Ramiz Əzizbəyli
“Cızma-qaralarım”a
imza atdı
Ötən gün Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda,
tanınmış aktyor və rejissor, xalq artisti Ramiz Əzizbəylinin
“Cızma-qaralarım” adlı ilk kitabının təqdimatı
və imza günü gerçəkləşib.
Mərasimi giriş
sözü ilə açan AYB-nin katibi Rəşad Məcid
R.Əzizbəyli ilə dostluqlarının 25 il əvvəldən
başladığını bildirərək, tədbirin
keçirilməsi zərurətindən də
danışıb: “25 ilə yaxın müddətdə
yaxından tanıdığım tanınmış aktyor və
rejissor Ramiz Əzizbəylinin “Cızma-qaralarım”
kitabının imza gününü keçirməkdə məqsəd,
bir növ, köhnə, maraqlı vərdişləri geri
qaytarmaqdır. Ramiz Əzizbəyli 10 ilə yaxındır ki,
AYB-nin üzvüdür. Vaxtilə “525-ci qəzet”də onun
şeirləri, aforizmləri çap olunurdu. Düşündük
ki, niyə də qələmə alınan bu əsərlər
kitab şəklində toplanmasın?!” R.Məcid R.Əzizbəylini
AYB-nin rəhbərliyi adından təbrik edib.
Mərasimin
aparıcılığı həvalə olunan
yazıçı-dramaturq, “Ulduz” jurnalının baş
redaktoru Elçin Hüseynbəyli deyib ki, bu kitabın
işıq üzü görməsi bəziləri
üçün gözlənilməz, onunçünsə
gözlənilən olub: “Hər kəsin istedadlı rejissor,
aktyor, müəllim kimi tanıdığı Ramiz Əzizbəylinin
həm də maraqlı yaradıcılıq tərzinə
malik şair olduğunun şahidiyəm. Bu gün isə
hamımız bu yaradıcılığın bəhrələrini
görürük”. “Ramiz Əzizbəyli 9 yaşından səhnədədir.
Onun uşaqlığı, yeniyetməliyi, gənclik illərindən
ta bu gününə qədər insanların gözü
qarşısında olub. Deyirlər ki, istedadlı insan
hansı sahədə fəaliyyət göstərməsindən
asılı olmayaraq, özünü təsdiqləməyi
bacarır. Ramiz Əzizbəyli belə insanlardandır. Teatr,
kino, rejissorluq, müəllimlik fərqi yoxdur, o, sadalanan bu sahələrin
hamısında öz sözünü deməyi bacarır”. Bu
fikirləri tədbirdə yazıçı-dramaturq Əli Əmirli
səsləndirib.
Daha sonra xalq artisti
İlham Namiq Kamal çıxış edərək, R.Əzizbəylinin
çox yaxşı müşahidəçilik qabiliyyətinə
malik olduğunu bildirib və ona bu sahədəki
yaradıcılığının da davamlı
olmasını arzulayıb.
Şair Ramiz Rövşən R.Əzizbəylini
etibarlı, sadiq dost, istedadlı insan kimi səciyyələndirib.
R.Əzizbəyli ilə bağlı düşüncələrini
dilə gətirən şair kitabın adı ilə
bağlı da fikrini bölüşüb: “Müəllif
kitabına təvazökar bir ad qoysa da, yaradıcılıq
iddiaları böyükdür”.
Şair Musa Yaqub R.Əzizbəylinin
şeirlərinin bayatılara, nəğmələrə
yaxınlığını dilə gətirib. Şair
İlyas Tapdıq, xalq artisti Həmidə Ömərova və
başqaları da çıxış edərək R.Əzizbəylinin
şəxsiyyəti və yaradıcılığı barədə
fikirlərini söyləyiblər.
Sonda
çıxış edən müəllif ilk kitabı
haqqında düşündüklərini dilə gətirib, tədbirin
təşkilatçılarına və
iştirakçılara minnətdarlığını
bildirib: “Bu, ilk kitabım olmaqla, mənim düşüncə
və həyəcanlarımın müxtəlif illərdə
kağıza köçürdüyüm yazılı ifadəsidir.
Bu kitabı çap etdirməklə mən heç də
özümü şair və ya yazıçı kimi təqdim
etmək məqsədi güdmürəm. Sadəcə həmişə
cızma-qara edib, hara gəldi atdığım bu
yazıları bir gün dostlarım, heç olmasa, qəzet və
jurnallarda ara-sıra çap etdirməyimi xahiş etdilər. Mən
də onların bu xahişini nəzərə alıb bu
toplunu hazırladım”.
“Cızma-qaralarım”ın
redaktoru Tahirə Ağasıyeva olan kitaba ön sözü elə
müəllif özü qələmə alıb. Kitabda R. Əzizbəylinin
fərqli illərdə qələmə aldığı “And
içmişəm”, “Millət”, “Tövbə” kimi şerləri,
“Yol”, “Mıx”, “Yuxu” kimi hekayələri və publisistik
yazıları toplanıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.-
5 aprel.- S.7.