Şəhərlər gözəli
Paris: dadı damaqda qalan təəssüratlar
(əvvəli ötən
saylarımızda)
Fransaya gedəsən, Eyfeli (Eiffel) görməyəsən, deməli, heç oralara getməmisən. Təbii ki, Eyfeli yaxından gördüm. Yüksəklik qorxunuz varsa belə, buradan görünən möhtəşəm mənzərəni izləmək üçün bütün qorxuları məğlub etməyə dəyər. Parisin ən məşhur dəmir qülləsi olan Eyfel nəinki Fransanın, hətta bütün dünyanın gözəllik simvoluna çevrilib. Qüllənin adı onu tikən mühəndisin, Alexandre Gustave Eyfelin adıyla bağlıdır. Eyfel qülləsinin inşası 1888-ci ildə keçiriləcək bir sərgi üçün Barselonada planlaşdırılsa da, qüllə 1887-89-cu illərdə böyük Fransa inqilabının 100-cü ildönümü münasibətilə paytaxt Parisdə tikilir. Əslində qüllənin memarı Eyfel deyil. İsveçrəli Maurice Koechlin sifarişi ilə Memar Stephen Sauvestre tərəfindən inşa edilib. Qüllənin dizayneri isə Emile Nouguirdir. Maraqlıdır ki, texnikanın o qədər də inkişaf etmədiyi bir vaxtda, üç min işçinin, 26 ay boyunca 18,038 ədəd dəmir parçasından hazırladığı Eyfelin inşasında heç bir ölüm hadisəsi olmayıb. Qüllənin inşaat xərcləri 7,739 frank, 31 sent təşkil edir. Ən böyük turizm cazibələrindən biri olan Eyfel qülləsinə ildə 6 milyon turist gəlir. 2002-ci ildə isə buranı ziyarət edənlərin ümumi sayı 200 milyonu ötüb. Hələ açılış tarixinədək qülləni 5 ayda 1,9 mln adam ziyarət edib ki, bu da ilin sonuna qədər yatırılan xərclərin 80 faizini sığortalayır. Demək olar ki, Eyfel qülləsi tikildiyi ilk günlərdən qazanc mənbəyinə çevrilib. Eyfelin təminatı 20 il müddətinə hesablanmışdı. Başqa sözlə desək, qüllə 1909-cu ildə sökülməli idi. Ancaq yeni əsrdə imzalanan Atlantik sövdələşməsində onun sökülmə tarixi uzadılıb.
Eyfel qülləsinin hündürlüyü 300 metrdir. Zirvədəki televiziya yayım ötürücüləri onun hündürlüyünü daha 27 m artırır. Tikilişində polad yerinə dəmir işlədilən qüllə, xüsusi texnikalar sayəsində bu günümüzə gəlib çıxıb. 200 min kvadratmetr sahəni əhatə edən Eyfel 7 ildən bir 60 ton boya ilə rənglənir. 25 boyaçının gördüyü bu iş əsnasında 1500 fırçadan istifadə olunur. Boyanın xərci 3 mln avroya başa gəlir. Yarananda qırmızı qəhvə rəngində olan qüllə, sonralar sarımtıl qəhvəyi, şabalıd qəhvə rənginə və nəhayət, bürüncə çevrilib.
Eyfel 3 mərtəbədən ibarətdir. Birinci mərtəbə 57, 2-ci 115, 3-cü mərtəbə isə 276 metr hündürlükdədir. Bura gələnlər üç liftdən istifadə edirlər. Birinci və ikinci mərtəbələrdə restoranlar mövcuddur. Burda qüllənin tarixini əks etdirən muzey də fəaliyyət göstərir. Ən üst mərtəbə həm damlı, həm də üstü açıq sahəyə malikdir. 2007-ci il 14 fevraldan etibarən restoranlar istisna olmaqla qüllədə siqaret çəkmək qadağan olunub.
Qüllədə evlənmək və toy etməyə icazə verilmir. Maraqlıdır ki, 2-ci dünya müharibəsi ərəfəsində Eyfelin əməliyyat sistemində baş verən mənfi proseslər səbəbiylə Adolf Hitler qülləyə piyada çıxmaq məcburiyyətində qalıb. Buna görə də deyirlər ki, Hitler Fransanı zəbt etsə də, Eyfeli tuta bilmədi. Ancaq çox maraqlıdır ki, onun şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlayıb. Adolf Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv edilməsini əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməmişdir.
2003–cü ildə qısa qapanma nəticəsində qüllənin zirvəsində, yəni ən üst ziyarətçilərin qalxdığı platformada yanğın baş verib. Yanğın bir saat müddətində heç kim zərər görmədən söndürülüb.
Möhtəşəm Versal
sarayı
Versal sarayının gözəlliyi
dillər əzbəridir. Bu gözəlliyi yaxından görmək
üçün biz də saraya baş çəkdik. Versal
sarayı fransız kral hakimiyyəti tərəfindən
1682–1789–cu illərdə inşa edilib. İlk dəfə bu ada
XI əsrdə rast gəlinib. XIII Lüdovik 1624–cü ildə
Versal təpəsini alır. Daha sonra bu ərazidə
beşotaqlı ovçuluq müəssisəsi fəaliyyət
göstərir. 1631–1634–cü illərdə tikili yenidən bərpa
edilir və memar F. Lerua tərəfindən genişləndirilir.
1661–ci ildən etibarən XIV Lüdovik yenidən bərpa
işlərinə başlayır və sarayın tikintisinə
sərəncam verir, 1666–cı ildən Versal Günəş
krallığının rəsmi iqamətgahına
çevrilir. Yenidən bərpa işlərində Lui Levo
iştirak edir.“Krallığın ilk memarı”, Şarl Lebren
“ rəssamı”, Andre Lenotr “ bağbanı” kimi fəaliyyət
göstərir.
Versalın əsas
kompozisiyasını şərqin və qərbin birləşməsi
təşkil edir və bu sarayın mərkəzində yerləşir,
həmin hissələrdən biri yataq otağında yerləşir,
bu otağın pəncərələri şərqə
doğru açılır. Girişdən saraya üç
yol eyni istiqamətə doğru uzanır. Ara yolla sarayın
digər hissəsinə Böyük kanalla birlikdə olan
Baş Krallığın xiyabanında yerləşən
Laton və Appalon hovuzlarına keçmək
mümkündür. Böyük kanalın cənubunda heyvanlar
üçün nəzərdə tutulan yer var. Hazırda həmin
hissə fəaliyyət göstərmir. Köhnə qalanı
saxlayaraq L.Levo fasadı üç – cənub, qərb,
şimal tərəfdən tikib. Sarayın ərazisini şəhərdən
çuğundan hazırlanan barmaqlıq ayırır. Həmin
barmaqlıqlar 1678–ci ildə hazırlanıb. 1730–cu ildən 1789–cu
ilədək sarayın interyerində müxtəlif dəyişikliklər
edilib, nəticədə XVII əsrə aid olan bir çox
yaradıcılıq nümunələri itib. 1801–ci ildə
Versal əhali üçün açıq elan edilərək
abidə və muzeyə çevrilib. Avropanın ən gözəl
və daimi diqqət mərkəzində olan parklarından biri
də Versal sarayının parkıdı.
Saray arxitekturasına aid ən
gözəl nümunələr burda toplanıb. Parka girən
kimi bitkilərdən yaradılmış maraqlı kompozisiya
diqqəti çəkir. Park o qədər böyük və
genişdir ki burada velosipedlə və ya balaca tramvaylarla hərəkət
etmək əlverişlidir. Çünki park böyük bir ərazini
əhatə edir ki oranı da bir gün ərzində gəzib
qurtarmaq mümkün deyil. Piyada gəzməyi qərara
almısınızsa, səhər 10-dan axşam 8-dək
kiçik bir hissəni ancaq görə biləcəksiniz. Park
əsasən klassik üslubda hazırlansa da, orda gözəl
müasir effektlərdən də istifadə edilir.
Luvr muzeyi
Luvr muzeyi – dünyanın ən
məşhur muzeylərindən biridi. 1793-cü ildə
açılan və əvvəlcə sahəsi 60 000
kvadratmetr olan muzey Parisdə yerləşir. Hazırda yerləşdiyi
ərazinin sahəsi 160 106 kvadratmetr olmaqla, dünyada
böyüklüyünə görə
üçüncü yeri tutur. Muzey Parisin mərkəzində,
Senanın sağ sahilində yerləşir. Muzeyin binası qədim
kral sarayıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli
meydanın başlanğıcını göstərir, həmçinin
bura Parisin ən qədim hissəsi hesab olunur. Muzeydəki rəsm
nümunələri öz çəkilmə dövrlərinə
görə seçilir və Fransada müxtəlif kolleksiya
yığan insanların vaxtı ilə şəxsi
pulları ilə aldıqları çoxsaylı əsərlər
də saxlanılır. Muzeyi universal adlandırmaq
mümkündür. Onun kolleksiyasına böyük coğrafi
və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan
tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq
incəsənətinədək rast gəlmək olar.
Avropanın müasir mədəniyyət
nümunələri, yəni 1848–ci ildən bizim dövrümüzədək
olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində
nümayiş olunur. Asiya ənənələrini özündə
birləşdirən kolleksiyalar isə Guimet muzeyində gələn
qonaqlara baxmaq üçün təklif edilir. Burada hətta
Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri
qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək
mümkündür. Muzeyin qapıları ilk dəfə
1793–cü ildə adi vətəndaşlar üçün
açıq elan edilib. Luvrun muzey kimi fəaliyyətindən əvvəl
ekspozisiyaların yığılması işinə
başlanılıb və bu zaman I Fransiskin və XIV
Lüdovikin həyatı boyu yığdıqları
kolleksiyalar muzeyə verilib.
Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, onların hər biri ayrı–ayrı mədəniyyətə, dövr və sivilizasiyaya aiddir. Ümumiyyətlə isə muzeydə 300 000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35 000–ə qədəri gələn insanlara təqdim olunur.
Sena çayında axşam gəzintisi
Parisi bir də məşhur Sena çayında xoş bir axşam gəzintisi zamanı seyr etmək böyük zövq mənbəyidir. Bunun həqiqətən insanları ovsunlayacağını düşünən fransızlar bu imkanı onlara yaradıblar. Biz də bu imkandan istifadə edib Sena çayında gəzintiyə çıxdıq. Uzunluğu 776 km olan
Sena
çayının axını istiqamətində irəlilədikcə
sağ tərəfdə Parisin simvolu sayılan Eyfel qülləsi
görünür. Hazırda Senatın sərəncamında
olan Lüksemburq bağında Mariya Mediçinin əzəmətli
sarayı yerləşir. Saray Senadan çox möhtəşəm
görünür. Sol sahildə yerləşən Latın məhəlləsində
isə çoxlu təhsil müəssisələri, kolleclər
və universitetlər yerləşir. Həmçinin Sen-Mişel və
Sen-Jermen bulvarları da diqqəti cəlb eləyir. Sena çayında axşam gəzintisi
ilə Parisə səfərimizi başa vurduq. Təbii ki,
Parisi gəzməyə, bu möhtəşəm şəhərlə
tanışlıq üçün bir həftə heç
cür yetərli deyildi...
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 8 aprel.- S.7.