Xalq rəssamı
Ağəli İbrahimovun
ilk fərdi yaradıcılıq sərgisi
açılıb
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
aprelin 6-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağaəli
İbrahimovun fərdi yaradıcılıq sərgisinin
açılışı olub.APA-nın məlumatına
görə, sərgidə çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Ağaəli
İbrahimovun yaradıcılığından söz
açıb və rəssamın uzun illərdir
yaratdığı incəsənət nümunələrini
yüksək qiymətləndirib. O bildirib ki, 1966-cı ildən
ümumrespublika və beynəlxalq sərgilərdə
iştirak edən rəssamın əsərləri Rusiya,
Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük
Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə
nümayiş olunub. Lakin uzun illərdir ki, rəngkarlıq sahəsində
yorulmadan çalışan tanınmış fırça
ustasının yaratdığı sənət əsərləri
indiyədək geniş tamaşaçı auditoriyasına təqdim
edilməyib. Təxminən 45 illik bədii
yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir
rəssamın fərdi yaradıcılıq sərgisi
keçirilir.
Mərasimdə Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov,
Bakı Rəssamlıq Akademiyasının rektoru Ömər
Eldarov, xalq artisti Arif Məlikov, sənətşünas
Ziyadxan Əliyev Ağəli İbrahimovun
yaradıcılığından danışıblar.
Ağəli İbrahimov
belə bir sərgisinin təşkilinə görə, Mədəniyyət
və Turizm Nazirliyinə öz minnətdarlığını
bildirib: “Həyatımda ilk dəfədir ki, fərdi sərgim
keçirilir. Məndən olsaydı, hələ də sərgim
açılmazdı. Amma 65 illik yubileyimlə əlaqədar
nazir Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev
və Fərhad Xəlilov belə qərara gəldilər ki,
bu sərgi baş tutsun. Bu gün 1960-cı ildən bu günə
qədər yaratdığım əsərlərin bir hissəsi
nümayiş olunur. Təbii ki, bu nə vaxtsa olmalı idi.
Amma heç bilməzdim ki, belə bir sevinc yaşayacağam”.
Sərgidə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Aprelin
12-dək davam edəcək sərgidə xalq rəssamının
40 əsəri nümayiş olunur.
525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.