Azərbaycan opera səhnəsinin
şahzadəsi
XALQ ARTİSTİ GÜLXAR HƏSƏNOVANI
XATIRLARKƏN...
Mən bənzərsiz
sənətkarımız, Azərbaycan opera səhnəsinin
şahzadəsi Gülxar xanımla heç vaxt yaxından
ünsiyyətdə olmamışdım. Yalnız bir dəfə
bu xoşbəxtlik mənə nəsib oldu. Gülxar
xanımın ömrünün sonlarına yaxın professor
Mail Dəmirli onunla görüşə gedirdi. Xahiş etdim
ki, məni də özü ilə aparsın. Biz bir yerdə
Gülxar xanımın görüşünə getdik.
Uşaqlıq illəri və ata
ocağı
“Sənətkarın ömrü sənətin ömrü qədərdir” – deyən atalarımız yanılmayıblar. Bir əsrə yaxın sənət ömrü yaşamış Gülxar Həsənovaya Tanrı hər kəsə nəsib olmayan uca boy, gözəl qamət (hərtərəfli gözəllik), ən başlıcası isə bənzərsiz istedad, məlahətli, ürəyəyatımlı səs vermişdi.
Bəzən adama elə gəlir ki, məşhur adamlar, tanınmış şəxsiyyətlər heç uşaq olmayıblar. Həmişə bu insanları gördüyümüz, tanıdığımız görkəmdə təsəvvür edirik. Onların özlərini təsdiq edənə kimi keçib gəldikləri çətin, mübarizəli, enişli-yoxuşlu, əzab-əziyyətli yolları unuduruq. Amma onlar da hamı kimi haçansa körpə olublar. Bütün uşaqlar kimi onların da bəzisi sakit təbiətli, üzüyola, bəzisi isə dəcəl, nadinc olublar.
Həsənova Gülxar İbrahim qızı 1920-ci ilin ayazlı-şaxtalı bir qış ayında – dekabrın 10-da Şəmkir rayonunun Kolxozkənd (Bayramlı) kəndində anadan olub. Gülxar xanımın atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindəndir. Atası İbrahim kişi Bayramlı kəndində poçt şöbəsinin rəisi işləyib. Bu ailənin uşaqları Zəyəm stansiyasındakı yeddiillik məktəbdə oxuyublar. Gülxar xanımın özündən böyük məktəbli qardaşları Həmid də, Nazim də, Səlim də dəcəl bacılarını çox istəyərdilər. Gülxar xanım elə körpəlikdən çox bacarıqlı idi. Kiçik olmasına baxmayaraq qardaşları nə eləsə onlara qoşulardı: əlifbanı öyrənənlə əlifbanı öyrənərdi, hesabı öyrənənlə hesabı öyrənərdi. Bir sözlə, heç nədə qardaşlarından geri qalmazdı.
O, məktəbə getməzdən əvvəl sərbəst oxumağı, yazmağı bilirdi. Ona görə də, balaca Gülxar yeddi yaşında Zəyəmdəki yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul edilib. Gülxar xanım deyirdi: “Mən bütün fənləri sevirdim, lakin ən çox sevdiyim dərs nəğmə dərsi idi. İstəyirdim ki, hər gün nəğmə dərsi olsun. Buna baxmayaraq xəyalıma da gətirməzdim ki, mən müğənni olacağam”.
Nəhayət,
Gülxar orta məktəbi bitirir, ali təhsil almaq məqsədi
ilə Bakıda ali məktəbdə oxuyan
qardaşlarının yanına gəlir və xalasıgildə
qalır. Ata-anası, qardaşları Gülxarı həkim
görmək arzusunda idilər. Həmin il Gülxar uğurla
imtahan verib, Tibb Texnikumunun mamalıq şöbəsinə qəbul
olundu. Lakin musiqiyə
olan məhəbbəti Gülxarı bir an da olsun tərk
etmirdi. Buna görə də o, texnikumun nəzdində, habelə
Əli Bayramov adına Qadınlar klubunda özfəaliyyət
dərnəyinə üzv yazılmışdı. Gənc
qız həm nəfəsli alətlərdə çalar,
yaxşı səsi olduğu üçün xalq
mahnıları oxuyar, həm də dram dərnəyində
müxtəlif rollar oynayardı.
Keşməkeşli həyat yolu və iztirablı anlar
Gülxar Tibb Texnikumunu bitirib
elə həmin il N.Nərimanov adına Tibb İnstitutunun
mamalıq fakültəsinə qəbul olundu, ancaq onun bu
sevinci uzun çəkmədi. Cəmi 3 ay oxuduqdan sonra onu
institutdan xaric etdilər. Səbəbi də bu idi ki,
atasının yaxın qohumu Həmid Sultanov və onun həyat
yoldaşı Ayna Sultanova xalq düşməni kimi
tutulmuşlar. Gülxarın qardaşlarını və
atasını da işdən qovdular. Beləliklə, ailə
böyük məhrumiyyətlərlə üz-üzə
qaldı.
Qızının gələcək
taleyindən narahat olan İbrahim kişi gizlicə kənddən
ona başqa bir yaş kağızı göndərdi. Bu
yaş kağızında babasının adı ona soyad kimi
yazılmışdı, anadan olduğu il isə 1918-ci il (2 il
ondan öncə olub, körpə ikən ölən
bacısının təvəllüdü) göstərilmişdi.
Lakin başı
daşdan-daşa dəyən Gülxar təhsilini davam etdirmək
arzusundan vaz keçmədi. Amma bu dəfə sənətə
olan həvəsi onu 1935-ci ildə Bakı Teatr Texnikumuna gətirdi.
Gülxar texnikumu 1937-ci ildə əla qiymətlərlə bitirdi.
Təhsil ala-ala 1936-cı ildə Azərbaycan Gənc
Tamaşaçılar Teatrında səhnə fəaliyyətinə
başladı.
1941-ci il Gülxar
üçün çox unudulmaz oldu. Günlərin bir
günü Dənizçilər klubunda keçirilən
konsertdə görkəmli sənətkarlarla birlikdə
çıxış etdi. Konsertdə Gülxar xanımı
tarda ustad tarzən Qurban Pirimov müşayiət edirdi. Qurban
Primov qızın səsinə valeh olmuşdu. O, konsertdən
sonra Gülxarı yanına çağırdı: –
“Yaxşı olar ki, sən opera teatrına gedəsən, orada
sənə daha çox ehtiyac var” – deyib, onu uğurlu
çıxışına görə təbrik etdi.
Gülxar xanım bu əhvalatı belə xatırlayırdı: “Söhbətdən 3 gün keçmişdi. İncəsənət İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) işçisi Ağasəlim Manaflı bizim teatra gəlib mənə dedi ki, Üzeyir Hacıbəyov sənin səsinə qulaq asmaq istəyir. Səhəri gün məni filarmoniyada keçirilən konsertə dəvət etdilər ki, orada çıxış edim, Üzeyir bəy səsimi dinləsin. Küçələrdə divarlara vurulmuş afişalarda isə tamaşaçılara Münəvvər xanım Kələntərli, Şirzad Hüseynov və Xanlar Haqverdiyevin solo-konserti haqqında məlumat verilirdi. Deməyim odur ki, afişada mənim adım yox idi... Nəhayət, gözlənilən məqam gəldi. Mən səhnəyə çıxdım. Amma məni heç kim tanımırdı. Nə adım çəkiləndə, nə də səhnəyə çıxanda heç kim mənə əl çalmadı... Elə ki, başladım oxumağa... Ani sükutdan sonra alqış sədaları kəsilmək bilmirdi. Utandığımdan mahnını tez qurtarmaq üçün “Bayatı-Şiraz”ın ortadakı şöbəsini oxumadım. Üzeyir bəy o vaxt İncəsənət İdarəsinin rəhbəri Mirzə İbrahimovla lojada oturub mənə qulaq asırdı. Konsert qurtarmamış məni filarmoniyanın direktorunun otağına çağırdılar. Fikirləşdim ki, yəqin mahnını yarımçıq oxuduğum üçün danlayacaqlar. Narahatçılığa səbəb olmadı, əksinə Üzeyir Hacıbəyovla Mirzə İbrahimov məni təbrik etdilər. Üzeyir bəy soruşdu ki, bəs niyə yarımçıq oxudun, axı yaxşı oxuyurdun?! Dedim, utanırdım. Fikirləşirdim ki, bəlkə tamaşaçıların heç xoşuna gəlmir, istədim mahnını tez qurtarım... O, sözümü kəsərək, – Yox, qızım, çox yaxşı oxudun, təbrik edirəm. Sən sabahdan operaya gələrsən, – dedi. Orada isə bədii şuranın iştirakı ilə, başda İsmayıl Hidayətzadə olmaqla, Bülbül, Əlövsət Sadıxov, Məmmədtağı Bağırov, Hüseynağa Hacıbababəyov, Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Qurban Pirimov səsimə qulaq asıb, xarici görkəmimə baxıb, məni opera teatrına qəbul etdilər...”
Bənzərsiz sənətkar, bənzərsiz
istedad
Beləliklə, Opera Teatrına qəbul olunan Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti oldu. İşinin çox, vaxtının az olmasına baxmayaraq 1959-cu ildə ADU-nun biologiya fakültəsini də bitirdi. 1980-ci ildən isə Gənc Tamaşaçılar Teatrının məşqçi-pedaqoqu oldu. Bununla yanaşı, “Leyli və Məcnun”da Leyli və Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Bahadır və Sona”da Təravət xanım, “Arşın mal alan”da Telli, “Vaqif”də qarı, “Gəlin qayası”nda Ana kimi yaddaqalan obrazlar yaratdı.
Gülxar xanım Azərbaycan teatr səhnəsində və xalq musiqisi tarixində silinməz iz buraxmışdır. O, “Şərəf nişanı” ordeni, “Şöhrət” ordeni və saysız-hesabsız hökumət mükafatları ilə təltif olunmuşdur. 1954-cü ildə əməkdar artist, 1982-ci ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına layiq görülmüşdür.
Azərbaycan xalqının fəxri, Şərqin ilk opera yazan qadın bəstəkarı xalq artisti Şəfiqə xanım Axundova söyləyir:
“Bir dəfə tanınmış şəxsiyyətlərlə bərabər Üzeyir bəylə mən də operada “Şah İsmayıl” operasına tamaşa edirdik. Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər sakitlik var idi ki, elə bil zal boş idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq dedi: “Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu Gülxardır. Elə bilirəm hansısa bir kişi müğənnidir. Halaldır ona”. İnanırsan, qızım, mən özüm də Gülxarın səsinə heyran qalırdım. İnana bilmirdim ki, rolda Gülxardır”.
Opera səhnəsində özünəməxsus iz qoymuş SSRİ xalq artisti, dünyaşöhrətli sənətkarımız mərhum Lütfiyar İmanovla söhbətimizdən: – Mən Gülxarı operada işləməmişdən də əvvəl tanıyırdım. Hər şeydən əvvəl o, gözəl insan, sadiq dost idi. Opera səhnəsində Gülxar Həsənovanın oynadığı rollar xalq artisti Həqiqət Rzayevanın oynadığı rollardan geri qalmır. Mən operada Gülxarla tərəf-müqabili də olmuşam. Biləndə ki, onunla oynayacam əhval-ruhiyyəm tam başqa olurdu. Daha da həvəslə oynayırdım. “Vaqif”də mən Vaqifi, Gülxar isə qarını, “Koroğlu”da mən Koroğlunu, o, xanəndə qızı, “Bahadır və Sona”da isə Gülxar Təravət xanımı oynayırdı. Hal-hazırda Gülxar xanımın oynadığı rolları Gülxar səviyyədə oynayan aktrisa görmürəm. Məndən heç kəs inciməsin. Onun yetişdirdiyi tələbələri də indi heç kəs yetişdirmir. Gəlin Gülxarın oynadığı rollara nəzər salaq: “Leyli və Məcnun”da Leyli hara, “Əsli və Kərəm”də Əsli hara, “Vaqif”də qarı hara, “Şah İsmayıl”da Ərəbzəngi hara? Lakin Gülxar hər obrazı özünəməxsus oynayırdı. Gülxar xanımın pedaqoqluğu da əvəzsiz idi... Nəhayət onu da deyim ki, Tanrı Gülxar Həsənovadan heç nəyi əsirgəməmişdir, bütün gözəlliklərlə yanaşı hərtərəfli istedad da bəxş etmişdir”.
Gülxar xanımın yetmiş ildən artıq incəsənətdə oxuduğu muğamları, təsnifləri, xalq mahnılarını, opera səhnəsində saysız rollarını xatırlayanda heyrətlənməmək mümkün deyil. Sənətkarın yaradıcılıq palitrası o qədər zəngin, o qədər genişdir ki, onun operalarını, muğamlarını nəinki yığcam bir yazıda, hətta böyük bir kitabda da təhlil etmək qeyri-mümkündür. Bundan ötrü gərək müğənninin yaşadığı o yetmiş ilin sənətkar narahatlığını, sənətkar əzabını, sənətkarın yuxusuz gecələrini, həyəcanlı dəqiqələrini onunla birlikdə yaşayasan...
Qəlblərdə həmişə
yaşayacaq
Mən Gülxar Həsənova haqqında yazdığım bu yazıya “Azərbaycan opera səhnəsinin şahzadəsi” adını qoymuşam. Gülxar xanım doğrudan da, bu ada layiqdir.
Gülxar Həsənova 2005-ci ilin mart ayında dünyasını dəyişib. Lakin Azərbaycan xalqı, yüz il keçsə belə bu gözəl sənətkarı yaddaşlarına əbədi həkk ediblər və gələcək nəsillər bu sənət məktəbindən hələ çox faydalanacaqlar.
Sənətdə öz sözünü demiş Gülxar xanım daim rəhbərliyin diqqətində olmuşdur. O, “Şərəf nişanı”, “Şöhrət” ordenləri, Müharibə veteranı nişanı və saysız-hesabsız hökumət mükafatları ilə təltif olunub.
Əvəzsiz sənətkar 1954-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
Bənzərsiz səsə malik unudulmaz sənətkarımız Gülxar xanım həm də, Azərbaycan teatr və kino tarixində öz yaradıcılıq dəsti-xətti ilə seçilən aktyor, dünyasını çox erkən dəyişən mərhum sənətkarımız Hamlet Qurbanovun anasıdır. Allah hər ikisinə rəhmət eləsin!
Məleykə QASIMQIZI
525-ci qəzet.- 2011.- 6 aprel.-
S.6.