“Hökumətin bütün təşəbbüsü xalqın rifahına, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına və işğal olunmuş torpaqların geri qaytarılmasına xidmət edir”

 

Müsahibimiz Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir

 

  Hörmətli cənab Nazir, danılmaz bir həqiqətdir ki, mədəniyyət siyasəti anlamı artıq sıravi vətəndaşdan başlayaraq, alim və siyasətçilərimizin müzakirə və maraq predmetinə çevrilmişdir. Sözsüz ki, bu məsələdə rəhbərlik etdiyiniz Nazirliyin rolu əvəz olunmazdır. Siz mədəniyyət və turizm naziri olaraq mədəniyyət siyasətinin bu cür aktuallığını necə qiymətləndirirsiniz?

  Sözsüz ki, mədəniyyət siyasətinin aktuallığının artması məni sevindirməyə bilməz. Bəli, etiraf olunmalıdır ki, mədəniyyət siyasəti bu gün siyasi, elmi, ictimai və beynəlxalq maraq kəsb edir. Bu siyasətin qarşısında duran bir neçə strateji məqsədlərin qeyd olunması artıq kifayət edəcəkdir ki, biz bu artan aktuallığı dərk edə bilək. Burada: mədəni müxtəlifliyin dəstəklənməsi, mədəni irs nümunələrinin və milli identikliyin qorunması, böyük tərbiyəvi əhəmiyyət kəsb edən və estetik zövqün formalaşmasında əvəzsiz rola malik olan bədii təhsilin inkişafı, yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin yaradılması, tolerantlıq və mədəniyyətlərarası dialoq mühitinin yaradılması, milli mədəniyyətin dünyada tanıdılması, yenilikçi keyfiyyətlərin və təşəbbüslərin dəstəklənməsi, milli mədəniyyətin və bütövlükdə mədəni təzahürlərin tədqiqinə və təşviqinə xidmət edən tədbirlərin görülməsi və s. bu kimi məqsədlərin vurğulanması olduqca zəruridir. Qeyd olunan məqsədlər bizlərə mədəniyyət siyasətinin xalqın suveren inkişafında və rifahında oynadığı rol haqqında məlumat verir. Sahənin artan aktuallığını bizlərdən asılı olmayaraq izah edən obyektiv səbəblər də vardır. Belə ki, qaçılmaz qloballaşma prosesləri müstəvisində milli identikliyin başlıca göstəricisi və meyarı olan mədəniyyətin və mədəni təzahürlərin aktuallığı və əhəmiyyəti kəskin şəkildə artır. Odur ki, müasir dövrdə milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi kimi məsələlər artıq dövlət əhəmiyyətli məsələlərdən hesab olunur.Eyni zamanda biz aparılan informasiya müharibəsini də unutmamalıyıq. Məhz informasiya müharibəsi kontekstində Azərbaycan xalqına məxsus olan milli mədəni irs nümunələrinin təbliğində, onun dünyada tanıdılmasında və uzun illər boyunca Ermənistan tərəfindən aparılan özününküləşdirmə siyasətinin qarşısının alınmasında mədəniyyət siyasətinin rolu əvəzolunmazdır. Əlavə olaraq bildirməliyəm ki, qeyd olunan özününküləşdirmələrin qarşısının alınması, habelə təbliğat işlərinin effektiv həyata keçirilməsi üçün ölkəmizdə aparılan mədəniyyət siyasətinin xarici siyasət ilə sıx tandeminin təmin edilməsi olduqca zəruridir. Beləliklə, dövlət siyasətinin ayrılmaz və olduqca vacib istiqamətlərindən olan mədəniyyət siyasəti – millətin mənəvi, iqtisadi və sosial inkişafını, onun intellektual potensialının artırılmasını, xalqın mənəvi sağlamlığını və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrinin dünyada təbliğini və birliyini təmin edən siyasətdir. Qeyd olunan məqsədlər və amillər mədəniyyət siyasətinin vacibliyini və tükənməz aktuallığını sübut edərək onun perspektivliyi haqqında xəbər verir.

– Mədəniyyət və turizm nazirinin müsahibəsini təşkil edib, Azərbaycanda reallaşan mədəniyyət siyasətinin prioritet istiqamətləri və bu siyasətin başlıca xüsusiyyətləri haqqında sualların səsləndirilməməsi oxucularımız tərəfindən böyük qəbahət kimi qəbul oluna bilər. Cənab Nazir, dərk edirik ki, bu sual çox ətraflı və izahlı cavab tələb edir. Ancaq buna baxmayaraq, qısa olaraq mədəniyyət siyasətinin ən prinsipial hesab etdiyiniz istiqamətləri və xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirik

– Burada ilk növbədə bildirməliyəm ki, hökumətin bütün təşəbbüsü xalqın rifahına, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına və işğal olunmuş torpaqların geri qaytarılmasına xidmət edir. Odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılması faktına məhz bu müstəvidən yanaşmaq lazımdır. Nazirliyin yaradılması təkcə dövlətin siyasi sistemində struktur islahatların nəticəsi deyil, bu ilk növbədə dövlət siyasətində yeni strateji məqsədlərin və prioritetlərin müəyyənləşdirilməsi deməkdir. Belə ki, mədəniyyətin və turizmin strateji tandemi məhz respublikamızın dünyada tanıdılmasına, Azərbaycanımızın zəngin tarixə, rəngarəng mədəniyyətə malik olan və sivil ölkə kimi beynəlxalq imicinin formalaşmasına, habelə beynəlxalq təbliğatın aparılmasına xidmət etməlidir. Bu cür yanaşma mədəniyyət amilinin siyasi potensialının aşılanmasını və mədəniyyət sahəsinin cəmiyyətdə olan imicinin əsaslı şəkildə artırılmasını tələb edir. Mədəniyyət siyasətinin qarşısında duran mürəkkəb və dövlət əhəmiyyətli məqsədlər sovet dövründə müşahidə olunan mədəniyyətin rəmzi kontekstindən imtina olunmasına gətirib çıxardır. Bu gün Azərbaycanın reallıqları (sürətli inkişafı və dünyaya inteqrasiyası), habelə aparılan informasiya müharibəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciəti aktuallaşdırır. Ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı sayəsində mədəniyyət siyasəti öz inkişafının ən parlaq mərhələsini yaşayaraq, iqtisadi, sosial və xarici siyasət kimi istiqamətlərlə yanaşı, dövlətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd olunmalıdır ki, tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət-ənənələrə və müstəqil dövlətə sahib olan xalqın inkişafı və onun özünəməxsusluğunun qorunub saxlanılmasında mədəniyyət siyasəti əvəzolunmaz əhəmiyyətə malikdir. Dünyada cərəyan edən sosial-iqtisadi və siyasi proseslər, habelə mahiyyət etibarilə mürəkkəb olan qloballaşma təzahürləri mədəniyyət siyasətinin qarşısında milli mənəvi dəyərlərin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının araşdırılması, mövcud nəzəri baxışların və yanaşmaların konseptual bir şəklə gətirilməsi, mənəvi və milli dəyərlərin təbliği və digər bu kimi vəzifələri müəyyən edir.Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi elmi potensiallara müraciəti sahənin prioritet məqsədlərindən biri kimi müəyyən etmişdir. Mürəkkəb elmi metodikalar və analitik təhlillər sahənin strateji planlaşdırılmasına, kreativ idarəolunmasına, cərəyan edən proseslərin adekvat qiymətləndirilməsinə, mövcud tendensiyaların və inkişaf modellərinin müəyyən edilməsinə, habelə mədəni hadisələrin effektiv proqnozlaşdırılmasına xidmət edəcəkdir. Beləliklə, bu cür qısa təhlil bizlərə mədəniyyət siyasətinin perspektivliyi və xalqın rifahında oynadığı böyük rolu haqqında məlumat verir. Əslində bu siyasətin əsas prioritetləri ölkə başçısı cənab İlham Əliyev tərəfindən sahənin qarşısında müəyyən olunmuş məqsəd və vəzifələrdən irəli gəlir. Sözsüz ki, mədəniyyət siyasəti digər sahələrdə olduğu kimi, öz inkişafında müəyyən dəyişikliklərə və korrelyasiyalara məruz qalacaqdır. Bu dəyişiklikləri dinamik cərəyan edən dünyəvi proseslər və müharibə şəraiti tələb edir. Ancaq dəyişməz olaraq bir həqiqət vardır ki, o da Azərbaycan mədəniyyətinin zənginliyi və gözəlliyidir. Odur ki, xalqımızın bu varlığını qoruyub saxlaması və gələcək nəsillərə çatdırması mədəniyyət siyasətinin tükənməz vacibliyini sübut edir.

– Artıq uzun müddətdir ki, yerli və xarici kütləvi informasiya vasitələrində cari ilin 7-9 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumatlar yerləşdirilir. Tədbirin miqyasını və iştirakçıların səviyyəsini nəzərə alaraq, biz əminliklə deyə bilərik ki, sözügedən Forum ilin siyasi hadisəsinə çevrilə bilər. Tədbirin əsas təşkilatçısı olaraq, Forumun siyasi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

– Öncə bu cür yüksək qiymətinizə görə öz dərin minnətdarlığımı bildirirəm. Doğrudan da Azərbaycan ictimaiyyəti tərəfindən Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ayrılan diqqət bizi sevindirməyə bilməz. Əslində qeyd olunan amil, yəni sıravi vətəndaşların dövlət əhəmiyyətli tədbirlərlə maraqlanması, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və əhalinin siyasi sosiallaşma səviyyəsinin yüksək olmasından xəbər verir. Bu isə öz növbəsində Azərbaycanın siyasi sisteminin məhz demokratik prinsiplər əsasında qurulduğunu isbat edir.Bəli, artıq bu gün tam əminliklə deyə bilərik ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun olduqca böyük beynəlxalq əhəmiyyəti var. Dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən Bakıda təşkil olunan Forum müasir dövrdə dünya üçün olduqca zəruri pozitiv humanitar impulslar yarada biləcək mötəbər tədbir kimi qəbul olunur.Cərəyan edən proseslər müstəvisində mədəniyyətlərarası dialoq bir mənalı olaraq dünya üçün siyasi dəyər kəsb edir. Təsadüfi deyil ki, Forumun əsas siyasi şüarlarından biri məhz “Dialoqdan anlaşmaya”dır (From dialogue to understanding). Mədəniyyətlərarası dialoq dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir.Elə buna görə də Azərbaycan hökumətinin Forumun keçirilməsi ilə bağlı təşəbbüsü nüfuzlu beynəlxalq qurumlar tərəfindən adekvat qəbul olunur və dəstəklənir. Bunun nəticəsidir ki, istiqamət baxımından bir-biri ilə rəqabət aparan YUNESKO, Avropa Şurası (AŞ), BMT-nin Sivilizasiyalar Alyansı və AŞ-ın Şimal-Cənub Mərkəzi, həmçinin İSESKO kimi təşkilatlar bir məkanda, yəni Bakı şəhərində, Forumda iştirak etmək üçün toplanacaqlar.Beynəlxalq münasibətlərdə qlobal siyasi və mədəni tendensiyaları müəyyən edən qurumların eyni zaman və məkanda (Bakıda) vahid mövzuya həsr olunmuş tədbirdə iştirakı Forumun siyasi çəkisini artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əsaslı şəkildə yüksəldilməsinə də xidmət edəcəkdir. Beləliklə dövlətimizin xarici siyasəti regional çərçivədən qlobal çərçivəyə qədər genişlənir. Eyni zamanda bu kimi tədbirlər, habelə Foruma olan beynəlxalq diqqət Bakı şəhərinə mədəniyyətlərarası dialoq paytaxtı statusunun verilməsində də önəmli rol oynaya bilər.Hesab edirəm ki, qeyd olunanlar Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun siyasi əhəmiyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. Cavaba əlavə olaraq vurğulamaq istərdim ki, qarşımızda müəyyən etdiyimiz məqsədlərə effektiv nail olunmasında, habelə mədəniyyət siyasəti çərçivəsində aparılan təbliğat işlərinin uğuru kütləvi informasiya vasitələrinin bu proseslərdə fəal iştirakından asılıdır.    

– Forumun miqyası barəsində xəbər verən önəmli amillərdən biri də tədbirdə təmsil olunacaq ölkələrin coğrafiyasıdır. Bunu nəzərə alaraq, iştirak edəcək dövlətlər haqqında məlumatları oxucularımızla bölüşməyinizi xahiş edirik.

– Bildiyiniz kimi, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barəsində ilk dəfə məlumatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ilin 23 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyası zamanı vermişdir. Bu xəbərin belə mötəbər siyasi tribunadan bilavasitə ölkə başçısı tərəfindən verilməsinin nəticəsidir ki, bu gün dünya ölkələrinin diqqəti və marağı Foruma yönəlmişdir.Tədbirdə 70-dən artıq ölkə təmsil olunacaq, 20-dən çox ölkənin mədəniyyət nazirinin iştirakı gözlənilir. Bu nazirlərin iştirak coğrafiyası Asiya, Avropa, Amerika və Afrika qitələrini əhatə edir. Mədəniyyət nazirləri ilə yanaşı, tədbirdə YUNESKO baş katibinin müavini, İSESKO-nun baş direktoru, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Dünya Turizm Təşkilatının İnkişafa Yardım Proqramının direktoru, AŞ-ın Şimal-Cənub Mərkəzinin icraçı direktoru və digər beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak edəcəklər.Bir sözlə, tədbirdə təmsil olunacaq ölkələrin coğrafiyasını və beynəlxalq təşkilatların nüfuzunu nəzərə alaraq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu qlobal xarakterli tədbir kimi adlandırmaq olar.

– Mötəbər tədbirin sonunda Azərbaycan xalqı hansı nəticələri gözləyə bilər?

– Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşan hər bir beynəlxalq layihə, o cümlədən sözügedən Forum, ölkəmizin beynəlxalq qurumlarda mövqelərinin möhkəmləndirilməsinə və Dağlıq Qarabağla bağlı olan münaqişədə dövlətimizin tərəfdaşlarının sayının artmasına xidmət edir. Odur ki, bu cür təşəbbüslərin reallaşmasında Azərbaycan ictimaiyyəti yaxından iştirak etməli və hər bir vətəndaş fəaliyyətindən, habelə tutduğu mövqedən asılı olmayaraq respublikamızın təbliğində və mövcud münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz imkan və səylərini əsirgəməməlidir.

– Fürsətdən istifadə edərək, cari ilin “Turizm ili” elan olunması, habelə Azərbaycanın müasir tarixində önəmli yerlərdən birini tutacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə Sizi təbrik edir və böyük uğurlar arzulayırıq.

 

 

525-ci qəzet.- 2011.- 7 aprel.- S.7.