Gülüşün ruhunda vətən sevgisi
“PLANET PARNİ İZ
Milyon-milyon eralar
yaratmış zamanın aramsız axarında, vaxt nəhrində
on il göz qırpımı kimi görünür. Ancaq hər
hansı bədii yaradıcılığın estetik dəyər
və mahiyyətini araşdırmaq zəminində nəinki
on il, hətta bu illərin hər günü mühüm əhəmiyyət
daşıyır. Uğur piramidası məhz
axtarışlarla, zəhmətlə, gərginliklə, həyəcanla
yoğrulmuş günlərin kərpicləri ilə
ucalır.
Mənim fikrimcə, mənim
qənaətimə görə 10 illik yubiley bayramına
hazırlaşan və bu təntənəni yeni konsert
proqramı ilə reallaşdıran “Planet Parni iz Baku”
kollektivinin də nailiyyətlərinin kökündə
yaradıcılığa ciddi münasibət durur. On
yaşlı kollektiv bütün konsert proqramında
adını rus dilində verdiyi üçün mən də
onların istəyi ilə razılaşmalı oluram (Zatən
bu ad azərbaycanca daha dadlı və duzlu səslənir).
Bu kollektivin pərəstişkarları
çoxdur, heyranları kifayət qədərdir, sənət
qələbələri kollektiv üzvlərinin öyünmələrinə
əsas verir. Eyni zamanda bu kollektivin yaradıcılıq
prinsiplərini qeyri-ciddi adlandıranlar da tapılır. Hər
iki mövqenin təmsilçilərinə ehtiramla
yanaşıram. Bununla belə, yeri gəlmişkən, bir həqiqətə
diqqət yönəltmək istəyirəm. Səhnə sənətilə
bağlı hər bir yaradıcılıq işinə ilk
növbədə təqdim olunan nümunənin janr
estetikasının, janr prinsiplərinin meyarları və tələb-ölçüləri
ilə yanaşmaq lazımdır. Məhz janr özəlliyi
baxımından Azərbaycan estrada məkanında
“Bakılı oğlanlar” (“Planet Parni iz Baku”) kollektivi bənzərsizdir,
ciddi sənət nailiyyətləri qazanıb. Uğur
piramidasının əsas dayaqlarını Tahir və Cabir
İmanovlar, Bəhram Bağırzadə və mərhum
Elçin Həmidov təşkil ediblər. Təbii ki, bu
gün kollektiv əsasən Tahir, Cabir və Bəhram
üçbucağının üzərində bərqərardır.
Çox istərdim ki, zəngin koloritli səhnə
yapışığı və fitri yumor istedadı, yüksək
səhnə mədəniyyəti olan Murad Dadaşovu da bu
üçlüyün yanında görüm. Onu də səmimiyyətlə
etiraf edim ki, müxtəlif proqram-seriallarda Dilarə Əliyeva,
Kübrabəyim Əliyeva, Rafael İsgəndərov, Coşqun
Rəhimov, Anar Ömərov, İlham Qasımov, Əkbər Əlizadə
kollektivin ifa prinsiplərinin poetika göstəricilərinə
həssaslıqla uyğunlaşmaqla ayrı-ayrı qaravəllilərə,
məsxərələrə, zarafatlara, sataşmalara şən
oyun təravəti gətiriblər.
Kollektivin
çıxışlarına klassik anlamlı teatr
tamaşaları prinsipləri əsasında yanaşmaq olmaz. Onların
fəaliyyətlərinin estetik dəyərlərinin üst
qatını müasir estrada teatrı anlamının əsas
xarakterik xüsusiyyətləri tənzimləyir. Kökündə
isə milli xalq gülüşünün, milli xalq
oyun-tamaşa estetikasının, milli meydan teatrının ifadə
prinsiplərinin psixoloji mahiyyəti durur. Elmi
araşdırmalarda və nəzəri tədqiqatlarda buna
karnaval estetikası da deyilir. Cəsarətlə deyə bilərəm
ki, geniş mənada bütün kollektiv, daha heyranedici dəqiqliklə
Tahir, Cabir, Bəhram üçlüyü karnaval
estetikasının çox incə məqamlarında yüksək
peşəkarlıq nümayiş etdirirlər.
Söhbətimin bu məqamında
söylədiyim fikirlərə söykənc
üçün Azərbaycan karnaval estetikasının müəyyən
xüsusiyyətlərini xatırlatmağa ehtiyac duyuram.
Milli xalq
oyunlarımız son dərəcə zəngin və əlvan
olduğu qədər də forma müxtəlifliyinə
malikdir. Estetikasının psixoloji-fəlsəfi dəyərlərinə
görə meydan teatrının poetikasını müəyyənləşdirən
oyun-tamaşaları şərti olaraq üç qismə
bölmək olar:
a) kütləvi etno-mədəni
oyun-tamaşalar (yuğ, sayaçı, qaravəlli və
sair);
b) mərasim şənlik
oyun-tamaşaları (qodu-qodu, kəvsəc, cütçü
şumu, yel baba, güdul, novruz və sair);
c) əyləncəli səhnə
oyun-tamaşaları (məzhəkə, məsxərə, dərviş
mərəksi, şəbədə, hoqqa...);
ç) toy-mağar oyunları. Bunların
içərisində əyləncəli səhnə
tamaşaları xüsusi yer tutur. Bu qəbilə aid edilən
oyunlar meydan teatrının yığcam formasıdır.
Ayrılıqda onların hər birinin özünəməxsus,
səciyyəvi forma və məzmun, üslub və ifadə
vasitələri, oyun estetikası vardır. Məzhəkə
çevik, bitkin oyun prinsipinə əsaslanır,
kompozisiyası improvizə və bədahətən söyləmə
üzərində qurulur. Süjet sadə və mövzu
konkret olur. Məsxərələrdə personajlar tipikləşdirilir,
qroteskli hərəkətlərlə, satirik, hətta şit,
açıq-üryan təhqirlərlə məişət
koloriti aşılanmış obrazlar lağa qoyulurlar. Hoqqalarda
ekssentrik hərəkətlərə üstünlük verilir
və “sehrli qutu” adlanan məkanla bağlı hadisələr
gülüşün enerji nüvəsinə çevrilir. Tamaşaçı-oxucular
bir anlığa “Planet Parni iz Baku” kollektivinin canlı və ya
efirdə gördükləri proqramlarını nəzərdən
keçirsələr yuxarıda göstərdiyim
yaradıcılıq özəlliklərindən onların necə
məharətlə bəhrələndiklərini təsdiqləyə
bilərlər. Burada kollektivin bütün
yaradıcılıq mərhələlərini və göstəricilərini
sadalayıb təhlilə çəkmək fikrində deyiləm.
Bununla belə, mənim üçün önəmli olan cəhətləri
yığcam nəticə-tezislər halında
sıralamağa çalışacam.
Tahir İmanov bədii rəhbər
və təşkilatçı kimi çevikdir, səriştəli,
məqsədyönlü fəaliyyət proqramı
qurmağı bacarır. İlk baxışda bir proqramı əhatələyən
süjet-məsxərələr (süjet-hoqqalar,
süjet-lağlar, süjet-ironiyalar və sair) fərdi səciyyə
daşıyırlar. Lakin Tahir İmanovun həmin süjetlərə
verdiyi səhnə təfsirinin prinsipləri
bütövlükdə kollektivin yaradıcılıq
estetikasından şirələndiyinə görə bitkin
oyun-tamaşa təsiri bağışlayır. Dinamik sürət-ritmin
gedişində, çarpaz və paralel mizanların ahəngdar
harmoniyasında, pauzaları dolduran ritmik musiqi
parçalarının xarakterində oyun-tamaşa prinsipləri
peşəkarlıqla, janrın tələblərinə
uyğun tərzdə qorunur. Kollektiv açıq tənqiddən
çəkinmir və yumorla işlənmiş
mövzudakı fikrin məğzini tam açmaq
üçün ironiyadan, sarkazmdan, hətta ölçü
çərçivəsində lağdan bəhrələnə
bilir. Xatırladım ki, meydan oyunçularının məsxərəbaz,
məzhəkəçi, dünbal, şəbədəbaz...
kimi adları ilə yanaşı, “lağbaz” deyimi də var. Kollektivin
üzvləri süjet-epizodlarda hər hansı mövzuya
üç qatda – məişət, mənəvi-əxlaqi və
ictimai-sosial kontekstlərdə yanaşmağı
bacarırlar. Bununla da mövzunun aktuallığını
artıra və gülüşün mənasını dərinləşdirə
bilirlər. Yığcam qaravəllilərdə, məsxərələrdə,
lətifəvari süjetlərdə mövzunun mahiyyətini
tam açmaq üçün “açıq gülüş”
prinsipi seçilir. Həmin prinsipin estetik mahiyyətini daha da
canlı, təravətli, cazibəli, məzəli vermək
üçün ifaçılar ritmik rəqslərdən,
plastik hərəkətlər toplusundan, sirk
canbazlarının (akrobatlarının) çətin elementlərindən
sənətkarlıqla barınmaqda səriştəlidirlər.
Cabir İmanov sırf milli yumor elementlərini bir personajın
qrim, geyim və hərəkətlər toplusunun sintezində
birləşdirir, onu həssaslıqla tipikləşdirir, əsil
koloritli, cazibəli, gülməli karnaval obrazına
çevirir. Eliş və
Ağa Natiq obrazları müxtəlif
məişət tipləridirlər.
Eyni zamanda Cabir İmanov
ictimai-sosial qatda da bu bədii tipləri bütöv karnaval estetikası
prinsiplərində, məsxərənin tələblərindən
şirələnən koloritli ifadə vasitələri ilə
cilalayır. Onun səhnə ciddiliyi ifa etdiyi obrazların
tamaşaçılar tərəfindən reallıqla qəbul
olunmasına geniş meydan açır. Cabir salonla ünsiyyət
qurmaqda emosionallıqla psixologizmin tarazlığını
qoruya bilir. Sözsüz səhnələrdə də koloritli
görünməyi bacarır, zəngin sifət cizgilərində
çoxqatlı mənaları tamaşaçılara
çatdırır. Arzu edərdim ki,fitri istedad sahibi olan Cabir
İmanov yaddaşlarda qalmış Aşıq
obrazının yeni-yeni təqdimat formaları ilə
heyranlarını sevindirsin. Tahir İmanovda parodiya
bacarığı yüksəkdir. O, bu sənət vərdişinin
mayasına satirik çalarlar, ironik nüanslar, hoqqavari detallar
qatmaqla səciyyəvi tip-personaj təqdim edir. Onun
Roşkasının müxtəlif vəziyyət və hadisələr
burulğanındakı təqdimində həm məsxərəbazın,
həm qaravəlli söyləyənin, həm Kosa, həm
Keçəl obrazlarının müəyyən
gülüş özəllikləri cəmlənib. Tahir səhnədə
sərbəstdir və oyundaşlarını həssaslıqla
duyur, epizodun mahiyyətinə uyğun dəyişməyi
ritmik cazibədarlıqla reallaşdırır. Bəhram
Bağırzadə eyni məqamda gülüşü
üç paraleldə öz oyununda təcəssüm etdirir.
Forma-hərəkət biçimində konkret məişət
xarakterli tip, danışığında sözaltı mənalara
dərinlik gətirən məzhəkəçi, sifət
ifadələrində əbləhin hoqqasını
çıxaran satirik aktyor kimi baxılır. Bəhram geyim
atributlarının bütün elementlərindən obrazın
xarakterinə uyğun tipikliklə istifadə edir.
Yumorun, qroteskin, ironik
satiranın meyarlarını öz ifasında peşəkarlıqla
qoruyur. Başda Tahir İmanov olmaqla, əsas
ağırlığı onunla birlikdə Cabir İmanov və
Bəhram Bağırzadə çəkməklə kollektivin
hazırladığı proqramlarda həmişə sərt
satira, ironik sosial ittiham, kəskin publisistik ahəng,
çoxqatlı yumor var. Bunların təqdiminin ikinci
planında, zəminində bu istedad sahiblərinin fəal vətəndaş
mövqeləri, güclü vətənpərvərlik ruhu,
xalqımıza məhəbbət və ehtiramları
güclü şəkildə duyulmaqdadır. Dahilərdən
biri gözəl deyib: gərək xalqını o qədər
güclü hiss və duyğularla sevəsən ki, onun
qüsurlarını yüksək peşəkarlıqla tənqid
edə, gülüş hədəfinə çevirə biləsən.
Mən bu kollektivdə həmin məhəbbəti, həmin
sevgini, həmin ehtiramı görürəm. Bir neçə
dilək-istəyim də var. Yəni,
yaradıcılıqlarına ehtiram bəslədiyim kollektivdə
görmək istəmədiyim hallar var ki, onları asanlıqla
aradan qaldırmaq mümkündür. Kütləvi səhnələrdə
qışqırtı emosional psixoloji gərginliyi üstələyir.
Çalışmaq lazımdır ki, kütləvi səhnələr
süjetin əsas obrazının yardımçısı
kimi ümumiləşdirilsin. Bəzi
gənc ifaçıların
danışıqları aydın
deyil və fikrimcə onlarla xüsusi səhnə danışığı məşğələləri
keçilməlidir. Müəyyən
obrazların tipik xarakterini vermək üçün qrim işində hiperboladan istifadə edilir. Təəssüf ki, bəzən belə yanaşma tərzində bədiilik meyarı pozulur. Bir sıra digər
xırda qüsurlar da nəzərə çarpır ki, onların mövcudluğu
bilavasitə kollektivin
məşq üçün
əlverişli binasının
olmaması ilə bağlıdır. Ümid
edirəm ki, hər proqramın sonunda aparıcının
oxuduğu hami-sponsorlar
siyahısındakı möhtərəm
insanlar nə vaxtsa kollektivin məşq imkanları, bina təchizatı barədə də düşünəcəklər. Məhz bu görüb-duyduğum
hisslərlə “Bakılı
oğlanlar” (“Planet Parni iz Baku”)
kollektivinin 10 yaşını
təbrik edirəm. Onlara yeni-yeni yaradıcılıq
uğurları diləməklə
yanaşı, get-gedə
peşəkarlığın daha vacib və
zərif incəliklərinə
də yiyələnəcəklərinə,
bir neçə gündən sonra yubiley konsertlərində təzə füsunkarlıqla
üzləşəcəyimə güclü inam hissilə yazıma nöqtə qoyuram.
İlham ƏZİZOĞLU
525-ci qəzet.-
2011.- 6 aprel.- S.7.