Ruhun qidası, qəlbin aynası

 

“KOROĞLU” OPERASININ SƏHNƏQRAFİK HƏYATI;DÜNƏNİ VƏ BU GÜNKÜ DURUMU BARƏDƏ QISA QEYDLƏR

 

Təbiətin nitqi olan musiqi eyni zamanda ruhun qidası, qəlbin aynasıdır. Xalqımızın 20-ci əsrdə bəşər mədəniyyətinə bəxş etdiyi və ötən yüz ildə Azərbaycan intibahının pərvəriş tapmasının əsas səbəbkarlarından olan dahi Üzeyir Hacıbəylinin zəngin yaradıcılığına, çoxcəhətli, möhtəşəm fəaliyyətinə yaxından bələdlikdən sonra bu deyimi qətiyyətlə təsdiqləmiş olursan. Təxminən qırx il öncə Bakıya səfəri zamanı dünya şöhrətli bəstəkar Dmitri Şostakoviç bu sətirlərin müəllifi ilə söhbətində xüsusilə nəzərə çarpdırdı ki, “Azərbaycan xalqına qibtə etmək olar; çünki adı yer kürəsinin çox yerində məhəbbət və ehtiramla çəkilən belə bir klassik bəstəkarı var. Cüzeppe Verdi, Ferents List, Fridrix Şopen, Qlinka... mənsub olduqları doğma xalqları üçün necə əziz və misilsiz dəyər kəsb ediblərsə, Üzeyir bəy də məhz özünəməxsus şəkildə Azərbaycana beləcə əzizdir. Lap açığına qalsa, küll halında götürdükdə isə Azərbaycan bəstəkarının çoxsahəli yaradıcılığı, daha möhtəşəm təşkilatçılıq fəaliyyəti misilsiz məna kəsb edir”...

Təbii ki, bir qəzet məqaləsində unudulmaz sənətkarımızın nəhəngdən-nəhəng yaradıcılığını geniş təhlil etməyi qarşımıza məqsəd qoymamışıq. Və belə bir missiyanı yerinə yetirmək burada mümkünsüzdür. Bu barədə cild-cild kitablar, publisistik əsərlər, dəyərli məqalələr zaman-zaman yazılıb, çox mühüm elmi-nəzəri araşdırmalar aparılıb.

... Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Koroğlu” operasının növbəti tamaşası düzənləndi. Həmin tamaşa onunla səciyyəvi idi ki, əsas rolu ilk dəfə olaraq yeni ifaçının təfsirində gördük. Tamaşanın dirijoru da birinci dəfə orkestrin pultu arxasında idi. Yetmiş ildən çox yaşam dövründə səhnədən düşməyən “Koroğlu”nun müasir durumu, əsərin bədii həllində teatr kollektivinin məqsədyönlü axtarışlarının nəticəsi, əsas partiyanın optimal ifaçısını müəyyənləşdirib sənətsevərlərə təqdim etmək yolunda göstərilən mühüm səylər, əzmkarlıq, nəhayət “Koroğlu” tamaşasının bədii təsir gücünün indi hansı durumda olması barədə təəssüratımızı, düşüncələrimizi sənətsevərlərlə bölüşmək arzusundayıq.

Bizim günlərimizdə “Koroğlu”ya belə bir fərdi yanaşma vacibdirmi? Əlbəttə! Vacibdən-vacibdir... Məsələ burasındadır ki, “Koroğlu” operası da – hərgah belə demək caizdirsə – Qız qalası, Şirvanşahlar kompleksi, Şəki xan sarayı və sair kimi tarixi bədii abidələr timsalındadır. Məhz buna görə də onun bakirəliyini qorumaq, əvəzsiz sənət nümunəsi olaraq gələcək nəslə ərməğan etmək vicdani borcumuzdur. 

1934-cü il aprelin 30-da ilk tamaşası olmuş “Koroğlu” sözün həqiqi mənasında milli musiqimizin tarixinə qızıl hərflərlə həkk edilib. Cəsarətlə deyə bilərik ki, “Koroğlu” dünya xalqlarının opera inciləri sırasında özünəməxsus şərəfli yer tutur. “Bakinski raboçi” qəzetinin həmin il aprelin 18-də çıxan sayında “Mənim opera üzərində işim” adlı məqaləsində Üzeyir bəy deyirdi ki, “Koroğlu operası üzərində işlərkən mən müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə ilə formaca milli opera yaratmağı qarşıma məqsəd qoymuşam”.

İnamla nəzərə çatdıraq ki, o, öz məqsədinə artıqlaması ilə nail olub. Ölməz şairimiz Hüseyn Cavid həmin çağlarda “Yeni yol” qəzetində çap etdirdiyi məqaləsinin bir yerində çox düzgün olaraq fikrini belə səciyyələndirib: “Tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ aldı. Teatrda Üzeyir Hacıbəylinin “Koroğlu” operası ilk dəfə səhnəyə qoyulmuşdur. Kompozitor opera üzərində işlərkən ariyaları, duetləri, ansamblları Azərbaycan musiqi folkloru əsasında qurmağa səy etmiş və xalq yaradıcılığına əsaslanan bu folkloru ciddi surətdə öyrənmiş və buna müvəffəq olmuşdur. “Koroğlu” operasında Azərbaycanın valehedici folkloru, tamamlandırılmış, Avropa musiqi texnikası ilə uzlaşdırılmışdır. İlk dəfə orkestrə daxil edilən tar gözəl səs yaratmışdır. “Koroğlu” operası Azərbaycanın opera aləmində öz inqilabi coşqunluğu ilə, bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək yer tutmaqdadır”.

Bu deyilənlərə əlavə edək ki, Ü.Hacıbəyli operanı yaradarkən folklor materialını kor-koranə kopyalamağa ehtiyac duymayıb; onun öz musiqisinin mayasında milli intonasiya ilə lad gözəllikləri bütün zənginliyi ilə ehtiva olunur. Lad-melodiya rəngarəngliyi və təbii şirinliyi – bəstəkarın musiqisinin ən dəyərli keyfiyyətlərindəndir.

Məlumdur ki, operanın ilk tamaşasında Koroğlu partiyasını Bülbül ifa edib. Düzü, ilk peşəkar tenorumuz olan istedadlı vokalçı səhnədə çox valehedici bir ifa nümunəsi ilə qəlbləri coşdurdu. O, 1961-ci ilədək-ömrünün sonunadək Koroğlu rolunda dörd yüz dəfə səhnəyə çıxıb. Bu, milli opera teatrımızın həyatında çox önəmli bir hadisədir. Bülbülün Koroğlusu ifaçılıq baxımından elə yüksək zirvədə idi ki, heç bir müğənninin həmin rolu üzərinə götürməyə cürəti çatmırdı. Düzdür, teatrın solistləri Yaqub Rzayev, Şirzad Hüseynov belə bir həvəsə düşdülər, hərəyə bir dəfə Koroğlu rolunda tamaşaçılar qarşısına çıxdılar. Fəqət çox keçmədən aydın dərk etdilər ki, Koroğlu onların “xörəyi” deyil. Təbii ki, Bülbülün sənətkarlıq qüdrətinin cazibəsi fonunda bu ifaçıların çıxışı çox zəif təsir bağışlayırdı.

... “Koroğlu” xeyli müddətdir səhnəmizdə zəfər yürüşünü davam etdirir. Enişli-yoxuşlu, çətin yollar keçib, çıxılmaz vəziyyətlərə düşüb, bəzi hallarda isə aidiyyəti təşkilatların, elə teatr kollektivinin özünün müəyyən laqeydliyinin nəticəsində sönük tamaşaları da sənətsevərlərə təqdim edilib. Yada salaq ki, zaman-zaman yeni-yeni ifaçılar tamaşada özlərinəməxsus tərzdə müxtəlif partiyalara həyat vəsiqəsi veriblər. Xüsusən görkəmli müğənnilər Ağababa Bünyadzadənin Həsən xanını, Firəngiz Əhmədovanın Nigarını, Firudin Mehdiyevin Həmzə bəyini və digərlərinin obrazlarını yaddan çıxarmaq mümkünsüzdür. Bununla belə, təsadüfən bu və digər obrazla tamaşada səhnəyə çıxanlarla da rastlaşmışıq. Yeri gəldikcə, bu barədə qeydlərimizi də oxuculara çatdıracağıq.

1959-cu ilin mayında Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində teatrın rəhbərliyi məqsədyönlü düşüncələr içərisində idi. Belə ki, 64 yaşlı Bülbülə hər ehtimala qarşı əvəzedici tapılmalıydı. Teatrın bədii rəhbərliyi axtarışlara başladı. Bu baxımdan görkəmli dirijorumuz Niyazi sözün həqiqi mənasında fədakarlıq nümunəsi göstərirdi. Teatrın solisti Hüseyn Əliyev, Moskvadakı Nemiroviç – Dançenko adına Dövlət Musiqili Teatrda çalışan gənc solist, soydaşımız İbrahim Cəfərov və nəhayət Azərbaycan Musiqili Komediya Teatrının artisti Lütfiyar İmanov Niyazinin dəvəti ilə sınaq yoxlamalarından keçdilər. Lütfiyar rəqiblərini üstələdi və Moskvaya məhz onu aparmaq qərarı verildi. Səsi olsa da müəyyən yaradıcılıq mərhələsini keçməli olan Lütfiyar şəxsən maestro Niyazinin böyük zəhməti və vokalçının özünün əzmkarlığı nəticəsində Koroğlu partiyası tələbkar tamaşaçıların mühakiməsinə verilmək üçün tam hazır vəziyyətə gətirildi. Moskvada isə sözün böyük mənasında uğur qazanıldı. Sonradan bəlli oldu ki, Lütfiyar İmanov təkcə Koroğlu rolunun ifasına görə yox, bütünlükdə musiqi mədəniyyətimiz üçün nadir tapıntı idi.

Dahi rus bəstəkarı P.Çaykovski yazırdı ki, tamaşaçı opera teatrına təkcə dinləmək üçün yox, həm də baxmaq üçün gəlir. Dövrünün məşhur tenoru sayılan Mario Del Monako isə deyirdi: “Opera teatrında yalnız oxumaq zamanı artıq çoxdan ötüb keçmişdir. İndi opera müğənnisindən məzmunlu, emosional təsirə malik aktyorluq bacarığı da tələb olunur. Şalyapin, Karuzo, Tita Ruffo təkrarsız, dahi müğənni – artistlər idilər”...

“Səs – yaxşıdır. Fəqət indiki opera üçün bu azdır. Səs kərpicə bənzəyir və hərgah musiqi istedadına maliksənsə həmin kərpicdənevtikmək mümkündür”. Bu fikir isə şöhrətli sənətçi Tito Qobbiyə məxsusdur. Lütfiyar İmanovu səhnədə görənlər istər-istəməz yuxarıda sitat gətirdiyimiz müdrik kəlamların zəminində ona böyük dəyər vermişlər. O, doğrudan da bu dəyərə layiq idi.

Haqqında söhbət açdığımız ongünlük zamanı gənc vokalçının Koroğlu rolunda misilsiz uğuru mədəni-bədii ictimaiyyətin ciddi marağına səbəb oldu. “Koroğlu”dakı müvəffəqiyyəti mühüm təkanverici qüvvəyə çevrildi. Lütfiyar bir-birinin ardınca səhnədə Vaqif, Balaş, Əlyar, Xoze, German və sair bu kimi möhtəşəm rollara həyat vəsiqəsi verdi. İlk növbədə L.İmanov həmin partiyanın siqlətini artırdı. Onu yeni səs-ifa çalarları ilə bəzədi. Məlum olduğu kimi, “Koroğlu” əsas partiyasının yüksək tessiturada olan ariyalarının sayına görə klassik Qərb operaları sırasında özünəməxsus pillədə durur. Partiyanın elə yüksək səs məqamı var ki, ancaq böyük ustalığa malik nadir istedadlı vokalçı həmin məqamları fəth edə bilər. Elə buna görə də zil səs keyfiyyəti baxımından lazımi səviyyədə olmayan bir sıra cavan müğənnilər Koroğlu partiyasında istəklərinə nail olmayıblar. Məsələ burasındadır ki, Lütfiyar Avropa və o cümlədən rus klassiklərinin məşhur operalarının tamaşalarında zaman-zaman yaratdığı obrazların ab-havasını tamaşadan-tamaşaya Koroğlusunun da mayasına hopdururdu. Və biz səhnədə milli aşıq – qəhrəman obrazının təcəssümü ilə yanaşı, yuxarıda adları çəkilən məşhur partiyaların təsir dairəsinə düşərək Koroğlunun da səhnəqrafik təfsirində bu təsiri büruzə verməyə nail olmasının şahidiyik. Onun ariya və ariozoları özünəməxsus təcəssümə çalışması baxımından çox təqdirəlayiqdir. Məhz buna görə də Lütfiyar İmanovun Koroğlusu fərqli idi və novator axtarışları ilə dolğun yaradıcılıq işinin müsbət uyarlığının bəhrəsi sayılırdı.

1975-ci ildə “Koroğlu” yenidən tamaşaya hazırlandı. Bu dəfə quruluşçu rejissor Firudin Səfərovun, bədii tərtibat müəllifi Tahir Salahovun, rəqslərin quruluşçusu Qəmər Almazzadənin və baş rolun ifaçısı Lütfiyar İmanovun əlbir yaradıcılıq işi gözəl bəhrəsini verdi. Nəzərə çatdırım ki, həmin quruluşda tamaşa indiyədək də səhnədə ömrünü yaşayır.

1988-ci ildə Dağlıq Qarabağla bağlı hadisələr başlananda məmləkətimizdə təbii olaraq normal həyat ahəngi pozuldu. Teatrlarda, tamaşa-konsert salonlarında bir süstlük hökm sürməyə başladı, yaradıcı adamların dolğun çalışmaq həvəsi yox oldu. Belə bir məqamda yaradıcılıq işindən qalmamaq üçün Lütfiyar İmanov müvəqqəti olaraq Türkiyəyə getdi: həm Ankara opera teatrında çalışdı, həm də orada ali məktəblərdə vokal dərslərini apardı. Bununla da Üzeyir bəy “Koroğlu”sunun teatrımızda qara günləri başlandı. Bir də baxıb gördük ki, Adil Məlikov adlı cılız səsə malik bir vokalçı tamaşada baş rolda səhnəyə çıxıb. Bu, azmış kimi ümumən tamaşa bədii keyfiyyət baxımından da son dərəcə zəif bir tərzdə salondakılara təqdim olunur.   Bu, bir qədər yuxarıda dediyimiz kimi, milli tarixi abidə timsalında olan “Koroğlu”ya laqeydlik nümunəsi, böyükdən-böyük Üzeyir Hacıbəylinin müqəddəs irsinə etinasızlıq əlaməti idi. Mən bununla bağlı “Millət” qəzetində tənqidi yazı ilə çıxış etdim. Bakıdakı digər qəzetlər də həmin tamaşa ilə əlaqədar tənqidi qeydlərini oxuculara çatdırdılar. Nə isə...

... Nə gözəl ki, teatrın rəhbərliyi “Koroğlu” tamaşası ilə bağlı mövcud durğunluğu aradan qaldırmaq naminə məqsədyönlü yaradıcılıq axtarışlarına təkan verdi. Operanın orkestr səslənməsinə daha ciddi yanaşıldı. Gənc solistlər bir-birinin ardınca Rövşən – Koroğlu, Nigar, Həsən xan, Həmzə bəy, Təlxək, Alı kişi, xanəndə qız rollarının ifası üçün diqqət mərkəzində durdular. “Koroğlu” tamaşalarında yeni gənc ifaçıların iştirakı istər-istəməz teatra sənətsevər axınına müsbət təsir göstərdi və göstərir də. Buna görə də teatrın direktoru Akif Məlikovun xidmətini xüsusilə nəzərə çarpdırmalıyıq. Məhz onun təşəbbüsü ilə gənc vokalçıların teatra gəlişi və “Koroğlu”da sınaq imtahanlarından çıxması təmin olunub. Fəqət bu zaman səhnəni məqsədyönsüz eksperiment meydanına çevirmək yaramaz. Son 2-3 ildə səhnəmizdə 3 Koroğlu ilə görüşmüşəm.; Ülvi Qılınc, Samir Cəfərov və nəhayət Ramil Qasımov... Bu üç gənci müqayisə edərkən onlara ayrı-ayrılıqda qiymət vermək vacibdir. Belə ki, Ülvi Qılınc hündürboylu, cüssəli bir vokalçıdır. Necə deyərlər, ilk baxışda əsl Koroğlu. Zahiri görkəmi ilə bir sırada tenor səsi var. Amma biz ona baxanda səhnə davranışı ilə Koroğlu obrazı arasında bir uyarlıq görmədik. Qeyri-mütəhərrikliyi, dirijor işarələrinə gecikməsi aydın gözə çarpırdı. Samir Cəfərov teatrımızın artıq təcrübə toplamış tenorlarındandır. İstedadlıdır, oxuduğu partiyaya ciddi yanaşması Koroğlunun əvvəlki ifaçıdan bir qədər fərqli təcəssümünə səbəb idi. Ancaq onun ifasında da müəyyən çatışmazlıqlar sezilirdi. İstərdik ki, istedadına inandığımız Samir Cəfərov rol üzərində işini əzmkarlıqla davam etdirsin. Yəqin ki, həmin çalışqanlığı sonradan öz bəhrəsini verə biləcək.

Nəhayət martın 27-də afişalar sənətsevərləri yenidən “Koroğlu” tamaşasına dəvət edirdi; ən önəmlisi bu idi ki, baş rolda daha bir gənc müğənni – Ramil Qasımov ilk dəfə səhnəyə çıxacaqdı. Yeri gəlmişkən deyim ki, Ramili birinci dəfə 2007-ci ildə “Space” telekanalında Lütfiyar İmanova həsr olunmuş veriliş zamanı görmüşdüm. Hər ikimiz həmin verilişin qonağı sırasındaydıq. Məqamı çatanda gənc müğənni istedadlı sənətkarın şərəfinə klassik operalardan bir neçə ariya oxudu. Xoşa gəldi, onu dinlədikdən sonra Lütfiyarla fikir mübadiləsi apardıq. Ustad sənətkar dedi ki, öz üzərində çalışsa gələcəkdə “Koroğlu” rolunda sınaqdan çıxa bilər. Nəhayət, 4 il sonra teatrda göstərilməsi nəzərdə tutulan tamaşada biz onun sınaq imtahanının şahidi olduq. Ramil səsli müğənnidir, istedadlıdır. Ciddi vokal keyfiyyətləri, artistlik istedadı duyulur. Ən başlıcası səhnədə mütəhərrik və cəlddir. Bunlar az əhəmiyyətli məsələlər deyil. Çünki bir obraz kimi Koroğlu güc, qüvvət timsallı çevik bir igiddir. “Koroğlu” operasının tamaşasında Çənlibel səhnəsindəki dramatik aria obrazın ən çətin ifa tərzini təcəssüm edir. Burada oxuma manerası ilə bir sırada yüksək səs çalarını lazımi “yerinə oturtmaq” da vacibdir. Məhz bu yerdə artistin obrazı tam təfsir edib-etməməsi üzə çıxır. Əlbəttə, Ramilin təcrübəsizliyini, ilk dəfə belə bir çətin obrazın səhnəqrafik həllini tapmaq yolunda çalışmasını nəzərə alsaq, deməliyik ki, o, bu səhnədə yaradıcılıq işini bitmiş hesab edə bilməz. Və inanırıq ki, belə də olacaq. Həsən xanın hüzurunda aşıq libasında görünən Koroğlu – Ramil Qasımov baxımlı idi. Amma yenə də kiçik bir iradımız odur ki, səsinin daha açıq olması üçün hələ məşqləri davam etdirməlidir. Yeri gəlmişkən deyim ki, Ramilin tərəfmüqabili – Nigar rolunun ifaçısı İlahə Əfəndiyeva haqqında xoş sözlər deməliyik. Partiyasını qüsursuz səciyyələndirən İlahə həm dramatik, həm də lirik arialarını qüsursuz səsləndirməsilə Koroğlunun – Ramil Qasımovun səhnədə daha inamlı görünməsinə, oxumalarında sərbəstlik nümayiş etdirməsinə yardımçı olurdu. Onların hər ikisi musiqi materialını düzgün əks etdirdiklərindəndir ki, duetləri salondakıları razı salırdı.

Tamaşada ən uğurlu ifaçılar sırasında Alı və İbrahim xan rollarının yaradıcıları Əkrəm Poladovun və Əli Əsgərovun adlarını xüsusilə qeyd etməliyik. Hər iki vokalçı sözün həqiqi mənasında opera solistləridir; güclü səslərinə, aktyorluq məharətlərinə görə.

Tamaşada daha bir debüt barədə söz açmağı vacib sayırıq; Respublikanın əməkdar artisti Gülyaz Məmmədova ilk dəfə olaraq xanəndə rolunu oynayırdı. Açıq demək lazımdır ki, tamaşa zalında olan heç kəs təcrübəli vokalçı Gülyaz xanımdan belə zəif çıxış gözləmirdi. Aydın hiss olunurdu ki, bu rol onun üçün deyil. Daha bir məsələ barədə; tamaşanın kütləvi səhnələrində, xüsusən Çənlibeldəki mənzərənin təfsirində də uyarsızlıq aydın gözə çarpırdı. Belə ki, xalq kütləsinin cəmləndiyi bu yerdə qadınlar sayca üstünlük təşkil edirdilər. Buna sözümüz yox. Amma kişi döyüşçülərin çox olması məntiqidir. Yaxşı olardı ki, teatr “Koroğlu”nun hər tamaşası üçün incəsənət universiteti tələbələrini kütləvi səhnə üçün dəvət etsin. Mətbuatın da yazdığına görə, həmin Çənlibel səhnəsində tamaşaçı vaxtı ilə 100-ə yaxın döyüşçü iştirakçı görürdü. Bir halda ki, səhnəyə at çıxarılır (dünya opera tamaşaları tarixində bu, nadir hadisələrdəndir) belə olan təqdirdə kütləvi səhnələrdə xalq üsyançılarının tərkibinin də sayca çox olmasına çalışmaq lazımdır.

 “Koroğlu” ilə bağlı ən kiçik məqamlar, nüanslar, ifaçılıq məsələləri, səhnə təcəssümü ilə bağlı sadə işlər belə unudulmamalıdır. Çünki “Koroğlu” bir bədii əsər kimi həmişə yüksək sənət zirvəsində ucalmalıdır. Bu yolda teatrımızın kollektivinə daha böyük uğurlar arzulayırıq.Fazil RƏHMANZADƏ

 Səhifədəki materiallar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

 

 

Rəhmanzadə Fazil

 

525-ci qəzet.- 2011.- 5 aprel.- S.7.