Türkiyənin “Eurovision-2011” təmsilçisi  “Yüksək Sadakat” qrupu Bakıya gəlib

 

“Yüksək Sadakat” qrupu Bakıya gəlib Türkiyənin “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi “Yüksək Sadakat” qrupu tanıtma turu çərçivəsində Azərbaycandadır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən APA-ya verilən məlumata görə, qrup Bakıda olduğu müddətdə İctimai Televiziyada olacaq, televiziya proqramlarında çıxış edəcək. “Yüksek Sadakat” qrupu ilk olaraq dünən axşam İctimai TV-nin “Eurovsion xəbərləri”ndə olub, bu gün isə “TVR klub” proqramlarında canlı efirdə qonaq olacaq. Türkiyənin “Eurovision-2011” təmsilçiləri, həmçinin digər yerli telekanallar və informasiya agentliklərinə müsahibələr də verəcək. Tanıtma turuna Bosniya və Hersoqovinadan başlayan “Yüksək Sadakat” qrupu aprel ayı ərzində Almaniya və Maltada olacaq. Xatırladaq ki, Türkiyə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin mayın 10-da keçiriləcək I yarımfinal mərhələsində “Live it up” mahnısı ilə çıxış edəcək. “Yüksek Sadakat” qrupunu 1997-ci ildə bəstəkar və bas-gitaraçı Kutlu Özmakinaçı yaradıb. Qrupun vokalçısı Kənan Vural, gitaraçısı Serkan Özgen, bas-gitaraçısı Kutlu Özmakinaçı, klaveçisi Uğur Onatkut, baraban ifaçısı isə Alpay Şaltdır. Qrup 2008-ci ilin sonlarında TRT-dən daxil olan təklif əsasında “TRT Radio1”-də bir il müddətində “Ehtimallar dənizi” proqramını təqdim edib. 2009-cu ildə Avropa turnesinə çıxan “Yüksek Sadakat” qrupu Almaniya, Niderland, Belçika və İsveçrədə 7 konsert verib. Bu günədək 3 albomu işıq üzü görən qrupu TRT 2011-ci ildə Düsseldorfda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində Türkiyə təmsilçisi kimi seçib.

 

 

525-ci qəzet.- 2011.- 5 aprel.- S.7.