Əhməd Şəfəq: “Qarabağla bağlı çəkəcəyim filmdə özüm də oynayacam”

 

– Bakıya gələrkən hansı hissləri keçirirsiniz?

– Mən Azərbaycana öz yerinə, qohum-əqrəbalarının yanına gəlirmiş kimi gəlirəm. Bakı, Quba, Zaqatala, Balakən, Qax, Sabirabad, o cümlədən çox sevdiyim Şamaxıda özümü yad hiss etmirəm. Konsert verməyə də Azərbaycanın bir oğlu kimi gəlirəm və səhnədə də çox rahatam. Məndən bəzən soruşurlar ki, Əhməd, həyəcanlandınmı? Həyəcanlanmıram, ürəkdən, ruhən özümü çox rahat hiss edirəm.

– Necə olub ki, Əhməd Şəfəq Türk Dünyasına, onun bir parçası olan Azərbaycana bu qədər bağlı yetişib? Ailədən, yoxsa yaşadığınız ömür yolundan qaynaqlanıb?

– Bütün amillərin rolu var. Bəli, ailədə də bu tərbiyəni aldım. Amma ömür yolu da çox önəmli amildir. Ömür yolu ifadəsi Türkiyədə yoxdur, Azərbaycanda bu ifadəni işlədirlər. Buna “həyat təcrübəsi” deyirlər. Ömür yolu daha dəqiq ifadədir. Həqiqətən insan hansısa bir yol üzərində gedir və bu yolda yaşadığı təcrübələri dərk etməsi ilə həyatına bir məzmun verir.

– Bu sualı ona görə veririk ki, bu gün Türkiyədə Türk Dünyasına bağlı olmayan, yalnız “Avropaya, Qərbə baxan” kifayət qədər çox sayda sənətçinin, o cümlədən jurnalistin olduğunu da görürük.

– Doğrudur. Ziya Göyalpın 1918-ci ildə qələmə aldığı “Türkləşmək, islamlaşmaq və müasirləşmək” adlı bir kitab var. Ziya Göyalp bu ideyanı Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadədən alıb. Ziya Göyalp kitabda şəhərlilər adlandırdığı Osmanlının son ziyalılarından bəhs edir. Ziya Göyalp yazır ki, həmin ziyalılar millətin dərdləri ilə maraqlanmır, öz mənfəətləri uğrunda mübarizə aparırlar. Bunlar qalan şeylərə də xırda məsələlər kimi baxır və öz mənfəətlərinin təmin olunması üçün də böyük səy göstərirlər. Qəbul etmək lazımdır ki, Türkiyədə xüsusən ziyalılar arasında bu anlayış hələ də davam etməkdədir. Yəni mədəniyyət, sənət, siyasət dünyasında bu anlayış sanki bir ictimai rəy anlayışı kimi qalmaqdadır. Bu zehniyyətə qarşı mübarizə aparan, milli ideya anlayışı ilə bu zehniyyətin zidd olduğunu, millətlə belə ziyalılar arasında fərq olduğunu söyləyənlər də var. Amma mən dünya, Türk Dünyasında gedən proseslərlə bağlı ailəmdə bir tərbiyə aldım, ömür yolumda təcrübə əldə etdim. Etiraf edim ki, Ziya Göyalpdan çox təsirləndim. Ziya Göyalp 1924-cü ildə vəfat edib. Onun son illərdə yazdığı kitabları, məqalələri oxudum. Ziya Göyalp Əli bəy Hüseynzadənin “Turan” şerindən təsirlənərək 1922-ci ildə bir şeir yazıb:

 

Vətən nə Türkiyədir türklərə,

nə Türküstan,

Vətən böyük və müəbbəd

bir ölkədir – Turan!

 

Bir məqamı vurğulamaq istəyirəm. Türk Dünyası artıq bir gerçəklikdir, xəyal deyil. Amma biz bu gerçəyi xəyal kimi də həyata keçirə bilmərik. Bu gerçəyin bir an reallaşması üçün hər şeyi tapdalayıb, önümüzə çıxan bütün problemləri, həqiqətləri bir kənara qoyaraq, arzumuzu yerinə yetirə bilmərik. Dünyada gedən proseslər çərçivəsində, bu proseslərə uyğun bir halda, ən azı dünyada gedən ədalətsiz düzəndən Türk Dünyasını qorumaq üçün bir əməkdaşlıq mühiti yaratmaq mümkün ola bilər.

– Uşaqlıq illəriniz necə keçib, ailəniz necə bir ailə olub?

– Mən İstanbulda anadan olmuşam. Atam və anam Rizədən İstanbula gəliblər. Ata babam isə 100 ilə əvvəl Qərbi Azərbaycandan Türkiyəyə gəlib.

– Yəni Azərbaycan əsillisiniz?

– Bəli, babalarım Amasiyadan gəliblər. Atam çörəkçi, anam da evdar qadın idi. Uşaq vaxtı da dəcəl deyildim, ciddi idim. Həm də uşaqlıq, gənclik illərimiz Türkiyədə ideoloji qovğalar dönəminə təsadüf etdi. Söhbət marksizm, ülküçülər və digər cərəyanlardan gedir. Mən türk millətçilərinin cərgəsində idim. Hazırkı dünyagörüşümün ilk kökləri o dönəmlə bağlıdır. Yəni dünyaya baxarkən türk millətçiliyinin mənə verdiyi tərbiyəni heç bir zaman yaddan çıxarmadım. Məktəb illərimiz qaynar keçib. Ailədə 7 övlad idik. Ən kiçiyi mən idim. Türkiyədə sonuncu övlada “Qazan dibi” deyirlər. Yəni sonbeşik idim. 4 bacı, 3 qardaş idik. Qardaşlarımdan birini yol qəzasında itirdik. Digərləri həyatdadırlar.

– Türkiyədə hansı hadisə həyatınızda daha dərin iz buraxıb?

– Türkiyədə 1980-ci il çevrilişi bir miladdır. 1980-ci ildən əvvəl məktəbi tam bitirməmişdik. Mən universiteti 1980-ci ildən sonra bitirdim. Mən iqtisadçı təhsili almışam. Amma 1989-cu ildən etibarən jurnalist kimi fəaliyyətə başladım. 1989-cu ildən 1998-ci ilə qədər aktiv jurnalist kimi fəaliyyət göstərdim. Bir qəzetin baş redaktoru da oldum. Bütün qəzetlərdə köşə yazırdım. 1991-ci ildə “Türk əsrinə girərkən” adlı ilk kitabımı çıxardım. Bu, siyasi və fəlsəfi bir analizi əks etdirirdi. 1993-cü ildə “Qavramlara toxunmaq” adlı ikinci kitabım işıq üzü gördü. Bu, yenə siyasi-fəlsəfi mahiyyətli idi. Kitabda 83 qavramı bir az da millətçi baxışdan araşdırırdım. Üçüncü kitabım, “Yüksələn millətçilik və liberal xəyanət” 1995-ci ildə çap olundu. 1998-ci ildə artıq olduğum qəzetdən bir mübahisə üzündən ayrıldım. Əslində ayrılmadım, qovulduq.

Bir məqamı da ilk dəfə söyləyim. Birgə oxuduğum gənclər arasında gözəl səsləri olanlar vardı və onlar öz aralarında mahnılar oxuyurdular. Mən isə onlardan fərqli olaraq oxumaqla bərabər, mahnılar da bəstələyirdim. Lakin mahnı oxumaq, müğənnilik barədə düşünmürdüm. Məsələn, 2000-ci ildən sonra mənə böyük şöhrət qazandıran “Yalnız qurd” mahnısını 1995-ci ildə bəstələdim, lakin oxumadım. Hətta bir müğənni dostum vardı, oxuması üçün ona göndərdim. Ona 4-5 mahnı göndərmişdim. Amma göndərərkən bir səhvə yol verdim. Öz səsimlə oxuyaraq göndərdim. Dostum da dedi ki, bu səsin sahibi niyə mahnıları özü oxumasın?! Lakin mən qəzetçi, yaxşı bir köşə yazarı idim. Mən həm iqtisadiyyatdan, həm də siyasətdən yazırdım. Hətta qəzetlərdə iqtisadiyyat şöbələrində redaktor işləmişəm. Ancaq 1998-ci ildən sonra şərait dəyişdi və qəzetçilikdən də bir az uzaqlaşmaq gərəkdiyini anladım. 1998-ci ildə ilk albomumu çıxardım, uğurlu olmadı. Bir müddət sonra başqa bir firmada ikinci albomumu çıxardım. Bu, “Yalnız qurd” albomu idi. Albom bir anda məşhurlaşdı. Öncə fikrim belə idi ki, albom çıxaracam, səhnəyə isə çıxmayacam. Bir səhnə müğənnisi olmayacağımla, sadəcə, disk çıxaracağım, klip çəkəcəyimlə bağlı qərar vermişdim. Amma “Yalnız qurd” albomundan sonra o qədər böyük tələb gəldi ki, səhnəyə çıxmaqdan özümü saxlaya bilmədim. Həm də səhnə elə bir şeydir ki, bir dəfə çıxıb, o duzu qəbul edəndən sonra bunu özüm istəməyə başlayırsan. O gündən indiyə qədər 9 albomu çıxardım. Musiqi aləminə girdikdən sonra yazmaqdan da vaz keçmədim. Bu dəfə ciddi siyasi əsərlər yazmaq yerinə, tarixi romanlar yazmağa başladım. İki roman yazdım. İlk romanım “Qan Məclisi-1915” adlanır. Bu tarixi roman 1915-ci ildə İstanbuldan bəhs edir. Romanda İstanbul, ermənilərin köç məsələsi əksini tapır. Bu, yazmaqdan çox məmnun olduğum, faktlar əsasında yazılmış bir kitabdır. Roman olsa da, sənədli bir kitab kimidir. İkinci, “Qurd” adlı romanım daha populyardır və Türkiyədə çox dərc olunub. Bu roman da erməni məsələsi ilə bağlıdır. Birinci roman 1915-ci ildən bəhs edirsə, ikinci roman 2015-ci ildə Türkiyədə nə baş verəcəyi üzərində qurulub. Romana görə, 2015-ci ildə ABŞ Senatı qondarma “erməni soyqırımı”nı qəbul edir. Roman Türkiyən nə edəcəyindən bəhs edir. Növbəti kitabım artıq roman deyil. “Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm” kitabımda Türkiyədəki şöhrət sistemini anladıram. Eyni zamanda Türkiyənin mədəniyyət tarixini anladan bir kitabdır. Yəni Türkiyədə ziyalıların heç vaxt dərk etmədikləri öz mili dünyamızı, mədəniyyət dünyamızı anlatdım. Hətta o kitabda “Azərbaycanın verdiyi dərslər” adlı 4 səhifəlik bir məqaləm var.

– Yəqin azərbaycanlı dostlarınız var. Azərbaycanlıların dostluğu necə olur?

– Mən dostluq kəlməsinə inanmıram. Dost bu gün var, sabah yoxdur. Mənim Azərbaycanda ictimai xadim, ziyalı, aktyorlar, jurnalist olaraq tanıdıqlarım var. Bu şəxslərin çox insanlığını gördüm. İndiyə qədər heç xəyal qırıqlığı ilə üzləşmədim. Bunu Türkiyədə də hər kəsə söyləyirəm. Azərbaycanla bağlı qara piar aparanlar da var. Amma həmişə onlara deyirəm ki, Azərbaycan öncə çar Rusiyasının, 70 il də sovet Rusiyasının əsarəti altında qalıb. Belə bir əsarətdən qurtulduqdan sonra hələ Türkiyənin belə unutduğu bir çox ənənələri, dəyərləri özündə saxlayır. Məsələn, Novruz bayramı Azərbaycanın milli bir bayramıdır. Bu, bütün Türk Dünyası üçün olan bir bayramdır. Lakin Azərbaycan bu bayramı xalqların adət-ənənələrinə, mədəniyyətinə, mənəviyyatına, dinə qarşı mübarizə aparan o sovet rejimində də yaşadıb və qoruyub. Azərbaycandan bizim öyrənəcəyimiz çox şey var. Əli bəy Hüseynzadə 1906-cı ildə “Füyuzat” jurnalını çıxarıb. Orada yazılan məqaləsini oxudum. 1906-cı ildə də Azərbaycan çar Rusiyasının işğalı altında olub, kiçik bir ölkə idi. Amma bu işğal altında belə Türkiyə ilə münasibət qurub və Türkiyədəki ziyalılarla ciddi münasibət olub. 1906-cı ildə balaca bir Azərbaycan qocaman Osmanlı imperiyasının ziyalısı olan Zia Göyalpa ideya verib. Deməli, söhbət böyük və kiçik ölkədən getmir. Söhbət mədəniyyətin köklərini, əsaslarını kimin daşıyıb-daşımadığından, kimin yaşayıb-yaşamadığından keçir. Ona görə də azərbaycanlılarla dostluqdan son dərəcə məmnunam.

– Bəs sənətçi kimi güzəranınızı təmin edə bilirsinizmi?

– Türkiyədə ən çox konsert verən sənətçilərdən biri mənəm. Konsertlərdən qazandıqlarımla dolanıram. İndi İstanbulda bir kitabxana açmaq fikrim var. Şükür, dolanmam yaxşıdır. Orta imkanlı insan necə yaşayırsa, mən də elə yaşayıram. Yəni namərdə möhtac deyiləm.

– Arzularınızı da bilmək maraqlı olardı.

– Mənim şəxsi həyatımla ictimai həyatım arasında çox fərq yoxdur. 20 ildir ki, çox ictimailəşmiş bir həyatım var. Bundan sonra görmək istədiyim işlərlə bağlı fikrimdən çox şeylər keçir. Ən əsası bir bədii film layihəm var. Bu film layihəsinə əslində 5 il əvvəl Azərbaycanda başlamışdıq. Məqsədim Qarabağ məsələsini öncə Türkiyədə ictimai rəyə çatdırmaqdır. Tam olaraq anlada bilmədim. Yaxşı alınmadığı üçün o filmdən vaz keçdik. Ona görə də yenidən Qarabağ məsələsi ilə bağlı film çəkmək istəyirəm. İndi 1 il ərzində bu film üçün çalışmalara başlayacam. Bundan əlavə, əlbəttə, musiqi işlərinə davam edəcəm. Amma bəlkə də musiqi çalışmalarımı bir az da azaldacam. Çünki konsertlərim çox tez-tez olur, bunların sayını azaltmaq istəyirəm. Albomlar hazırlamaq üzərində də işlərimi davam etdirəcəm. Mən mahnılarımla həyatda qalmaq istəyirəm. Mahnılarım bir az məktub kimidir. Köşə yazırmışam kimi mahnılar yazıram. O mahnılar yaşadığımız zamanın əhvalını özündə əks etdirir.

Bir də mən millətin ruhlandırılmasını istəyirəm. Dünyada gedən proseslər özəl millət olan türkləri də sıradan bir millətə çevirmək təhlükəsini ortaya çıxarıb. Türk millətinin adiləşmə haqqı yoxdur. Türk milləti qürurlu bir millətdir. Üçüncü minillikdə də daha modern, daha çağdaş bir şəkildə, dünyadakı digər millətlərlə də yaxşı münasibət quraraq o qürurlu obrazını təkrar yaratmalıdır. Mən bunun həyata keçməsi yönündə bir ruhlandırma fəaliyyəti həyata keçirirəm və mahnılarımla buna çalışıram. Nə dərəcədə nail olub-olmadığımı bilmirəm, amma həyata keçirmək istədiyim budur.

Etiraf edirəm ki, Allah-təala bir çox insan kimi məni də fərqli qabiliyyətdə yaratdı. Mən tək burada mahnı yazıb, oxuyan bir insan deyiləm. Eyni zamanda kitablar, ssenarilər yazıram. Keçmiş illərdə bədii filmlərdə aktyor kimi oynadım. Arzum Qarabağla bağlı bədii film ideyasını həyata keçirməkdir. Allah nəsib edərsə, bunu gerçəkləşdirəcəm. 1 il ərzində bu filmi görəcəklər.

– O filmdə özünüzün azərbaycanlı obrazını canlandırmağınız barədə necə, düşünürsünüz?

– Bəli. İnşallah, Qarabağla bağlı çəkəcəyim o filmdə özüm də oynayacam. Türkiyədən də bu filmdə oynamaları üçün aktyorlar gətirəcəyik. Çəkiliş heyəti də Türkiyədən olacaq. Bu film Türkiyədə bütün kinoteatrlarda göstəriləcək.

Lent.az

 

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.