Beş dağın sirli daş yaddaşında qorunanlar

 

DÜNYA MƏDƏNİ İRS SİYAHISINDA QOBUSTANIN DA DAXİL EDİLMƏSİ AZƏRBAYCANIN TARİX VƏ MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ BAXIMINDAN BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDİR

 

Azərbaycanın qədim tarixini, mədəniyyətini, incəsənətini özündə birləşdirən abidələrimizdən biri də Qobustan Bədii Qoruğudur. Qobustan qəsəbəsində, paytaxt Bakıdan 60 km. aralıda yerləşən qoruğun sahəsi təxminən 3-4 km-dir.

Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləyiblər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntıların nəticəsidir.

Qobustan adının da mənşəyini məhz bu təbii şəraitlə izah etməyə çalışırlar. Qobustanın adı “Qobu” sözündən götürüldüyü üçün bura qobular və yarğanlar diyarı sayılır. Ən hündür zirvə 1047 m-dir. Burada əsasən yarımsəhra landşaftı hökm sürür. Qobustanın dağlarında ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır. Qobustan Dövlət tarixi-bədii qoruğu – açıq səma altında muzeydir. Qoruq Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-ci illərdən başlayaraq, bu günə qədər də davam edir.

Qayaüstü rəsmlər də 1939-cu ildə Cingirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir.

Hal-hazırda isə sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınıb. Qobustan qaya rəsmləri vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin – öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və s. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşərat şəkilləri qeydə almayıb. Heyvan şəkilləri əsasən kontur xətlə verilib. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və s. səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst paleolit) başlayaraq orta əsrlərə qədərki müxtəlif dövrləri əhatə edir.

20-ci əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar, 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır.

Bunlar ov və əmək alətləri, məişət əşyaları və digərləridir. Daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanıb. “Firuz” düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasına malikdir. Azərbaycan xalqının teatr incəsənəti və incəsənətin başqa növləri öz başlanğıcını məhz Qobustan abidələr kolleksiyasından götürür.

 Qalaüstü cizgilərə Qobustandan şimala tərəf Xəzərin sahili boyunca Bakıya və Abşeron yarımadasının uzaqlarına qədər təsadüf olunur. Belə sayılır ki, rəsmlərin bir hissəsi Qobustanda tropik klimat olanda həkk olunub, flora və fauna ilə zəngin olan düzənlik olub. Suyun və qidanın bol olması diri təbiətin müxtəlifliyinə səbəb olub. Qayalar üzərində qazıma üsulu ilə insanlar, müxtəlif heyvanlar təsvir olunub. Balıqların qaya üzərində həkk olunması bizim eradan əvvəl 10-9-cu əsrlərə aid hesab olunur. Balıq obrazı dini məbədlərə aid olunur. Belə ki, balıq obrazları Abşeronda evlərin fasadında həkk olunarmış və bu da köhnə ənənə sayılarmış. Əgər yuxuda balıq görsən, deməli bu varlanmaq rəmzidir. Ümumiyyətlə, balığa pərəstiş Abşeronda çox qədimdən olub.

Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aiddir və bizim eradan əvvəl 10-8-ci əsrlərə aid hesab edilir. Böyük bir tarixi vaxtı əhatə etdiyinə görə Qobustan qayaüstü təsvirləri başqa qayaüstü kolleksiyalardan daha üstündür. Qobustan üçün kişi və qadın rəsmləri əsasən öz yerini tutur. İnsanlar bəzən öz təbii böyüklüyündə çəkilib. Kişilər ovçu geyimində, silahlı, böyük boylu, inkişaf etmiş əzələli təsvir olunub. Bəzi qadınların bədəni döydürülmüş şəkillərlə bəzədilib. Bu cür təsvirlər tropik ölkələrə və Okeaniyaya xas olan əlamətdir. İnsanların kölgə təsvirlərinin əvəzinə öküzlərin öz təbii böyüklüyündə kontur tətili təsvirləri yaradılır. Bunların bəzilərinin uzunluğu 240 sm, hündürlüyü 140 sm olur. İri və nisbətən xırda vəhşi öküzlərin kontur təsvirləri və silahlı kişilərin təsvirləri bizim eradan əvvəl 7-6-cı əsrlərə aid olunur. O dövrlərdə ovçuluq insanların həyatında mühüm yer tuturdu. Ceyranların, maralların, vəhşi keçilərin, atların, qabanların, şirlərin çoxsaylı rəsmləri bizim eradan əvvəl, 6-3 əsrlərə aiddir. Qədim rəsmlərdən başqa Qobustanda, Böyük-daş dağının ətəyində latınca yazılmış sözlər aşkar edilib. Bu yazı bizim eradan əvvəl 1 əsrə (84-96-cı illər) aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.

 Qaya üzərində latın dilində yazılmış kitabədən isə məlum olur ki, imperator Domisianın dövründə bizim eradan əvvəl 81-96-cı illərdə 12-ci Roma legionu Azərbaycanda olub. Bu yazı Azərbaycan tarixinin az öyrənilmiş dövrünü müəyyən qədər işıqlandırır. 4-cü əsrin ikinci yarısının latın avtoru Yevtropi yazır ki, Domisian Azərbaycana dörd dəfə hərbi əməliyyat yürüşü təşkil edib. Bu yürüşlərindən birində həmin legion öz sərkərdəsilə birlikdə məhv edilib. Belə qənaətə gəlmək olar ki, bu latın yazısı Abşeronun yerli əhalisinin məhv etdiyi 12-ci legionundan bəhs edir. 1 əsrdə Roma qoşunlarının Abşeronda olmasını Abşeron kəndinin birinin Ramana adlanması da təsdiq edir. 8-ci əsrdə Bar Ebrey tərəfindən də Kiçik Asiyada Ramana şəhərinin mövcud olmasından danışılır. Bütün bunları nəzərə olaraq demək olar ki, Bakı yaxınlığında olan Qobustanda vaxtilə istilaçı Roma qoşunları yerləşdirilibmiş. Bundan başqa Qobustanda 12-14 əsrlərə aid olan ərəb əlifbası ilə həkk olunmuş yazılara da təsadüf olunur. Azərbaycanın qədim mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il qərarına əsasən Qobustan qoruğu təşkil edilib. Qobustan qoruğu dünyada tarixi-bədii bir qoruq kimi məşhurdur. Bu qoruğun əsas fəaliyyətlərindən biri də qayaüstü yazıların, rəsmlərin, kurqanların, yaşayış məntəqələrinin qorunmasını, öyrənilməsini, təbliğ olunmasını təşkil etməkdir. Çünki bütün bu abidələr Mezolit, Neolit və daha sonrakı dövrlərə aid olmaqla bərabər, Azərbaycan xalqının əcdadlarından, tarixindən, mədəniyyət və incəsənətindən xəbər verirlər. Qobustan qoruğuna hər il minlərlə yerli və xarici qonaqlar baş çəkirlər, buraya maraq ildən-ilə artır. Abidə zəngin qayaüstü təsvirlərə malik olmaqla dünyanın çox az bu tipli abidələri sırasında xüsusi yer tutur.

 Qeyd edək ki, Qobustan qoruğu beş dağdan – Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ, Şıxqayadan ibarətdir. Dağlarda mövcud olan daş dövrünə və sonrakı vaxtlara aid qayaüstü təsvirlər keçmişimizin şahidləridir.

Ərazidə tapılan insanın ilk əmək alətləri – çaxmaq daşı, vulkan şüşəsi, müxtəlif daş alətlər qoruğun qədim insan məskəni olduğunu sübut etməklə həm də onun arxeoloji landşaftıdır. Elmi məlumatlara görə, Qobustan qayalarında 4000-dən çox petroqlif, yəni daş üzərində rəsm var. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən günəşi əks etdirən rəmzlər, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir.

Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə, danışıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsilə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər. Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır. Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib.

 Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilib, gah kiçildilib, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ biliblər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.

Qobustandakı bəzi qaya parçaları öz keyfiyyətinə görə adi daşlardan çox fərqlənir. Məsələn, burada elə daşlar var ki, üzərinə zərblə vurduqda, əsl qaval səsi çıxarır. “Qavaldaş” adlı qaya parçasına bu adı elə ona görə veriblər. Qavaldaşın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulub. Bu daş altdakılar nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir. Böyükdaşdakı Qavaldaşın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılıb.

Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulub. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir. Bu möhtəşəm musiqi qurğuları bu gün də yerlərində durur və öz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur. Abidənin tarixinə gəlincə, bu, alimlərin qarşısında dayanan ən mürəkkəb məsələlərdən biri olub. Amma son illər sübut olunub ki, bu tarixi məkanın qayaüstü rəsmləri, ən qədim abidələri üst paleolit dövrünün sonuna, yəni 35 min il əvvələ aiddir. Yuxarıda qeyd etdiyimiz kimi abidənin aşkarlanması 1939-cu ilə aiddir. Bəşəriyyətin ilkin dövrlərini öyrənmək baxımından qlobal mahiyyət kəsb edən Qobustan qayaüstü rəsmləri yalnız XX əsrin əvvəllərində aşkarlanıb. Bu unikal abidə barəsində dünyaya ilk dəfə məlumat verən şəxs tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövrlərinin tədqiqatçısı İshaq Cəfərzadə olub. İkinci Dünya müharibəsi ərəfəsində- 1939-cu ildə Qobustanda tədqiqat aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü rəsmləri- petroqlifləri aşkar edib. Qobustanın tədqiq olunması da elə həmin vaxtdan başlanır. İshaq Cəfərzadə ilə yanaşı digər tarixçi alimlər- arxeoloq Cəfərqulu Rüstəmov və onun həyat yoldaşı Firuzə Muradova da həyatlarının 35 ilini Qobustanın öyrənilməsinə həsr ediblər. Açıq səma altındakı bu muzey həm də pirlərlə zəngindir. Burada qədim insana sığınacaq olmuş mağara-qayalıqlar, həm də onun ulu babalarının yad edildiyi mərasimlərin, ayinlər və ibadətlərin həyata keçirildiyi ziyarətgahlar var. İndinin özündə də yerli adətlərə uyğun olaraq, sədaqət rəmzi kimi toy mərasimləri zamanı qoruğun Böyükdaş dağını ziyarət etmək mütləq xarakter daşıyır. Eləcə də insanlar hər hansı arzularının həyata keçməsini diləyib Kiçikdaşda yerləşən Qaraaltı pirindəki kol-kosa rəngarəng parçalar bağlayırlar. Qobustan qayalarından uzaqlaşarkən dağların arasında da pirlərə rast gələ bilərsiniz. Bunların arasında Sofi Həmid piri ağır ziyarətgahlardan hesab edilir. Pirin həyətində ağ dəvə heykəli qoyulub ki, uzun müddət uşağı olmayanlar niyyət edib dəvənin altından keçirlər. Hətta pirdə müqəddəs ağaca gəlincik, beşik, rəngli parçalar, saplar da asırlar. Qobustanın unikal, özünəməxsus landşaftını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarına görə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilib. Qoruq 2007-ci ildə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında YUNESKO-nun Mədəni İrs Siyahısına salınıb. Bu, mədəni irsimizin dünyaya tanıdılmasında mühüm addım olub. Təsadüfi deyil ki, elə həmin il iyunun 11-də Azərbaycan prezidenti İlham Əliyev “Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalayıb. Dövlət başçısı cari ilin mart ayında isə “Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət başçısı muzeyinin yeni binasının tikintisi üçün 2 milyon manat vəsait ayırıb.

 Sonda onu da qeyd edək ki, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanların yarandığı hazırkı dövrdə Qobustanın Dünya Mədəni İrs Siyahısına salınması bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.

 

 

 P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.