Azərbaycan-Avropa İttifaqı: əməkdaşlığın
15 ili
Azərbaycan dövlət
müstəqilliyinin beşinci ildönümündə,
1996-cı ildə mühüm bir addım atdı. Həmin il
22 aprel tarixində ölkəmizlə Avropa
İttifaqı(Aİ) arasında münasibətlərin
hüquqi əsasını təşkil edən Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi (TƏS) imzalandı. Lüksemburq
şəhərində imzalanmış saziş onu imzalayan
bütün dövlətlər tərəfindən ratifikasiya
edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə
minir. 1996-cı ildə Azərbaycanın həm də
“xüsusi dəvət olunmuş qonaq” statusu ilə Avropa
Şurası ilə əməkdaşlığa
başlaması sübut edir ki, müstəqil dövlətimiz
özünün inkişaf, müasirləşmək,
demokratiya yolunda irəliləməsini Avropaya inteqrasiyada
görür. Bu qərarlar eyni zamanda “Şərqin
qapısı” olan Azərbaycanın həm də Avropanın
ayrılmaz parçası olduğunu sübut edir. 15 il əvvəl
imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığı
möhkəmləndirmək üçün müvafiq
mexanizmlər təmin etməklə, münasibətlərə
yeni təkan vermiş oldu. Bu Saziş siyasi dialoq, insan
hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni
və digər əməkdaşlıq sahələrində
genişmiqyaslı əməkdaşlığı nəzərdə
tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan
qanunvericiliyinin Aİ qanunvericiliyinə
uyğunlaşdırılmasıdır. Xatırlatmaq yerinə
düşərdi ki, Avropa İttifaqının əsas məqsədi
Avropa xalqlarının sıx ittifaqını yaratmaq, beynəlxalq
aləmdə birgə xarici siyasət yürütmək, daxili
sərhədləri olmayan məkan, vahid valyuta yaratmaqla uzun
müddətli iqtisadi tərəqqiyə yardım etməkdən
və s. ibarətdir. Bütün bu məqsədləri həyata
keçirmək üçün Aİ həm də sərhədlərini
genişləndirməyə başladı.
1999-cu ildə Avropa
İttifaqının 15 üzvü var idisə, indi üzvlərin
sayı 27-dir. Bu genişlənməyə isə qurum Mərkəzi,
Şərqi və Cənubi Avropa ölkələrini
sıralarına daxil etməklə nail olub. Amma bu da son deyil.
Bütün Avropanı əhatə etmək üçün
qurum 2003-cü ildən Avropa Qonşuluq Siyasətini (AQS) həyata
keçirməyə başlayıb. Azərbaycanın Aİ
Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə
Avropa Qonşuluq Siyasətinə daxil edilməsi təbii ki,
ikitərəfli əməkdaşlıqda irəliyə
doğru mühüm addım sayılır. Aİ ilə əlaqələrdə
daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd
edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın
gələcək inkişafı baxımından yeni bir mərhələ
oldu. AQS ölkəmiz üçün siyasi, iqtisadi və
inzibati islahatların həyata keçirilməsi, birgə dəyərlərə
hörmət edilməsində konkret irəliləyişə
nail olunması müqabilində Aİ-nin daxili bazarında
müəyyən paya sahib olma imkanı, vətəndaşların,
əmtəələrin, xidmətlərin və kapitalın sərbəst
dövriyyəsini təmin etmək məqsədilə gələcək
inteqrasiya və liberalizasiya proseslərində iştirakı,
Aİ üzv ölkələri ilə daha səmərəli
siyasi dialoq və əməkdaşlıq, güzəştli
ticarət əlaqələri və açıq bazar,
miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla
mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin
təşviqi, yeni maliyyə mənbələrinin əldə
edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına
üzv olmasının dəstəklənməsi və s. kimi
imkanlar yaradır. Həmçinin, AQS tərəfdaş
ölkələr, o cümlədən Azərbaycan
üçün mədəni, təhsil və ətraf
mühit kimi sahələr üzrə əlaqələri təşviq
edən müəyyən Aİ proqramlarında daha çox
iştirak və texniki yardım imkanları təqdim edib.
AQS-in mərkəzi elementi isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. 3-5 illik müddət
üçün nəzərdə tutulan bu sənədlər
hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən
qarşılıqlı dəyər və maraqlar nəzərə
alınaraq hazırlanıb. Azərbaycana dair Fəaliyyət
Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə Azərbaycan-Aİ
Əməkdaşlıq Şurasının iclası zamanı
qəbul edilib. Beləliklə, daha əvvəl TƏS ilə
tənzimlənən Azərbaycan–Aİ münasibətlərinin
gələcək inkişafının istiqamətləri AQS
çərçivəsində Fəaliyyət Planı ilə
müəyyən olunub. Onu da qeyd edək ki, ölkəmiz
müstəqillik qazandıqdan sonra Azərbaycan
iqtisadiyyatına yardım göstərən əsas donorlardan
biri olan Avropa İttifaqı bu gün də bu siyasətini
davam etməkdədir. Bu gün Azərbaycan ilə Aİ arasında
əməkdaşlığın əsas istiqamətlərindən
birini enerji dialoqu təşkil edir. Avropanın enerji təhlükəsizliyində
mühüm rola malik olan ölkəmizlə qurum arasında bu
çərçivədə 2006-cı ilin noyabrında
ölkə prezidentinin Brüsselə səfəri zamanı
imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan
Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu” enerji dialoqunun genişləndirilməsi
istiqamətində yeni imkanlar yaratdı. Bu Memorandumun əsas məqsədləri
Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi,
həmçinin Azərbaycanın enerji infrastrukturunun
inkişafı və müasirləşdirilməsi, enerjidən
səmərəli istifadə, enerjiyə qənaət və bərpa
olunan enerji mənbələrinin istifadəsidir. Ölkəmiz
Aİ ilə Şərq Tərəfdaşlığı
(ŞT) proqramı çərçivəsində də əməkdaşlıq
edir. Polşa və İsveçin təşəbbüsü
olan bu layihə Şərqi AQS ölkələri
üçün vahid formatın təsis edilməsini nəzərdə
tutur.
Təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan,
Ukrayna, Moldova və Belarusu əhatə edir. İki il əvvəl may
ayında Praqada “Şərq Tərəfdaşlığı”
üzrə keçirilən Zirvə görüşündən
sonra sözügedən təşəbbüsün əsas məqsədləri
və prinsipləri, həmçinin gələcək əməkdaşlıq
prosesinin ümumi cizgiləri müəyyən edən Birgə
Bəyannamə qəbul edilib. Bununla da ŞT-yə yüksək
rəsmi səviyyədə başlanğıc verilmiş
oldu. Bu proqram iştirakçı ölkələr
arasında münasibətlərin daha yüksək səviyyəyə
qaldırılması, mövcud əməkdaşlığın
ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək
genişləndirilməsini nəzərdə tutur. Belə ki,
Aİ və hər bir tərəfdaş ölkə
arasında daha sıx əlaqələrin yaradılması məqsədilə
ikitərəfli format çərçivəsində
mövcud Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin
imzalanması, tərəfdaş ölkənin Ümumdünya
Ticarət Təşkilatına üzv olduğu təqdirdə
onunla dərin və müfəssəl azad ticarət
zonasının yaradılması, həmçinin vizaların
tədricən liberallaşdırılması, tərəfdaş
ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin
gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın
həyata keçirilməsi və s.
planlaşdırılır. Şərq Tərəfdaşlığı
demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi
inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma,
enerji təhlükəsizliyi, insanlar arasında təmaslar və
s. nəzərdə tutur. Azərbaycanın xarici işlər
nazirinin müavini Mahmud Məmməd-Quliyevin sözlərinə
görə, Şərq Tərəfdaşlığı
Proqramının ikitərəfli və çoxtərəfli
olmaqla iki formatı var. “İkitərəfli format bizim
üçün çox mühümdür. Çoxtərəfliyə
gəlincə, əgər bu formatda hansısa layihə
müzakirə olunsa, Azərbaycan ona ayrı baxacaq. Bu proqramda
Ermənistan da iştirak edir. Azərbaycan Ermənistanla
heç bir əməkdaşlıq etmir. Ona görə layihə
Azərbaycanın milli maraqlarına uyğun olmalıdır”.
Yeri gəlmişkən, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etməsə də, dəfələrlə müxtəlif səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Cari ilin yanvarında Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo da belə bir bəyanatla çıxış etdi: “ Avropa Birliyi, əlbəttə ki, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirik və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırıq”. Eyni zamanda Avropa Parlamenti də işğal faktını tanıyan qətnamə qəbul edib. Təbii, bütün bu sadalananlar ölkəmizin həqiqətlərinin Avropa Birliyi tərəfindən də dəstəkləndiyini bir daha sübut edir. Barrozonun Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi haqqında birgə bəyannamə”ni imzalanması ilə rəsmi Bakı Azərbaycanın Avropaya daha çox qaz ixrac edəcəyini və Nabukko layihəsini dəstəklədiyini ortaya qoydu. Avropa Birliyi ilə imzalanan İndikativ Proqram isə o deməkdir ki, Azərbaycan siyasi və iqtisadi islahatları dərinləşdirdikcə Avropaya daha çox yaxınlaşacaq, malları daha sərbəst şəkildə Avropa bazarına çıxacaq, həmçinin AB ölkələrinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejiminin yumşaldılması, assosiativ saziş məsələsi də gündəmdədir. Barrozu Bakıda bəyan etmişdi ki, assosiasiya sazişinin əsas məqsədi strateji əlaqələri daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzimli olduğunu bəyan edib, Azərbaycan isə bu yolda uğurla addımlamaqdadır.
Sultanova Pərvanə
525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.