Tarixçi alim Oqtay Əfəndiyevin 85 illiyilə bağlı tədbir keçirilib

 

 Dünya Azərbaycanlıları Konqresində (DAK) tarixçi-alim Oqtay Əfəndiyevin 85 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı yubilyarı təbrik edərək onun Səfəvi dövrünün böyük tədqiqatçılarından olduğunu deyib.

 O.Əfəndiyevlə yaxın qohum olduqlarını deyən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev isə uşaqlıq xatirələrini danışıb: “Oqtay mənim bibim oğludur. Onunla çox yaddaqalan uşaqlıq xatirələrim var. Lakin Oqtayı bir alim kimi də yüksək dəyərləndirərək deyirəm ki, mən 16-cı əsr tarixini oxuyarkən əsl həqiqətlə tanış olduğumu bilirəm. Çünki Oqtay Əfəndiyevin həmin dövrü kənar müdaxiləsiz araşdırdığına tam inanıram”.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi Namiq Musalı alimin fəaliyyəti, həmin institutun direktor müavini Cəbi Bəhramov, tarixçi alimlər Cəmil Həsənli, Fəzail İbrahimli və digərləri O.Əfəndiyevin elmi araşdırmaları, o cümlədən insani xüsusiyyətlərindən söhbət açıblar.

 Qeyd edək ki, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev 1926-cı ildə Bakıda anadan olub. Moskva Şərqşünaslıq İnstitutunda təhsil alıb. Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif farsdilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununla tarix elmində Səfəvi dövlətinə “İran dövləti” kimi ənənəvi baxışın yanlış olduğu aşkar edilib. Tarix elmində “İranlı Don Juan” adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik “Azərbaycan tarixi”nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindəndir.

 

 

525-ci qəzet.- 2011.- 5 aprel.- S.7.