Bura ölkəmizin bir nömrəli səhnəsidir və ən yaxşı pyeslərə də burada meydan verilməlidir

 

Bu günlərdə Azərbaycan Akademik Milli Dram Teatrı təmirdən sonra yeni görkəmi ilə qapılarını tamaşaçıların üzünə açıb. Amma bu mədəniyyət ocağında yenilik yalnız teatr binasının xarici görkəmi ilə kifayətlənməyəcək. Bunu tamaşaçılara teatrın direktoru İsrafil İsrafilov vəd edir. İsrafil müəllim “525”ə müsahibəsində yeniliklərlə bərabər, problemlərdən və onların aradan qaldırılması yollarından danışıb.

   İsrafil müəllim, Akademik Milli Dram Teatrına daxil olanda ilk növbədə bu sənət ocağının yeni siması insanı cəlb edir. Bəs, bu yenidənqurma yaradıcılığa necə təsir göstərəcək?

–– Teatrın təmiri cənab prezidentin böyük dəstəyi və təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin gündəlik nəzarəti və qayğısı ilə həyata keçirib. Görülən işlər həqiqətən çox mükəmməl bir teatr binasının ərsəyə gəlməsi ilə nəticələnib. Hesab edirəm, bu həm teatrın kollektivinə, həm də teatrsevənlərə böyük bir hədiyyədir. Gizli deyil ki, vaxtilə biz burda çox gözəl tamaşalar qoymuşuq. Bu tamaşalar istedad, enerji, oyun, üslub baxımından çox yüksək səviyyəli tamaşalar olub. Amma təəssüf ki, bizim hələ o zaman ittifaq teatrlarının çatdığı texnoloji, texniki təminat baxımından çox ciddi çətinliklərimiz olub. Xatırlayıram ki, o zaman tez-tez deyirdilər ki, filan teatrın maddi-texniki bazasını gücləndirmək, təkmilləşdirmək və s. lazımdır. Amma təəssüf ki, çox zaman bu, yalnız qayğıdan, narahatlıqdan o yana keçmirdi. Amma bu bir həqiqətdir ki, ən yaxşı teatr tamaşası əgər texniki təminat baxımından tam əhatə olunmayıbsa, o tamaşa başlanğıcın özündən artıq kəsirli olur. Bu, qəbulolunmuş bir həqiqətdir. İstənilən teatr bu mənada korluq çəkir, təmin olunmuş hesab edilmir. Sən demə, istər rejissorun özünün təxəyyülünə gen-bol imkan verməsi, istər aktyorların səhnədə bu və ya digər çətin, mürəkkəb bir obrazı yaratmaq işində texniki təminat az əhəmiyyətli deyilmiş. Əlbəttə, başqa teatr formaları da var, ona kasıb teatr deyirlər. Yəni, səhnə yalnız onların ixtiyarına verilir və teatr digər vasitələrdən özü qəsdən ilkin olaraq imtina edir. Amma əslində Akademik Milli Dram Teatrı özünün qədim ənənələri olan bir teatrdır. Bizim oxuduğumuz, öyrəndiyimiz və gördüyümüz teatr tarixində də bu teatrın ənənələri məhz onun köməyinə gəlib. Bu mənada biz bayaq dediyim formalardan müəyyən mənada imtina edib, daha çox bu teatrın ruhuna, ənənələrinə uyğun bir teatr formasına üstünlük veririk və bu, əslində Azərbaycan teatrının digər indiki halda dünya teatr prosesindəki yerini tutmağa imkan verir.

–– Siz Tədris teatrına rəhbərlik edəndən islahatçı insan kimi tanınmısınız. Burada nələri etmisiniz və daha hansı islahatları aparmağı nəzərdə tutmusunuz?

–– Mən ötən ilin may ayında bu vəzifəyə təyin olunmuşam. Amma elə may ayından yanvara kimi teatr təmirdə oldu və “Mir” dövlətlərarası teleşirkətin binasında yerləşmişdik. Təbii ki, orda bir müəssisə kimi idik. Yəni nə tamaşa hazırlığı ilə məşğul ola bilirdik, nə intensiv məşqlər keçirirdik. Bu mənada işimizi məhdud fəaliyyətlə icra edirdik. Biz bu teatr binasında fevralın 1-dən fəaliyyət göstəririk. Demək olar, iki aydır. Bu müddət ərzində müəyyən işlər görülüb. Bu işlər mənim islahatçılıq ruhumdan, müəyyən səylərimdən daha çox onunla bağlıdır ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan teatrı: 2009-2019-cu illərdə” adlı Dövlət Proqramı təsdiq olunub. Həmin proqramda Azərbaycan teatrının o illərdə edəcəyi işlər, həyata keçirəcəyi tədbirlər, bütövlükdə teatr prosesinin təkmilləşməsi, onun intensivliyinin, həyat gücünün artması, ölkəmizin hüdudlarından kənarda tanınması, inkişafı ilə bağlı görəcəyi işlər tam əksini tapıb. Bu teatrda mənim apardığım işlərin böyük əksəriyyəti həmin dövlət proqramına əsaslanan işlərdir.

–Uzun illər boyu bizdə həm teatral tamaşaçılar, həm teatr mütəxəssisləri də bir qayda olaraq teatrın vəziyyətindən narazılıq bildirirdilər. Burada qeyri-obyektiv nəsə yoxdur. Həqiqətən teatr prosesi, xüsusən Azərbaycan Akademik Milli Dram Teatrının fəaliyyətində özünün tənəzzülünü göstərirdi. Əlbəttə, mən “teatr ölüb”, “teatr dayanıb, nəfəs almır, teatrın sabahı yoxdur” kimi fikirləri şişirdilmiş fikirlər hesab edirəm. Çünki bu, bir az həqiqətdən də uzaqdır, insafdan da. Teatr fəaliyyət göstərir, tamaşaçılar da gəlir, alqışlar da var. Amma bu teatrın canlılığını və perspektivini müəyyən edən məsələ deyildi. Bu, zirək inzibatçıların biletləri yayması və tamaşa zalının tamaşaçılarla təmini idi. Burada keyfiyyətdən və yüksək bədii estetik səviyyədən danışmaq bir az çətin idi. Yəqin məhz sadalanan amillər prezidentin bu məsələyə bu dərəcədə diqqətini artırmağa cəlb etdi və xoşbəxtlikdən belə bir dövlət proqramı qəbul edildi. Proqramda repertuar siyasətindən tutmuş, bilavasitə tamaşaları hazırlanma üsulu, aktyor rejissor münasibətlərinin formalaşması, kollektivin təkmilləşdirilməsi, yeni yaradıcılıq istiqamətlərinə yönəlməsi, aktyorların ifaçılıq təbiətinin yeni vəzifə və məqsədlərə cəlb olunması kimi bir sıra çox ciddi tədbirlər nəzərdə tutulub. Açığını deyim ki, burada repertuarın formalaşmasında bir pərakəndəlik var idi. Yəni truppanın real imkanları nəzərdə tutulmayan dərəcədə bəzi hallarda anlaşılmaz yanaşma var idi. Teatr birinci növbədə özünün bədii estetik gücü etibarilə repertuar deməkdir. Repertuar teatrın simasıdır, deyirlər. Çox haqlıdır bunu söyləyən mütəxəssislər. Biz repertuarda həm Avropa, dünya klassikasını və müasir dramaturgiyasını, həm də milli klassikamız və milli dramaturgiyamızı, eləcə də digər xalqların da dramaturji nümunələrini əsas götürsək, burada yaradıcı heyətin potensial imkanlarını nəzərə almaqla və truppada olan aktyorların özünü ifadəsi üçün şərait yaradan, o özünüifadəni müxtəlif şərtlər, estetik prinsiplər nəzərdə tutulmaqla səhnəyə gətirmək, bacarıq nümayiş etdirmək imkanlarını nəzərə alıb repertuar müəyyən edirik. Bizim gördüyümüz işlər təkcə repertuarla bitmədi. Biz rejissorlarla qonorar sistemini üstün tutduq, yəni rejissorlar konkret olaraq hər hansı bir tamaşanın quruluşu üçün dəvət olunurlar və o quruluşa görə müqavilə imzalanır, bunun əsasında onlara qonorar müəyyən edilir. Aktyorlarla kontrakt sisteminə keçdik. Yəni yaradıcı heyətlə əməkdaşlıq münasibətləri deyəndə biz daha çox müqavilə münasibətlərinə üstünlük veririk. Aktyor heyəti ilə də teatr mövsümünə dair müqavilələr bağladıq. Yəni bir teatr mövsümündə əgər teatrda 6-7 tamaşa hazırlanırsa, hər bir aktyor heç olmasa 3 tamaşada məşğul olur. Onun özünü göstərməsi, yaradıcılıq potensialını büruzə verməsi üçün imkanlar açılır. Bütün bu məsələlər teatrın islahatlar deyilən fəaliyyətinin üç ilini nəzərdə tutur. Yəni 2011-2013-cü illər. Bu islahatlar bitdikdən sonra onun səmərəsi haqqında arxayın danışa biləcəyik. Hazırda isə paralel olaraq beş tamaşa üzərində iş gedir. Çox mürəkkəb bir rejimdə işləyirik, aktyorlar səhər işə başlayırlar, axşam ona qədər məşqlərdə olurlar. Bütövlükdə çalışırıq ki, teatrın tam heyəti rolla təmin olunsun. Bundan başqa artıq teatra neçə neçə tamaşalar qoymuş bəlli rejissorlar var. Onların tamaşalarına ictimaiyyət tərəfindən dəfələrlə baxılıb, qiymətləndirilib. İndi biz yeni rejissuranı sınaqdan keçirmək, onları işə cəlb etmək yolunu tutmuşuq. Burada əlbəttə bir risk də var.

–Amma biz, yeni cavan rejissorlara özünü böyük səhnədə və artıq özünü təsdiq etmiş qüdrətli aktyorlarla bir yerdə sınamalarına imkan verməliyik. Səhvlər də ola bilər, çünki heç kim səhvlərdən sığortalanmayıb. Nəhayət yaradıcı insanın bir səhv etmək haqqı var. O, bu haqdan istifadə edə bilər. Düşünsək ki, burda ancaq yetkin, tanınmış, güclü rejissorlar işləməlidir, bir qədər yanlışlığı yol verərik. Çünki Azərbaycan teatr tarixində böyük yeri olan rejissorlar Ədil İsgəndərov, Mehdi Məmmədov Tofiq Kazımov da yaradıcılığa başlayanda məhz gənc idilər. Ədil İsgəndərov bu teatra baş rejissor təyin ediləndə 28 yaşı var idi. Heç şübhəsiz ki, biz bu cəhdlərdən ehtiyat etməməliyik. Kimsə bu məsələyə bir az şübhə ilə yanaşa, dodaq büzə, gənclərə böyük səhnədə sınaq imkanının verilməsini doğru saymaya bilər. O mövqelərə hörmətlə yanaşıram, amma razılaşmıram. Gənclər mütləq böyük səhnəyə buraxılmalıdır, onların istedadı məhz bu şəkildə bərkdən-boşdan çıxarılmalıdır.

–– Siz teatrın repertuarının formalaşmasından danışdınız. Bəs aktyorlar, rejissorlar hansı kriteriyalarla seçilir?

–– Bu, dünyamız kimi qədim bir məsələdir. Rejissor hər hansı bir tamaşanı götürürsə, onda müəyyən bir konsepsiya, realizə etmək istəyi olur. Pyesi seçirsə, onun bu konsepsiyasını, düşüncəsini tam göstərəcək aktyorları axtarır. Yəni, meyar rejissorun ali məqsədidir.

–– Bu gün yaradıcı insanların, xüsusilə aktyorların, rejissorların sosial vəziyyəti o qədər də ürəkaçan deyil. Teatr olaraq qazanc yolları axtarırsınızmı?

–– Bizim üçün hazırda məsələlərə bu şəkildə yanaşmaq və ona cavab verəcək iş görmək çox çətindir. Ən azı on görə ki, iki aydır, fəaliyyətə başlamışıq. İki ildən artıq teatr öz ünvanında tamaşa göstərməyib. Tamaşaçılar bu müddətdə teatrın binasından bir qədər uzaqlaşıblar. Bu, obyektiv səbəbdir. Subyektiv səbəb isə budur ki, teatrın tamaşaları müəyyən prinsiplərə, böyük məqsədlərə cavab vermirsə, təbii ki, zövqlü tamaşaçı teatrdan inciyir. İndi müəyyən düşüncələrimiz, layihələrimiz var. Tamaşaçılarla işləyirik. Orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəblərin birinci və sonuncu kurs tələbələri ilə bağlı olan bir layihəmiz var. Biz bu kateqoriya ilə işləyirik. Çünki gələcək potensial tamaşaçımız məhz onlardır. Gəncləri teatra cəlb etmək və onları mədəni mühitə salmaq istəyirik. Bununla bağlı artıq orta məktəblərdə silsilə tədbirlərimiz keçirilib. Nəticəyə baxıb fikir yürütsək, gələcək haqqında çox nikbin danışmaq olar. Sən demə bizim auditoriya, xüsusən gənclər teatr işinə iştahlıdırlar. Onlar teatrı sevirlər. Digər tamaşaçı kateqoriyasına gəlincə, mən o fikirdəyəm ki, tamaşaçılar teatrlar üçün bir qədər darıxıblar. Martın 10-dan biz fəaliyyətə başlamışıq. Təsəvvür edin ki, sabaha qədər (martın 31-i- P) bütün biletlər satılıb. Bu mənə həmin o fikri deməyə imkan verir. Sadəcə söhbət ondan gedir ki, tamaşaçılar növbəti dəfə teatrın qapılarından içəri girirlər, teatrın tamaşa zalına daxil olub intizarla pərdələrin açılmasını gözləyirlər. Biz onlara keyfiyyətli məhsul verməli, yüksək səviyyəli tamaşalar göstərməliyik. Həm rejissor işi, həm də tərtibat, dramaturgiya, aktyor ifası baxımından yüksək səviyyəli iş göstərməliyik ki, bura gəlmələrinə peşman etməyək.

–– Belə çıxır ki, tamaşaçı kontingentindən razısınız. Amma ortada “teatrlara gələn yoxdur”fikri mövcuddur...

–– Mən elə deməzdim. Biz sosioloji bir tədqiqat aparsaq, görərik ki, tamaşaçını yaxşı tanımırıq və onu öyrənməliyik. İstəyirik, oturaq teatrda, qapını bağlayaq və tamaşaçı gəlsin, qapını döysün ki, gəlmək istəyir. Heç yerdə belə olmur. Xüsusən indiki cəmiyyətimiz üçün min bir cəlbedici yer var. Tamaşaçı əylənmək, vaxtını mənalı keçirmək istəyirsə, bütün bunlar bir tamaşada ehtiva olunmalıdır. Biz özümüz də başqa teatrların tamaşaçılarıyıq. Yəni biz o teatrdan nə gözləyiriksə, düşünməliyik ki, tamaşaçı da bizdən onu gözləyir. Digər tərəfdən, biz tamaşaçı ilə heç zaman işləməmişik. Tamaşaçı bizi sevib, inanıb və iştirakı ilə öz sevgisini göstərib. Bəs, biz ona nə göstəririk? Bu problem barədə düşünməmişik. Tamaşa zalı doldu, alqışlar gəldi və aktyorlara gül dəstələri verildi, vəssalam. Tamaşaçı hansı ruhla, təəssüratla, düşüncə ilə getdi, peşmanmı oldu, yoxsa ömrünün o anlarını hədər keçirmədiyini düşündü, biz bilmirik, çünki öyrənməmişik. Dünyanın ayrı-ayrı böyük teatrlarında tədqiqat şöbələri var ki, onlar tamaşaçı rəyini öyrənirlər. Xüsusən çox ciddi problemimiz var: uşaq repertuarı, tamaşaları ilə bağlı. İndi orta məktəblərdə qəribə ab-hava var. Bizim vaxtımızda sinif rəhbərləri hər ay şagirdləri tamaşaya aparırdı. İndi bu ənənə yoxdur. Bəziləri deyir, Təhsil Nazirliyi buna icazə vermir, bəziləri isə məktəblərin laqeydlik göstərdiyini bildirir. Düşünürəm ki, Azərbaycan gəncliyi, uşaqlar teatra mütləq bağlanmalıdırlar. Belə olmasa, asudə vaxt keçirmək üçün başqa yer axtaracaqlar. Kim deyə bilər ki, onlar yanlış yol tutmayacaqlar. Teatra onları bağlamaq, azərbaycançılıq ideyasına, milli mənəvi dəyərlərə, ədəbiyyata, mədəniyyətə, sevgi aşılamağa gətirib çıxaracaq.

–– Uşaq repertuarı ilə bağlı problemdən danışdınız. Başqa hansı janrlarda “qıtlıq”hiss edirsiniz? Ümumiyyətlə, Milli Dram Teatrı yerli müəlliflərə üstünlük verir. Mövcud boşluğu əcnəbi dramaturqların əsərləri ilə doldurmaq olarmı? O mənadakı həmin əsərlərdə bizim aktual problemlərimiz əksini tapsın.

–– Azərbaycan teatrında bütün dönəmlərdə Axundzadə, Cavid, Haqverdiyev, Cabbarlı, Sabit Rəhman, Mehdi Hüseyn, Mirzə İbrahimov və nəhayət, bu yaradıcı insanların içərisində ən parlaq bir nümunə İlyas Əfəndiyev olub. Dram teatrı onun borcundan heç vaxt çıxa bilməyəcək. 25-30 il bütün repertuar yükü bu dramaturgiyaya borcludur. Artıq 21-ci əsrdə Azərbaycanda yeni dramaturgiyanın yaranması və onun inkişafı üçün nə yazarlar, nə dramaturqlar, nə də teatrlar xüsusi bir səy göstərir. Başa düşürəm, dramaturgiyanı kimsə formalaşdıra bilməz. Amma dramaturgiyanı həvəsləndirmək olar. Bu gün Elçinin, Afaq Məsudun, Kamal Abdullanın bir neçə pyesini istisna etsək, demək olar bizdə tearların çoxu müasir dramaturgiya baxımından obrazlı desək acdır. Əməlli-başlı qıtlıq var. Bu narahatlıq doğurur və düşünürəm ki, yaxın zamanlarda bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

–O ki qaldı əcnəbi müəlliflərə, biz onların əsərlərini də səhnələşdiririk. İndi hazırlanan tamaşaların içərisində Viktor Hüqonun pyesi var, Lev Tolostoyun Hacı Murad romanı əsasında da pyes var. Maks Prişin “Don Juan, yaxud həndəsəyə məhəbbət”, Eduard de Filipponun, Şeksprin pyesləri üzərində hazırlıq işləri gedir, yaxın vaxtlarda məşqlərə başlanılacaq. Bu kimi bir sıra çox maraqlı pyeslər var, amma söhbət müasir dramaturgiyanın yaranmasından gedir. Dünyada Avropa yazarlarının klassik əsərləri istənilən qədərdir. Bizə ən əsas cəmiyyətimizi maraqlandıran, onun üçün ən mühüm və önəmli problemin işlənməsidir. Başqa bir yol da var, amma bu bir qədər itkiyə aparan yoldur. Yəni bizim çox maraqlı müasir nəsrimiz var. Bu nəsr əsərlərini səhnələşdirib teatrın ixtiyarına vermək olar. Amma bu da var ki, səhnələşdirmədə biz bir qayda olaraq itkiyə yol veririk. Yəni bir sahə üçün yazılan daha çox təsviri, nəqletmə imkanlarını və onun ifadə vasitələrini nəzərdə tutan bir əsər başqa bir sahə, yəni səhnə üçün işləyəndə mütləq orda müəyyən itkilər olur. Bu qaçılmazdır. Rus teatrında da bu, uzun illər olub. Məsələn, Dostoyevski pyes yazmayıb, amma onun romanları ayrı-ayrı teatrlar tərəfindən səhnələşdirilib. Mövzunun böyüklüyü, xarakterlərin dərinliyi, güclü dramatizm keyfiyyətləri, səhnə, teatrallıq xüsusiyyətləri əlbəttə ki, o əsərləri səhnə üçün yararlı edə bilmişdi. Bu da bir yoldur və ondan da istifadə etmək olar. Amma Azərbaycan teatrının Cəfər Cabbarlıdan, Hüseyn Caviddən, Haqverdiyevdən sonrakı çətinliyində vaxtilə Ədil İskəndərov yazıçılara müraciət edib. Məhz o dövrdə teatrın repertuar baxımından aclıq çəkdiyi vaxtda Mirzə İbrahimov, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Cabbar Məcnunbəyov, İmran Qasımov Sabit Rəhman, İlyas Əfəndiyev kimi yazarlar bilavasitə başlayıblar teatrlar üçün pyeslər yazmağa və bununla da teatrda əməlli-başlı repertuar bolluğu yaranıb. Deyirlər, tarix iki dəfə təkrar olunur. Bəlkə biz həmin o dövrə gəlib çatmışıq ki, nəsr sahəsində böyük fəaliyyəti, yaradıcılığı olan yazarlarımız teatr üçün səhnə əsəri yazmaq istəyəcəklər. Xalq yazıçısı Elçin çox görkəmli nasir kimi tanınır, amma onun indi teatr üçün çox maraqlı və faydalı pyesləri var. Afaq Məsud, Kamal Abdulla da həmçinin. Bəlkə bu insanların ardınca digər yazarlar da pyes yazmağa başlayacaqlar. Onların yaradıcılığında bəlkə bir qədər çətinlik ola bilər, amma teatrımız bundan qazanar.

– Siz o insanların adlarını çəkdiniz ki, onları bütün cəmiyyət yaxşı tanıyır. Bəs gənc yazarlardan teatrın repertuarının zənginləşməsi baxımından yeni nə gözləyirsiniz?

– Mən elə bilirdim ki, bizdə ancaq şer yazmaq çox dəbdədir və yayılıb. Amma bura gələndən sonra gördüm ki, pyes yazmaq həvəsində olanların da sayı çoxdur. Mən o pyeslərin keyfiyyətindən, səviyyəsindən asılı olmayaraq hamısını oxuyuram. Və deyə bilərəm ki, hələlik ürəkaçan mənzərə görmürəm. Yəni o pyeslərin də müəyyən keyfiyyəti, səviyyəsi nəzərə alınmalıdır. Bura ölkəmizin bir nömrəli səhnəsidir və ən yaxşı pyeslərə də burada meydan verilməlidir. Ona görə mən bayaq ən yüksək səviyyəli pyes yazan müəlliflərin adlarını çəkdim. Çoxları teatrın repertuarında uzun müddət davam gətirə bilmir. Bu, mənada həmin əsər illərin tamaşaçıların sınağından keçə bilmirsə, deməli, onun faydası azdır. Faydası azdırsa, deməli, zərəri var. Zərəri isə aktyor oyunu solğunlaşdırır, rejissorun ifadə dilini qısa edir, nəticədə teatr zəif əsərlər səhnəyə çıxarır, tamaşaçısını da yavaş-yavaş itirməyə başlayır. Bunun belə fəsadları var.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.14-17.