Azərbaycan dilini öyrədən əsər
Deyəcəksiniz ki, bu nə addı
– Azərbaycan dilini öyrədən əsər?!
Demək olar ki, Azərbaycan ədəbiyyatından son
illər dərc olunan bütün nəsr əsərlərini
oxumağa çalışıram.
Gün-gündən nəsr əsərlərinin
artması (pis, yaxşı) müasir Azərbaycan ədəbiyyatının
yaranıb təkmilləşməsinə
böyük zəmin yaradır. Ədəbiyyatla
məşğul olan insanlar da fikirlərimi
təsdiq edərlər
ki, son 2009–10-cu illər də Azərbaycan ədəbiyyatında
doğrudan da böyük bir dönüş yaranıb.
Oxuduğum nəsr əsərlərinin
çoxunu bəyənsəm də, bir çoxunu da bəyənmirəm.
Əsərin dili yorucu, mövzu adi, heç bir fəlsəfi
anlamı da yox. Zənnimcə, şeirdə olduğu kimi nəsrdə
də müəllif əsərdə fəlsəfi
çalarlar açmalı, sətiraltı mənalarla,
obrazının başına gələn hadisələrlə
oxucusunda maraq yaratmalı, yazdığı əsərdə
yaratdığı fəlsəfi fikirlərlə uzun müddət
oxucularının xatirində qalmalıdır. Digər tərəfdən
isə yazıçı mənə görə həm də
dilçidir. Öz dilini bilməyən biri yazıçı
ola bilməz. Bu gün yazılan əsərlərin
çoxunda osmanlı türklərindən gəlmə ifadələr,
sözlər işlənməsi geniş vüsət alıb.
Bunun da əsas səbəblərindən biri müəllifin
Azərbaycan dilini dərindən bilməməsindən irəli
gəlir.
Bir neçə ay bundan öncə
AYB-də keçirilən tədbirlərin birində şeir
deyən Mahirə Abdulla elə həmin şeiri ilə də
yaddaşıma həkk olundu. Xanımın kitabını
axtarıb, tapıb, oxuyacağımı
düşündüyüm bir vaxtda ədəbiyyat
portallarının birində “Yazıçı Mahirə
Abdullanın yeni romanı – Qeyb” başlıqlı bir
yazıyla rastlaşdım. Düzünü deyim ki, həmin
andan bu kitabı əldə edib oxumaq, yazıçının
yaradıcılığı ilə yaxından tanış
olmaq həvəsim daha da artdı. Çünki gerçəkdən
də bu gün Azərbaycan ədəbiyyatında qadın
yazarların bir çoxu məni qane etmir. Oxuduğum əsərlərdə
qadına xas olmayan süni hisləri gördükcə, əsərin
ürəksiz, sadəcə yazı xatirinə
yazıldığını hiss edirəm (Təbii ki,
hamısında yox.). Bu günlərdə AYB – də Rəşad
Məcidin masasının üstündə “Qeyb”i
gördükdə, dərhal xahiş etdim ki, həmin
kitabı bir neçə günlüyə oxumaq
üçün mənə versin. Evə gələnə qədər
yolda itirdiyim vaxtdan istifadə edərək, kitabı
açıb oxumağa başladım. İlk vərəqlərindən
kitabda müəllifin üslubu, dili məndə maraq
yaratdı. “Səhnəarxası Səhnədən real
görünürdü” ifadəsini oxuyarkən, bu beş
sözdən ibarət olan, amma bütün həyatımızı
əhatə edən söz məni tutdu.
Daha sonra əsəri oxuduqca, hər
bir sözün fəlsəfi tutumunu görüb, heyran oldum. Son
illər oxuduğum əsərlər sırasından ilk dəfə
idi ki, bu cür tutumlu bir əsər ilə
qarşılaşırdım. Bütün bunlardan əvvəl
əsərin dili məni düşündürdü.
Düzü, bu əsərdə əsl Azərbaycan dilinin necə
olduğunu öyrəndim. İlk dəfə idi ki, hansısa
bir əsəri bu qədər duyğulu və yaşayaraq
oxuyurdum. Hər bir cümlədə qadın həssaslığı,
qadın duyğularını hiss etdikcə, əvvəl
söylədiyim fikirlərdə yanıldığımı
duyub, Mahirə Abdullanın timsalında Azərbaycan ədəbiyyatında
qadın yazarının var olduğunu özüm
üçün təsdiq etdim. Zənnimcə, müasir Azərbaycan
qadın ədəbiyyatında Mahirə Abdulla
özünün yolunu qoydu (Əvvəlki əsərlərlə
tanış deyiləm deyə, fikrimi qəti ifadə etmirəm).
Müəllif əsərdəki Ahu adlı xanımın hər
bir əzab – əziyyətlərə tab gətirməsində
mübariz bir Azərbaycan qadınının portretini çəkib.
Bununla yanaşı qaçqınlıq həyatı
yaşayan kimsəsiz Gülgəzin timsalında şəhvət
hisslərinin qurbanına çevrilməyərək, şərəfli
bir qadın ömrü yaşadığını, ehtiyac
üzündən kimsəyə baş əymədiyini
göstərərək, qadına layiqli qiymətini verə
bilmişdir. Bu gün ermənilər bütün dünyaya
türklərin onlara qarşı soyqırım törətdikləri
iddisını yaymağa, təsdiq etdirməyə
çalışırlar.
“Qeyb” bir çox qaranlıq məqamlara
aydınlıq gətirməsiylə, bu məsələnin də
üzərindən yan keçməyib. Belə ki, müəllif
əsərdə Anjellayla Arpiginin Vartan tərəfindən
öldürülməsinə baxmayaraq çobanın
uşağı və qızılları götürdükdən
sonra meyitlərə toxunmamağı, xarici qonaqlara türklərin
erməni xalqına tutduğu divandan xəbər tutması
üçün elə oradaca buraxıb getməsiylə, ermənilərin
iç üzünü açır, əslində bu millətin
böhtan xarakterli fikirlərlə özlərinə haqq
qazandırmaq istəyini üzə çıxarır. Əsərin
kulminasiya nöqtəsi, zənnimcə, sonda Aramla nənəsi
Klaranın Qarabağın yüz ildən sonrakı taleyi ilə
bağlı dialoqudur. Burada Klara yüz ildən sonra
özünün viran qəbrinin olacağını deməsi
və nəvəsinə: – Sənin ağlınca Allah kimə
verəcək Qarabağı, – sualını verməsilə,
nəvəsinin: – Qapının arxasından çıxana, –
cavabı bu gün hamımız üçün taleyi müəmmalı
qalan Qarabağın sonuna aydınlıq gətirir. Yəni
müəllif yüz ildən sonra Əhmədin evinin tikilməsi,
Qarabağın yenidən Azərbaycanın
olacağını göstərir. Yəni bu gün ermənilər
nə qədər rahat otursalar da, bir gün nə vaxtsa
türk qapının arxasından çıxıb, öz
tarixi torpaqlarına sahib çıxacaq.
Əsərin başdan –
başa dərin fəlsəfi çalarlı olması “Qeyb”
haqqında ən azından öz həcmi qədər təhlil
yazmaq gərək olduğunu bildirir. Mənim isə bu əsər
haqqında təhlil xarakterli yazı yazmaq həddimə
düşməz. Biz hələ bu kimi əsərləri
dönə-dönə oxumalı, tariximizlə yanaşı əsl
Azərbaycan dilini öyrənməliyik. Bu üzdən də əsərlə
tanış olmayanlara əsəri sakit bir guşəyə
çəkilib, hər cümləsini diqqətlə
oxumağı tövsiyə edərdim. Bu əsəri oxuyan hər
bir Azərbaycan türkünün qaranlıq qalan bütün
məqamlara aydınlıq gətirəcəyinə
inanıram.
Zaur QƏRİB
525-ci qəzet.-
2011.- 8 aprel.- S.7.