Azərbaycanın tələbə etüdçüləri Gürcüstanda uğurla çıxış ediblər

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin 5 tələbəsi bu günlərdə dost Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş Beynəlxalq Etüd Festivalına iştirakçı qismində dəvət almışdılar. Bu təklif ADMİU-ya onunla çoxdan bəri dostluq və əməkdaşlıq sazişi bağlanmış Şota Rustavelli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetindən gəlmişdi. Fakültənin rejissorluq və aktyorluq şöbələrində təhsil alan tələbələrindən Leyla Həsənova, Səbinə Namazova, Sabir Məmmədov, Türkay Cəfərli və Miri Əhmədov fənn müəllimləri, görkəmli aktyor Vidadi Həsənov və “ Yuğ” teatrının əməkdaşları Ruslan Şöhrətoğlu, Tərlan və İlhamın rəhbərliyi ilə bir aylıq gərgin məşqlərdən sonra özlərini bu mötəbər yarışa tam hazır bildilər. Baxmayaraq ki, festivalın iştirakçıları 3 Qafqaz respublikasının – Azərbaycan, Gürcüstan və Ermənistanın müvafiq Universitet tələbələriydi, tədbirin formatı beynəlxalq standartlara uyğunlaşdırılmışdı. Hər yaradıcı qrupa öz ustalığını nümayiş etdirmək üçün 10 dəqiqə vaxt verilmişdi. Münsiflər heyətində Gürcüstanın beynəlxalq miqyasda tanınmış teatr, kino mütəxəssisləri iştirak edirdi. Və Azərbaycanlı tələbələr qrupunun rəhbəri Vidadi Həsənovun fikrincə bu festivalın ən əlamətdar cəhəti orasındaydı ki, iştirakçılara xüsusi mükafatlar verilmişdi. Yəni gürcü qardaşlarımız demək istəyirdilər ki, buyurun, ölkəmizə təşrif gətirin, həm qonaqpərvərliyimizin şahidi olun, bölgələrimizi gəzin, görməli yerlərimiz, mədəniyyət abidələrimizlə tanış olun, həm də təşkil etdiyimiz Beynəlxalq festivalda iştirak edin, bacarıq və qabiliyyətlərinizi ortaya qoyun, bizi də öyrədin , bizdən də öyrənin. Və ən əsası da budur ki, gəlin ünsiyyət quraq, bir-birimizi başa düşək, gələcək illərə dost, qardaş, həmkar kimi üz tutaq.

 Doğrudan da festivalın mayasını təşkil edən bu yenilik öz bəhrəsini verdi. İştirakçılar yersiz iddialardan uzaq, 1-ci , 2-ci və sair yerlər tutmaq uğrunda yox, sadəcə meydana təmiz, qərərsiz sənət çıxarmaq , təmsil etdikləri ölkənin mənəvi dəyərlərini öfkəsiz, yersiz emosiyalardan uzaq bir tərzdə ifadə etmək üçün yarışırdılar.

Azərbaycanlı tələbələrin səhnədə təxminən 8-9 dəqiqə davam edən, “ Təmas ” adlandırdıqları etüd tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Kuklalar mövzusuna həsr olunmuş yığcam süjet səhnədə cərəyan etdikcə tamaşaçıların gözündə yaş da görmək olardı, çöhrələrində gülüş ifadələri də. Və bir də alqışlar, alqışlar. Bu alqışlar etüddə sözsüz ifadə olunan həzin, kövrək mənaya , eyni zamanda son dərəcə ustalıq və dəqiqliklə yerinə yetirilən aktyor ifalarına ünvanlanırdı. Etüdün ali məqsədi sənətə, sənətkara hörmətin vacibliyi ideyasıdır. Budur, kukla ustası özünün düzəltdiyi kuklaya aşiq olur. Sonra bütün varlığıyla çalışır ki, onu canlandırsın. Amma bütün cəhdləri boşa çıxır. Cansız kuklanı hərəkətə gətirən qurğu bir qədər işlədikdən sonra zəifləyir. Usta ən sonda bu işdən bezir və öz yaratdığından imtina edir, soyuyur. Amma birdən hardansa, qeybdən kuklanın üzərinə şüa düşür və hardasa ilahi nur anlamına gələn bu işıq kuklanı canlandırır, yaratdığına olan sevgisi ustanı yenidən dirçəldir və bu sevginin bir daha səngiməməsi üçün onun özü də kuklaya çevrilir, onun ardınca düşüb gedir. Tələbələr Beynəlxalq Gürcüstan festivalından Bakıya böyük ruh yüksəkliyi ilə qayıdıblar. Deyirlər ki, səhnədəki çıxışımızdan sonra bizə olan hörmət və maraq daha da artdı. Tiflisin ən görkəmli yerlərini bizə göstərdilər, neçələri bizə yaxınlaşıb Azərbaycan türkcəsində bəzi sözləri öyrənmək istəyirdilər. Və nəhayət səfərimizin sonuncu günü bizim hər birimizdən ünvanlarımızı telefon nömrələrimizi öyrənmək istəyənlərin sayı-hesabı yox idi.

Tələbələr belə bir şəraiti onlar üçün yaradan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyevə, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Çingiz Bağırova, sevimli dekanları Ötkəm İskəndərova xüsusi minnətdarlıqlarını bildirir, daha mötəbər festivallara, müsamirə və toplantılara həvəslə hazırlaşacaqlarına söz verirlər.

 

 

İNTİQAM

 

525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.