Keçmişimizi və mənəviyyat
dünyamızı ilmə-ilmə yaşadan sənət inciləri
Muzeylər hər bir
xalqın mədəni-mənəvi yaddaşı
sayılır. Bu mədəniyyət məbədlərində
xalqların tarixi, mədəniyyəti, incəsənəti,
bir sözlə, yaranışından günümüzə
keçdiyi yolu əks olunur. Təbii ki, qiymətsiz olan
eksponatların, sənət nümunələrinin dili ilə.
Tariximizə canlı şahidlik edən bu nümunələr
həm də xalqımızın qədimliyini, zəngin
keçmişini nəinki təkcə özümüzə,
bütün dünyaya göstərir. Ölkəmizə
gələn əcnəbilər bir muzeyi belə ziyarət etməmiş
geri dönmürlər. Geriyə isə əlbəttə ki,
zəngin təəssüratlarla qayıdırlar.
Qeyd edək ki, bu gün
tariximiz qədər qədim olan sənət nümunələrimizdən
biri də xalçaçılıqdır.
Məlumdur ki, hər bir
xalq dünya mədəniyyətini öz töhfələri
ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin
mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri
əhəmiyyət kəsb edir. Tədqiqatçılara
görə, xalqımızın özü qədər qədim
olan Azərbaycan xalça sənəti tunc dövründən
başlayaraq inkişaf edib, daha da zənginləşərək
bu günümüzə gəlib çatıb. Xalça və
xalça məmulatları ilk əvvəllər məişət
ehtiyaclarını ödəmək məqsədilə meydana
çıxıb. Zaman keçdikcə isə həm də mənəvi
tələbatın ödənilməsinə xidmət edib. Xalça
sənət əsərinə çevrilib, interyerin tərtibatında
əsas vasitə olub. Orta əsrlərdə Azərbaycanda
toxuculuq sənətinin inkişafı ilə əlaqədar
olaraq ipək, kətan və yun parçalar, xalça və
xalça məmulatları toxunub. Mənbələrdə məlumat
verilir ki, məhz həmin dövrdə Azərbaycan xalça
istehsalı mərkəzlərindən biri kimi
tanınırdı. Həmin dövrün əlyazmalarında
göstərilir ki, Azərbaycanın ayrı-ayrı bölgələrində
xalça və xalça məmulatları geniş
yayılıb. Muğanda palaz və çuval,
Naxçıvanda və Xoyda xalça, Ərdəbildə və
Şirvan bölgəsində parça istehsal olunurdu.
Tədqiqatçılar
16-17 əsrləri Səfəvilər dövrünü Azərbaycan
xalça sənətinin yüksək inkişaf mərhələsi
hesab edirlər. Səfəvilər dövlətinin banisi
Şah İsmayıl Xətainin Təbrizdə, öz
sarayında yaratdığı kitabxana sənət mərkəzinə
çevrilmişdi. Buraya şairlər, elm və mədəniyyət
xadimləri ilə birlikdə rəssamlar da toplaşırdılar.
Kitabxananın nəzdində bədii emalatxana
yaradılmış və burada Sultan Məhəmməd, Sadiq
bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli
fırça ustaları fəaliyyət göstəriblər.
Onlar xalça və bədii parçaların çeşnilərini
verib və bunların əsasında toxunmuş zərif
xalçalar və parçalar geniş yayılıb. Müxtəlif
dövrlərdə Azərbaycanda ayrı-ayrı
hökmdarların, zəngin adamların sarayları, məscid
və ibadət yerləri də qiymətli sənət
nümunələri ilə bəzədilib. Bunların
arasında rəsm əsərləri, heykəltəraşlıq
nümunələri, qiymətli materiallardan
hazırlanmış bəzək əşyaları, silahlar,
digər nümunələrlə yanaşı nadir Azərbaycan
xalçaları da olub.
Tarixən Azərbaycana
gələn səyyahlar və tacirlər də buradan özləri
ilə xalça aparıblar. Məhz bunun nəticəsidir ki,
bu gün Azərbaycan xalçaları dünyanın ən zəngin
muzeylərinin və bir sıra şəxsi kolleksiyaların bəzəyinə
çevrilib. Tariximizin bu parçası isə Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyindədir. 1967-ci ildə təşkil olunan muzeyin ilk
ekspozisiyası isə 1972-ci ildə İçərişəhərdə,
“Cümə” məscidində açılıb. Muzeydə Azərbaycan
xalqının milli mədəniyyətinin və incəsənətinin
daşıyıcısı olan xalça və xalq tətbiqi
sənəti nümunələri ilə birgə müasir
dövr rəssam və xalq sənətkarlarının ən
nümunəvi əsərləri də toplanıb. Azərbaycan
xalqının maddi və mənəvi irsini təşkil edən
Azərbaycan Xalçası Muzeyi dünyada xəzinəsindəki
nadir xalçaların dəyərinə və əhəmiyyətinə
görə ən böyük xalça kolleksiyası,
xalça sənəti üzrə birinci, nüfuzlu,
ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən
Azərbaycanda xalçaçılıqla hələ tunc
dövründən (e.ə. 2-ci minillik) məşğul
olmuşlar. Azərbaycanda xalçaçılığın
inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik
tarixçilərin, eləcə də orta əsr ərəb
tarixçilərinin və Azərbaycan şairlərinin Nizaminin
(12 əsr), Xəqaninin (12 əsr) əsərlərində məlumat
verilib. 13-14-cü əsrlərdə Azərbaycandan xarici
ölkələrə çoxlu xalça və xalça məmulatı
ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis
naxışları ilə diqqəti cəlb edən bu
xalçalar məşhur Avropa rəssamlarının əsərlərində
öz əksini tapmışdır. Azərbaycan el sənətkarlarının
yaratdıqları xalça sənəti inciləri
yüzilliklər boyu dünyanın bir çox muzeylərini,
Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun
Ermitaj, Parisin Luvr və s. bəzəyib. Eləcə də bu
gün Azərbaycan xalçası və xalq tətbiqi sənəti
Azərbaycan Dövlət İncəsənət Muzeyində
bu sənət incilərinin nadir nümunələri ilə
tanış olmaq mümkündür. Muzeyin ekspozisiyasında
Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax,
Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə
məxsus olan xalçalar öz kompozisiya və ornament
quruluşlarına, eləcə də rəng həllinə
görə diqqəti cəlb edir.
Qubada toxunan
xalçalardan –”Pirəbədil”, “Qımıl”,
“Sırt-Çiçi” zərifliyi, rəsm və
naxış elementləri ayrıntılarının nəcibliyi,
səthə taxılmış kimi görünən –
toxunması belə hiss olunmayan elementləri,
xırdalanmış cizgi rəsmi, yığcam rəng
qammaları ilə insanı heyran edir. Şirvan
xalçalarından – “Muğan”, “Şilyan” bir növ ilk – qədim
xalçalarımıza oxşayır. Bu xalçalarda qədim
xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit
kolorit üstündür. Qarabağ xalçaları –
“Xanlıq”, “Malıbəyli”, “Ləmpə”də yüksək
kompozisiya ustalığı, ağlasığmaz fantaziya,
kolorit əlvanlığı ön planda dayanır. Bakıda
hazırlanan xalçalardan – “Xilə – Buta”nın,
“Novxanı”nın, “Fatmayi”nin zərif cizgi rəsmi, mürəkkəb
ornamentləri vardır. Olduqca böyük şərtiliyə
əsaslanan “Faxralı”, “Şıxlı”, “Borçalı”,
“Qaçağan”, “Qədim Göyçə”, “Dəmirçilər”
kimi Gəncə və Qazax məktəblərinə aid
xalçalarda əsasən naxışların həndəsi
üslubuna daha çox üstünlük verilir. Bu
naxışlar kainatın sirlərini, mistik təsəvvürləri
damğalar və cizgilərin dili ilə bizlərə yetirirlər.
Təbriz xalçalarından – “Sərabi”, “Əfşan”, “Ləçək
– Turunc”da dairəvi və ya spiralvari plastik formaların dekoru,
dünyanın əbədiliyi, gözəlliyi və həyat
ritmi haqqında təsəvvür yaradır. Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi Azərbaycanın məhz belə nadir sənət
nümunələrini öz kolleksiyasında toplayıb. Bundan
başqa, muzeyin ekspozisiya və fondlarında palas, cecim, kilim,
şəddə, zili, ladı, vərni və sumax daxil olan
bir-birindən rəng çalarları, çeşniləri və
texnoloji toxunma üsulları ilə seçilən xovsuz
xalçalar, məişətdə geniş uteletar əhəmiyyət
kəsb etməklə yanaşı yaraşıqlı bəzək
elementləri ilə toxunulub məfrəş, xurcun, heybə,
çanta, çul, xaral və s. kimi xalça məmulatları
da toplanıb. Yeri gəlmişkən qeyd edək ki, bu tətbiqi
sənət növləri də keçmişdə Azərbaycanda
geniş istifadə olunub. Muzeydə həmçinin müxtəlif
növ və çeşnidə xalçaların toxunulması
və suvenirlərin hazırlanması üçün
sifarişlər qəbul olunur, xalça və xalq tətbiqi
sənətinin müxtəlif mövzularına dair mühazirələr,
ekskursiyalar, müsabiqə, sərgilər eləcə də
xalça toxunan bölgələrə etnoqrafik turlar təşkil
edilir. Muzeyin Şuşa filialı Şuşanın
işğalından sonra, 1992-ci ildən etibarən öz fəaliyyətini
Lətif Kərimov adına Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam
etdirir. Onu da qeyd edək ki, bu gün Xalça Muzeyi digər
bir çox muzeylərlə birgə Muzey Mərkəzində
fəaliyyət göstərir. Amma bu müvəqqətidir.
Belə ki, ölkə prezidentinin sərəncamı ilə
muzey üçün şəhərin mərkəzində
xüsusi bina inşa olunur. Bükülmüş xalça
formasında olan yeni binada inşa işlərinin bu
yaxınlarda bitməsi gözlənilir. Təməli 2008-ci
ilin mayında Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni
binası Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında
inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən
ilk növbədə, milli memarlıq ənənələrinə
daha çox üstünlük verilib. Xalça muzeyinin
dördmərtəbəli yeni binasının ümumi sahəsi
18 min 446 kvadratmetr olacaq. Binanın birinci mərtəbəsində
muzeyin qonaqları üçün guşələr, inzibati və
elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə
kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi,
suvenir və kitab köşkü, üçüncü mərtəbədə
danışıqlar və audio-vizual təqdimat otaqları
yaradılıb. Dördüncü mərtəbədə isə
sərgi salonları və görüş otaqları yerləşəcək.
Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz
olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya
şöbələri olacaq. Burada, həmçinin
açıq havada heykəllərin və xalçaların
nümayişi üçün sahə də nəzərdə
tutulub. Muzeyin foyesində cəvahirat və qiymətli bəzək
əşyalarının sərgisi üçün seyf tipli
otaqlar olacaq. Layihədə binanın uzunluğu 121,25 metr, eni
22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə
tutulub. Muzeyin yeni binasının orijinal memarlıq üslubu ilə
seçilir. Muzeyin yeni binası istifadəyə verildikdən
sonra burada 200 nəfər çalışacaq. Bu gün Azərbaycan
xalça sənətinin UNESKO-nun “Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil
edilməsi də bir daha bu sənətin dəyərinin
göstəricisidir. Azərbaycan muğam sənəti və
aşıq sənətindən sonra milli xalça sənətimizin
bu siyahıda yer alması ümumən mədəniyyətimizin
beynəlxalq miqyasda tanıdılması yönündə daha
bir uğurlu addımdır.
Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin direktoru Röya Tağıyeva deyir ki, bu sənəd mədəni
müxtəlifliyin və sabit inkişafın təminat faktoru
kimi mühüm əhəmiyyət kəsb edir: “Xalça Azərbaycan
xalqının milli-mədəni sərvətlərindəndir
və bu sərvəti qoruyub inkişaf elətdirib, gələcək
nəsillərə çatdırmaq bizim borcumuzdur. Azərbaycan
xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına salınması onun müdafiə
olunmasına kömək edər. Qeyri-maddi mədəni irsin əhəmiyyəti
və qorunmasının cavan nəsil tərəfindən dərindən
dərk edilməsi zərruridir”. Bəzən
xalçalarımızın öz mənasını itirərək
sadəcə dekorativ funksiya daşıdığını
deyən R.Tağıyeva bunun qarşısının alınmasının
vacib olduğunu söyləyib: “Azərbaycanın şəhərlərində
və bölgələrində istehsal olunan xalçalar
dövlət sərhədlərindən asanlıqla keçərək,
çox uzaqlara yayılır. Öz ilkin mədəni
kontekstindən ayrılan bu sənət əsərlərimiz mənasını
və məqsədini, öz zəngin palitrasını itirir”.
Onun fikrincə, qeyri-maddi irsin dəyişilməz amili olan Azərbaycan
xalçası xalqın həyat tərzi, adət-ənənələri,
təsərrüfat quruluşu ilə sıx
bağlıdır və bunlar naxışların dərin mənasında
və işlənməsində öz əksini tapıb.
“Xalçaçılıq sənəti özündə
müxtəlif tarixi təbəqələri və dövrləri
birləşdirir. Buna görə də Azərbaycan
xalçasının ənənələrinin qorunub
saxlanması onun YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına salınmasına imkan verir. Bu,
xalçaçı-rəssamlar və xalça üzrə
dizaynerlər, fərdi toxucular, sənaye miqyasında
xalça istehsal edən və satan biznesmenlər, alimlər,
sənətşünaslar, Azərbaycan xalçasını
toplayan, qoruyan və tədqiq edən muzey işçilərinin
də marağındadır”. Bu gün xalça sənətinin
durğunluq vəziyyətində olduğunu və bundan
çıxış yolu axtarmağın vacibliyini deyən
R.Tağıyeva hesab edir ki, xalça sənətini respublika
daxilində inkişafı və təbliği ilə
yanaşı, beynəlxalq arenada da yüksək zirvələrə
qaldırmalıyıq.
Bu gün Azərbaycanda xalça sənəti
öz inkişafının yeni mərhələsini
yaşayır. “Azərbaycan xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul
edilməsi, prezident İlham Əliyevin sərəncamı ilə
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi üçün müasir standartlara
uyğun binanın inşa edilməsi bu qədim el sənətinə
dövlət qayğısının ifadəsidir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.