Mədəniyyət və Turizm Nazirliyində telekanalların kinoproqram departamentlərinin rəhbərlərilə görüş olub

  

Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Ədalət Vəliyevin rəhbərliyi ilə, nazirliyin kinematoqrafiya şöbəsinin əməkdaşlarının iştirakı ilə dövlət və özəl televiziya kanallarının kino-proqram departamentlərinin rəhbərləri ilə görüş keçirilib. Adıçəkilən nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə televiziya kanallarında nümayiş etdirilən filmlərin Dövlət reyestrində qeydə alınması, eyni zamanda, xarici filmlərin tərcüməsi, səsləndirilməsi və Azərbaycan dilinin normalarının qorunması sahəsində mövcud vəziyyət müzakirə olunub. Ə.Vəliyev televiziya kanallarında göstərilən filmlərin bəzi hallarda qeydə alınmadan və müvafiq yayım vəsiqəsi əldə etmədən efirə çıxarılmasının yolverilməz olduğunu bildirib və televiziya kanallarının təmsilçilərinə iradını çatdırıb. Müzakirələr zamanı qeyd olunub ki, bəzən filmlər dünya premyerasından dərhal sonra bəzi televiziya kanallarında nümayiş olunur ki, bu da ciddi qanun pozuntusudur. Belə hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü yolunda ciddi maneədir. Görüşdə xarici filmlərin tərcüməsi və dublyajında, səsləndirilməsi sahəsində də ciddi qüsurların mövcudluğunun tamaşaçıların haqlı narazılığına səbəb olduğu bildirilib.

Görüş iştirakçılarına məlumat verilib ki, Azərbaycanın Konstitusiyası və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə ölkədəki bütün kinoteatrlar iyul ayının 15-dən etibarən filmləri dövlət dilində nümayiş etdirməlidirlər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.