Altmışın qırxı
çıxmamış...
Fevralın sonlarında Azərbaycanın görkəmli jurnalistlərindən birinin 60 yaşı tamam oldu. İmzası qırx ildən bəri yetərincə tanınan Şakir Yaqubov yuvarlaq ildönümünə qovuşdu.
Hələ fəxri adın urvatdan düşmədiyi sovet dövründə qırx yaşını bitirməmiş əməkdar mədəniyyət işçisi qiymətini alan, 2005-ci ildə təkrarən eyni mükafata layiq bilinən (?!) Şakir müəllim təmtəraqdan uzaq şəkildə, guşənişin halətdə qarşıladı bu yubileyi. Ona görə yox ki, maddi imkanı və sağlamlığı yol vermədi məclis qurmağa. Düzdü, axtarsan bu da var, amma əsas səbəb deyil. Ömrü boyu keşiyində durduğu, cəfasını çəkdiyi, üstündə əsdiyi sözü, əlahəzrət faktı günbəgün dəyərdən salanların, mənəvi dünyamızı çirkaba bulaşdıranların işdəklərinə göz yuma bilməməsi ucbatından ovqatının təlx olmasıdı səbəbin böyüyü. Məncə, bizim nəslin sevimlisi, əzizi Şakir Yaqubov müstəqilliyi, demokratiyanı belə arzulamırdı, heç bu sayaq təsəvvürünə də gətirmirdi.
İyirmi il əvvəli gözümün qabağına gətirirəm. O zaman Şakir müəllim mənim indiki yaşımdan azca balacaydı. Amma görkəmi baxanı aldadırdı. Deyərdin, bəs azı əlli-əlli beş yaşı var. Hər saat üzü gülməzdi. Yalan söyləyəmmərəm, mən elə gələrdi ki, “Səhər” qəzetinin hörmətli çağlarında baş redaktorun birinci müavini kimi kollektivin əziyyətini çox çəkən bu kişi zəhmətinin müqabilində ən yüksək mükafatlara layiq olsa belə, tündməcaz xasiyyəti bütün müsbət cəhətlərini kölgədə qoyur.
Qınamayın, gənclik idi də, hələ çox bərkdən-boşdan çıxmamışdım. Üstəlik tələbəydim, bir ayağım dərsdə, o biri ayağım redaksiyadaydı. Ta gündəlik qəzetin iş qrafikinə uyğunlaşmaq üçün ora-bura qaçmağa hardan neçə ayaq tapmağın müşkülüylə üz-üzə qalmağımdan danışmıram. Sözümün canı odu ki, tələbkar redaktorumuzu yaxından tanımağa vaxt, fürsət lazımıydı. Və bir də həyatın eniş-yoxuşundan yoldaşyana keçmək.
Allaha şükürlər olsun, bizə yaşamaq möhləti, macal verdi. Hər saat eyni açılmayan, qartal nəzərlərindən, qılıncdan iti qələmi bircə yersiz sözə aman-iman verməyən sərrafın kimliyinə yaxından bələd oldum. Həmişə haqqın yanında duran, istedadlı, abırlı adamların təəssübünü çəkən, onların müdafiəsinə qalxan Şakir müəllim həmin vaxtdan bu yana şəxsən mənim üçün əvəzsiz ziyalıya, ustada çevrildi.
Şübhəsiz, zövqümüzün, bir sıra cəhətlərimizin oxşarlığı sayəsində bizim münasibətlərimizdə istilik, məhrəmlik yarandı. Amma xasiyyət, zövq uyğunluğu olmasaydı belə, bu kişiylə dil tapmağın qəlizliyi ağlıma gəlmir. Kifayətdi ki, sözün cilovunu əlində saxlayasan, hansı məqamda nə dediyinin fərqinə varasan, redaktə işinə başdansovdu yanaşmayasan, müsahibini diqqətlə, sayğıyla dinləyəsən, oxucuna ehtiram göstərəsən, nazına dözəsən və Şakir müəllim kimi rəhbərin bayrağının altında çalışanda səbrini basa, onun tökdüklərini ərinmədən çinədanına yığa biləsən. Vəssalam, qalanı öz-özünə düzələcək. Amma yox, vacibi bunlarıydı, ondan o yana nə qaldı ki?!.
İndi mənim əhvalım Şakir Yaqubovun iyirmi il əvvəlki əhvalı kimi gündə neçə yol dəyişir: yaxşı, başı-ayağı yerində olan yazı oxuyanda eynim açılır, ehtiyatsız deyilən söz, dəqiqləşdirilməmiş fakt, naşı fikir görəndə qaşım çatılır, ovqatım qarışır. Hətta bəzən məsuliyyətsizcəsinə, mənəm-mənəmliklə söylənənlər əsəbimi əməlli-başlı tarıma çəkir. Belə məqamlarda son illər çılğın reaksiyasının, hədsiz emosionallığının güdazına gedən, iki dəfə cərrah bıçağının altına uzanan, bir yol infarktın “pişvazına” çıxan Şakir müəllimin nəsihətini yadıma salıram. Di gəl, müdrikliyinə şübhə etmədiyim keçmiş redaktorumun özü təki sakit, kirimiş qalammıram.
Sonda artıq yazı-pozu fəaliyyətinin üçüncü onilliyini yaşayan, indiyədək bərkdən “qələm adamıyam” deməyə ar eləyən biri kimi gənc həmkarlarıma özlərinə, peşələrinə, oxucularına həssas yanaşmağı arzulamaq keçdi könlümdən. Yoxsa mətbuatda ehtiyatsız, məsuliyyətsiz, ən yaxşı halda çaşbaşlıq yaradan fikirlərlə hələ çox rastlaşacağıq. Allah gənc əliqələmlilərin üzünə baxıb ki, başlarının üstünü Şakir müəllim kimi redaktor kəsdirməyib. Amma onların eyni zamanda bəxti də gətirməyib – Şakir müəllim kimi redaktor görməyiblər.
Və bir də əksəriyyətinizin nə yazdığını bilmədiyimiz hörmətli mətbuat rəsmiləri, neçə-neçə jurnalist qurumlarının rəhbərləri, Şakir Yaqubovu quruca sözlə təbrik eləmək belə çətiniydimi? Yoxsa qırx ilin jurnalistinin kimliyindən xəbər tutmaq üçün yubileyinin qırxını çıxmağını gözləyirsiz?..
Öz aramızdı, deyəsən, qırx sözünü yaman çox işlətdik axı. Amma eyib etməz, bir sirr, rəmz var bu rəqəmdə.
Seymur ELSEVƏR
525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.