Yaddaşımdakı əziz
adam...
Esse – xatirə
Bu Esse-xatirənin sonunda yazılarımdan birində illər əvvəl qələmə aldığım bir ifadə işlətmişəm: “...Ruhunun şirəsini bu dağlardan alan, bu ulu torpağın bir övladı ... vaxt ayırıb bu diyarın ... fədakar insanları haqda kitab yazsa... “?
Çox şadam ki, öz sanballı ədəbi-publisistik əsərlərində doğma diyarımızın ləyaqətli şəxsiyyətlərinin həyat və fəaliyyətinə əbədi yaşam taleyi verən məslək dostum, işıqlı fikir adamı, yazıçı-publisist, əməkdar jurnalist Həmzə Vəliməmmədov bu sıraya daha bir töhfə əlavə edir. Bu regionun sanballı kişilərindən, ağsaqqallarından biri haqqında daha bir layiqli nümunəni ortaya qoyur.
Sağ olun Həmzə
müəllim!
N.N
Xatirə yazmaq keçmişə, ömrün-günün ötənlərinə qayıtmaq deməkdir. O ötən günlər, illər isə həmişə adamda kövrək bir nisgil, qəm, xiffət oyadır... Tanıdığın, bir vaxt oturub-durduğun, ünsiyyətdə olduğun, ancaq indi dünyadan köç edib öz haqq dünyasına qovuşan, ancaq yoxluğuna hələ də inanmadığın və yəqin ki, inanmayacağın da əziz bir insan haqqında danışmaq, söz açmaq isə daha ağırdır. Sanki, sən qələmə aldığın xatirələrlə onun yoxluğunu təsdiq etmiş olursan...
Ona görə
də öz dünyasını dəyişmiş, ancaq hələ
də indiyəcən buna inanmadığım, bir vaxt “əmi”
dediyim Həmzə müəllim haqqında mən indi xatirə
yazmıram, sadəcə olaraq onunla bağlı söz
açmaq istəyirəm...
Ramiz Rövşənin misralarıdır:
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında,
Gedənlərin
əzizdimi?..
Dünyadan gedən Həmzə
əmi də, heç şübhəsiz, qalanların, onu
tanıyanların yaddaşında əziz adamlardan biridir...
Yüz ildən də çox bundan qabaq hind alimlərindən biri olan Silf belə deyibmiş ki, torpaq bizim deyil, biz torpağınıq...
Ayağı yer, əli iş tutandan torpağı özünə güvənc, arxa-dayaq bilən bu ağır-urvatlı kişi də indi neçə illərdi ki, doğma və isti torpağa baş qoyub öz haqq dünyasında rahatca yaşayır...
Belə bir el hikməti var.
Darısqal daxmasında halal ruzisi ilə dolanan bir qoca
varmış. Bir gün şər qarışan vaxtda
qapısı döyülür ki, Allah qonağıyıq, ay
ev yiyəsi! Qoca da gedib qapını açır.
Görür eşikdə üç nəfər nabələd
adam durub. İndi bunlara nə desin, nə təhər içəri
dəvət etsin? Qoca öz çək-çevirində olur
ki, qonaqlardan biri qayıdır: – Bəs, ay əmi, biz
üç qardaşıq! Xəbər alsan mənim adım
Hörmətdi, ortancıl qardaşımız Dövlətdi,
kiçik qardaşımızın adı isə Şöhrətdi.
Vəziyyətini ki, belə gördük, heç olmasa birimizə
yer elə!
Qoca da qayıdıb deyir ki,
Hörmət buyursun içəri! Sözün ağzından
çıxmağı ilə qonaqların hər
üçü qabağa yeriyir. Qocanın çaşıb
qaldığını görən qonaqlar qayıdırlar ki,
ağsaqqal, Hörmətin mərtəbəsini uca tutmaqla elə
hər üçümüzə bir gözlə baxdın, nədən
ki, Hörmət olan yerdə Şöhrət də olar,
Dövlət də.
Həmzə əmi də belə
hörmətli, şöhrətli, dövlətli kişilərdən
idi və bütün bunlar da onun tale-qisməti, bəxtgirliyi
deyil, öz böyük, geniş qəlbinin, el-oba
üçün döyünən ürəyinin, gecəsini
gündüzə qatdığı günlərinin hesabı
olan halal payı idi.
Yurdu-yuvanı, el-obanı
tanıdan həmişə onun övladları olub. Coğrafi ərazi
kimi Diyabar çökəkliyinin, qədim Zuvand elinin şöhrətli
oğullarından biri idi Həmzə əmi də!
Müdriklərin sözləridir:
– “Neçə dostun varsa, bir o qədər də evin var...”
Həmzə əmi də hər
eldə-obada evi olan kişilərdən idi. Kəndimizdə də
bir evi var idi ki, o da bizim ocaq idi. Həmzə əmi atam Nəcəf
kişi ilə möhkəm dost idi. Ona görə də
ağılım kəsəndən mən onu
tanımışam...
Rayon mərkəzində məsul
vəzifədə çalışan bu ağayana kişi kəndimizə
yolu düşəndə kəhər atını bizim
qapıya sürərdi. Atam da onu doğma qardaşı kimi
qarşılayardı. Görüşüb-öpüşər,
sonra da qonaq otağımıza çəkilərdilər. Dərhal
samovara od salınar, biş-düşə hazırlıq gedərdi.
Şux yerişli, gur
saçlı, ayağında par-par parıldayan, yeridikcə də
cırıltı salan xrom çəkməli bu qonaq əminin
tamaşasına qonşu uşaqlar da yığışanda,
mənim də qəlbim sevincdən-fərəhdən yerindən
oynayardı. Bu mehriban, üzügülər qonaq da bizi bir-bir
yanına çağırardı, gətirdiyi sovqatları
paylayardı.
Həmzə əminin əlindən
alıb yediyim saçaqlı konfetlərin şirin dadı az
qala indi də damağımdadır. Həmzə əmi
ucalığı, yüksəkliyi sevən kişilərdən
idi. Bəlkə də elə buna görə imiş ki, məni
oynadanda da ən çox yüksəklərə, göyə
atıb-tutardı.
Atam yaşca Həmzə əmidən
cavan olsa da o, atama həmişə “Dadaş” deyə müraciət
edərdi ki, bu da onun öz dostuna hörmətinin,
ehtiramının, bir də ki, etibarının ifadəsi idi.
Atamın da ona hörməti
sonsuz idi. Qızım gəlin köçəndə onu yola
salmağa atamla birlikdə Həmzə əmini də dəvət
etmişdim. İkisi də bir gün əvvəl gəlmişdilər.
Bütün günü – ta
ki, gecədən keçənəcən bizdə oldular.
Yatmaq zamanı nə qədər təkid edib, üzə
salsaq da, Həmzə əmi üzrxahlıq etdi. Sübh tezdən
gələcəyini vəd edib qonşuluqda yaşayan,
çox sevdiyi qızının – Arifənin yanına getdi.
Yeri gəlmişkən, Həmzə əmi Lerikə gələndə
qızına və bizə baş çəkərdi. Ancaq
birinci hansımızı yoxladığını səhih deyə
bilmərəm...
Dediyim kimi səhər tezdən
də bizə qayıtdı. Atamla həyətdəki armud
ağacının kölgəsində qoyulmuş stolun
arxasına keçdilər. Elə hey danışıb dərdləşir,
söhbətləşib deyir-gülür, yorulmurdular, necə
deyərlər, sanki söz-söhbətləri bitib-tükənmirdi.
Qızım ata evindən,
qapıdan çıxan zaman gəlinə xeyir-dua vermək
üçün atam Həzmə əmini qabağa verdi,
böyük xətir və ehtiramla:
– Babası, uşağı
yola sal, – dedi.
Elə bilirəm ki,
dostluğun, münasibətdə səmimiyyətin bundan daha
saf bir məramı çətin olsun!..
Doğmaca babası öz əziz
nəvəsinə Tanrıdan səadət diləmək kimi
müqəddəs bir vəzifəni, işi öz dostuna etibar
edirdi. Bu, həm də etibar qarışıq etimad idi. O
kişilərin elə özləri
ağırlığında hörmətləri, etibarı
idi ki, əziz adamı bu mərtəbədə uca tuturdular.
Hələ uzaq
keçmişlərdən insanlar o şəxsləri fərqləndirir,
qiymət qoyub seçirdilər ki, sözləri ilə əməlləri
bir olub, dedikləri sözün, verdikləri vədin
ağası olublar.
Belə ağayana kişilər
mal-dövlət, sərvət toplamayıblar, hörmət,
ad-san qazanıblar. Evlərinin gen-genişliyi,
böyüklüyü, hündürlüyü isə
adlarının ucalığı ilə
ölçülüb...
Mənim
tanıdığım Həmzə əmi də belə
kişilərdən idi. Gəncliyini hərbin
qanlı-qadalı 1941-1945-ci illərində keçirən Həmzə
əmi cəbhədən qalib döyüşçü –
zabit kimi qayıtdıqdan sonra ömrünü qurub-yaratmaqda,
xalqa, dövlətə sədaqətlə xidmətdə
keçirtdi.
Ömrü boyu heç kimin
kölgəsinə sığınmayan bu kişi həmişə
özünə güvəndi, gördüyü işin
düzgünlüyünə inana-inana yaşadı,
ömür sürdü.
Təsərrüfat
başçısı olanda, rəhbər vəzifələrdə
işləyəndə onun üçün plan və
tapşırıqların yerinə yetirilməsi, tərif
eşitmək, təltif, mükafat almaq üçün
deyildi, ondan ötrü idi ki, adamların
günü-güzaranları yaxşılaşsın,
qazancları çoxalsın.
Filankəsin ayağı
ruzilidir, deyirlər.Həqiqətdir.Əslində ruzili olmaq,
çəkilən zəhmət işə münasibətdən
yaranır.Həmzə əmi işlədiyi bütün vəzifələrdə
uğur qazanırdı. Buna səbəb təmənnasız,
təmiz zəhməti, yorulmaz əməyi, adamları səfərbər
etmək, onları sağlam işə yönəldə bilmək
qabilliyyəti idi.
1978-ci ildə “Pirasora” təsərrüfatına
keçici bayraq təqdim olunurdu. Hazırlıq işini mənə
tapşırmışdılar .(Sentyabr ayı idi).
Həmzə əmi rayon mərkəzində
idi. Zuvanda onunla getdim. Həmin gün məni kənddə
özü ilə saxladı. İş yerinə getdik.
Kabinetində təsərrüfatın aidiyyəti rəhbər
işçisindən soruşdu: – Taxılı yerləşdirə
bildinizmi? Yox-dedilər. Qalxıb xırmana yollandı, mən
də onunla. Qasıməlian kəndindəki xırmanda
hazır taxıl məhsulu xırman boyu taylanmışdı.
Bütün anbarlar doludur, dedilər. Əhaliyə də əmək
haqqını vermişik.Yerləşdirə bilmirik.
Həmzə əmi: –Təkrar
cədvəl tutun, kolxozçulara paylayın, onlar yerləşdirməyə
yer taparlar,söylədi. Maraqlandım həmin il təsərrüfatda
700 ton çovdar istehsal edilmişdi.
Bu haşiyəni niyə
görə qeyd etdim? Sonrakı illərdə, rayonda müxtəlif
vəzifələrdə çalışdığım və
rəhbərlik etdiyim dövrdə nə qədər təşəbbüs
göstərsək, cəhd etsək də, Zuvandda
taxılçılıqda elə bir ciddi dönüş
yarada bilmədik. Bəlkə elə bu da həmin
gördüyüm mənzərəni yaddaşımda silinməz
etdi.
Ruzili adam, bərəkətli
kişi idi, Həmzə əmi idi.
Həmzə əmi ilə
son görüşümüz 2003-cü ilin soyuq fevral
ayında oldu.
Ömür gün dostu Roza xanım
dünyasını dəyişmişdi. Xanım-xanım,
gözəl-göyçək, ailə
qayğılarının yorulmaz cəfakeşi, barış təcəssümü,
Həmzə əminin sədaqətli həyat yoldaşı,
könül həmdəmi Roza xanım! Hamımızın sevib
xətrini istədiyimiz Roza xalamız!
... Kələxana
hündür nahar vaxtı çatdım. Həmzə əminin
gəlişimdən xəbəri yox idi. Həyətdə məni
əmioğlu Ələsgər qarşıladı. Kişinin
içəridə, öz otağında olduğunu dedi.
İçəri keçib gəlişimi xəbər vermək
istədi ki, qarşıma çıxsın. Razı
olmadım. Dedim elə beləcə, kişinin olduğu
otağa, birlikdə keçək.
Həmzə əminin
qış mövsümündə adətən həm istirahət
etdiyi, həm də, necə deyərlər, yatıb durduğu otağın
qapısını astadan taqqıldatdım.İçəridən
amiranə səs:
– Qapı açıqdı,
gəl! – dedi. Qapını ehmalca aralayıb içəri
keçdim. Qapı ilə üzbəüz qoyulmuş stolun
arxasında tək əyləşmişdi.Qarşısındakı
stolun üstü yeməklə dolu idi. Kişi nahar üstə
imiş. Məni görən kimi: – Ay Novruz – deyə səslənib
yerindən dik qalxdı. Stulu kənara itələyib mənə
doğru bir addım atdı. Gəlişim gözlənilməz
olduğundan bir az karıxmışdı da. Özümü
kişiyə çatdırıb enli çiyinlərini
qollarımın arasına aldım. Kövrəldi, mən dil-
ağız edib təskinlik verdikcə kişi daha da
duyğulanırdı. Hər ikimiz, o da, elə mən də
özümüzü birtəhər ələ alıb əyləşdik.
Mən odun peçinin kənarındakı yumşaq qoltuqda, o
elə əvvəlki yerində, nahar stolunun arxasında oturdu.
Həmzə əmi həmişəki kimi, əsilzadələrin
həyat tərzinə uyğun, gün yayılandan sonra səhər
yeməyini yeyirdi. Süfrəyə göz gəzdirdim. Stolun
üstündə onun zövqünə uyğun hər şey
qoyulmuşdu:-təndir çörəyi, süd, bal, pendir,
yağ, yumurta... Ancaq bu yeməklərin
düzülüşü əvvəlki səhmanda deyildi, həm
də ömür gün yoldaşı Roza xanım süfrədən
azca qıraqda dayanıb övlad qulluğunda duran ana kimi ömür-gün
yoldaşının necə yediyini seyr etmir, “daha nə gətirim”
deyib arxa qapıdan mətbəxə tələsmirdi. Hiss
edirdim ki, kişi tikəsini onu boğan qəhərlə
yavanlıq edir...
Qəmli duyğular məni də
boğurdu. Ustad şairimiz Məmməd Araz sanki Həmzə əmi
üçün yazmışdı:
...Dünyanın qəribə
işləri varmış,
Ömür
yoldaşını itirən kişi,
Uşaqdan da betər yetim
olarmış...
Sınmış, dərin
bir hüzn keçirmiş Həmzə əmi uzaq bir səfərdən
qayıtmış yorğun yollar yolçusunu xatırlatdı
mənə...
Həmzə əmiyə təskinlik,
toxtaqlıq vermək üçün özümdə cəsarət
tapa bilmədim. Dilimə gətirəcəklərimi ürəyimdə
pıçıldadım: “Sınma, Həmzə əmi!Sınıq
düşmək sənə yaraşmır. Möhkəm
dayan!Nə qədər ki, sənin kimi kişilər var,
kişiliyin, qeyrətin də çəkisi var və o çəki
əyilməz, yenilməz...”
Son illərdə uzaq regionda
işlədiyimdən Həmzə əmi ilə
görüşə bilmirdim.Telefonla əlaqə saxlayıb,
hal-əhval tuturduq. Bakıda yaşayan oğlu Alim həkimlə
danışıb kişinin səhhətini soruşdum. Ən
çox isə Ələsgərin vasitəsilə əlaqə
saxlayırdıq. Arada məndən soraq
çıxmadığını görəndə kişi
qardaşı oğlu Ələsgərə zəng
vurdurar,danışardıq.İlk sözü də
“çoxdandır əlaqə saxlamırıq, səndən
nigaran qalmışıq ”sözləri olardı, sonra da ailəmi
uşaqları sıra ilə bir-bir soruşardı.
İşlədiyim rayona gəzməyə gəlməsini istəyirdim.Hər
dəfə də dəvət etdikcə: – Bir az nasazam, qoy
düzəlim, mütləq gələcəm,deyərdi...
Kaş sevdiklərimizin, əzizdən əziz
olanlarımızın xidmətində ürəyimizcə
dayanaydıq, baxıb durmağın xiffətini heç vaxt
yaşamayaydıq. Sonradan geriyə boylanıb təəssüflənməyəydik...
Həmzə əminin
ömrünün son günlərini xəstə
yatdığı məqamları gəlib görə bilmədim.
Bəlkə də elə belə yaxşı imiş. Dəfnindən
sonra, hüzrünə getdim. Onun hər budağının,
duruşunun, düzəninin qayğısına
qaldığı, şövqlə becərdiyi, şəstlə
gəzib dolandığı bağçada keçib evinin
eyvanına tərəf boylandım. Bu böyük ev də,
eyvan da, bağça da qəribsəmişdi. Özümdən
asılı olmayaraq Həmzə əminin, Roza xanımın
yoxluğundan qəribsəmiş həyətin xiffətini
asta-asta bir şerimin bir bəndi ilə
pıçıldadım:
...Bu diyarın laləzarı,
ləl idi,
Gələnlərə
qucaq-qucaq gəl idi.
Nazın çəkən, qədrin
bilən ər idi,
Xəzan düşüb,
Gülüstanı hardadı...
Son söz əvəzi
2009-cu ilin yayında Həmzə
əmi əbədiyyətə qovuşdu.Kələxana getdim.
Hüznlə məzarını ziyarət etdim. Həmzə əmi
ilə bağlı neçə-neçə xatirə
yadıma düşdü. Və bir də Nazim Hikmətin bir kəlamını
xatırladım.” Yer kürəsi ancaq yaxşı
insanların sayəsində fırlanır”.
Elə bil böyük
şair bu sözləri həm də Həmzə əminin
ünvanına söyləmişdi.Min rəhmət!
Görkəmli alimlər, böyük ziyalılar hər cür ehtirama, hörmətə layiq şəxsiyyətlər yetişdirən, doğma Azərbaycanımızın əzəli və əbədi bir parçası-çiynini uca Savalana söykəmiş Zuvand haqqında təzə, hüsnünə, şöhrətinə layiq söz demək məsuliyyəti bizim yükümüz deyil...
Sözümün bu yerində elə bu torpağın övladı olan qələm əhli, tanınmış yazıçımız Əlisa Nicatın çox dəyərli bir müqayisəsini yada salmaq istəyirəm:
... Türklərdən, türklərin böyük uğurlarından söz açan müəllif yazır ki, türklərin makedoniyalı İsgəndərə bənzər dahilərinin təkcə adlarının siyahısı dünya fatehi İsgəndər haqqında yunan tarixçisi Arrianın yazdığı məşhur kitabından qalın olar...
Əlisa Nicatın elə bu fikirlərinin davamı olaraq deyirəm ki, əgər günlərin bir günü elə bu görkəmli yazıçımızın özü və ya ruhunun şirəsini bu diyarın dağlardan alan, bu ulu torpağın başqa bir övladı vaxt ayırıb bu dünyanın tarixi, fədakar insanları, keşməkeşli keçmişi haqqında kitab yazsa...
Cəsarətlə
sözümü tamamlamaq istərdim: Heç şübhəsiz
o kitabların bir qəhrəmanı da elə Həmzə əmi
olardı...
18 fevral 2011-ci il
Novruz NƏCƏFOĞLU
525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.