Gənc yazar Yeqzar Cəfərlinin “Əli Fəhmi dünyası” kitabı işıq üzü görüb
Azərbaycanın
tanınmış ziyalılarından olan ədəbiyyatşünas,
şərqşünas alim Əli Fəhminin həyat və
yaradıcılığından bəhs edən “Əli Fəhmi
dünyası” adlı kitabın təqdimatı olub. Təqdimatda
çıxış edən ziyalılar Əli Fəhminin həyat
və yaradıcılığına qısa ekskurs edib, onunla
bağlı xatirələrdən söz açıb,
kitabın ərsəyə gəlməsini müsbət qiymətləndiriblər.
Kitabın müəllifi
Yeqzar Cəfərli Əli Fəhminin yalnız adını
eşitdiyini deyərək, bu işə onun əlyazmaları,
haqqındakı xatirələrlə tanış ola-ola
başladığını bildirib: “Bu əvəzsiz şəxsiyyətin
yaradıcılığı ilə yaxından tanış
olunca, onun gəncləri daim ruhlandırması, “sən məndən
də çox bilirsən” deyərək gənclərdə
öz qüvvələrinə inam yaratması məni ruhlandırdı.
Mənə bu məsuliyyətli işə girişməyə
cəsarət verdi”.
Y.Cəfərlinin sözlərinə
görə, cəmi 56 il yaşayan, lakin özündən
sonra unudulmaz xatirələr qoyan Ə.Fəhmi olduqca ləyaqətli
və şərəfli ömür yaşayıb: “Qurani-Kərimin,
İslam dini ehkamlarının, Şərq poeziyasının, əruzun
və muğamın gözəl bilicisi olub. Bu gün Əli Fəhmi
onu tanıyanların xatirəsində belə yaşayır”.
Müəllif Azərbaycan ədəbiyyatında
klassik poeziyanı, əruzu gözəl bilən alimlərimizin
çox olduğunu, ancaq onların heç birinin Qurani-Kərimi,
İslam hüquq və şəriət məktəblərini
Əli Fəhmi qədər dərindən bilmədiyini deyib.
Qeyd edək ki,
kitabın müəllifi Yeqzar Cəfərli Azərbaycan
Universitetinin filologiya fakültəsinin 3-cü kurs tələbəsidir.
İngilis və ərəb dillərini bilən Y.Cəfərli
ölkə mətbuatında onlarla məqalənin müəllifidir.
525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.