“Qeyb”in təqdimatı oldu
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan
klubunda (AYB) tanınmış yazıçı Mahirə
Abdullanın “Qarabağsız namələr” silsiləsindən
“Qeyb”, “Ağıllı qadının intiharı” və “Erməni
kölgəsi” kitablarının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan
xalq şairi Fikrət Qoca M.Abdullanı uzun zamandan bəri
tanıdığını, yaradıcılığı ilə
yaxından tanış olduğunu qeyd edib: “Mahirə Abdulla
özünə hörmət eləyən, daim ö üzərində
işləyən şairdir. İstedadlı insan həm də
zəhmət çəkməlidir ki, sabaha yol açsın.
Tərcümeyi-halı, istedadı, çəkdiyi zəhmət
onun simasında öz əksini tapıb”. Tədbirin
aparıcısı şair Qəşəm Nəcəfzadə
M.Abdullanın insani keyfiyyətlərindən və
yaradıcılığının məziyyətlərindən
söz açıb, onun əsərlərinin idrak və təfəkkürə
söykəndiyini vurğulayıb. O, M.Abdullanın həm də
istedadlı rəsam olduğunu bildirib: “Mahirə Abdullanın
fəlsəfi düşüncənin hakim kəsildiyi əsərləri
bu xanımın daxili aləmini əks etdirir. Hər işdə
fərqlənməyi bacaran Mahirə Abdulla rəssamlıqda da
bu ənənəsinə sadiq qalıb”.
Zəngəzur Cəmiyyətin
Ağsaqqallar Şurasının sədri Ziyadxan Nəbibəyli
M.Abdullanı vətənpərvər, qəlbi Vətən
sevgisi ilə döyünən qələm sahibi kimi qiymətləndirib:
“Azərbaycanın dilbər guşəsi olan Qarabağ
haqqında Mahirə Abdullanın qələmə
aldığı əsərlər o qədər doğma və
içdəndir ki, o gözəl torpaqlarda heç vaxt olmayan
oxucu belə, Qarabağ haqqında dolğun məlumata sahiblənir.
Qarabağda yaşam tərzi, adətləri və
ümumilikdə hər bir detal zənginliyi ilə insan
gözlərində canlanır”.
AYB-nin katibi Arif Əmrahoğlu
M.Abdullanı əvvəl istedadlı şair, daha sonra
çox səmimi, mehriban insan kimi tanıdığını
bildirib: “Mahirə Abdulla bizim adət etdiyimiz ənənəvi
harmoniya hüdudlarından kənara çıxan rəssam və
yazardır. O, yazdığı mövzunun
aktuallığının kölgəsində gizlənmir,
daha çox şeirin alt qatında, insanı
düşündürən mətləbləri qələm
alır”.
“Şairə,
sənətkar, rəssam, publisist... Bütün bu
sadaladığım peşələr bir xanımda cəmlənib.
Tanrı Mahirə Abdullaya gözəl şeir yazmaq istedadı
bəxş edib. O yazdığı şeirlərin şəklini
də çəkməyi bacarır. Bu şəkillər
insanın Tanrıya duasıdır. Dilimizin şirinliyindən,
təşbehlərdən bol-bol istifadə edən Mahirə
Abdullanın qələmindən çıxan poetik nümunələr
oxucusuna zövq verir”. Bu fikirləri tədbirdə şair Fikrət
Sadıq səsləndirib.
Qeyd edək ki, “Qeyb” romanı M.Abdullanın “Ürəkkeçmə”, “Erməni kölgəsi”, “Əvvəl. Axır”, “Ağıllı qadının intiharı” nəsr əsərlərindən və “Qarabağsız” şeirlər kitabından sonra Qarabağ faciəsinin dərin şüuraltı qatlarına həsr edilən yeni fəlsəfi-psixoloji romandır.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.