O yerlər...
KEÇDİ DOST KARVANI...
Martın 19-da, neçə illik ənənəni pozmadan, Azərbaycan yenə uzun-uzadı bir Novruz tətilinə çıxdı. Qəzetlər, nəşriyyatlar işi dayandırdı.
Dost-tanış, külfəti götürübən,
dədə-baba yurdlarına,
böyüklərin əlini
öpməyə getdi.
Mən isə pulum olmadığından Bakıda
qalası oldum.
Əvvəl-əvvəl tonqalnan,
şəkərbura-paxlavaynan başımı qatmaq istəsəm də, ikicə gün sonra darıxmağa başladım: hər gün görüşüb
dərdləşdiyin adamlar
səndən min ağac
uzaqda, sən də dönmüsən qum üstə
balığa. Əl yazıya
yatmır, göz kitaba. Nə qədər evdə
televizyonun qarşısına
keçib kanalları
vərəqləmək, məhlədəki
internet-kluba düşüb,
tanışlıq saytlarında
gəzinə-gəzinə, qarmağa gələsi səy qızlar axtarmaq olar? (hər dəfəsində
də uğursuzluğa
düçar olmaq şərtilə).
Bax, belə bir vaxtda
şair dostum Fərhad Amur zəng vurub, mənə birlikdə Gəncəyə getməyi
təklif elədi. “Ayə,
a Fərhad nə məsələdir?
Niyə gedirik Gəncəyə?”
Bəlli oldu ki, Fərhadın Gəncədə balaca bir iş görüşməsi
var. O da məni özünə yol yoldaşı seçib. Axşam saat beş üçün
Bakı avtovağzalında
görüşməyi qətiləşdirdik.
“Deməli, Gəncəyə
gedirəm, – düşündüm,
– Uşaqlığımın Şəhərinə...”
...Hər Aşurada nənəm bizi “İmamzadə”yə aparardı. Qara çadralı qadınlar,
sinə döyüb baş yaran cavanlar, yanğılı səslə nohə-mərsiyə
deyənlər, qola bağlamaq üçün
qara parça satan uşaqlar,
şərbət paylayanlar,
ehsan halvası üstündə dalaşan
qaraçılar... “İmamzadə” indiyədək
gördüyüm ən
mistik yerlərdəndir.
Göyərçin saxladığım vaxtlarda
da tez-tez gedirdim Gəncəyə. Gəncə quşbazları
ilə bazarlığın
ayrı ləzzəti
var.
“- Bunları neçəyə
verirsən?
– Hansını
deyirsən ağəli,
ağ, sinəsi
çil-çil olanlarmı?
– Yox, ağqənəd- qaraquyruq...
– Qadan alım, cütünə
50 manat ver, apar.
– Bahadı.
35 manat saya
bilərəm.
– Nə baha, ağəli, səkkiz saat uçurlar. O günü Ucar uşaqları gəlmişdilər. Quşları görüb havalandılar.
Bu göyərçinlərdən...”
Belə yerdə mütləq quşbaz dostumuzun sözünü kəsir,
“yox ee, bahadı” deyib uzaqlaşırdıq. Amma üçüncü addımı
atmamış bizi səsləyirdilər:
– Aləm, nə sən deyən olsun, nə mən deyən- 40 manat ver, apar”.
Gəncədən aldığımız göyərçinləri
gətirib, Bakı kəndlərində – Novxanı,
Balaxanı, Maştağa
quşbazlarına cütünü
60-70 manata satırdıq.
Ayaqlarındakı rezin “şəpşəpi”dən, dodaqlarının
üstünə qara qələmlə çəkilmiş
xətt kimi nazik bığdan, beş-altı cüt göyərçindən özlərinə
balaca bir dünya quran və həmin dünyanı tinlərdə
dartdıqları nəşə
ilə gözəlləşdirən
“cayılyana qərdeş”lərimiz
ciblərinin pulunu çox böyük həvəslə sayırdılar
bu göyərçinlərə...
...Həddindən
artıq dəqiq adam olduğumdan
(ay maşallah) Fərhadla
vədələşdiyimiz vaxtda deyilən yerdə oldum. Fərhad on-on beş
dəqiqə gecikdi.
Təxminən beş saat yarımdan sonra Gəncədəydik. Biz şəhərə çatanda
hava qaralmışdı.
Narın,
çiskin yağış
şəhərin hüznünü
artırırdı. Taksi
sürücüləri ayağımızı
avtobusdan yerə qoymamış başladılar:
– Taksi lazımdımı?
– Rahat taksi var, ağəli!
– Hara gedəsisən,
qadan alım!
– Taksi var, aləm!
Bizi “üç-dörd manat” kimi görən sürücülərdən birtəhər
canımızı qurtardıq. Bir kənara
çəkilib qərarlaşdırdıq
ki, Fərhad getsin görüşəcəyi
adamların yanına.
İşini yekunlaşdıranda mənə zəng eləsin. O vaxta kimi də mən
bir az
təmiz havada gəzişim.
Qulaqlarımda Alim Qasımovun sehrli-əsrarlı
avazıyla bu sözlər titrəşirdi:
Bu yerlərdən
müşki-ənbər qoxuyur,
Nazlı yarım gəzən yerdi bu yerlər.
Səyrəğiblər aralıqda
toxuyur,
Əlim yardan üzən yerdi bu yerlər...
Getdikcə yağış güclənir,
şəhərdə aşağı-yuxarı
şütüyən maşınlar
azalır, binaların
pəncərəsindən gələn
işıqlar sönürdü. Ara-sıra tindən-dalandan
burulan taksilər gecənin qaranlığına
sarı kart göstərirdilər.
Əl-ayaq yığışıb
şəhər səssizləşdikcə,
ayaqqabımın dabanı
asfalta dəyib səs eləyirdi:
– Tak, Tak, Tak, Tak...
“Voznesenski olsaydı, addım səslərinin ritmini tutub şeir
yazardı” – düşündüm. Qaranlıqda, üç ildir görmədiyim şəhərin
dəyişib-dəyişmədiyini sezə bilmirdim. Təxminən bir saat əlicibində gəzdim Gəncənin göz-gözü
görməyən küçələrini.
Alim Qasımov isə yenə öz ilahi mənşəli
işindəydi:
Əzəl başdan
qara yazılıb yazım,
Bir ah çəksəm, ərşə
qalxar avazım.
Tuti dilli, sərv boylu şahbazım,
Xumar gözün
süzən yerdi bu yerlər...
...Fərhaddan
zəng gəldi.
– Hardasan?
– Heç
özüm də bilmirəm. Gəzirəm bayaqdan. Avtovağzaldan xeyli uzaqlaşmışam.
– Bir taksiyə otur, denən sürsün “Gəncə” mehmanxanasına.
Fərhad işini tamamlamışdı. Gecənin gec
saatlarına qədər
yeyib-içib, dərdləşdik.
Fərhad Fransadan (Lionda təhsil alıb.) Mən 7-ci Mikrorayondan (orada yaşayıram) danışa-danışa
ayıldıq ki, saatın əqrəbləri
gecənin 4-nü göstərir...
...Səhər Murad Köhnəqalanın zənginə
oyandıq. Vulkanik istedadlı qələm
dostumuz bizi doğma Tovuza – Köhnəqala kəndinə
çağırırdı. Düşündüm ki, yaxşı
oldu elə, ordan da Qazaxa
gedərəm. Fərhad da
razılaşdı Köhnəqalaya
getməyə. Beləliklə, Gəncəni əməlli-başlı
görüb-gəzməmiş, Köhnəqalaya gedəsi
olduq. Gəncədən
üzü Tovuza sarı yol alanda
da Alim Qasımovun
tilsimli səsi vardı:
Mən Kərəməm,
Gəncə mənim bağlarım,
Duman gəldi, çiskin aldı dağlarım.
Ağ kağız
əlimdə, yaman çağlarım,
Dərdim deyib yazan yerdi bu
yerlər...
Köhnəqala Tovuzun dağətəyi kəndlərindəndir. Gözəl
təbiəti var. Bir ayağı Rusiyada olan Köhnəqala başıpapaqlıları hər
il sezonda
qonşu ölkəyə
çörəkpulu dalınca
gedirlər. Kənd camaatı çox
baməzədir. Hər zarafatları
bir yumor dastanıdır. Azacıq
müşahidəsi olan
adam Köhnəqaladan
Şukşin mövzuları
ilə qayıda bilər. Getdiyimiz gün Murad
bizi “Mamırtı” dağına apardı.
Murad, Fərhad, Mən, Muradın kəndçiləri Rəhim,
Zahid... Bəh-bəh-bəh. Dağların zirvəsində qalan qarda, üstünə çökən qara buludlarda, dağaşağı
əsən ayazlı mehdə Ələsgər
havası duydum:
Sərdara söz deməz, şaha baş əyməz
Qüdrətdən səngərli,
qalalı dağlar.
Muradgilin atadanqalma xudmani evi var. Şairin uzun illərdir Rusiyada yaşayan qardaşı Novruz ailəsi ilə birlikdə birdəfəlik
dədə-baba yurdlarına
qayıdıb. Novruzun həyat yoldaşı
rusdur. Amma Olya xanım
Azərbaycan yeməklərini
bişirməkdə, evə
gələn qonaqlara həssaslıq göstərməkdə
heç bir Azərbaycan qadınına
uduzmaz. Novruzun qız balaları
da, göz dəyməsin, çox dərrakəli, işıqlı
uşaqlardır. Muradın anası
Xurda xanım bizə böyük qonaqpərvərlik göstərdi.
Özümüzü bir
an da qonaq
kimi hiss eləmədik.
Axşam
Muradın bacısı
– kənd məktəbində
müəllimə işləyən
Kəmalə xanım
gəldi. Söhbət əsnasında bəlli oldu ki, ara-sıra
yazıb çap olunduğum “525-ci qəzet”
Köhnəqala kəndində
maraqla oxunur. Kəmalə müəllimə
mənim və başqa həmkarlarımın
yazıları barədə
xoş sözlər dedi. İlahi! Zövqlü,
saf qəlbli insanların oxuduğu, bəyəndiyi yazıları
yazmaq nə qədər gözəldir?!
Həmin gün gecədən keçənə kimi Köhnəqalalı dostlarla
maraqlı söhbətlər
elədik. Bir qəribə hala
şahidlik elədim ki, həmkəndliləri Muradın nəinki irfan fəlsəfəsi üstündə yazdığı
qoşmalarını, hətta
son illər sərbəstdə
qələmə aldığı
postmodernist tipli şeirlərini
də maraqla oxuyur, qəbul eləyirlər. Bakının
tən ortasında bardaş qurub, özünü “21-ci əsrin
insanı” sanan şairlər belə, bu maraqlı poetik nümunələr barədə “Murad oyunbazlıq edir” dediyi halda, ucqar
bir kənddə bu cür zövqlü
insanlar və səviyyəli yanaşma görmək adamın ürəyini dağa döndərir. Səhəri gün Muradla
Fərhad Bakıya, mənsə Qazaxa getmək üçün
Köhnəqalalı dostlarla
vidalaşdıq. Qovlar
qəsəbəsində dostları
Bakı avtobusu ilə yola salıb
yolun o üzünə
keçdim... Pir Sultan
Abdalı andım:
Pir Sultan Abdalım,
dağlar aşarım,
Aşarım da dost ellərə düşərim.
Çox əkməyin
yedim, helallaşalım,
Keçdi dost karvanı,
əyləmə bəni.
Beş-on dəqiqə sonra mən də avtobusdaydım. Və... Qazaxa, birbaş Qazaxa!...
Mövlud MÖVLUD
525-ci qəzet.-
2011.- 2 aprel.- S.18.