Təhsilin iqtisadiyyatı: prioritet vəzifələr şəffaf və səmərəli həyata keçirilir

 

Təhsil sahəsi üzrə sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması, təhsil sistemi üzrə dövlət büdcəsi layihəsinin hazırlanması, təhsil müəssisə, idarə və təşkilatların, mərkəzləşdirilmiş tədbirlərin maliyyələşdirilməsi təhsilin iqtisadiyyatının prioritet istiqamətləridir. O cümlədən müxtəlif dövlət proqramlarının maliyyə təminatının həyata keçirilməsi, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ali və orta ixtisas məktəblərində, peşə lisey və peşə məktəblərində, ümumi orta təhsil müəssisələrində tələbə və şagird qəbulu göstəricilərinin proqnozlaşdırılması, təhsilin şəbəkəsinə aid analitik və statistik göstəricilərin hazırlanması, yeni tədris müəssisələrinin yaradılması və tipinin dəyişdirilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında təkliflərin irəli sürülməsi təhsilin iqtisadiyyatının prioritet istiqamətlərindən sayılır. Təhsil ocaqlarında mühasibat uçotu və hesabatının təşkili və düzgün aparılmasına metodik köməkliyin göstərilməsi, ayrı-ayrı tədris müəssisələri tərəfindən təqdim olunmuş mühasibat hesabatlarının təhlili, icmal mühasibat hesabatlarının hazırlanması da təhsilin iqtisadiyyatının aparıcı sahələrindəndir. Təhsil işçilərinin əmək və əmək haqqı məsələləri ilə bağlı normativ sənədlərin, o cümlədən təhsilin ayrı-ayrı sahələri üzrə nümunəvi ştatların hazırlanması, pedaqoji və digər işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi, əmək və əmək haqqı ilə bağlı normativ sənədlərin yerlərdə düzgün tətbiq edilməsinin təmin edilməsi məqsədi ilə tədris müəssisələrinə təşkilati-metodik köməkliyin göstərilməsi də diqqət mərkəzində olan məsələlərdəndir.

Təhsil Nazirliyinin tabeliyində olan müəssisə, idarə və təşkilatlarda ödənişli əsaslarla kadr hazırlığından, kurs tədbirlərindən və yenidənhazırlanmadan, tədris istehsalatından, təlim təsərrüfatından və sair daxilolmalar əsasında formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq tərtib edilməsi təhsilin iqtisadiyyatına aid vacib sahələrdən biridir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə büdcə təşkilatlarında büdcə və büdcədənkənar vəsaitlər üzrə xərc smetalarının təftişi və auditin nəticələrinin təhlili təhsilin iqtisadiyyatının ayrılmaz tərkib hissəsini təşkil edir. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, təhsilin iqtisadiyyatı sahəsinin fəaliyyəti bir sıra xüsusi əhəmiyyətli tədbirlərin və icrası birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət proqramlarının maliyyə təminatı ilə bağlı vəsaitlərin proqnozlaşdırılması, bu məqsədlərlə maliyyələşmənin həyata keçirilməsi məsələlərini də əhatə edir. Bu baxımdan ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, Dövlət İnvestisiya Proqramı çərçivəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri, “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin avadanlıqla təminatı Proqramı”, prezidentin sərəncamı ilə təsdiq edilən “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunun “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”, məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər, ilin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllimi mükafatlarının ödənilməsi və digər xüsusi əhəmiyyətli tədbirlərin maliyyələşməsini qeyd etmək olar.

Nazir deyir ki, Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsi fəaliyyətini əsasən “Təhsil haqqında”, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” qanun, Vahid Büdcə Təsnifatı, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər iqtisadi normativ-hüquqi sənədlər əsasında qurur. Şöbənin əsas fəaliyyət istiqamətləri Təhsil Nazirliyinin mərkəzi aparatının, birbaşa tabelikdə olan, mərkəzləşmiş xərclərdən maliyyələşən təhsil müəssisələrinin maliyyələşdirilməsi, onların saxlanılması xərclərinin proqnozlaşdırılması, xərclər smetalarının, nazirliyin birbaşa tabeliyində olan, mərkəzləşmiş xərclərdən maliyyələşən təhsil müəssisələrinin büdcədənkənar vəsaitlərinin proqnozlaşdırılması, gəlir və xərclər smetalarının hazırlanması, nazirlik tərəfindən həyata keçirilən dövlət proqramlarının, xüsusi əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi, xərclər smetalarının hazırlanması, bu proqram, tədbirlər üzrə vəsaitlərin Nazirliyin aidiyyəti struktur bölmələri ilə razılaşdırılmaqla proqnozlaşdırılmasıdır. Həmçinin təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri ilə bağlı mövcud tələbatın öyrənmək, ümumiləşdirmək, təhsil müəssisələrinin əmlaklarının, əsas vəsaitlərinin balansa götürülməsi, balansdan silinməsi, digər əmlak məsələləri ilə bağlı sənədlər hazırlamaq, nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, mövcud problemlərlə bağlı məlumatların toplamaq, müəssisələrdə yeni maliyyələşmə mexanizmlərinin tətbiqi ilə ilə bağlı təkliflər hazırlamaqdır. Təhsil nazirinin dediyinə görə, ötən il şöbə tərəfindən nazirliyin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi istiqamətində ciddi işlər görülüb. Ötən il ərzində ümumilikdə 255 müəssisə, idarə və təşkilatın hər ay üzrə birbaşa maliyyələşdirilməsi təmin edilib. Nazirliyin, həmçinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin mərkəzi aparatlarının saxlanılması xərclərinin hər ay üzrə maliyyələşdirilməsi təmin olunub. Nazirliyin tabeliyində olan 160 təhsil müəssisəsi üzrə büdcədənkənar vəsaitlərin icma, fərdi xərclər smetaları hazırlanıb, Dövlət Proqramlarının, bir sıra xüsusi əhəmiyyətli tədbirlərin və təhsil sahəsində digər xidmətlərin maliyyələşdirilməsi həyata keçirilib, əsaslı vəsait qoyuluşu üzrə təhsil müəssisələrinin təmiri, tikintisi ilə əlaqədar ayrılan vəsaitlərin maliyyələşdirilməsi təmin edilib, 2010-cu il ərzində maliyyələşdirmə işləri ilə əlaqədar şöbədə 3919 məxaric cədvəli, 2660 xərclər smetası, kredit açılışına dair 63 sifariş, bu məqsədlə Maliyyə Nazirliyinə 80 məktub hazırlanıb. 2011-ci və sonrakı 3 il üçün büdcə və büdcədənkənar vəsaitlərin proqnoz layihələrinin hazırlanması ilə əlaqədar tabelikdə olan təşkilatların hər birinə 4 forma üzrə 12 səhifəlik məlumatlar əlavə olunmaqla rəsmi məktublar göndərilib, bununla əlaqədar daxil olan məlumatlar təhlil olunub, ümumiləşdirilib və Maliyyə Nazirliyinə 450 səhifədən ibarət büdcə layihələri, təsdiqedici sənədlər təqdim edilib: “2011-ci və sonrakı 3 il üçün icrası nəzərdə tutulan dövlət proqramları, həmçinin xüsusi əhəmiyyətli tədbirlər üzrə vəsaitlərin proqnozlaşdırılması ilə bağlı aidiyyəti şöbələrdən daxil olan təkliflər ümumiləşdirilib, əsaslandırılıb təsdiqedici sənədlərlə Maliyyə Nazirliyinə təqdim olunub, nazirliyin Texniki peşə təhsili şöbəsi ilə birlikdə 2010-2011-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət hesabına və ödənişli əsaslarla şagird qəbulu proqnozunun layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub, ali və orta ixtisas təhsili şöbəsi ilə birlikdə 2010-2011-ci tədris ilinə Nazirliyin tabeliyində olan ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının proqnozları barədə təkliflər hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Dövlət proqramlarının, xüsusi əhəmiyyətli tədbirlərin və digər mərkəzləşmiş vəsaitlərdən maliyyələşən digər tədbirlərin icrası ilə əlaqədar konkret sərəncamlara əsasən köçürmələrin aparılması, bu əməliyyatların mühasibat uçotu, debitor, kreditor borclarının uçotu təmin edilib, müvafiq xərc smetalarının icrası ilə əlaqədar rüblük, illik hesabatlar hazırlanıb. Ümumilikdə il ərzində şöbədə vəsaitlərin ödənişləri ilə bağlı 122 Xəzinəarası köçürmə sərəncamı, 342 “Malların alış sənədi”, 403 “Sifariş” sənədi və 1980 ödəniş tapşırığı hazırlanıb. “Mühasibat Uçotu haqqında” qanununa əsasən ötən il büdcə müəssisələrində Milli Mühasibat Uçotu Standartlarının tətbiqinə başlanılıb, yeni standartların tətbiqi ilə əlaqədar il ərzində Respublika Maliyyə Nazirliyi ilə əməkdaşlıq edilib, şöbənin 5 əməkdaşı həmin Nazirlik tərəfindən Peşəkar Mühasiblər Məktəbində təşkil olunan 3 aylıq kurslarda nəzəri və praktiki biliklərə yiyələniblər. Əldə edilən bilik, bacarıqlara əsasən tabelikdə olan təşkilatların baş mühasiblərinə yeni mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı metodiki, əməli köməkliklər göstərilib, tabe təşkilatlardan yeni milli mühasibat uçotu standartlarına əsasən 5 hesabat forması üzrə mühasibat hesabatları qəbul edilib, yoxlanıb və icmallaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə xarici ölkələrdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məqsədilə il ərzində Nazirliyin Beynəlxalq Əlaqələr şöbəsi ilə birlikdə Dövlət Neft Fondu ilə sıx əməkdaşlıq edilmiş və müvafiq vəsaitlərin ayrılması ilə bağlı təsdiqedici sənədlər əlavə olunmaqla 53 sifariş məktubu Fonda göndərilib. İl ərzində Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına 24 ölkənin ali məktəblərində təhsil alan 578 tələbənin təhsil, yaşayış, yol və digər xərclərinin ödənilməsi ilə bağlı beynəlxalq köçürmələr edilib, bu vəsaitlərin hər bir tələbə üzrə mühasibat uçotu aparılmış və hesabatlar hazırlanıb. Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən təhsil müəssisələri tərəfindən təqdim edilən ştat cədvəllərinin qüvvədə olan normativ sənədlərə uyğunluğu yoxlanılıb, bununla bağlı təhsil müəssisələrinə metodiki və praktiki köməkliklər göstərilib. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar Nazirliyin aparatı, Ali və orta ixtisas təhsili şöbəsi, Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə Əlaqələndirmə Qrupu ilə birlikdə bir sıra tədbirlər görülmüş, Respublika Maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılıb, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı normativ sənədlər hazırlanıb”. M.Mərdanov vurğulayıb ki, bu il şöbə tərəfindən büdcə göstəricilərinin tabelikdə olan aidiyyəti təşkilatlara çatdırılması, 2011-ci ilə proqnozlaşdırılan büdcə xərclərinin vaxtında, səmərəli istifadə edilməsinin təmin edilməsi, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı yaranan problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin və bir sıra proqramların, xərclərin 2011-c ilin büdcəsində nəzərə alınmasını təmin etmək məqsədilə yenidən Maliyyə Nazirliyinə təkliflərin hazırlanması nəzərdə tutulub. Habelə Milli Mühasibat Standartlarına keçidlə bağlı tədbirlərin görülməsi, ümumi təhsil, orta ixtisas təhsili pillələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı təkliflərin hazırlanması, məktəb şəbəkələrinin rasionallaşdırılması ilə bağlı təkliflərin hazırlanması, əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 2 aprel.- S.10.