İqtisad UniversitetindəDünya Ticarət Təşkilatı İstinad Mərkəziaçılıb

 

Dünən İqtisad Universitetində “Dünya Ticarət Təşkilatı İstinad Mərkəzi”nin (DTT) açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində İqtisad Universiteti ilə DTT Katibliyi arasında bu ali təhsil ocağında “DTT İstinad Mərkəzi”nin yaradılmasına dair razılıq əldə olunub. Bu mərkəz dövlət və biznes strukturlarının, ali məktəb tələbələri və müəllimlərinin, həmçinin fiziki və hüquqi şəxslərin DTT haqqında məlumat əldə etməsinə imkan yaradacaq. Rektor qeyd edib ki, DTT Katibliyi tərəfindən 1997-ci ildən başlayaraq icra olunan “DTT İstinad Mərkəzi” Proqramı çərçivəsində dünyanın 100-dən artıq ölkəsində 150-dən çox müvafiq mərkəz yaradılıb. Bu mərkəzlər xarici ticarət siyasətini təkmilləşdirməyə ehtiyac duyan, eləcə də DTT-yə üzv olmaq istəyən və ya beynəlxalq ticarətin tənzimlənməsində daha fəal iştiraka can atan ölkələrdə yaradılır. İstinad Mərkəzinin idarə olunması DTT-nin Təlimlər və Texniki Əməkdaşlıq İnstitutu çərçivəsində reallaşdırılan “DTT İstinad Mərkəzi” proqramının rəhbərinin birbaşa dəstəyi və yardımı ilə həyata keçirilir. Mərkəzin fəaliyyətinin qiymətləndirilməsi üzrə dövri hesabatlar hazırlanır və qiymətləndirmə zamanı Mərkəzin xidmətlərindən istifadə edənlərin, cavablandırılmış sorğuların, təşəkkür məktublarının və Mərkəzin məlumatlarına abunə olanların sayı əsas meyarlar kimi götürülür.

 Xarici işlər nazirinin müavini, Azərbaycanın DTT-yə üzv olması üzrə danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev, təhsil nazirinin müavini Elmar Qasımov, DTT-nin “DTT İstinad Mərkəzləri” Proqramının rəhbəri Mustafa Sadni, DTT Katibliyinin Kitabxanasının rəhbəri Metyu Beyker Mərkəzin İqtisad Universitetində fəaliyyətə başlamasını yüksək qiymətləndirib, eyni zamanda bu qurumun Azərbaycanın DTT-yə üzvlüyü prosesini sürətləndirəcəyini vurğulayıblar.

Bildiriblər ki, DTT Katibliyi tərəfindən lazımi avadanlıq və informasiya-resurs materialları ilə təmin olunan Mərkəz dövlət və biznes strukturlarının, ali məktəb tələbələri və müəllimlərinin, həmçinin fiziki və hüquqi şəxsin DTT haqqında məlumat əldə etməsinə şərait yaradacaq. Eyni zamanda, DTT-nin Cenevrədə yerləşən Katibliyi ilə birbaşa əlaqəyə malik olmaqla, bu qurumun rəsmi internet səhifəsində olan bütün informasiya resurslarına və bu təşkilatın tarif və ticarətlə bağlı məlumat bazasına sərbəst çıxış imkanı təqdim edir.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 8 aprel.- S.3.