“Bir insan
üçün dövlət müstəqilliyinin
qurulmasının iştirakçısı olmaq xoşbəxtlikdir”
BƏXTİYAR ƏLİYEV: “MOSKVADA
YAXŞI İŞ SAHİBİ OLMAQ ŞANSINDAN İMTİNA
ETDİM”
Milli Məclisin
deputatı, professor Bəxtiyar Əliyevin 50 yaşı tamam
olub. 1961-ci il martın 20-də Ağdamın Papravənd kəndində
anadan olan Bəxtiyar Əliyev Moskva Dövlət Universitetinin
psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir.
Rus və ingilis dillərini bilir.
1983-1997-ci illərdə
Azərbaycan Dövlət Universitetində baş laborant,
müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində
çalışıb. 1997-ci ildən Bakı Dövlət
Universitetinin psixologiya kafedrasının müdiridir. 2000, 2005 və
2010-cu illərdə Milli Məclisin deputatı seçilib.
Parlamentin elm və təhsil komitəsi sədrinin
müavinidir. Evlidir, 2 övladı var.
– Bəxtiyar müəllim, 50 il necə
keçdi? Bu 50 ildə xüsusi yadda qalan məqamlar
hansılardır?
– 50 il elə də
böyük tarix deyil. Bir tərəfdən çox ola bilər,
digər tərəfdən də az. Bir həyatdır,
yaşamışıq. Düşünürəm ki, kifayət
qədər dolğun yaşanmış illərdir. Bu illər
ərzində çoxlu iş görülüb, uğurlar
qazanılıb, çox qiymətli hadisələr
yaşanıb.
Mənim
üçün ən qiymətlisi odur ki, müstəqil Azərbaycanın
vətəndaşlarıyıq. Biz müstəqilliyi
gördük və bununla fəxr edirik. Bu, tarixi bir hadisədir.
Həmişə fikirləşirdik ki, görəsən, nə
vaxtsa Azərbaycan bir daha müstəqil ola bilərmi?
Şükürlər olsun ki, buna nail olduq. Müstəqilliyimiz
böyük səadətimiz, xoşbəxtliyimizdir. 20 il
ötüb, bəlkə də çoxları bu xoşbəxtliyi
hiss etmir. Amma bir insan üçün dövlət müstəqilliyinin
qurulmasının iştirakçısı və müstəqil
dövlətin vətəndaşı olmaq ən böyük
nemət və xoşbəxtlikdir.
– Moskva Dövlət
Universitetində təhsil almısınız, gənc yaşda
elmlər doktoru, kafedra müdiri, Milli Elmlər
Akademiyasının müxbir üzvü olmusunuz. Eyni zamanda fəal
ictimai-siyasi fəaliyyətlə məşğulsunuz,
üç dəfə Milli Məclisə üzv
seçilmisiniz. Sizcə, insanı uğura aparan
başlıca amil nədir?
– Hər bir
uğur istək və zəhmət hesabına başa gəlir.
İstək və zəhmət olanda qarşıya qoyulan vəzifələri
həll etmək, arzuları həyata keçirmək
mümkündür. Vacib şərtlərdən biri də
ciddi məsuliyyətin olmasıdır.
Ağdamda orta məktəbi
bitirdikdən sonra 1970-ci illərdə Moskva Dövlət
Universitetində oxumaq arzun ola və buna nail olasan, sonra Bakı
Dövlət Universitetində fəaliyyətə başlayasan
– bu arzular üçün çalışmaq, oxumaq lazım
idi.
Elm yolunu
seçməyim ailəmdən irəli gəlirdi. Müəllim
ailəsində, elm mühitində böyümüşəm.
Baxmayaraq ki, valideynlərim eyni zamanda Sovet dövründə
partiya və dövlət işlərində də
çalışıblar. Bu uğurlar elə bir mühitdə
qazanılıb ki, o mühitin özü də buna uğurlara
şərait yaradıb. Bununla yanaşı, Azərbaycanda gedən
proseslər, elmi yüksəliş, psixologiya elminin Azərbaycanda
gənc olması və bu sahədə böyük tədqiqatlara
ehtiyac duyulması uğurlara şərait yaratdı.
İlk
uğurumuz Məhkəmə-Psixoloji Ekspertizası Elmi Tədqiqat
Laboratoriyası yaratmağımız oldu. Azərbaycanda ilk dəfə
belə müstəqil elmi tədqiqat laboratoriyası
yaradılırdı. Ardınca müstəqil elmi mərkəz,
daha sonra Azərbaycanda ilk müstəqil psixologiya elmi
jurnalı, Bakı Dövlət Universitetində eksperimental
psixologiya elmi tədqiqat laboratoriyası yaratdıq. Bunlar
hamısı elmin yeni sahələrində, istiqamətlərində
qazanılan uğurlardır. Burada yeni kadrlar yetişirdi, elmin
yeni istiqamətləri üzrə araşdırmalar
aparıldı, həm Azərbaycan, həm də dünya elminə
töhfələr verildi.
Bu müddət
ərzində bilavasitə mənim rəhbərliyim altında
23 aspirantın, 5 elmlər doktorunun yetişdirilməsi,
Psixologiya Elmləri üzrə Müdafiə Şurasına sədrlik
etməyim, burada psixologiya elminin bütün sahələri
üzrə kadrların hazırlanması və sair işlər
insanı daha çox məsuliyyətli olmağa, daha çox
işləməyə, elmin inkişafına töhfələr
verməyə sövq edən məsələlərdir.
Sovet
dövründə Moskva, Leninqrad şəhərlərində,
sonra xarici ölkələrdə beynəlxalq konfranslarda
çıxışlar etmək, Azərbaycan elminin təmsilçiliyi,
Beynəlxalq Psixologiya Assosiasiyasına üzvlük kimi işlərin
hamısı, əlbəttə, Azərbaycan dövlətinin
bizə yaratdığı imkanlar nəticəsində
mümkün olub.
– 1970-ci illərdə
universitetə daxil olmusunuz, həmin dövr daha çox bir
xüsusiyyəti ilə seçilir – o vaxt çoxları
övladının partiya və ya hüquq mühafizə
sistemində işə düzəltmək üçün ya
tarix fakültəsində, ya da hüquq fakültəsində
oxumasını istəyirdi. Psixologiya elminin Azərbaycanda
populyar olmadığı bir dövrdə nədən bu
ixtisası seçdiniz?
– Səmimi deyim
ki, mən hüquq mühafizə orqanlarında
çalışmaq istəmirdim, buna
hazırlaşmırdım. Şərqşünas olmaq istəyirdim,
amma Bakıda deyil, Moskva Dövlət Universitetinin Asiya və
Afrika Ölkələri İnstitutunda oxumaq istəyirdim. O
dövrdə şərqşünaslıq fakültəsi
Asiya və Afrika Ölkələri İnstitutu
adlanırdı. Mən orta məktəbi bitirib imtahan vermək
üçün Moskvaya getdim. Amma çox təəssüf
ki, ora respublika komsomolunun göndərişi, zəmanəti tələb
olunurdu. Mən rayon komsomolunun göndərişini
almışdım. Bu göndəriş bir növ zəmanət
rolunu oynayırdı, çünki şərqşünaslığı
bitirən tələbə xarici ölkədə işləməyə
gedirdi və onun geri qayıtmaması narahatlığı
vardı. Bakıda, respublika komsomolunda mənə zəmanət
vermədilər. Dedilər ki, gecikmisiniz. Mən iyul
ayının əvvəllərində müraciət
etmişdim, sən demə, müddət apreldə bitib, halbuki
məktəbi iyun ayında bitirirdik. Moskvada dedilər ki,
hüquq, tarix, filologiya fakültələrinə sənəd
verə bilərsiniz, mən heç birini istəmədim.
Universitetin
fakültələri haqda bir kitabça almışdım.
Psixologiya fakültəsinin üzərində dayandım.
Gördüm ki, psixologiya daha çox mənim fikirlərimə
uyğundur. Evdəkilər bunu təəccüblə
qarşıladılar. Ali məktəbi bitirdikdən sonra
iş tapa bilməyəcəyimdən narahat idilər.
Beləcə, o
vaxt psixologiya ixtisasını seçdim və buna çox
şadam. Qarşıya qoyduğum məqsəd və istəklərə
bu fakültəni bitirməklə nail oldum.
Orta məktəbdə
oxuyanda başqa sahələrə də marağım
vardı. Sulu boya ilə şəkil çəkirdim, musiqi məktəbinə
gedirdim. Hətta “Qarabağ bülbülləri” ansamblında
kamança çalırdım. Eyni zamanda, foto və kino sənətinə
böyük həvəsim vardı. Bir klubda
çalışırdıq. “Qarabağ bülbülləri”
adlı 15 dəqiqəlik qısametrajlı film çəkmişdik.
Onu Polşaya qısametrajlı film festivalına göndərdik,
müsbət qarşılandı. Amma valideynlərim
Polşaya getməyimə icazə vermədilər, festivalda
iştirak edə bilmədim. Nə “Qarabağ bülbülləri”
ilə festivala gedə bildim, nə də kino fəaliyyətini
davam etdirdim. Amma o hisslər hələ də içimdə
yaşayır.
– O vaxt şərqşünaslıq
fakültəsində təhsil alanları görəndə
hansı hisslər keçirirdiniz?
– O fakültənin
tələbələrindən də dostlarım vardı. Mən
universitetə 1978-ci ildə daxil olmuşdum, 1980-ci ildə həmin
institutun tanınmış akademiklərindən biri mənə
şərqşünaslıq fakültəsinə keçməyi
təklif etdi. O il Moskvada olimpiada keçirilirdi, tərcüməçilərə
də ehtiyac var idi. Amma psixologiya artıq mənim canıma elə
hopmuşdu ki... Asiya və Afrika Ölkələri
İnstitutunun mənə verə bilməyəcəyi şeyləri
psixologiya verirdi. Ona görə də bu təklifdən imtina
etdim. Hətta fiziologiya fənni üzrə imtahandan sonra
kafedra müdiri rektor qarşısında məsələ
qaldırmışdı ki, məni biologiya fakültəsinə
keçirsinlər. Kafedra müdiri mənim gələcəkdə
böyük bir fizioloq olacağıma çox inanırdı,
amma mən bundan da imtina etdim.
Mənim fikrim,
seçimim qəti idi, psixologiya ürəyimcə olan ixtisas
idi. Təsadüfi seçim olsa da. İlk iki ildə
psixologiya fakültəsində oxumaq çox çətin
idi. Birinci və ikinci kurslarda, demək olar, günümün
18 saatından çoxunu oxumağa, bu sahəni öyrənməyə
sərf edirdim.
– O dövrdə
Moskvaya təhsil almağa gedən tələbələrin
çoxu geri qayıtmırmış, necə oldu ki,
universiteti bitirdikdən sonra Azərbaycana qayıtmaq qərarına
gəldiniz?
– Aspiranturada
qalmaq istəyirdim, bununla bağlı təklif də
olmuşdu. Amma fakültənin elmi şurası zəmanət
verməli idi, bunun üçün Bakıdan razılıq məktubu
almaq lazım idi. O vaxt Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutu bu məktubu mənə vermədi.
Dedilər ki, Elmlər Akademiyasında təcili psixologiya
şöbəsi yaratmalıyıq. Təhsil Nazirliyindən də
“Qayıtmalısan, göndərişi bütün işlər
görüldükdən sonra verəcəyik” dedilər. Həmin
il fakültə tarixində ilk dəfə idi ki, Moskva Şəhər
İcraiyyə Komitəsində bir yer
ayrılmışdı. Fakültəyə göndəriş
gəlmişdi. Məni universitetin partiya təşkilat komitəsinə
dəvət etdilər. Dedilər ki, rəhbərlik təyinatımı
həmin yerə verməyi məsləhət görüb.
Moskvada yaşamaq, birdən-birə ev almaq və yaxşı
iş sahibi olmaq şansı yarandı. O dövr
üçün böyük bir uğur idi. Amma mən yenə
də imtina etdim, ruhumda belə şeylər yox idi, elmlə məşğul
olmaq istəyirdim.
Bakıya
qayıtdım və 1983-cü ildə Bakı Dövlət
Universitetində fəaliyyətə başladım. Müxtəlif
yerlərdən yaxşı təkliflər almağıma
baxmayaraq o gündən bu günə universitetin psixologiya
kafedrasında çalışıram. Baş laborantdan kafedra
müdirinə qədər yüksəlmişəm, bu mənə
böyük etimaddır. Elm adamı üçün
böyük nailiyyət və fəxrdir. İxtisasın
olduğu elmin ölkədəki ən yüksək qurumuna rəhbərlik
etmək və həmin elm sahəsində elmlər doktoru,
professor olmaq alim üçün çox böyük
uğurdur. 2007-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasına seçkilər keçirildi. Bakı Dövlət
Universitetinin Elmi Şurası, akademiklər və dövlət
mənə böyük etimad göstərdi, akademiyanın
müxbir üzvü seçildim. Bu da böyük uğurdur
və çalışıram ki, bu uğurların məsuliyyətini
sona qədər daşıyım, elmə
bacardığım qədər töhfələr verim.
– Bu gün
ölkədə psixologiya elminin vəziyyəti nə yerdədir?
– İlk illərdə
Azərbaycanda psixologiyanın tam anlamda dərk edilməməsinin
səbəbi o idi ki, sovet dövründə bu fəaliyyət
sahəsi məhdudlaşdırılmışdı. Psixologiya
elmindən ancaq mühüm sahələrdə istifadə
olunurdu. Məsələn, adı məxfi saxlanan psixoloqlar
qrupundan kosmonavtların hazırlanmasında, hərbi təşkilatlarda,
hüquq mühafizə orqanlarında istifadə olunurdu. Yəni
yalnız bu sahədə psixoloqlar lazımi insanların
seçilib hazırlanması, psixoloji müharibənin
aparılması qaydaları ilə məşğul olurdular.
Az-çox da milli siyasət sahəsində psixologiya tətbiq
edilirdi. Qalan sahələrdə isə psixologiyaya geniş yer
verilmirdi.
1980-ci illərdən
psixologiya səhiyyə sahəsində tətbiq olunmağa
başladı, təkcə nevroloji dispanserlərdə deyil,
kardioloji xəstəliklərdə, neyrocərrahiyyədə
və sair sahələrdə də istifadə olundu. Beləliklə,
yavaş-yavaş sovet idarəçiliyində psixologiyaya yer
verildi və bu, Azərbaycanda da tətbiq edildi.
1990-cı illərdə
BDU-da sosial elmlər və psixologiya fakültəsi, Səhiyyə
Nazirliyində xüsusi psixoloji mərkəz yaradıldı,
bütün orta məktəblərdə praktik psixoloq
ştatları açıldı və bu gün orta məktəblərdə
5 mindən artıq psixoloqlar işləyir. Bu gün idmandan
tutmuş istehsal sahəsinə qədər elə bir sahə
yoxdur ki, orada psixologiya tətbiq edilməsin, psixoloqa ehtiyac
olmasın. İstər məhbusların islahı, istər
insanların işə qəbulu, istər xəstələrə
düzgün diaqnoz qoyulması, müalicəsi, istərsə
də uşaqların tərbiyəsi, istedadların aşkar
edilməsi sahəsində psixoloqlara tələbat var.
Təəssüflər
olsun ki, psixologiya elminin əldə etdiyi nailiyyətlərin Azərbaycanda
tətbiqi üçün olan imkanlardan hələ tam istifadə
edilmir. Xüsusilə də nəzərə alsaq ki, artıq
Azərbaycanda özəl sektor iqtisadiyyatın 85 faizini təşkil
edir, sifarişlər daha çox özəl sektordan
olmalıdır. Amma təəssüf ki, özəl sektorun təqribən
5-6 faizi psixoloqlara müraciət edir.
Bununla belə, əhali arasında kifayət
qədər maariflənmə var, psixoloji yardım mərkəzləri
fəaliyyət göstərir, insanlar ən müxtəlif məsələlərdən
qaynaqlanan psixoloji problemlə bağlı ora müraciət
edirlər. Bu mərkəzlərdə kifayət qədər
yüksək xidmət göstərilir və əhali bunun nəticəsini
görür. Düşünürəm ki, 21-ci əsr
psixologiya elminin əsridir. Bu gün dünyada baş verən
hadisələr də göstərir ki, bu elmin
inkişafına və praktikada tətbiqinə böyük zərurət
var.
– Siz həm də Milli Məclisin elm və
təhsil komitəsinin sədr müavinisiniz. Azərbaycan elm və
təhsilinin indiki durumuna yanaşma birmənalı deyil. Bu
durumu siz necə qiymətləndirirsiniz?
– Məsələyə iki tərəfdən
yanaşmaq olar. Birinci, təhsil sahəsində böyük
islahatlar gedir və xeyli uğur qazanılıb. Ancaq ölkədə
gedən inkişaf səviyyəsini götürsək,
günün meyarları baxımından təhsilin
hazırkı səviyyəsi bizi qane etmir. Bu gün Azərbaycan
vətəndaşı yüksək informasiya texnologiyaları
cəmiyyətində yaşamağa başlayıb. Biz belə
bir cəmiyyətin vətəndaşını elm və təhsil
sahəsində də qane etməyin yollarını
düşünməliyik. Ölkə prezidentinin həyata
keçirdiyi iqtisadi, siyasi, mədəni islahatlar olduqca sürətlidir
və biz elm və təhsil işçiləri öz
işimizi elə qurmalıyıq ki, ölkə
başçısının apardığı islahatlarla
ayaqlaşa bilək.
– Ağdamda doğulmusunuz, uşaqlıq və
gənclik illəriniz orda keçib. Ağdam yadınıza
düşəndə özünüzü necə ovudursuz?
– Nəinki Ağdam, bütün Qarabağ
hər gün mənim yadımdadır. Kəlbəcər,
Laçın, Şuşa, Füzuli, Qubadlı, başqa rayonlar
da mənə çox doğmadır.
Uşaqlığımın böyük bir hissəsi həmin
rayonlarda, meşələrdə keçib. Ağdamın hər
bir küçəsi indi də gözümün
qabağındadır. Bu, çox ağır xatirələrdir,
çox ağır...
Bir şeylə özümə təsəlli
tapıram ki, dövlət başçısının rəhbərliyi
altında Qarabağla bağlı aparılan siyasətdə
biz də iştirak edirik. Biz də
çalışırıq ki, Qarabağın geri
qaytarılmasında dövlət başçısına
hansısa bir kömək göstərə bilək.
Düşünürəm ki, bu sahədə dövlətimiz
bir xeyli uğura nail olub. İşğal altında olan
torpaqların qaytarılması günü-gündən
yaxınlaşır. Lakin bu o qədər də asan məsələ
deyil. İlk növbədə ordumuzun gücləndirilməsi
və diplomatik uğurlar bizə həm mənəvi, həm də
hüquqi əsas verir ki, torpaqlarımızı
işğaldan ordumuzun rəşadəti qələbəsi ilə
azad edək. Və bu prosesdə mən iştirak edim və bu
mənə çox böyük təsəlli olardı.
İmdad ƏLİZADƏ
525-ci qəzet.- 2011.- 2 aprel.- S.29.