Tofiq Bakıxanovun
yaradıcılığında vokal əsərlərinin
mövqeyinə və dəyərinə ümumi baxış
Ulu öndər, dahi
şəxsiyyət, Heydər Əliyevin zəmanəmizin
qüdrətli bəstəkarı, xalq artisti, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru Tofiq
Bakıxanov haqqında dediyi bu sözlər həqiqəti tam
dolğunluğu və aydınlığı ilə əks
etdirir: “Tofiq Bakıxanov xalqımızın tarixi
keçmişində, elm və mədəniyyətində
öz yeri olan böyük bir nəslin ənənələrini
ləyaqətlə davam etdirərək, Azərbaycan musiqi mədəniyyətinə
gözəl töhfələr vermişdir.”
Bugünün
özündə də T.Bakıxanov xalq musiqisindən
qidalanaraq daima yeni üsullar axtarır. O hər gün, hər
an yaradıcılıqla məşğuldur, narahat və fəal
insandır. Bizim gənclərimizə nümunədir.
T.Bakıxanovun son illər yazdığı əsərlərində
gəncliyə məxsus olan temperament və enerji qüvvəsi
hiss olunur. Böyük bəstəkarımız Tofiq
Bakıxanova həsr olunan, ötən il dekabrın son
ongünlüyündə keçirilən Musiqi Festivalı
bir daha sübut etdi ki, Tofiq müəllimin əsərləri
xalqın ürəyinə yol taparaq, onun qəlbində yaşayır.
Müxtəlif janrlarda yazılan əsərlər görkəmli
sənət ustalarımızın ifasında yüksək
professionallıqla və zövqlə səsləndi.
Musiqi festivalının ilk günündə, Azərbaycan Bəstəkarlar İttifaqında sevimli bəstəkarımız Tofiq Bakıxanovun 80 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Əvvəla qeyd etməliyik ki, bu konfrans yüksək elmi-professional səviyyədə keçdi, maraqlı və dəyərli məruzələrdə T.Bakıxanovun faktiki olaraq bütün yaradıcılığı öz əksini, təcəssümünü tapmışdı. Elmi konfransın başlanğıcında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz xanım Əlizadə olduqca dərin mənalı, dəyərli və maraqlı çıxışında T.Bakıxanovun çoxşaxəli yaradıcılığını, yüksək professionallığını, işgüzarlığını, öz sənətinə vurğunluğunu qeyd edərək, bəstəkara yeni yaradıcılıq nailiyyətləri və möhkəm cansağlığı arzuladı.
Bu sətirlərin müəllifi öz məruzəsini T.Bakıxanovun mahnı və romanslarına həsr etmişdi. Öz çıxışımda qeyd etdim ki, faktiki olaraq, sevimli bəstəkarımızın yubileyinə hazırlıq artıq çoxdan başlanmışdı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə bəstəkarın kamera-instrumental əsərlərindən ibarət olan konsert keçirildi (“Caz mərkəzi” zalında). Həmin gün T.Bakıxanovun əziz müəllimi olan Qara Qarayevə həsr olunan əsəri xüsusi ehtiramla, rəğbətlə qarşılandı. Və həmin gün bəstəkarın Vasif və Rauf Adıgözəlov qardaşlarına, həmçinin V.Mustafazadəyə ithaf olunmuş gözəl əsərləri ifa olundu. Sual oluna bilər ki, nə üçün biz bu əsərlər haqqında söhbət açırıq? Düşünürük ki, heç də təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz əsərlərdə, belə deyək, “mahnı tematizmi” anlayışı mövcuddur, yəni bu əsərlərin musiqi dili və xüsusi olaraq melodikası aydın, yaddaqalan musiqidir. Bu üslub daha çox mahnı, romans janrlarına təsadüf edir. Belə ki, T.Bakıxanovun kamera –instrumental əsərlərində musiqi dramaturgiyasının özündə ehtiva edən mövzular –mahnı və romans janrlarının melodiyalarına bənzəyir. Həmin əsərləri eşidən adi dinləyicinin yaddaşında bu mövzular qalır. Bu çox vacib amildir, əgər dinləyici konsert zalından çıxarkən (əlbəttə, əsər qurtardıqdan sonra) onun yaddaşında bir neçə mövzu qalırsa, deməli, bəstəkarın əsəri sizin qəlbinizə yol tapıb. Düşünürəm ki, festivalda səslənən bütün əsərlər buna parlaq misaldır.
Çıxışımda mahnı janrının müasir dövrümüzdə inkişafı problemlərinə də toxundum. Ümumiyyətlə, Azərbaycan bəstəkarlarının mahnıları musiqi mədəniyyətimizdə mobil və aktual bir janr olaraq qalır. Vaxtilə Qara Qarayevin şəxsən imzaladığı, mahnı haqqında qərar yadıma düşdü: “Respublikamızda mahnı janrının təbliği və inkişafında olan ciddi nöqsanlar haqqında” (3 may 1973-cü il)”. Açığını deyim ki, həmin qərarın bəzi fikirləri bu gün də müasir səslənir. O, dövrdə yaranan zəif mahnılar haqqında musiqişünaslarımız tənqidi fikirləri ilə mətbuatda, plenum və qurultaylarda çıxış edirdilər. Qara Qarayevin qərarını heç də təsadüfi olaraq yada salmadıq. Çünki T.Bakıxanov və onun nəslinin nümayəndələri mahnı janrına olduqca ciddi yanaşırlar. Məsuliyyət və ciddilik onların əsas kredosu olub.
T.Bakıxanovun estrada üçün yazılmış mahnılarını şərti olaraq üç qrupa bölmək olar:
a) səmimi məhəbbət mövzusunu və yaxud təbiətin gözəlliyini vəsf edən mahnılar.
b) melodiyanın “açıq” (məişətdə istifadə olunan) intonasiyalardan qurulması.
c) mahnıların gənc nəsillərə ünvanlanması ilə əlaqədar solo-ifaçılar üçün nəzərdə tutulması.
60-cı illərin əvvəllərində S.Rüstəmin sözlərinə bəstələnmiş “Sevən könül” mahnısı olduqca şən dinamik və gözəl mahnılardan biridir. “Sevən könül” mahnısının zəngin harmonik dili həm ifaçını, həm də dinləyicini cəlb edir, kəskin və ritmi isə musiqiyə rəqsvarilik gətirir.
S.Rüstəmin sözlərinə yuxarıda qeyd etdiyimiz mahnıya yaxın olan “Bağışla məni” məhz estrada mahnılarına aiddir. Lirik məhəbbət mövzusuna aid olan mahnılardan “Yaylaqların mahnısı”, “Görüş yerimiz” şair Tofik Mütəllibovun sözlərinə bəstələnib. Daha iki gözəl mahnı T.Mütəllibovun sözlərinə yazılıb: “Abşeron bağlarında” və “Özbək bacım”. Hər iki mahnıda yeddi hecalı poetik strukturdan istifadə edilib və bu da Azərbaycan mahnılarına səciyyəvi olan xüsusiyyətdir. Hər iki mahnı 6/8 ölçüsündə rəqs ritminin xüsusiyyətlərini cəmləşdirir.
“Abşeron bağlarında” vətənə və təbiətə olan isti münasibət, məhəbbət hissi həm şair, həm də bəstəkar tərəfindən bacarıqla, professionallıqla açılıb.
“Xəzər-böyük bəstəkar
Nə qədər mahnısı var.
Axşam-səhər oxuyar
Abşeron bağlarında”.
Xüsusi
olaraq, bu şeirdə bizi cəlb edən olduqca mənalı,
belə deyək, Azərbaycan xalqının mentalitetinin əks
etdirən sözlər səciyyəvidir.
“Nə var qonaqdan əziz?
Gəlin, dostlar, gəlin siz.
Açıq olur süfrəmiz
Abşeron bağlarında”.
Məhz bu cəlbedici
sözlərə və gözəl, məlahətli musiqiyə
görə bu mahnı yetmişinci illərdə xalq
arasında geniş yayılmışdı.
Şair Atif Zeynallının
sözlərinə yazılmış “Sevgilim” mahnısı,
düşünürəm ki, obraz və emosional tutum
baxımından “Sevən könül” əsərinə
yaxındır: ifadəli, yaddaqalan melodiyanın əsasında
aksentli, kəskin ritmik frazalardır. Qeyri-akkord səslərin
istifadəsi harmoniyaya xüsusi təravət bəxş edir.
Mahnının genişliyi, dinamik inkişaf prinsipləri bu əsəri
romans janrına da yaxınlaşdırır.
İslam Səfərlinin
sözlərinə bəstələnmiş “Cəfərim mənim”
mahnısı da maraq doğurur. Şair bu əsərini
böyük dramaturqumuz Cəfər Cabbarlıya həsr
etmişdir və mətndə biz onun qəhrəmanlarının
adlarına da rast gəlirik. Bəstəkar on bir hecalı
struktura əsaslanaraq, yaddaqalan, ifadəli melodiya yaradır və
xüsusi olaraq biz kuliminasion bölmələri də qeyd etməliyik.
Melodiyaya olduqca məntiqli inkişaf prosesi xasdır. “Nigar”
mahnısı (sözləri M.Müşfiqindir) poetik mətn
baxımından on bir hecalıdır və bu da
Müşfiqin üslubuna yaxın bir amildir. Əsərin
melodiyası sadə, ifadəli və ələlxüsus yadda
qalan intonasiyalardan qurulur. İnkişaf prosesində diqqəti
cəlb edən ifadəli səsaltı polifoniyanı da qeyd
etməliyik.
Maraqlıdır ki, məcmuənin
sonunda A.S.Puşkinin sözlərinə yazılmış
“Qış yolu” (Tərcümə edən Abbas Səhhətdir)
qarışıq mahnı-romans musiqi formasında bəstələnmişdir.
Əsər daha çox romans janrına yaxındır. Bununla əlaqədar
romansın miqyası böyük, fakturası zəngin və
rəngarəng, inkişaf prinsipləri isə mürəkkəbdir.
Poetik mətni müşahidə edən faktura
çoxplanlıdır. Əsərin ikinci yarısında isə
(romans ikihissəli reprizli formada bəstələnib) beş
xanə səslənən instrumental bağlayıcı
keçiddə hətta muğam sənətinə xas olan
improvizasion elementlər səslənir. Musiqidə bir neçə
təzadlı obrazlar qovuşur, fəal şəkildə
inkişaf olunur və sonda bəstəkar vahid bir obraz yaradaraq,
romansın lirika-psixoloji məzmununu, mənsubiyyətini daha da
gücləndirir.
1978-ci ildə T.Bakıxanovun “Qüdsidən söz düşəndə” (fortepiano ilə oxumaq üçün romanslar) adlı məcmuəsi çap edilir: “Abbasqulu ağa Bakıxanovu adətən Azərbaycan tarixinin atası adlandırırlar. Məlum olduğu kimi, böyük tədqiqatçı “Gülüstani-İrəm” kitabında 1813-cü il Gülüstan müqaviləsinə qədərki tariximizi ilk dəfə müəyyən bir sistemlə, ardıcıllıqla qələmə almışdır. Nizami Gəncəvidən ta Hacı Zeynalabdin Şirvaniyə qədər ilk dəfə məlumat verdiyi üçün, mənə elə gəlir, o, ədəbiyyat tariximizin də atası sayıla bilər. Bu da təbiidir. Çünki Bakıxanov maraqlı bir ədəbi mühitdə, gözəl lirik şeirlərin müəllifi kimi qələm yoldaşları arasında nüfuz qazanmışdır... T.Bakıxanov hələ 1967-ci ildə nəşr etdiyi “Gözəlliklər məskəni” nəğmələr məcmuəsində Qüdsinin lirikasına müraciət etmiş, romanslar yazmışdır. Romanslar bizi düşündürür, gözəllik aləminə aparır, mənəvi saflaşdırır, əsl estetika zövq mənbəyinə çevrilir”. Bu gözəl sözlər xalq şairimiz Nəriman Həsənzadəyə məxsusdur.
Məcmuə aşağıdakı əsərlərdən ibarətdir: “Söz düşəndə”, “Yenə bülbüllər”, “Toxunmayaq güllərə”, “Qəlbimi işıqlandıran”, “Nazlı Nigar”, “Gözləyər”, “Söylə”, “Bəxtəvər”. Burada təqdim olunan romanslar ümumən, lirika-psixoloji sferanı özündə ümumiləşdirir. İnsanın dərin, mənalı daxili aləmi təbiətin gözəl guşələrinin fonunda öz təcəssümünü tapır. Ümumiyyətlə, T.Bakıxanov olduqca zövqlə, bacarıqla seçib bu romansların mətnlərini və nəticədə bir “lirik poema” yaradıb. Şərti olaraq, silsilədə gözümüzün qarşısında insan həyatı keçir, kədərli və işıqlı mübarizəli və sakit... Lakin həyatın hər günü sizi düşündürür, sizinlə mübahisə edir, dialoqa girir.
Gözəl, əsrarəngiz təbiətin mənzərəsini yaradan bəstəkar ən ifadəli zəngin musiqi üsullarına müraciət edir. O, sanki təkrarsız “musiqi lövhələri” yaradır. Bu baxımdan biz “Yenə bülbüllər”, “Toxunmayaq güllərə” romanslarını qeyd etməliyik. Musiqi fakturası hər iki romansda çoxplanlıdır, yəni burada T.Bakıxanov həm homofon-harmonik, həm improvizasion (kiçik bağlayıcı fazalarda) və hardasa (kulminasiya bölmələrində) polifonik xüsusiyyətlərdən geniş istifadə edir. Müxtəlif bəzək notları musiqiyə rəngarənglik gətirir.
Əgər “Yenə bülbüllər” romansında bəstəkar səsaltı polifoniyadan istifadə edirsə, artıq “Toxunmayaq güllərə” romansında imitasion inkişaf prinsipinə müraciət edir.
Hər iki romansda olduqca ifadəli “Giriş” materialı səslənir ki, bu da inkişafa təkan verir. Girişdə səslənən mövzular əsərlərin inkişaf prosesində istifadə edilir.
Xüsusi olaraq “Söz düşəndə” romansının əvvəlində bəstəkar muğam-improvizasion üslubundan istifadə edir. Artıq vokal partiyası deklamasiya üslubunda yazılıb, yəni daha çox danışıq nitqinə hardasa yaxınlığı, ümumiyyətlə fakturada ornamentin istifadə edilməsi musiqiyə ekspressivlik gətirir.
Məcmuəni tamamlayan “Bəxtəvər” romansı olduqca şən, gümrah və dinamik xarakter daşıyır. Fakturada bəstəkar mürəkkəb akkord komplekslərindən bacarıqla istifadə edir. Yüksək emosional pafosla fərqlənən melodiya təntənəli və işıqlı səslənir.
Şərti olaraq “Bəxtəvər” romansı bu gözəl silsiləni, onun musiqi tematizmini ümumiləşdirir. Düşünür ki, bu gözəl yüksək professionallıqla yazılan romanslar bizim yeni nəsil ifaçılarımızın diqqət mərkəzində olmalıdır.
Səhifədəki
materiallar Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun layihəsi üzrə çap olunub
İmruz ƏFƏNDİYEVA,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru,
sənətşünaslıq
doktoru
525-ci qəzet.- 2011.- 6 aprel.- S.7.