Rəfail Laçınlı “Rübailər”i
imzalayıb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda şair Rəfail Laçınlının 60 illik
yubileyi və “Rübailər” kitabının
İmza günü gerçəkləşib. Mərasimi
giriş sözü ilə açan filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli rübai
haqqında danışıb:
“Rübailər Azərbaycan
ədəbiyyatının qədim
tarixə malik klassik şeir formalarındandır. Rübai deyərkən
ilk yada düşən
bu janrda mükəmməl nümunələr
yaradan böyük fars-tacik şairi, filosof Ömər Xəyyamdır. Daha sonra
görkəmli rübai
ustası kimi şöhrət tapmış
azərbaycanlı şairə
xanım Məhsəti
Gəncəvi yaddaşlarda
canlanır. Bu janra müraciət edən çağdaş
ədəbiyyat nümayəndələrindən
şair Qabil, Oqtay Rza, Abbas
Abdulla və başqalarını da misal çəkmək olar”. V.Yusifli R.Laçınlının yaradıcılığı
haqqında da fikirlərini bölüşüb:
“Hər bir şair və ya yazar qələmə
aldığı əsərində
özünəməxsusluğu, fərqliliyi ilə seçilməyə can atır.
Rəfail Laçınlı məhz belə şairlərdəndir. Onun rübailərində
ən böyük dərdi olan Laçın, Qarabağ ön sıradadır.
Bundan başqa, müəllif rübailərində dünyəvi
hissləri, həyatdakı
təzadları, halal və haramı, insanı, onun gözəlliyini, arzu və istəklərini əks etdirir”.
Tədbirin aparıcısı şair Dayandur Sevgin müəllifin rübailərini bəyəndiyini
dilə gətirib.
Şair Abbas Abdulla R.Laçınlının
yaradıcılığı haqqında fikirlərini bölüşərək, rübai
janrında orijinal olmağın çətinliyindən
söz açıb:
“Rübai olduqca çətin janrdır. Buna görə də
onu olduğu kimi çatdırmaq böyük məharət
tələb edir.
Rəfail Laçınlı qələmə aldığı
rübailərində orijinalı
olduğu kimi saxlayaraq olduqca maraqlı nümunələr
yaradıb”. Şair Oqtay
Rza R.Laçınlı
ilə tanışlıq
tarixini tədbir iştirakçılarına danışaraq,
müəllifin yaradıcılığı
haqqında fikrini bildirib.
Tədbirdə tanınmış rəssamlardan Nəvai Məmmədoğlu və
İlqar Əkbərov
da müəllif haqqında fikirlərini bölüşərək, R.Laçınlıya
portret hədiyyə ediblər.
Sonda çıxış edən
R.Laçınlı tədbirdə
iştirak edənlərə
təşəkkürünü bildirib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.