Çağdaş mədəniyyət
təhsili mədəniyyətlərarası dialoqun inkişaf
etdirilməsi kontekstində: anlaşmaya aparan yol
Sabah ölkəmizin
paytaxtında Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu öz işinə başlayır. Belə bir
möhtəşəm tədbirin məhz Bakıda
keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə
artmaqda olan nüfuzundan xəbər verir, ölkəmizin beynəlxalq
mədəni münasibətlərin qurulmasında vacib tərəfdaş
olmasını bir daha ortaya qoyur. Bu, Azərbaycan dövlətinin
istər xarici siyasət, istərsə də mədəni
siyasət sahəsində ciddi uğuru kimi dəyərləndirilir.
Tarixən fərqli mədəniyyətlərin
qovşağında yerləşən Azərbaycan yüksək
tolerantlıq mədəniyyəti ilə hər zaman
dünyanın diqqətini özünə cəlb etmişdir.
Onu da qeyd edək ki, belə bir tədbir dünyada ilk dəfədir
ki, keçirilir.
Mədəniyyətlərarası
dialoq, mədəniyyətlərin çarpazlaşması,
etnosların anlaşması kimi mürəkkəb,
taleyüklü məsələlər tarixən hər zaman cəmiyyəti
düşündürən qlobal səciyyəli problemlərdən
olmuşdur. Fərqli mədəniyyətlərin
anlaşması beynəlxalq münasibətlərin tənzimlənməsində
mühüm ictimai-siyasi amil kimi çıxış
etmişdir. Əlbəttə, bu məsələdə mədəniyyətin
özünün həlledici rolu vardır. Bu xüsusiyyət
– mədəniyyətin mədəniyyətlərarası
münasibətlərdəki rolu, bütün tarixi mərhələlərdə
öz aktuallığını qoruyub saxlamışdır. Hər
zaman olduğu kimi bu gün də biz öz həyat təcrübəmizdə
mədəni təfəkkürün, mədəni səviyyənin
Şərq-Qərb anlaşmasındakı önəmli rolunu
hiss edirik.
Şərqlə Qərbin
qovşağında yerləşən, milli Şərq məfkurəsini,
şərqli dünyagörüşünü Qərb mədəni
dəyərləri ilə özünəməxsus şəkildə,
qəribə ahəngdarlıqla birləşdirən Azərbaycan
xalqı, azərbaycanlı mənəviyyatı tarixən hər
zaman öz mənəvi zənginliyi, təmkini, başqa
xalqların dini inanclarına, mənəvi dəyərlərinə
hörməti, yüksək əxlaqi-etik keyfiyyətləri ilə
seçilmişdir. Ölkəmizin müstəqillik əldə
etdiyi müasir dövrdə bu tarixi reallıqlar yenidən
gündəmə qayıtmış, dövrün, cəmiyyətimizin
əsas mənəvi qazancına, nailiyyətinə
çevrilmişdir. Azərbaycan xalqının ümummilli
lideri, ulu öndər Heydər Əliyev demişdir:
“Azərbaycan
konfessiyalı bir ölkədir. Bu baxımdan o, dünyada dinlərarası,
mədəniyyətlərarası əlaqələrin
genişlənməsi, möhkəmləndirilməsi işinə
öz layiqli töhfəsini verir”. Bu qiymətli fikirlər
öz təsdiqini təkcə respublikamızda deyil, onun
hüdudlarından çox uzaqlarda belə tapmışdır.
Nüfuzlu beynəlxalq iqtisadi, mədəni, dini, idman və s.
tədbirlərə ev sahibliyi edən Azərbaycan ulu öndərin
bu müdrik fikirlərini dəfələrlə təsdiqləmişdir
və əminik ki, bundan sonra da təsdiqləyəcəkdir.
Müasir dövrdə ölkəmiz öz müstəqilliyini
əsaslı surətdə möhkəmləndirmiş, ciddi
dövlətçilik ənənələri yaratmış,
dünya birliyində nüfuz qazanmış, keçərli
söz sahibi olmuşdur. Bütün bunların gerçəkləşməsində
dövlətimizin mədəni siyasətinin də öz
payı, hətta çox ciddi olan payı vardır.
Belə bir fikir mövcuddur
ki, siyasətin aça bilmədiyi qapıları mədəniyyət
açır. Bu fikir Azərbaycan reallıqları ilə də
uğurla səsləşir. Müstəqil Azərbaycan
dövləti dünyada etibarlı iqtisadi tərəfdaş,
stabil siyasi ab-havaya malik respublika, tolerant cəmiyyət, əlverişli
enerji dəhlizi, böyük karbohidrogen ehtiyatlarına malik bir
ölkə kimi olmaqla yanaşı, həm də böyük
mədəniyyət daşıyıcısı kimi
tanınır. Bu isə müasir Azərbaycan dövlətçiliyinin
qurucusu, ulu öndər Heydər Əliyevin müdrik,
uzaqgörən siyasəti nəticəsində, onun milli mədəniyyətimizə
olan sonsuz məhəbbəti sayəsində mümkün
olmuşdur. Çox yaxşı haldır ki, mədəniyyət
və incəsənətimizə göstərilən, əsası
ulu öndərimiz tərəfindən qoyulmuş bu
qayğı, diqqət bu gün onun siyasi kursunun ən layiqli
davamçısı olan möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla inkişaf
etdirilir.
Mədəniyyət
özlüyündə bəşəri bir fenomendir. Təsadüfi
deyildir ki, bilavasitə mədəniyyət
anlayışının elmi təsnifatlarda 200-ə yaxın tərifi
yaranmışdır. Əslində bunların çoxusu
öz mövqeyində düzgün səslənir. Bu məlum
həqiqətləri dilə gətirməklə mədəniyyət
anlayışının çoxşaxəli mahiyyətini,
onun mürəkkəbliyini, cəmiyyətdəki rolunu bir daha
xatırlatmaq istəyirəm.
Bu gün
qarşımızda duran ən mühüm vəzifələrdən
biri də Azərbaycan mədəniyyətini dünyaya
tanıtmaqdır. Əlbəttə, bu işdə mədəniyyətlərarası
ünsiyyətin inkişafı mühüm yer tutur. Azərbaycanda
turizmin inkişaf etdirilməsi, tarixi-mədəni abidələrimizin
yüksək səviyyədə təmiri, beynəlxalq
standartlara cavab verən infrastrukturun yaradılması respublikamızı
dünyada cəlbedici turizm məkanı kimi
tanıtmışdır. Bu proses ildən-ilə daha da sürətlənir
və ölkəmizin inkişafından xəbər verir.
Mədəniyyətlərarası
dialoqun inkişafında, şübhəsiz ki, mədəniyyət
təhsilinin də böyük rolu vardır. Yaşamaqda
olduğumuz çağdaş cəmiyyətdə informasiya və
kommunikasiya imkanlarının genişlənməsi, texnogen
amilin rolunun qüvvətlənməsi mədəniyyətlərarası
dialoqu daha da intensiv edir. Təbii ki, bu zaman həmin dialoqun
öyrənilməsi, münasibətlərin yönləndirilməsi,
idarə olunması zərurəti meydana çıxır. Bu
zərurəti ödəmək üçünsə,
şübhəsiz ki, mədəni proseslərin
araşdırılması, onların təlim-tədris və
təcrübi qaynaqlarının sistemləşdirilməsi,
bir sözlə, müasir tələblərə cavab verən
mükəmməl mədəniyyət təhsili tələb
olunur.
Əlbəttə, qeyd
etdiyimiz kimi, mədəniyyət fenomeni ötən dövrlərdə
də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində
əsas rollardan birini oynamış, təhsil isə bu fenomenin
inkişafına və istiqamətlənməsinə yardım
etmişdir. Lakin ötən dövrlərdən fərqli
olaraq çağdaş cəmiyyətdə kommunikasiya şəbəkəsi,
texniki infrastruktur hədsiz dərəcədə inkişaf
etmiş, informasiyanın ötürülməsi
ağlasığmaz dərəcədə sürətlənmişdir.
Bu isə mədəniyyət təhsilini və onun peşəkar
davamı olan mədəniyyətin idarə edilməsini ötən
dövrlərə nisbətən daha da aktual edir. Ona görə
də mədəniyyətlərarası dialoqun
inkişafında mədəniyyət təhsilinə və
onun idarəçilik imkanlarına xüsusi diqqət yetirilməlidir.
Respublikamızın mədəniyyət
təhsilində rəhbəri olduğum Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
xüsusi payı və çəkisi vardır. Bu sahədə
veteran və unikal ali məktəb olan universitetimiz mədəniyyətin
və onun idarə olunmasının müxtəlif sahələrinə
aid onilliklərlə toplanmış zəngin iş təcrübəsinə
və geniş yaradıcılıq imkanlarına malikdir.
Qloballaşma dövründə mədəniyyət təhsilinin
əsas vəzifələri kimi mədəniyyətin milli
xarakterinin öyrənilməsini, mədəni irsin, mədəni
infrastrukturun, beynəlxalq mədəni əlaqələrin
inkişaf etdirilməsini xüsusi qeyd etmək lazımdır.
Buraya incəsənət fənləri tədrisinin
dövrün tələblərinə uyğun şəkildə
təşkil edilməsini də əlavə etmək tələb
olunur. Belə ki, müasir incəsənət
yönümlü təhsilin tələblərinə cavab verən,
ən yeni avadanlıqlarla təchiz olunmuş tədris
teatrı binasının, səsyazma, montaj studiyalarının
olması vacibdir. Rəssam tələbələrin yay
mövsümü müddətində xarici ölkələrə
yaradıcılıq təcrübəsinə göndərilməsi
imkanlarının gerçəkləşdirilməsi də
günün vacib tələblərindəndir. Yalnız bu
halda Bolonya sisteminin yüksək səviyyədə
reallaşdırılmasından danışmaq olar. Bundan
başqa, mədəniyyət və incəsənət
yönümlü ali məktəblərə xüsusi
yanaşma və maliyyələşdirmə prinsipi tətbiq
edilməlidir. Təəssüf ki, qəbul olunmuş təhsil
qanununda mədəniyyət təhsili ilə bağlı
müddəalar çox az yer tutur. Söylədiyimiz fikirlər
təhsil qanununda daha geniş formada yer alsaydı, şübhəsiz,
daha yaxşı olardı. Arzumuz budur ki, qəbul ediləcək
çərçivə qanunlarında bu fikirlər öz əksini
tapsın. Universitetdəki fəaliyyətimiz dövrün tələblərindən
irəli gələn bu prioritetlər üzərində qurulmuşdur
və deməliyəm ki, artıq müəyyən
uğurlara, qənaətbəxş nəticələrə
nail ola bilmişik.
Mədəniyyət
fenomenindən danışarkən məsələyə həm
də kulturoloji aspektdən yanaşmaq tələb olunur.
Çünki çağdaş dünyada kulturologiya elmi
özündə mədəni, sosial, ictimai amillər əks
etdirməklə, dünya birliyinin başlıca münasibətlər
sistemini öz orbitinə çəkir və beləliklə də
beynəlxalq mədəni münasibətlərin tənzimlənməsində
müəyyən pozitiv rol oynayır. Elmi, nəzəri və
sosial-ictimai zəmin üzərində bərqərar olan
kulturologiya mədəniyyətlərarası dialoqun prinsipcə
yeni inkişaf mərhələsinə qədəm
qoymasına, sosial-mədəni anlaşma yollarının
yaranmasına, mədəniyyətin idarə edilməsinə
ciddi təsir göstərir. Artıq uzun illərdir ki,
universitetimizdə Kulturologiya fakültəsi
yaradılmışdır. Fakültə Bolonya təhsil
sisteminə keçən ilk qurumlarımızdan biridir. Burada
kulturologiyanın tətbiqi, nəzəri və digər
problemləri araşdırılır. Əlbəttə, mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsində istər tətbiqi, istərsə
də nəzəri sahənin öz payı vardır. Bunlardan
birincisi mədəniyyətin idarə olunmasında, dialoqun
yönləndirilməsində, ikincisi isə bu idarəçiliyin
forma və mexanizmlərinin işlənib hazırlanmasında
iştirak edir. Universitetimizdə bu və digər sahələr
üzrə yüksək ixtisaslı ali təhsilli kadrlar
hazırlanır ki, bu da haqqında söhbət
açdığımız problemin – mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsinin reallaşmasının vacib
şərtlərindən biridir. Çünki mədəniyyətin
inkişafı idarəçiliklə bağlıdır.
Ümumiyyətlə, istənilən sahənin inkişafı
düzgün istiqamətləndirilmiş idarəçiliklə
bağlıdır və mədəniyyət də burada
istisna deyildir. Mədəniyyətin müasir tələblər
çərçivəsində, dövlətçiliyimizin
prioritet tövsiyələri əsasında idarə edilməsi
isə, öz növbəsində, mədəniyyətlərarası
dialoqun ardıcıl, yüksələn xətlə
inkişafına təminat verir. Buradan aydın
görünür ki, mədəniyyət təhsili mədəniyyətlərarası
dialoqun təşkil edilməsində öncül yerlərdən
birini tutur. Elə buna görə də sivilizasiyaların
çağdaş münasibətlərindən söz
açarkən prioritet məqamlardan biri kimi, dövlətimizin
mədəni siyasətinin gerçəkləşdirilməsini
və mədəniyyətin idarə olunmasını
başlıca meyar olaraq qəbul edən mədəniyyət təhsilinə
ayrıca diqqət yetirmək lazımdır. Universitetimiz
ölkəmizdə aparılan təhsil islahatlarını
öz fəaliyyətinə uğurla tətbiq etməyə
çalışır. Tədris qurumlarının
böyük əksəriyyəti Bolonya sisteminə
keçmişdir. Bu isə tələbələrimizin beynəlxalq
aləmdə təhsil və iş imkanlarını xeyli
artırmaq deməkdir. Universitetimizdə təhsil
islahatlarının, Bolonya sisteminin tətbiqi eyni zamanda mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi işinə xidmət
edir.
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
beynəlxalq mədəni əlaqələr, mədəniyyət
meneceri (menecment), mədəni servis xidməti, kulturoloq,
muzeyşünas və başqa ixtisaslar üzrə mütəxəssis
hazırlığı aparılır. Bakalavr pilləsində
tədris demək olar ki, tam şəkildə Bolonya təhsil
sisteminə əsaslanır. Hazırladığımız
mütəxəssislərin dövlət və özəl
sektorun müxtəlif idarəçilik strukturlarındakı
fəaliyyəti mədəniyyətin idarə olunması, mədəni
proseslərin tənzimlənməsi və təbii ki, mədəniyyətlərarası
dialoqun təmin edilməsi ilə bilavasitə əlaqədardır.
Fikrimizcə, mədəniyyətlərarası dialoqun əsas
şərtlərindən biri də milli mədəniyyətin
qorunub saxlanılması və daha da inkişaf etdirilməsidir.
Bu, həm də bizə olan beynəlxalq marağı
artırır və dialoqun inkişafına rəvac verir. Milli
söy-kökümüzdən qaynaqlanan mədəniyyətimiz
varlığımızın, millət kimi özünütəsdiqimizin
bəlkə də ən əsas şərtidir. Söylədiyimiz
kimi, müstəqil Azərbaycan Respublikasının mədəniyyət
təhsilinin başlıca vəzifəsi dövlətimizin mədəni
siyasətinin idarə olunması üçün yüksək
ixtisaslı peşəkar kadrların hazırlanmasından ibarətdir.
Azərbaycanın dünya birliyinə layiqli inteqrasiyası,
milli-mənəvi dəyərlərimizin bütün
dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin
olduğu kimi beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması dövlətimizin mədəni
siyasətinin mədəniyyətlərarası dialoq müstəvisində
yer alan prioritet şərtlərindəndir. Tamamilə
aydındır ki, müasir tələblərə cavab verən
kadr potensialına malik olmadan bu vəzifələri həll etmək
mümkünsüzdür. Bu isə mədəniyyət təhsilinin
rolunu və əhəmiyyətini bir daha gözlərimiz
önündə canlandırır.
Mədəniyyət
bütün tarixi dönəmlərdə
qarşılıqlı anlaşmaya, etimad və səmimiyyətə
aparan bir yol olmuşdur. Bu yolun yolçularını
yetişdirmək, onları etibarlı “yol xəritəsi” ilə
təmin etmək isə bizim – mədəniyyət təhsili təmsilçilərinin
öhdəsinə düşür. İnkişaf edən Azərbaycanın
dünya ölkələrinin diqqətini özünə cəlb
etdiyi bir dövrdə biz öz məsuliyyətimizi daha dərindən
dərk edirik. Ona görə də mədəniyyət təhsilinin
səviyyəsini daha da yüksəltmək, qabaqcıl
dünya təcrübəsini işimizdə tətbiq etmək,
aparılan islahatlardan, müasir təhsil formalarından
yararlanmaq bizim əsas vəzifələrimizdəndir. Biz hər
zaman bu istiqamətdə çalışmışıq, indi
də çalışmaqdayıq və bundan sonra da
çalışacağıq. Dövlətimizin mədəni
siyasətinə dəstək verən, bu siyasəti uğurla
aparan kadrlar yetişdirəcəyik. Mən sözümü
ulu öndərin aşağıdakı müdrik kəlamı
ilə bitirmək istəyirəm: “Xalq bir çox xüsusiyyətləri
ilə tanınır, sayılır və dünya xalqları
içərisində fərqlənir. Bu xüsusiyyətlərdən
ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə
irəli gedəcək, həmişə yaşayacaq, həmişə
inkişaf edəcəkdir”.
Timuçin Əfəndiyev,
professor
525-ci qəzet.- 2011.- 6 aprel.-
S.4.