göyərçinin bütün içinə
yayılırdı. Muxtar kişini dövrəyə
almış o ağır, təmiz, par-par parıldayan nikel zəncirin
uzaq işıltısı Göy Göyərçinin
yuvasına da bir hərarət gətirirdi. Və hər dəfə
də sübh tezdən Göy Göyərçin ürəyində
Muxtar kişi ilə salamlaşırdı, ən
başlıcası isə bu idi ki, Göy Göyərçin
tamam əmin idi: Muxtar kişi də onu eşidir və bu
salamı qəbul edir.
Ailə böyüdükcə
qayğılarının da artmasına, işinin çox
olmasına baxmayaraq, Göy Göyərçin hərdən
vaxt tapıb, uçub, gəlib, Muxtar kişinin gənc
budaqlarından birinə qonurdu və az qala
pıçıltı ilə:
– Salam...- deyirdi. Muxtar
kişi də qart səsi ilə onun salamını
alırdı:
– Salam!..
– və Göy Göyərçin
bu qart səsdə get-gedə artan bir mehribanlıq hiss edirdi,
amma daha heç nə demirdi, bilirdi ki, Muxtar kişi
öz-özü ilə söhbət edir və Muxtar kişiyə
mane olmaq olmaz. Göy Göyərçinin ürəyində
çox suallar var idi, dünyanın işləri barədə
Muxtar kişiyə çox suallar vermək istəyirdi, ancaq nə
etmək olardı? – Muxtar kişinin vaxtını almaq
olmazdı. Göy Göyərçin bir müddət
qonduğu budağın üstündə eləcə
sükut içində dayanıb, Muxtar kişinin nəhəng
gövdəsinə, qocaman budaqlarına, yaşıl
yarpaqlarına, bar vaxtı olanda təzə-tər meyvələrinə
baxırdı, sonra Muxtar kişinin diqqətini
yayındırmamaq üçün bərkdən yox, ürəyində
“Sağ ol!”- deyib, uçub gedirdi.
Muxtar kişi min illər boyu
öz-özü ilə nə barədə söhbət
edirdi?
– Göy Göyərçin bunu
bilmirdi və orasını da çox gözəl başa
düşürdü ki, heç vaxt da bunu bilməyəcək.
Və bir gün Göy
Göyərçin xəstələndi, o qədər zəiflədi
ki, başını qaldırıb, yuvasından Muxtar kişiyə
baxa da bilmədi və başa düşdü ki, artıq
vaxtdır, bu dünyadan haqq dünyasına köçməyin
məqamı yetişib...
Axı yer üzündəki
bütün canlılar üç min il, üç min ildən
də artıq yaşaya bilməzdi ki! Belə bir uzun
ömür, Allah kimi seçmişdisə, onun qisməti idi.
Və doğrudan da son an gəlib
çatdı və Göy Göyərçin gözlərini
güclə açaraq, üşüyə-üşüyə:
– Mən gedirəm...- dedi, sonra
yuvasından başını qaldırıb, Muxtar Kişini
son dəfə görmək, Muxtar kişini dövrəyə
almış o nikel zəncirin işıltısındakı hərarəti
artıq soyuyan vücudunda duymaq istədi, amma dikələ
bilmədi və güclə eşidilən zəif səsi ilə
balalarından soruşdu:
– Muxtar kişini
görürsüz? Balaları Göy Göyərçinin bu
sözlərindən heç nə başa düşmədi
– onlar nəyi görməli idilər? Muxtar kişi kim idi, nə
idi?
– və ağlaya-ağlaya elə
bildilər ki, sevimli ana göyərçinləri – Göy
Göyərçin bu axır məqamda sayıqlamağa
başlayıb. Sonra Göy Göyərçin gözlərini
həmişəlik yumdu və Muxtar kişiyə vermək istədiyi
sualları da özü ilə apardı.
Muxtar kişi isə eləcə tək-tənha
öz-özü ilə söhbət edirdi və Muxtar kişi
Göy Göyərçinin ölümündən xəbər
tutdumu, tutmadımı – bunu kim bilir? – bir də ki, Muxtar
kişi ömrü boyu o qədər göy göyərçinlər
görmüşdü ki... Bu dünyadakı üç min
ildən artıq həyatında Muxtar kişini
darıxdıran bir şey yox idi, təkcə
yaraşıqlı gödək dayaqlara bərkidilərək,
onu dövrəyə almış o nikel zəncirdən
başqa.
O nikel zəncir Muxtar
kişinin fikirlərinə, öz-özü ilə söhbətlərinə
mane olurdu, onu rahatsız edirdi və Muxtar kişi bunun da fərqində
idi ki, o rahatsızlıq hissi get-gedə artır. 14 avqust 2009.
Rəis Paşa. Bodrum.
ELÇİN
525-ci qəzet.- 2011.- 2 aprel.- S.21.