Anar: “Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə başqa namizəd axtarmıram”

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Kulis.az-a müsahibə verib. APA-nın məlumatına görə, xalq yazıçısı qarşıdan gələn qurultay, AYB-nin mətbu orqanları və özünün yaradıcılıq planları haqqında danışıb. 

– Qarşıdan AYB-nin qurultayı gəlir. Hazırlıqlar nə yerdədir? 

– Qurultay payız aylarında keçiriləcək, indi ona hazırlıq gedir. Adətən məruzələr qurultayın gedişatında dinlənilir. Bu dəfə biz qərara aldıq ki, məruzələr qurultaya qədər olsun. Bu, həm də daha ətraflı söhbətə imkan yaradacaq. İkinci yenilik də odur ki, məruzələri yalnız gənclərə həvalə etmişik. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu hər il ədəbi prosesin müzakirəsini keçirir, orda alimlər ətraflı çıxış edib, ədəbi hadisələr haqda məlumat verirlər. Biz də burda gənc yazıçıların sözlərini dinləmək istədik. Artıq bir neçə məruzə oldu. Qismət gənc şairdir, cavanlar haqda məruzə etdi. Qulu Ağsəs şeir, Bəsti Əlibəyli tənqid haqda, İlqar Fəhmi nəsr, Qəşəm Nəcəfzadə uşaq ədəbiyyatı haqda məruzələr etdilər. Hələ üç məruzəmiz var, ədəbi əlaqələr və sair haqda. Bu, hazırlığın bir formatıdır. Başqa bir formatda isə rayonlarda, bölgələrdə görüşlər keçirmək fikrindəyik. Bizim 11 bölgədə filiallarımız var, onlardan da nümayəndələr seçəcəyik. 

– Gənclər deyəndə, yadıma daha çox sizi tənqid edən gənclər düşür, bəlkə onlara qapılar açılsa, atalar və oğullar məsələsi də ortadan qalxar? 

– Onlara hansı qapılar bağlıdır ki?.. Hansı saytı açırsan, onlar danışır, qəzet-jurnal çap etdirirlər. Televiziyaya çıxırlar. Yazıçılar Birliyini söymək üçün bizim öz tribunamızdan istifadə etməyəcəklər ki... Mən həmişə demişəm, işləmək istəyən gəlsin. 

– Bəlkə nə istədiklərini çağırıb soruşmaq lazımdır? 

– Dəfələrlə çağırmışıq, üzv yazılmağa dəvət etmişik. Onlar deyirlər ki, biz Yazıçılar Birliyini qəbul etmirik, onu dağıdıb, ora bayrağımızı sancacağıq. Onların istədiyi odur ki, çəkilin kənara, biz gələk. Onu da çox gözləməli olacaqlar. Onların içərisində bir az istedadlıları var, o qədər böyük yox, az-çox istedadlıları, amma iddiaları istedadlarından böyükdür. Deyirlər, biz dahiyik. Adam özü özünə dahi deməz, dahinin özündən illər sonra onun haqqında “dahi imiş” deyilir. Nə isə... İstəməzdim söhbətimiz onlar barədə olsun.  

– Bir gün “yoruldum” deyib çıxıb getmək istəsəniz, öz postunuza kimi namizəd verərdiniz? 

– Mənim hələ belə fikrim yoxdur, ona görə də başqa namizəd axtarmıram. 

– Yəni o posta yalnız özünüzü namizəd görürsünüz də?

 – Mən yox, qurultay kimi namizəd görərsə, ona da səs verərəm. Mən heç kimə deyə bilmərəm ki, onu yox, məni seçin. 

– Yaradıcılığınızda bir ləngimə var. 2002-ci ildə “Ağ qoç, qara qoç” çıxdı, sonra da son illər Nazim Hikmət barədə əsəriniz, vəssalam. Oxucu Anardan başqa əsərlər gözləyir...

– Gözləyən oxusun də. Son illər Mirzə Fətəli Axundov barədə kinossenari yazmışam, “LİK Azerbaydjana” adlı kitabım çıxıb, “Əsrin əsiri” həm rus, həm Azərbaycan dillərində çap olunub. Dövri mətbuatda da çıxış edirəm, bundan başqa neynəməliyəm mən?

– AYB-nin mətbu orqanlarının hansı sizin istədiyiniz kimidir? 

– Ayrı-seçkilik edə bilmərəm, buna vəzifəm yol vermir. 4 jurnalımız var, iki qəzetimiz. Biri bir az yaxşı gəlir işinin öhdəsindən, biri yox. Baxır redaktorun səviyyəsinə. 

– Nobel mükafatı barədə sizə sual verilib...  

– Nobel mükafatı təzə düşüb ağızlara. İndiyə qədər o mükafatı tanımayanlar indi deyirlər niyə Azərbaycan yazıçısı bu mükafatı ala bilmir. Mən də deyirəm ki, Ukrayna 40 milyondur, niyə heç bir yazıçısı bu mükafatı almayıb, Gürcüstan da həmçinin. O boyda Çindən cəmi bir nəfər alıb. Orta Asiya yazıçıları almayıb. Hindistandan bir nəfər alıb. Azərbaycan dilinin əhatə dairəsi məhduddur. Nobel mükafatı alanlar ingilis, ispan, fransız, rus dilində çox oxunanlardır.

Meyarlardan biri də siyasi məsələdir. Əsasən quruluşa qarşı dissident olanlara verilir. 5 rus yazıçısı “Nobel” alıb – Bunin, Soljenitsın, Pasternak, Brodski Sovet quruluşuna qarşı idilər. Orxan Pamuk istedadlı yazıçıdır, amma erməni “soyqırımı” barədə türklərin dediyinin əksini deməsəydi, bəlkə də “Nobel” verilməzdi ona. Bu o demək deyil ki, layiqlilər də almayıb.

Nobelçilər siyahısına nəzər salsanız, görərsiniz ki, adı ədəbiyyatdan silinib getmişlər də var. Və “Nobel” almayan elə yazıçılar var ki, alanlardan beş dəfə artıq layiqlidirlər. Təsadüf də rol oynayır. Bizim yığma futbol komandası dünya çempionu olanda yazıçılardan da kimsə “Nobel” alacaq.

– İndi nə üzərində işləyirsiniz? 

– “LİK Azerbaydjana”nın 1-ci cildi çıxıb, 2-ci üzərində işləyirəm, ora da musiqiyə, rəssamlığa, teatr və kinoya aid yazılarım daxildir. Əlli faizi yeni yazılarımdır. Bu kitabı rus dilində yazmışam ki, özümüzdən başqa da kimsə oxusun. 

        Mətbuata arzunuz...

        Bir az obyektiv, yalan, böhtandan uzaq olsunlar. Bilmədiklərini yazmasınlar. Ən kəskin tənqidi qəbul edirəm, amma böhtanı, yalanı yox.

 

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.7.