Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
sessiya keçirilib
Ötən gün Bakıda start götürən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində “Sülh və inkişafa nail olmaq məqsədi ilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”
mövzulu ilk sessiya gerçəkləşib. Əvvəlcə çıxış edən
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev sessiyanın proqramını açıqlayıb.
Daha sonra çıxış edən
E.Məmmədyarov forumun
əhəmiyyətini diqqətə
çatdıraraq gələcəkdə
bu cür layihələrin daha intensiv şəkildə təşkil olunacağına
əminliyini dilə gətirib: “Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq
formaları yaranacaq, ya da mövcud
əməkdaşlıq formaları
daha da gücləndiriləcək.
Mən sizlərdən
mədəniyyətlərarası dialoqu artırmaq üçün təkliflər
gözləyirəm”.
BMT-nin Sivilizasiyalar Alyansının
strateji inkişaf və tərəfdaşlıq
üzrə müşaviri
Jan Kristof Ba isə 2 il
əvvəl Beynəlxalq
Münaqişələr üzrə
İnstitutun apardığı
araşdırmanı xatırladıb:
“Araşdırmanın nəticələrinə
görə, dünyada
143 ciddi münaqişə
var. Bunların 8-də güclü
mədəni komponent var ki, bu
münaqişələrin yaranmasına
səbəb olub. Elə bir zamanda yaşayırıq
ki, bir-birimiz haqqında yetəri qədər məlumatlı
olmalıyıq. Bu baxımdan belə bir dialoqun
keçirilməsini yüksək
qiymətləndirirəm”.
Sessiyada çıxış edənlər
bildiriblər ki, bu meyarlar hazırda yoxsulluq, iqlim dəyişikliyi
və s. məsələlərə yönəlmiş qlobal
gündəlikdə əsas yeri tutmur. Hazırda hökumətlərarası
təşkilatlar, eləcə də özəl sektor və mədəniyyət
təsisatlarının irəli sürdükləri təşəbbüslər
çərçivəsində tədqiqat layihələri
reallaşır və siyasi təşəbbüslər
sülh, eləcə də inkişaf məqsədini güdən
mədəni müxtəlifliklə mədəniyyətlərarası
dialoq arasında qarşılıqlı əlaqəni qurmaq
üçün formalaşdırılır. Sessiyada bu təşəbbüslərdən
bəziləri təqdim olunmuş və onların beynəlxalq
gündəlikdə duran müxtəlif variantları və nəticələri
haqında fikir mübadiləsi aparılıb.
Şanxay Beynəlxalq Əlaqələr
Mərkəzi sədrinin müavini Pan Guang
çıxışında sülh və inkişafla mədəniyyətlərarası
anlaşma və mədəni müxtəliflik arasında əlaqələr
haqqında fikirlərini bölüşüb. Çinli qonaq
Azərbaycanın müxtəlif millətlərin, fərqli
dinlərə sitayiş edən insanların tarixən mehriban
dostluq şəraitində yaşadığı tolerant bir
ölkə olduğunu bildirib. Bu isə ölkənin
inkişafında vacib amildir. Sonra UNESCO-nun mədəniyyət
siyasəti və mədəniyyətlərarası dialoq
sektorunun müdiri Katerina Stenou, AŞ Şimal-Cənub Mərkəzinin
sədr müavini Eberard Koelş, “Kaunterpoint Britaniya
Şurası” təşkilatında Katrin Fieski, ABŞ-ın
Duk Universitetinin professoru Darla Dierdorf çıxış ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 8 aprel.- S.7.