Fransada təhsil sistemi:
müşahidələr və müqayisə nədən xəbər
verir?
“FRANSANIN TƏHSİL NAZİRİ İLƏ
JURNALİSTLƏRİN BİRBAŞA GÖRÜŞMƏSİ,
DEMƏK OLAR Kİ, MÜMKÜN DEYİL”
Səfər çərçivəsində
növbəti görüşümüz Parisin məşhur qəzetlərindən
olan “Le Monde” (“Dünya”) qəzetinin redaksiyasında baş
tutdu. Qəzet işçisi olduğum üçün
Avropanın ən məşhur qəzetlərindən biri
sayılan “Le Monde” qəzetinin redaksiyası, iş rejimi ilə
yaxından tanış olmaq mənim üçün çox
maraqlı idi. Qeyd edim ki, Le Monde gündəlik Fransız qəzetidir.
1944-cü ildə Hubert Beuve-Mery tərəfindən qurulan qəzet,
“Figaro” ilə birlikdə Fransanın ən əhəmiyyətli
qəzetlərindən biri olub. 2002-ci ildə ortalama
gündəlik 400.000 ədəd nəşr edilib. 8 mərtəbədən
ibarət dəbdəbəli binada yerləşən qəzetdə
çalışan 600 nəfər işçidən
400-ü jurnalistdir. Qəzetdə çalışan
müxbirlərin orta aylıq qazancı 3 min avro təşkil
edir. “Le Monde” qəzetinin təhsil rubrikasına məsul şəxs
olan Marilin Bomarla görüş zamanı o bildirdi ki, qəzetdə
iş vaxtı səhər saat 6:00-da başlayır. Saat 12-də
isə artıq qəzet çap olunur. Bundan sonra isə qəzetin
növbəti buraxılışında işıq
üzü görəcək materialların
hazırlanmasına start verilir. M.Bomarın sözlərinə
görə, qəzetin təhsil rubrikasına məsul şəxs
kimi Fransa Təhsil Nazirliyi tərəfindən təşkil
olunan bütün tədbirlərdə iştirak edir. Təhsilin
müxtəlif pillələrinə aid materiallar,
araşdırmalar hazırlayır. Söhbət zamanı
M.Bomar Fransanın Təhsil Nazirliyi ilə bağlı
çox maraqlı faktlar açıqladı. Məlum oldu ki,
Azərbaycandan fərqi olaraq, Fransanın təhsil naziri ilə
jurnalistlərin birbaşa görüşməsi, demək olar
ki, mümkün deyil. Nazirin qəbuluna düşməkdən
ötrü isə bir neçə gün öncədən
onun müşavirindən görüş almaq lazımdır.
Azərbaycanın təhsil nazirindən fərqli olaraq,
Fransanın təhsil nazirindən açıqlama almaq isə
qeyri mümkündür: “Mən nazirin mobil yox, ancaq iş
telefonunu bilirəm. Ancaq ora birbaşa zəng edə bilmərəm.
Zəng etsəm belə, nazir mənim zəngimə cavab verməyəcək.
Ümumiyyətlə bizim nazir mətbuat nümayəndələri
ilə ünsiyyətdə olmağı bir o qədər də
sevmir. Doğrudur, nazir tez-tez jurnalistlər üçün mətbuat
konfransı keçirir, nazirlik tərəfindən
görülən işlər haqda məlumat verir. Ancaq
jurnalistləri, şəxsən məni maraqlandıran bir
çox suallara cavab vermir. Bir il bundan öncə mən bəzi
statistik rəqəmlərlə bağlı nazirliyə
göndərdiyim suallara isə bugünədək cavab ala bilməmişəm”.
Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə
isə bildirdi ki, Azərbaycanın təhsil naziri Misir Mərdanov
mətbuata açıq bir nazirdir. Mütəmadi olaraq nazirlikdə
nazirin iştirakı ilə müxtəlif mövzulu tədbirlər
keçirilir. Tədbirlər zamanı jurnalistlər tərəfindən
nazirə ünvanlanan bütün sualları M.Mərdanov
şəxsən özü cavablandırır: “Hətta bir
çox hallarda jurnalistlər nazirlə İctimaiyyətlə
əlaqə şöbəsinin müdirinin vasitəçiliyi
olmadan əlaqə yaradır. Nazirin mobil telefonuna zəng edib
onları maraqlandıran bütün suallara onun özündən
cavab ala bilirlər”. B.Hüseynzadənin
danışdıqları M.Bomar tərəfindən təəccüblə
qarşılandı: “Mən nazirin jurnalistlərə bu qədər
açıq olmasını müsbət hal kimi qiymətləndirirəm.
Çox istərdim ki, biz də Azərbaycanda olduğu kimi
nazirlə birbaşa əlaqə yaradıb suallarımıza
cavab ala bilək”. Səfər çərçivəsində
növbəti görüşümüz Fransanın məşhur
telekanallarından olan “TV 5 Monde”da baş tutdu. Məlumat
üçün bildirim ki, bu telekanal dünyanın 75 ölkəsində
yayımlanır. Dünyanın geniş yayımlanan ən
böyük şəbəkələrindən biridir. TV 5 Mondenin əsası 1984
ilin iyulunda qoyulun. Teleradiokampaniyanın ilk prezidenti Serj Arda
olub. 2004-cü ilin noyabrına qədər kanala o rəhbərlik
edib. 2005-ci ildən kanala yeni rəhbər təyin olunub. Yeni rəhbər
Fransanın sabiq mədəniyyət və telekommunikasiya naziri
Jan Jak Araqondur. “TV 5 Monde” BBC və CNN-dən sonra dünyada
yayımlanan 3-cü ictimai xəbərlər və əyləncə
kanalıdır. 2007-ci ildən “TV 5 Monde”
teleradiokampaniyasına 8 kanal daxil olub. Telekanalın Avropaya
yayım şöbəsinin məsul şəxsi Lizbet Eriksen
görüş zamanı qeyd etdi ki, “TV 5 Monde” 5 dövlət
tərəfindən maliyyələşdirilir: “Çox təəssüf
edirəm ki, “TV 5 Monde” Azərbaycanda yayımlanmır. Biz
çox istərdik ki, bizim kanalı Azərbaycan
tamaşaçısı da izləsin”. Səfər çərçivəsində
nümayəndə heyəti Fransa Təhsil, Gənclər və
Assosiativ Həyat Nazirliyi, Ali Təhsil və Elmi
Araşdırmalar Nazirliyinin DELKOM-un (Kommunikasiya İdarəsi)
direktoru Veronik Meli, onun müavini Kristian Dük, mətbuat
şöbəsinin rəisi Şantal Denu, veb şöbəsinin
rəisi Olivye Kola ilə görüşdü.
Görüş zamanı Fransanın ali təhsil sistemi haqda ətraflı
məlumat verildi. Qeyd edək ki, Fransanın ali təhsil sistemi
olduqca çevik və rəngarəngdir. Təhsil müəssisələri
bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Dövlət tərəfindən qəbul edilən müvafiq
sənədlərə baxmayaraq, hər bir universitetin və
ali məktəbin bir çox özünəməxsus
xüsusiyyəti var.
Fransada təxminən 85
dövlət universiteti və ya Universitet Mərkəzi (buraya
universitetlərlə yanaşı, institutlar-bir profil üzrə
ali təhsil verən təhsil müəssisələri də
daxildir), çoxsaylı ali məktəblər (çoxfənli
peşə hazırlığı üçün), elmi-tədqiqat
laboratoriyaları və tədqiqat mərkəzləri
mövcuddur. Dövlət universitetləri nüfuzuna görə
daha yüksək qiymətləndirilir və hər hansı
özəl ali təhsil ocaqları ilə müqayisədə
bir sıra üstünlüklərə malikdir. Birincisi,
universitetin tədris planları Təhsil Nazirliyi tərəfindən
tənzimlənir və standartlaşdırılır.
İkincisi, dövlət universitetlərində dərs deməyə
yalnız dissertasiya müdafiə etmiş və çoxmərhələli
müsabiqəni keçmiş müəllimlər
buraxılır. Təhsili başa çatdırdıqdan sonra
universitetlər dövlət diplomları, ya da özlərinin
daxili diplomlarını verirlər. Universitetlərin nəzdində
müxtəlif növ institutlar fəaliyyət göstərir.
Bu sıraya müxtəlif profilli orta texniki personal
hazırlayan və təxminən bizim texnikumlara uyğun gələn
qısamüddətli Universitet Texnoloji İnstitutları (IUT),
müəyyən dar çərçivəli ixtisas üzrə
magistratura səviyyəsində mütəxəssislər
hazırlayan Universitet Peşəkar İnstitutları (IUP)
daxildir. Fransada orta və ali təhsil arasında kəskin hədd
mövcud deyil. Belə ki, orta texniki təhsil ali təhsil
üçün pillə rolunu oynayır. Hazırda Fransada
“Üçüncü Minilliyin Universiteti” (U3M) adlanan yeni ali təhsilin
inkişafı planı tətbiq edilir. Sözügedən plan
ali təhsil üçün prioritetləri müəyyən
edir və inkişafın əsas istiqamətlərini göstərir.
Bu istiqamətdə qarşıya qoyulmuş əsas hədəflər
ali təhsil müəssisələri arasında əməkdaşlığın
şəbəkə sistemində təşkili, ali təhsil
müəssisələrinin əməkdaşlığa
açıqlığının və beynəlxalq mobilliyin
dəstəklənməsi, yeni informasiya və kommunikasiya
texnologiyalarının inkişafı, elmi tədqiqatların səmərəliliyinin
artırılmasıdır. Fransada universitetlər fakültələrə,
Tədris-tədqiqat şöbələrinə (UFR) və
filyerlərə, yəni ixtisas istiqamətlərinə
bölünür. Avropanın hər yerində olduğu kimi,
hazırda Fransada da vahid üçsəviyyəli universitet
proqramında lisans, master, doktorluq (LMD) tətbiq edilir.
Lisans Azərbaycandakı
bakalavr dərəcəsinə uyğundur və 3 illik təhsilin
yekununda verilir. Təhsilin ilk üçillik pilləsi lisans
(Licence – L1, L2, L3) diplomunun alınması ilə başa
çatır. Lisansın müxtəlif növləri
mövcuddur : mono və ya plüri fənlər üzrə,
ümumi, tətbiqi və peşəkar – L3 Pros (professional və
ya peşəkar lisans). Lisans pilləsi 180 kreditlə (hər
biri 30 kredit olmaqla 6 semestr) qiymətləndirilir. Kreditlər tələbənin
biliyinin Avropa qiymətini təmin edir. Bütün Avropa
ölkələrinin universitet diplomları kimi, Fransa
universitetlərinin diplomları da UE-dən (Unites dTEnseignement),
yəni Avropa kreditləri sistemində hər birinin öz dəyəri
olan fənlər blokundan ibarətdir. Lisans diplomları
arasında professional və ya peşəkar diplomunu (Licence
Pros) xüsusi qeyd etmək lazımdır. Birillik lisans peşəkar
təhsili alan tələbələr həm nəzəri, həm
praktiki məşğələlər, eləcə də
müəssisədə 12 həftədən 16 həftəyədək
davam edən iş təcrübəsini keçir. Bu peşəkar
diplom bank sektoru, mühəndis-tikinti, sənaye, elektronika,
turizm və mehmanxana işindən tutmuş kənd təsərrüfatı
sektoruna qədər 1000-dən çox müxtəlif
ixtisası təklif edir. Adətən məhdud yerlər verilən
Lisans Pros diplomuna müsabiqə böyük olur. Lisans Pros
diplomu hazırlığında əcnəbi tələbələr
üçün də yerlər nəzərdə tutulur. Yəni,
fransız dilini mükəmməl bilən və müxtəlif
ali təhsil ocaqlarında təhsil alan, yaxud da ali məktəbi
bitirmiş əcnəbi tələbələr öz sənədlərini
birbaşa Lisans Prosun 3-cü kursuna təqdim edə bilərlər.
Licence diplomunu aldıqdan sonra arzu etdikləri təqdirdə əcnəbilər
Master səviyyəsində də təhsillərini davam etdirə
bilər. İkiillik master dövründə məzuna iki
müstəqil diplom verilir: Master 1 (M1) və Master 2 (M2). Burada
da seçim etmək imkanı vardır.
Elmlə məşğul
olmaq istəyənlər elmi tədqiqatlar üzrə master
diplomu (Master Recherche), istehsalatda çalışmaq arzusunda
olanlar isə peşəkar master diplomu (Master Professional)
alırlar. Master səviyyəsi 120 kreditlə (hər biri 30
kredit olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə,
beşillik “Licence” və “Master” pillələri 300 kreditlə
qiymətləndirilir. Sonuncu üçillik pillə – doctorat,
yəni doktorluq dissertasiyasının müdafiəsi ilə
başa çatır. Doctorat pilləsində təhsil alanlar əvvəlki
təhsil sənədləri və gələcək elmi
işin mövzusu təklif olunan məktub əsasında
müsahibə yolu ilə seçilir.
Fransa ali təhsilində ən
çətin mərhələ birinci iki il-L1 və L2 hesab
olunur. Belə ki, ilk iki ildə əsasən nəzəri fənlərə
üstünlük verilir. Bu zaman fənn biliklərini qiymətləndirməklə
yanaşı, həm də dilə, universitet metodologiyasına
yiyələnməyi tələb edən yazılı və
şifahi imtahanlar keçirilir. Fransada tibb ixtisasları
üzrə ali təhsil almaq özünəməxsus fərqləri
ilə seçilir. Digər ixtisaslara nisbətən tibb
ixtisasları üzrə təhsil daha uzun müddət davam
edir. 6 ildən 8 ilədək çəkən tibb təhsilində
tələbələr qarşısında daha mürəkkəb
tələblər qoyulur. Həkim-terapevt diplomunu tələbələr
8 illik (bunun bir ili təcrübəyə sərf olunur),
stomatoloq və əczaçı diplomunu isə 6 illik təhsildən
sonra alırlar. Tibbin hər hansı sahəsi üzrə
ixtisaslaşmaq üçün ordinaturaya daha 4-5 il sərf etmək
lazımdır. İctimai səhiyyənin Dövlət Məktəbində
əcnəbilər üçün də açıq olan
müxtəlif təhsil proqramları mövcuddur. Fransada
universitetlərlə yanaşı, müxtəlif profilli ali məktəblər
də (Grandes Ecoles) mövcuddur. Bu məktəblərə
xüsusiləşdirilmiş hazırlıq kursları
(ikiillik təhsil) keçdikdən sonra, yaxud olduqca çətin
müsabiqələr nəticəsində qəbul olmaq
mümkündür.
Bu ali məktəblər
özünəməxsusluğu ilə fərqlənir və
yüksək səviyyəli idarəetmə kadrlarının
hazırlanmasında onlar əhəmiyyətli rola malikdir. Bu təhsil
ocaqlarında yüksək səviyyəli mütəxəssislər
tərəfindən tədris proqramları hazırlanır və
dərs keçilir. Burada təhsil alan fransız tələbələr
imtahanlara buraxılmazdan əvvəl müəyyən illər
ərzində dövlət qulluğunda və dövlət
müəssisələrində çalışacaqlarına
razılıq haqda iltizam imzalamalıdırlar. Ali məktəbdə
təhsil aldıqları dövrdə tələbələr əməkhaqqı
alır və əməkdaş-təcrübəçi kimi
çalışırlar. Əcnəbi tələbələr
də Fransada işləmək və əməkhaqqı almaq
hüququ olmadan, könüllü dinləyicilər qismində
müsabiqədən keçməklə bu məktəblərə
qəbul ola bilərlər. Təbii ki, söhbət
ixtisasları ali məktəblərin profilinə uyğun gələn
yüksək hazırlıqlı əcnəbi tələbələrdən
gedir.
Fransanın nüfuzlu ali məktəbləri
arasında ENA-Dövlət İdarəetmə Məktəbi,
HEC-Ali Kommersiya Məktəbi (özəl), Ecole Normale
Superieure-Ali Pedaqoji Məktəb, Ecole Polytechnique-Ali Politexnik Məktəb
və ENM-Ali Magistrlər Məktəbi daha məşhurdur.
Ölkə üzrə təxminən 200 Ali xüsusiləşdirilmiş
Mühəndislik Məktəbi mühəndis diplomu vermək
hüququna malikdir. Adətən bu məktəblərdə təhsil
müddəti 5 il davam edir və əksəriyyəti polivalent
ümumi mühəndislik diplomunun (Licence+Master) alınması
ilə başa çatır. İmtahan zamanı tələbələrdən
riyaziyyat və fizika üzrə olduqca mükəmməl biliklər
tələb olunur. Təhsilə iri sənaye müəssisələrində
təxminən 12 ay və ya xaricdə iş təcrübəsi
də daxildir. Mühəndislik məktəblərinə
xüsusiləşdirilmiş hazırlıq kurslarını
keçdikdən sonra və yaxud müsabiqələr yolu ilə
(müsabiqə böyükdür) qəbul olmaq
mümkündür. Fransada ali ixtisas məktəbləri adətən
müvafiq nazirliklərin nəzdində yerləşir və
müxtəlif sahələr üzrə ixtisaslı kadrlar
hazırlayır.
Universitetlərə daxil
olmaq üçün fransız tələbələrin
“Baccalaureat” diplomuna, yaxud universitetdə təhsili davam etdirmək
imkanı verən və orta təhsil məktəbini-liseyi
bitirdiklərini təsdiq edən “BAK” diplomuna malik olmaları
(Fransada lisey şagirdlərinin orta hesabla 70 faizi “BAK” diplomu ala
bilir) əsas şərtdir.
Fransız dili üzrə
test əsas (şifahi danışığın başa
düşülməsi, dilin quruluşu haqda bilgi və
yazılı mətnlərin başa düşülməsi) və
iki əlavə imtahandan (yazılı vərdişlər və
şifahi vərdişlər) ibarətdir. TCF imtahanının
verilməsinin ən əlverişli vaxtı yanvarın sonunda
keçirilən sessiya hesab olunur. Bu zaman imtahanlara
qatılanlar nəticələri martın əvvəlində
alacaqlar ki, bu da onlara sənədlərini hazırlamaq və
seçdikləri universitetlərə göndərmək
üçün əlavə vaxt qazanmaq imkanı verir.
Onu da qeyd edək ki, əcnəbi
tələbələr onların fransız dili üzrə
biliklərini təsdiq edən TCF imtahanında ən azı
350 bal toplamalıdırlar ki, universitetlərə sənəd
verə bilsinlər. TCF imtahanı üzrə nə qədər
yüksək bal toplanarsa, onların sənədlərinin
universitet tərəfindən qəbul edilməsi şansı
da bir o qədər artmış olur. Əcnəbi tələbələr
Fransanın nüfuzlu ali təhsil müəssisələrinə
qəbul olmaq, eləcə də dövlət təqaüdü
almaq istəyirlərsə, əsas imtahan üzrə
dördüncü və ya beşinci səviyyəyə
(400-500 baldan yuxarı) və əlavə sınaqlar üzrə
yaxşı qiymətlərə malik olmalıdırlar.
Birinci və ikinci kurslara
daxil olmaq üçün (L1,L2) əcnəbi tələbələr
sadəcə TCF imtahanını deyil, eləcə də
TCF-DAP imtahanını verməlidirlər. TCF-DAP əsas
imtahandan əlavə, müvafiq cədvəlin yazılı
qaydada şərh edilməsi və verilən mövzu üzrə
inşa işindən ibarət olan yazılı imtahandır.
Bu gün Fransada təxminən 300 min əcnəbi tələbə
təhsil alır. Fransa ABŞ və Böyük Britaniyadan
sonra dünyanın əcnəbi tələbələri ən
çox qəbul edən üçüncü ölkəsidir.
Bu cür uğurun səbəbi, sözsüz ki, ali təhsilin
keyfiyyəti və ali məktəblərdə təşəkkül
tapmış sağlam mühitlə bağlıdır.
Fransanın dövlət
universitetlərində ali təhsil pulsuzdur, yəni burada təhsilə
görə ödəniş edilmir. Lakin hər təhsil ilinin
əvvəlində universitetə qeydiyyat haqqına görə
ödəniş etmək (səviyyə və ixtisasdan
asılı olaraq məbləğ 150-900 avro arasında dəyişə
bilər), eləcə də məcburi illik tələbə
sığortasına malik olmaq lazımdır.
Fransanın dövlət universitetlərində
təhsil almaq istəyən əcnəbilərin illik xərci
6000-10000 avro (qalmaq, yemək, yol, dərs vəsaitləri
üçün xərc) arasında dəyişə bilər.
Özəl universitetlərdə isə illik təhsil haqqı
3000-7000 avro civarındadır. Təhsil müəssisəsindən
asılı olaraq bəzən bu məbləğ daha da arta
bilər.
Günün ikinci yarısında
Paris Təhsil İdarəsinin Regional Pedaqoji Sənəd Mərkəzinin
(CRDP) direktoru ilə görüşdük. Görüş
zamanı Mərkəzin Direktoru Mari-Kristin Ferandon CRDP və
onun fəaliyyət istiqamətləri haqda nümayəndə
heyətinə ətraflı məlumat verdi.
Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə şöbəsinin
müdiri Bayram Hüseynzadə isə öz növbəsində
Azərbaycanın Təhsil Nazirliyi onun strukturu, fəaliyyət
istiqamətləri barədə danışdı.
Bu, səfər çərçivəsində
nəzərdə tutulan sonuncu görüş idi. Bundan sonra
isə bizi Parisin dünyanı heyrətdə qoyan tarixi yerləri
ilə tanışlıq gözləyirdi...
(ardı gələn sayımızda)
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 7
aprel.- S.7.