Böyük alimin qiymətli xatirələri

 

 Akademik Məmməd Cəfər Cəfərov zəngin və çoxşaxəli elmi yaradıcılığında realizm və romantizm cərəyanı və bu cərəyanlarda yazıb-yaradan M.Cəlil və Sabir, H.Cavid və M. Hadi kimi qüdrətli qələm sahiblərinin sənət dünyası, həmçinin milli ədəbiyyatımızın çox ciddi problemlərilə yanaşı rus və dünya ədəbiyyatı, kino və dram sənəti, teatr və musiqi, estetika və fəlsəfə, təhsil və maarif məsələlərinə dair onlarla sanballı əsər çap etdirmiş, bu sahələrdə mötəbər söz sahibi olmaqla bərabər nəsr, şeir, kinodramaturgiya janrında əsərlər, eləcə də xatirələr yazmışdır. Son illərdə akademik İsa Həbibbəyli C.Məmmədquluzadənin əsərlərini, M.C.Cəfərovun onun ömür yoluna həsr olunmuş “İnsanlar və talelər” kinodramını (2009), ardınca alimin “Xatirələr”ini hazırlayaraq ön sözlə birgə (“Elm və təhsil” nəşriyyatı, 2010) hörmətli oxucuların mühakiməsinə verib. Alimin həyatının ilk 40- 42 ilini əhatə edən xatirələri iki hissədən – “Naxçıvan xatirələri” və “Bakı xatirələri”ndən ibarətdir.

“Xatirələr” müəllifin gənc oxuculara ünvanladığı 8- 10 sətirlik müraciəti ilə başlayır. Alim bu kiçik müraciətində özünəxas təvazökarlıq və sadəliyinə uyğun olaraq “Mənim həyatım elə bir həyat olmamışdır ki, sizin üçün nümunə olsun” yazsa da, əslində xatirələr nəinki gənclər, hətta yaşlı oxucular üçün də nümunə ola biləcək çox ciddi problemləri əhatə edir. Birinci hissə “Naxçıvan XX əsrin əvvəllərində” adlanır. Müəllif Naxçıvanın qədim tarixi, dünya şöhrəti barədə qısa məlumat verərək təəssüflə yazır: “Mənim gördüyüm Naxçıvan şəhərində onun əzəmətli keçmişindən az- çox xəbər verən bir neçə tarixi abidələrdən başqa bir əlamət qalmamışdı”. XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi. Şahab, Pirqəmiş, Əlixanlı, Zaviyə, Sarvanlar, Gömayıl, Xoşulu, Atobba, Qurtlar və Qala. Əhali əsasən əkinçilik, bağçılıq, bostançılıq və maldarlıqla məşğul olurdu. Bir qismi isə sənətkar (bənna, dülgər, dəmirçi, dərzi, başmaqçı, papaqçı, dəllək, çarıqçı) idi. Əlixanlı, Zaviyə və qismən Pirqəmiş məhəlləsi tək- tük ziyalıları, bir neçə varlı taciri, mülkədar, bir- iki şeyxi, vaizi, mollası ilə fərqlənirdi. Şəhərdə 10- 15 bəy və 3 xan ailəsi vardı. Bu bəylər “quru bəylər” olub kasıb yaşayırdı. Xanların da “odu sönüb, külü qalmışdı”. Müəllif h dövrdə Naxçıvanın iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu, əhalinin yoxsul şəraitdə yaşadığını qeyd edir. M.Cəfər müəllimin özü də yoxsul təbəqəyə mənsub idi. Yeri gəlmişkən görkəmli alim Əziz Şərif qiymətli xatirələrində Naxçıvanın daha çox ziyalı mühitini təsvir etdiyindən bu xatirələrdən köklü surətdə fərqlənirdi.

Yeni üsullu məktəblərdə oxuyan şagirdlər, seminariya təhsilli gənc müəllimlər, Rusiya və Avropa şəhərlərində təhsil alan kübar ailələrə mənsub uşaqlar fərqli mühitdə böyüyürdülər. Müəllif daha sonra xalqın adət- ənənəsi haqqında özünün uşaqlıq təsəvvürü ilə məlumat verir. Hər addımda ehtiyac, yoxsulluq sadə, zəhmətkeş insanların nəsibi idi. Burada müəllif çox ciddi bir problemə toxunur. Yoxsul mühitdə yaşayan insanlarda vəziyyətdən doğan aspektliyin, mərdimgirizliyin yox, həyatsevərliyin üstünlük təşkil etdiyini nəzərə çatdırır. Xatirələrdə dini mərasimlər barədə də ətraflı məlumat vardır. Müəllif gördüklərinə, eşitdiklərinə, şahidi olduqlarına əsasən “Naxçıvan əhli dindar camaat idi”- yazsa da, “xalqın mövhumatçıları və mövhumatı təbliğ edənləri görən gözü yox idi”- deməklə əsl vəziyyəti ifadə edirdi. Müəllifin qənaətinə görə “Bu zümrənin fikrincə islam Peyğəmbərlərinin gətirdiyi dinlə, Quranla əlaqəsi olmayan, sonradan uydurulmuş sünni, şiə kimi mövhumat və xurafatı dindarlıq hesab etmək avamlıq, cəhalət idi. Bizim dindarlar arasında əsas fərq də bundan ibarət idi”. “Bizim məhəllə” fəslində müəllif doğulub yaşadığı “Anbar” məhəlləsinin tarixinə də toxunur. Müəllif bu fəsildə gənc qızların Toy mərasimlərində oxuduqları “hakuşka” (hatışta) mahnıları (biri solo oxuyur, qalanları xorla “hakuşka” sözünü təkrar edir), qonşu arvadların “haştan- piştan” əyləncəsi haqqında məlumat verir. Haştan- piştan son zamanlara qədər qalırdı. Əvvəllər yazda qonşu qadınların hamısı axşamdan yemək hazırlayar, səhər tezdən böyük dəstə halında uşaqları ilə bərabər çölə gedib bütün günü əylənər, oxuyar, mızqan çalar, oynayar, təzə yonca yığıb duza batırıb yeyər, sonra ocaq qalayıb gətirdikləri xörəkləri qızdırıb bir yerdə yeyərdilər. Nisbətən imkanlı qadınlar kasıb qonşularına yemək tədarük etməyi tapşırmazdılar.

 “Bizim nəsil” fəslində öz nəsillərinin tarixi haqqında məlumat verən müəllif yazır ki, bu nəsil Naxçıvan diyarında Kəngərlilər, Bəktaşilər kimi qədim olmasa da müəyyən tarixə malikdir. Keçmişdə nəsilləri adətən ata, babanın adı ilə çağırırdılar. Daha sonra M.Cəfər müəllim atasının əmisi oğlanları haqqında xatirələrini nəql edir. Atasının dörd əmisi oğlu – Novruzəli, Möhsün, Abbas, Məşədi Həsənin dördü də dərzi idilər. Müəllif bütün bunları elə təbii nəql edir ki, oxucu sonadək hadisələri maraqla izləyir. Xatirələrdə sonra şəhər və kənd əhli haqqında məlumat verilir. Müəllif yazır ki, əhali savadsız olduğundan siyasətlə məşğul olmazdı.

 “1915- 17- ci illərdə belə bir söz gəzirdi ki, Bektaşilərdən Mirzəalı bəy demokratdır. Bəlkə şəhərdə başqa demokratlar da var imiş, bilmirəm. ancaq bir həqiqət vardı ki, bu “demokratlardan” heç biri camaata bildirməmişdi ki, “demokrat” nə deməkdir, onlar nə üçün demokrat olublar və hansı işlərinə, fikirlərinə görə demokrat sayılmalıdırlar”. M.Cəfər müəllim burada mühüm bir məsələyə münasibətini bildirir. Onun fikrincə kənd əhalisi şəhərlilərə nisbətən daha mübariz idilər. Kənddə hökm sürən özbaşınalığa qarşı etiraz səsi ucalır, müqavimət göstərilir, hətta zülm edənlərə divan tutulurdu. Şəhərlilər isə belə deyildi. “Xatirələr”də XX əsrin əvvəllərində Naxçıvan şəhərinin ümumi vəziyyəti, şəhərin görkəmi, küçələrin, binaların quruluşu haqqında da ətraflı məlumat vardır. “Böyük bağ”, “Xırda bağ”, dövlət məmurlarının və varlıların yaşadığı 2- 3 mərtəbə binalar, digər tərəfdən uçuq daxmalar görsənirdi. Sanki Naxçıvanı görməyən oxucu bu təsvirlərlə şəhərin istənilən nöqtəsinə sərbəst gedə bilər. “Rus kilsəsinə yaxın geniş bir ərazidə bir neçə alleyadan ibarət bir bağ salınmışdı. Buna “Padşahlıq bağı” da deyirdilər, “Böyük bağ”da. “Böyük bağ” ona görə deyirdilər ki, Zaviyə tərəfdə, Bəhram xanın evinin qabağında başqa bir kiçik bağ da vardı. “Padşahlıq bağının” ağacları dekorativ ağaclar idi. Bağın rus kilsəsinə tərəf hissəsində 100- 150 adam tutan klub vardı (İndi bağ qalır, ancaq o klub yoxdur, nə zamansa yanmışdır). Nə padşahlıq bağına, nə də kluba “Qara camaatı” (yəni sənətkarları, kəndliləri, çayçı, çörəkçi, dəmirçi, dəllək, faytonçu, baqqalları, bağçı, bostançı, xırda tacirləri...) buraxmazdılar (əslində buraxsaydılar da, bu zümrədən olanların heç biri ora ayaq basmazdı).

Bağa, kluba ancaq iri çinovniklər, onların ailə üzvləri, xan, bəy balaları, tək- tük çox varlı tacir balaları, bir də “padşahlıq qulluğunda” olan iri çinovniklərə yaxın olan bəzi oxumuşlar girə bilərdilər. “Ata-ana” fəslindən məlum olur ki, Qarabağlar kəndində Kərbəlayi Bağır və Məşədi Qulu adlı qardaşların Nisəbəyim adlı bacıları varmış. Müəllif Zəhra xalanın nağıllarından bəhs edərkən uşaqların xalq ədəbiyyatının zəngin nümunələrinin tərbiyəvi əhəmiyyətini xüsusi vurğulayır. Mən öz uşaqlıq illərimi xatırlayıram. Televizor olmayan, adi radio təzə fəaliyyətə başlayan mühitdə şaxtalı qış gecələrində qonşulardan birinin evində toplanıb kürsünün üstündə düzülmüş quru meyvələrdən, çərəzlərdən yeyə- yeyə nağılçı qadının söhbətini böyük maraqla dinlər, çox zaman elə oradaca da yatıb qalardıq. Nağıllardakı qəhrəmanların qorxunc sifətli divlərə qalib gəlməsi bizim uşaq təsəvvürümüzdə canlanır, biz də bu qəhrəmanlara oxşamağa çalışırdıq. Uşaqların sağlam, tərbiyəli, əxlaqlı böyüməsində, dünya görüşlərinin formalaşmasında ailə tərbiyəsinin əhəmiyyəti ilə yanaşı hər gecə ağsaçlı anaların, nənələrin dilindən deyilən nağılların əvəzsiz rolu bir daha aydın olur. Zəhra xalanın nağıllarındakı qəhrəmanlar sevdikləri qızları xilas edir, zalım, pozğun adamlarla mübarizədə onların qələbəsi xoş təəssürat oyadır. Oğlan uşaqları bu qəhrəmanlara oxşamağa çalışır, qızlar öz xilaskarları ilə fəxr edirlər.

“Zəhra xala mənim süd anam, həm də ilk bədii söz müəllimim idi”. Onun yaşlı vaxtında belə təmiz, səliqəli geyimi, evin kişisini səbrlə gözləməsi, kişi gələn vaxt özünü bir də bəzəməsi gənc qadınlar, gəlinlər üçün nümunədir. M.Cəfər müəllim bibisini belə təsvir edir: “Yeganə bibim olan Bilqeyisi – dörd qardaşın bir bacısını anam çox istəyirdi. Bibimin olardı 24- 25 yaşı. Boyca ortaboy olan anamdan azca uca idi. Qonur gözlü, nazik sürməyi qaşlı, əsmər üzlü, üzünün, əllərinin dərisi nazik, çənəsi zənəxdanlı, səsi gözəl, gülüşü gözəl, hər ədası gözəl, ipək saçlı, incə vücudlu, incə ruhlu bir gəlin idi. Bizə gələndə güllü madəm çarşab örtər, qənovuzdan tuman, güllü ipəkdən köynək, üstündən atlazdan güləcə geyər, başına qızıl araqçın qoyar, gərdənində yaqut qaşlı qarabattaq, silsilə, barmaqlarında qiymətli qızıl üzük olardı, güllü ipək köynəyinin ətəyini qızıl ətəklik bəzərdi. Başına bəzən örpək, bəzən də güllü örpək örtərdi. O vaxt ancaq xan qızları belə geyinərdi. Mənim də anamın geyimi bibiminki kimi idi. Onun da qızıl araqçını, silsiləsi, qarabattağı vardı, bircə qızıl ətəkliyi yox idi. Atam deyirmiş ki, ona ətəklik də alacaqdır, sonra ala bilməmişdi”.

Xatirələrdə Bilqeyis bibinin ölümündən gənc M. Cəfərin keçirdiyi narahatçılıq hissi oxucunu da kədərləndirir. “Bilqeyis bibinin vaxtsız vəfatı mənim üçün fələyin ilk zərbəsi oldu”- deyən müəllif ailə münasibətlərindəki düzgün davranış qaydalarını, uşaqların böyüklərə dərin hörmət və ehtiramını, yaşlıların uşaqlara sonsuz məhəbbətini ifadə etməklə bərabər həm də ailə üzvləri arasındakı sağlam münasibəti göstərir. “Xatirələr”də XX əsrin əvvəllərində ucqarlarda belə mədəni yüksəlişin təsiri də öz əksini tapmışdır. M.Cəfərin atasının qramafon alması, görkəmli xanəndələrin vallarının oxudulması xalqın, xüsusən gənclərin və uşaqların mənəvi tərbiyəsində mühüm rol oynamışdır. M. Cəfər müəllimin M.T.Sidqinin yaratdığı məktəbdə ilk təhsil alması, sonra Zaviyə məscidinin həyətində olan məktəbdə təhsilini davam etdirməsi, burada da çar Nikolayın taxtdan salınması xəbərini eşitməsi bütün cəmiyyətin həyatını dəyişdi. Az sonra Azərbaycanın müstəqilliyini bəyan etməsi xalqın sevincinə səbəb olur. Andranikin Azərbaycana hücumu, milli qırğının yeni dalğasının xalqa gətirdiyi fəlakətlər də xatirələrdə müəllifin diqqətindən kənarda qalmamışdır. Naxçıvanda özünümüdafiə dəstələrinin yaranması, Andranikin quldur dəstəsinə vurulan ilk zərbələr, qəhrəman türk ordusunun Bakını daşnak- bolşevik işğalından azad etməsi, Naxçıvana köməyi gənclərin vətənpərvərlik duyğularını yüksəldən epizodlar kimi təqdim olunmuşdur. 10 yaşlı müəllifin 1919- cu ildə valideynlərinin vaxtsız vəfatından keçirdiyi ağrılar, sahibsiz ailənin qarşılaşdığı çətinliklər, bu hadisələrdən doğan mənəvi sarsıntılar, azyaşlı müəllifin daxili düşüncələri, Allahın hər şeyə qadir olması və nə üçün bu haqsızlıqları cəzasız buraxmasından doğan sualları xatirələrdə geniş qələmə alınmışdır. Müəllifi düşündürən bu idi ki, varlılar yaxşı dolanır və onlar Allahı da az- az yada salırdılar. Kasıblar isə hər addımda Allahdan kömək, imdad istəyirdilər. Nə üçün Allah onları eşitmir? Xüsusi mülkiyyətə əsaslanan “Naxçıvan cəmiyyəti”ndə həqiqətən “başlı- başını saxlasın” idi. Ümum əhalinin qeydinə qalan, hüququnu müdafiə edən, güzəranını tənzim edən nə bir dövlət təşkilatı, nə də ictimai təşkilat yox idi. İnzibati idarələr soyur, talayır, vergi toplayırdı...

 ...Odur ki, hər yerdə ən çox eşidilən söz bu idi: “Kasıbın işi Allaha qalıb!” Kasıbı da yalançı dindarlar, mədəniyyətsiz şarlatanlar elə “tərbiyə etmişdilər ki, inanırdı ki, savadsız mollanın təbliğ etdiyi Peyğəmbərin gətirdiyi dindir. Əlbəttə, kasıb onu da görürdü ki, bu etiqadın ona bir köməyi olmur. Bununla belə, bu bir təsəlli, xəyal, xülya da olsa, bir ümid idi”.

“Xatirələr”dən öyrənirik ki, M.Cəfərin atası yaxşı sənətkar olduğundan yaxşı da qazanırdı. Evinə lazım olan əşyaları, xalça-palaz, qramafon almışdı. İnqilab ərəfəsində onun iqtisadi vəziyyəti pozulur, iflas edir, olan-qalanını satır. “Ata- anamızın vəfatından sonra məlum oldu ki, evimizdə üç xalça, iki kilimdən başqa qiymətli bir şey qalmamışdır”. 1920- ci ilin iyun ayında bolşeviklər Naxçıvanı da alırlar. Həyat nisbətən yoluna düşürdü. M.Cəfər həm dərzi şagirdliyinə düzəlir, əmisi Əsgərin dərzi dükanında meyvə- tərəvəz satır, həm də İməclik idarəsində kuryer (ayaqçı) işləyir. Evlərinin birini də kirayə verib birtəhər dolanırdılar. M.Cəfər sonra yenə çörəkçi dükanında işləməli olur. 12 yaşlı uşaq Əzançi Kərbəlayi Baxşəli ilə şatır Fərəcin müştərək çörəkçixanasında kündəgirlik edir. “Xatirələr”də Kərbəlayi Baxşəlinin həm xanəndəliyi, əzançı olması, həm də çörəkçi dükanı haqqında ətraflı danışılır. Onun müsbət keyfiyyətləri maraqla nəql edilir. Çörəkçixanada dəxildar Mirzəlibəy Bəktaşinin qardaşı Bağır ağa idi. Bağır əmi bir gün mənə xoş bir xəbər gətirdi. “Deyəsən az yaşlı fəhlələr üçün gecə kursları açacaqlar”. Gənc M.Cəfər ailə başçısı kimi olduqca qayğıkeş idi. Bacılarına yeni paltar almış, onları məktəbə qoymuşdu. Sovet hakimiyyətinin ilk illərində baş verən mühüm hadisələr də “Xatirələr”də geniş əks olunmuşdur. 40 il mollalıq etmiş və şair kimi tanınmış Molla Mahmud Çakər libasını dəyişmiş, saqqalını, buğlarını qırxdırmış, əmmaməsini atmış, din əleyhinə mübarizəyə başlamışdı. Təbiidir ki, dinə qarşı belə mübarizə əslində əks təsir bağışlayırdı. 1925-ci ildə Sovet hökumətinin başçısı Rıkov Naxçıvana gəlmişdi. O, Naxçıvandakı vəziyyətdən narazı qalmış və 25 nəfər gənc narkomun hamısı güllələnmişdi.

1925- ci ildən sonra Naxçıvana qastrola gəlmiş görkəmli aktyorlar A.M.Şərifzadə, Sidqi Ruhulla, Mərziyə xanım və başqalarının təsirilə M.Cəfər bir pyes yazmaq həvəsinə düşür. Milli qırğın əleyhinə olan bu pyesin iki pərdəsini yazandan sonra bacısı Səkinənin faciəli ölümü bu işi yarımçıq qoyur. Bu hadisələrdən sonra Naxçıvandan qaçmaq qərarına gəlir. Bakıda Naxçıvanlı dostlarından birilə rastlaşır. Onlara gedir. Vəziyyəti danışır. Onun və arvadının təkidi ilə Naxçıvana qayıdır. Azərbaycanın o zamankı Maarif Komissarı Ruhulla Axundova mənzum ərizə yazır. R.Axundovun tapşırığı ilə ərizə yazanı tapıb arzusunu yerinə yetirirlər. Yəni Naxçıvan Pedaqoji Texnikumuna qəbul edirlər. M.Cəfər “Xatirələr”ində texnikum həyatı, müəllimləri, tədris üsulu haqqında ətraflı yazmış və bu işdə olan nöqsanları da göstərmişdir. Beləliklə, M. Cəfərin həyatının Naxçıvan dövrü bitir. 1930- 31- ci dərs ilində o, Bakıda Ali Pedaqoji İnstitutun dil- ədəbiyyat fakültəsində təhsilini davam etdirir. İkinci hissə- “Bakı xatirələri” başlayır. Müəllif burada dövrün durumu ilə yanaşı oxuduğu ali məktəbdə tədris prosesi haqqında da ətraflı və vacib problemlərə toxunur. “Ən zəif, sistemsiz, adda- budda keçilən fənlərdən biri Azərbaycan ədəbiyyatı tarixi idi”. Bunun səbəblərini araşdıran müəllif qeyd edir ki, hələ Azərbaycan ədəbiyyatı tarixi sistemli şəkildə yazılmamışdı. Az- çox olanlardan da istifadə etməyə icazə vermirdilər. F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”, İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı”, hətta Salman Mümtazın tərtib etdiyi kitablar məsləhət görülmürdü. Məşhur dilçi professor B.Çobanzadə bizə qədim ədəbiyyatdan cəmi 5 mühazirə oxudu. XIX əsr Azərbaycan ədəbiyyatı fənnini tədris edən F.Qasımzadə də daha çox seminarlara yer ayırmışdı. Yəqin ki, mühazirədə siyasi səhv buraxacağından ehtiyat edirmiş. Rus dili, xarici dil fənnini əsasən bu dili bilən, lakin müəllim olmayanlar, daha çox evdar qadınlar tədris edirdi. Qərb ədəbiyyatını gənc Əli Sultanlı, sonra Hacıbaba Nəzərli deyirdi. Hər ikisi savadlı müəllimlər idi. M.Arif, H.Zeynallı, Əli Nazim, S.Şamilov da yaxşı müəllimlər idi. İctimai fənləri təsadüfi adamlara tapşırmışdılar ki, onların da çoxu müəyyən vəzifə sahibləri idi”. M.Cəfərin diplom işi Volterin yaradıcılığından imiş. Rəhbəri də Əli Nazim. Diplom işinin müdafiəsinə təsadüfən Ruhulla Axundov da gəlmişdi. Diplomçunu bəyənir, onu fransız dilini və ədəbiyyatını mükəmməl öyrənmək üçün Parisə göndərəcəyini vəd edir. Az sonra bu müəllimlərin çoxu həbs olunur. O dövrün dərs üsulları da qüsurlu idi. “Daltonplan” üsuluna görə istehsalatla əlaqə üçün hətta maşınşünaslıq və kimya fənləri də keçilirdi. Tələbələrin çoxu da tam orta təhsil almamış keçmiş yaşlı müəllimlər idi. Onların bir qismi 50- 55 yaşında idi. Tələbələr arasında evdar qadınlar çoxluq təşkil edirdi. “Muzdurluqdan, fəhləlikdən gələnləri kəsmək olmazdı”. Mühazirələrin çoxu yazdırılırdı. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. M. Cəfər öz təcrübəsinə əsasən xatirələrində tədris problemləri ilə bağlı dərs proqramı, dərslik, dərs demək qaydaları və sairə tövsiyələrini də verir. M.Cəfəri təhsilini başa vurduqdan sonra aspiranturada saxlayırlar, hətta ona dərs demək üçün saatlar ayırırlar. 1937- ci il faciəsi isə hər şeyi alt-üst etdi, rəhbəri H. Nəzərli də həbs olundu.

“1938-ci ildə xüsusi komissiyada imtahan verib aspiranturanı bitirmək haqqında vəsiqə ala bildim”. Bir müddət dekan vəzifəsində çalışır, Rus ədəbiyyatından dərslik yazır, 1939- cu ildə çap etdirir. Onu M. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına göndərirlər. Lakin yeganə bacısının əri öldüyündən Moskvadan qayıtmalı olur. Müharibə başlayandan sonra “Ədəbiyyat qəzeti”nin redaktoru O.Sarıvəlli və məsul katib Məmməd Əkbər Cənubi Azərbaycana getdiklərindən onları əvəz edir. Axşam radioda işləyir. Əli Vəliyevin köməyilə (o, rəhbər vəzifədə idi) ona birotaqlı mənzil verirlər. “Xatirələr”in böyük bir fəsli olan “Unudulmaz macəra” məhəbbət mövzusunda bitkin roman və ya povest hesab etmək olar. Əsərin süjeti, fərdi cizgilərlə yaradılmış ayrı- ayrı surətləri, axıcı dili bunu deməyə əsas verir. 1943- ildə M.Cəfər MK-nın tapşırığı ilə Qubada ikiillik Müəllimlər İnstitutunun təşkili ilə yaxından məşğul olur, iki ilə qədər orada əslində direktor olsa da, elmi işlər üzrə direktor müavini vəzifəsini daşıyır. M.Cəfər xatirələrində yazır ki, qış ağır keçdiyindən köhnə paltomu özüm çevirdim (uşaqlıqda bir müddət dərzi şagirdi olmuşdu). Lakin yaxşı alınmamışdı. Maarif Komissarı Mirzə İbrahimov da, müavini M.Arif də paltoya güldülər. O zaman əhaliyə paylamaq üçün müharibədə qənimət alınmış əşyalar göndərirdilər. Bu paltolardan birini də M. Cəfər müəllimə verirlər. Yeni aldığı ayaqqabı isə Bakıya gələndə vaqonda oğurlanır. Bu müddətdə M.Cəfər M.Arifin təkidilə“M.F.Axundovun ədəbi-tənqidi görüşləri” adlı məqaləsini genişləndirib namizədlik dissertasiyası müdafiə edir (Əslində M.Cəfərin başqa əsərləri də ona bu adı verməyə kifayət idi). 1945- ci ilin əvvəllərində onu S.Rəhimovun təklifi ilə “Ədəbiyyat qəzeti”nin redaktoru təyin edirlər. O, Qubadan azad olunur. Redaktorluqla bərabər ali məktəblərdə müəllimliyini də davam etdirir. Qəzetdə işlədiyi müddətdə xoşagəlməz bir hadisəni M.Cəfər müəllim xatirələrində təfərrüatı ilə qələmə almışdır. Onu deyim ki, 50- ci illərdə mən və dostum İzzət Maqsudov dissertant olanda M.Cəfər müəllim bu hadisəni bizə nəql etmişdi. 1948-ci ildə M. Rəfili redaksiyaya sərbəst vəzndə yazdığı 2 şeir gətirib çap etdirmək istədiyini bildirir. “Göy maşın” və “Gurla okeandan” adlı bu şeirləri M.Cəfər müəllim çap etmək istəməsə də, M. Rəfili təkid edir. Yazıçılardan da bir neçəsi, o cümlədən S.Rüstəm şeirlərin çap olunmasını məsləhət bilir. Şeirlər çap olunduğu günün səhərisi S.Rəhimovu və redaktor M.Cəfəri MK-ya çağırırlar. M.C.Bağırov bu şeirləri pantürkizm təbliğatı adlandırır. S.Rəhimovu kəskin tənqid edir. M.Cəfər isə bütün günahların özü etdiyini boynuna alır. Bağırov S.Rəhimova deyir ki, özün cəhənnəm, bu uşağı niyə bədbəxt eləyirsən? S.Rəhimov da, MK katibi Qəzənfər Məmmədov da M.Cəfəri müdafiə edirlər.

M.C.Bağırov onlara “gedin” deyə işarə edir. S.Rəhimov belə asanlıqla qurtardığına sevinir. Bir- iki gündən sonra həmin şeirlər haqqında irihəcmli tənqidi məqalə yazır. Az sonra S. Rəhimovu Yazıçılar İttifaqının sədrliyindən çıxarırlar. M. İbrahimov sədr seçilir. M.Cəfəri də redaktorluqdan azad edirlər. “Xatirələr”də çap olunmuş “Qəzet işi haqqında” məqaləni ayrıca qeyd etmək istəyirəm.

“Qəzet də bir məktəbdir. Qəzetçi yalnız öyrətmir, eyni zamanda öyrənir, yalnız tərbiyə etmir, eyni zamanda tərbiyələnir. Məndən soruşsaydılar ki, “haranı qurtarmısan”? Bitirdiyim məktəbləri sayandan sonra deyərdim: – Bir də “Ədəbiyyat qəzeti” məktəbini qurtarmışam”. Qəzetin böyük xidmətlərindən biri də gənc istedadları üzə çıxarmaq, onları yazmağa həvəsləndirməkdir. İstedad elə şeydir ki, onu vaxtında oyatmasan, işə cəlb etməsən pas atıb qalar. Böyük Vətən Müharibəsi illərində və müharibədən sonrakı üç ildə “Ədəbiyyat qəzeti”ndə, demək olar ki, bütün təcrübəli, görkəmli ədiblər, şairlər, alimlər, tənqidçilər iştirak edir və buna mənəvi ehtiyac da duyurdular. Oxucular da onların əsərlərini səbirsizliklə gözləyir, izləyirdilər. Qəzet hər şeydən əvvəl, yeniliyin aynası olmalıdır. Gərək onun hər səhifəsində yeni həyatın, yeni insanın isti nəfəsi duyulsun. Bu nöqteyi- nəzərdən təcrübəli ədiblər, alimlər, jurnalistlərlə bərabər gənclik də qəzetin arxalanmalı olduğu böyük qüvvələrdən biridir. Bahar gələn kimi qocaman ağaclarla birlikdə körpə ağaclar da çiçək açır”. Akad. İsa Həbibbəyli “Xatirələr”ə yazdığı sanballı ön sözdə qeyd edir ki, “M.Cəfər ədəbiyyatşünaslığın müxtəlif sahəsində təkcə filosof tənqidçi yox, geniş mənada mütəfəkkir ədəbiyyatşünasdır... Əsər M.C.Cəfərovun içindən çıxıb kürədə bişən bütöv və əzəmətli şəxsiyyətinin təsdiqnaməsidir...

 “Xatirələr”də elmi təfəkkürlə bədii düşüncə bir- birini tamamlayır”. “Xatirələr”in sonunda M.C.Cəfərovun bacısı qızı, prof. Ulduz xanım Haşımovanın “Məmməd Cəfər müəllimin ailə mühiti və münasibətləri” adlı olduqca maraqlı və qiymətli məqaləsi çap olunmuşdur.

Bütünlükdə M.C.Cəfərovun “Xatirələr”i ədəbiyyatımızın müəyyən zaman kəsiyində tarixinin salnaməsi və müəllifin şəxsiyyətinin əsas cizgilərini açmaq və bilmək üçün bələdçi hesab edilə bilər. Yavuz AXUNDLU professor

Səhifədəki materiallar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

 

 

Axundlu Yavuz,

professor

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.6.