Sevgi adası
Ay Allah,
bıqdım-usandım bu nifrət vulkanı, qəzəb
fırtınası, kin-küdurət selindən... Bezdim
havası kurşun kimi ağır, bu tozlu şəhərin
palçıqlı göz yaşlarından... Gedim,
qaçım, uzaqlaşım... İndi telefonumun,
fotoaparatımın yaddaşındakı şəkillərə
baxıb da yazıram. Martın son günlərini
xatırlayıb da yazıram.
– Hara gedəcəyik?
– Darıxma, bir yer tapılacaq.
– Evdə qala bilmirəm,
divarlar üstümə gəlir.
– Darıxma,
dedim.
– Darıxmıram,
sıxılıram...
... Türkiyə Cümhuriyyətinin
səfirliyi Novruz kutlamaları yapır. Səfirliyin ziyafət
zalında çoxu tanış simalardı. Necə deyərlər,
“bomond”. Hərə ilə bir-iki kəlmə
danışa-danışa vaxt keçirirəm. Amma
ağlımdakı yenə bayram tətilidi. Gedim,
qaçım, uzaqlaşım... Və birdən:
– Sabah uçuruq Kiprə, biletləri
almışam – deyir pıçıltı ilə. Gözlərinə
baxıram, deyəsən düzdü.
– Kiprə?!
Yır-yığış eləmək lazımdı axı.
– Nə yır-yığış,
heç nə götürməyə qoymayacam. Balaca bir
çanta, vəssalam.
– Hmm... (sən elə fikirləş,
mən balaca çanta ilə səfərə getmərəm.
Amma nə qəribə sürpriz oldu... Ah, bəyəfəndi,
sizin belə məharətiniz də varmış, niyə
göstərmədiniz bu 30 ildə?!) Yaxşı, gedərik,
– deyirəm, daha doğrusu, mızıldanıram, amma indi, bax
indi bayaqdan laqeydliklə seyr etdiyim ziyafətin bayram havası
hopur içimə. Cənnət adası deyirlər Kiprə,
amma yox, Sevgi adasıdı. Afrodita Kiprdə doğulub. Gözəllik
və sevgi ilahəsi. Amma burda kədərli hadisələr də
olub axı. Otello, Yaqo, Dezdemona... Kədərli heç nəyi
xatırlamaq istəmirəm. Gəlirəm, İlahəm, gəlirəm!
rapdan keçib
ayağımızı təyyarəyə qoyan kimi bayram tətilini
dəyərləndirmək üçün Kiprə gedən
vətəndaşlarımızın narazılığı
başlanır. Məlum olur ki, 10-15 nəfərin minik
talonuna eyni kreslo nömrəsi yazılıb. Bir xeyli
dava-döyüşdən sonra (bu dava-döyüşə
görə uçuş da bir xeyli səngiyir) hərə bir
yer tapıb oturur. Reys çarterdi və Kiprin birbaşa hava
sahəsi qapalı olduğundan Antalyada eniş etməyə məcburdu.
Uçuşda ən zəhləm gedən enmək və
qalxmaq olduğundan bu məni bir az rəncidə edir, ancaq neyləyəsən,
könlü balıq istəyənin... Amma yanımdakı bəyəfəndiyə
baxanda mən çox şükürlüyəm. Aqil
Abbasın uçuş fobiyası var və bu fobiyanı
yatışdırmağın da öz çarələri
var. Bu dəfə çarədən istifadə etməyib,
çünki söz verib ki, bir həftə alkoqolsuz-siqaretsiz
həftə olacaq. Yanaşı kresloda oturan doktor Seyfəddin Əsəd
(jurnalist Azər Ayxanın qayınatası, onlar da ailəlikcə
bizimlə bir təyyarədə gedirlər) deyəsən onun
həyəcanını hiss edir və söhbətə tutur.
Ümumiyyətlə isə, təyyarədə də nə qədər
tanış simalar var. Desəm ki, bundan xoşnud oldum, yalan
olacaq. Səfərlərdə bizimkilərdən uzaq olmaq istəyirəm.
Hələ ki, müyəssər olmayıb. Hansı istirahət
məkanına getsən dincələnlərin 90 faizi bizimkilərdi.
(Bəs deyirlər ki, millətin günü qaradı?) Üstəlik
hələ xəbərsizəm ki, getdiyimiz yerdə başqa
“bizimkiləri” də görəcəm. ... Stüardessa elan
edir, “sərnişinlərin içində doktor varsa arxa
sıraya yaxınlaşsın”. Doktor Seyfəddin Hippokrat
andını yerinə yetirmək üçün yerindən
qalxır. Hər yarağı da üstündə. Az sonra
qayıdır. Sərnişinlərdən birinin halı
qarışıb, –deyir.
– Antalya hava
limanına xəbər veriblər. Ola bilər ki, ordan xəstəxanaya
aparsınlar! (Kim bəxtəvərlik verib görəsən
dallarınca? Hələ orda məni nə gözləyir – xəbərim
yoxdu) Təyyarə Antalyada enir. Ambulans həqiqətən
gözləyir və həkimlər həmən qalxırlar
yuxarı. Deyəsən gedəsi olmadı bu vətəndaşımız,
təbii ki, ailə üzvləri də...
Təyyarə yenidən havalanır
Kiprə doğru. Sağ-salamat gedib çatsam Cavanşiri
arayıb bulacam orda. Cavanşir Quliyev orda dərs deyir axı.
Neçə vaxtdı görmürəm. Tapacam, acı dili
üçün darıxmışam...
O Əqrəb, mən Əqrəb,
sancarıq bir-birimizi.
– Lütfən, kəmərlərinizi
bağlayınız. “Ercan” hava limanına eniyoruz, Lefkoşada
hava durumu... Gecikmələriylə-filanıyla təxminən
5 saat çəkdi uçuşumuz. Hə, bir də xəbərdarlıq
edirlər – pasportlara möhür vurdurmaq lazım deyil, sizə
ölkəyə daxil olduğunuz haqda bir arayış verəcəklər.
Məlum – tanınmamış ölkəyə gedəndən
sonra Avropaya təşrif buyuranda başlayırlar
burunlamağa. Nə saxtakardılar e, bu avropalılar! Orda
bilirsiz nə qədər ingilis gördüm? Ercan hava limanı kiçicik, amma
çox səliqəli, təmiz bir yerdi. Gömrük, viza
işləmləri tamamlanandan sonra nəhayət,
açıq havaya çıxırıq və hər kəs
neçə saatlıq ayrılıqdan sonra siqaretə
sarılır. Bizi otellərimizə aparacaq avtobuslar
burdadı, ordan adlarımızı, gedəcəyimiz otelləri
soruşub yerləşdirirlər. Bu arada hündür,
sarışın, görkəminə görə turistləri
qarşılayan bələdçilərdən
çox-çox fərqlənən birisi
toplaşdığımız yerə yaxınlaşır:
– Akil Abbas bey kim? Aha, burda da
tanıdılar beyefendini. Xahişlər, filanlar olmayacaq ki,
görəsən? Təvazökar xasiyyətləriylə də
çox məşhur olan Aqil Abbas deyəsən
tanınmağından heç məmnun deyil, heç...
– Merhaba, sayın Millət Vəkili,
ben sizin kalacağınız otelin sahibiyim, sizi arabamla
götürəcəyim. Valizləriniz kalsın otobüsdə.
Arabaya əyləşirik, qaranlıq çökmüş
Lefkoşadan ayrılıb Girnəyə üz tuturuq. Sükan
sağdadı və yolboyu özümü çox narahat hiss
edirəm. Mənə elə gəlir ki, bax elə bu dəqiqə
qarşıdan gələn maşınlar bizə
çarpacaq. Kipr neçə illər ingilis yönətimində
yaşayıb, yol hərəkəti qaydaları da burdan
qaynaqlanır.
– İlk defamı
Kıbrısa gəlişiniz?
– Əvət.
– Şimdi karanlıq, ama ben
anlatalım bir azacıq istərsəniz. Girnə Lefkoşadan
yaklaşıq 30 km uzaklıkda. Gözdə tətil məkanlarından
birisi. Yolumuzun sağında Beşbarmaq dağları, solunda
Akdəniz. Nüfusu 60 bin kadar olar. Güzel kalesi var tarihi.
Umarım, bəyənirsiniz.
– Siz
Kıbrıslımısınız?
– Yoo, ben Türkiyədən
gəldim.
– Məmləkət nərəsi?
– İstanbulda
doğdum-büyüdüm, amma dədələrim
Diyarbakırlı.
– Kürdsünüz?
– “Hayır” deyəməyəcəm,
karışıqlıq var əlbət. Bir dönəmin
iç işləri bakanı vardı Türkiyədə
Abdulkadir Aksu – o benim akrabam. (Bu Abdulkadir Aksunu mən Ankarada
Tuncayın məzuniyyət törənində yaxından
görmüşdüm, çıxışına da qulaq
asmışdım. Neçə ilin naziridi –
danışığı dəyişməyib. Təmiz
kürddü. Bir də görürəm ki, buralarda da “nazir”
sözü keçmiş olsa da böyük önəm
daşıyır). Sayın millət vəkili Bora bəylə
siyasi mükaliməyə girişib “bəsləmə” krizindən,
Kiprlə Türkiyə arasında yaşanan gərginlikdən,
ada sakinlərinin maddi durumundan, türklərlə rumların
mücadiləsindən, yalnız hərbçilərin daxil
ola biləcəyi “yasak” şəhərdən
danışır, Of, ay aman, burda da siyasət? İstəmirəm,
mən də özümə yasak qoymuşam – nə savaş,
nə konflikt, nə qarşıdurma. Yalnız və yalnız
Sevgi. Afrodita, mən gəldim! ...
Yol uzunu işıqları
alışıb-yanan kazinolar çıxır
qarşımıza. O ölkələrdə ki qumara
qadağa qoyulub, həmin ölkələrin qanunsevər vətəndaşları
gəlib burda xərcləyirlər pullarını. Nə qədər
adamın evi yıxılır bu kazinolarda... Stop! Sənə nə
var bu yıxılmalardan, qız! Yasak, yasak, yasak! Ancaq müsbət
emosiyalar – bax, dəniz də göründü,
parıldayır ay işığında. Yakamoz – ayın dənizdə
yansıması.
... Aha, bu da otelimiz Akapulka. Nə böyük sahəsi var. Bora bəy bizi öncə resepsiona aparır, oteldə qeydiyyata alınırıq. Hollda oturmuş insanlara göz gəzdirirəm – çox mozaik mənzərədi, sarışın avropalılar, qaraşın... – İrandan çox insan gəliyor Kıbrısa- deyir otel sahibi. Hə də, orda da bayramdı axı. İlk təəssüratım məni bir az çaşdırır deyəsən. Yəqin yorğunluğumdandı. Gözümə bir az ayrı cür görünürlər. Şam üçün gec olsa da acından ölürəm, zatən təyyarədə də salatdan başqa bir şey verməmişdilər. Yeməkxanada bir azacıq atışdırandan sonra odamıza aparırlar bizi. Dedim axı, otelin ərazisi çox böyükdü, içində açıq – yay avtobusu işləyir. Lap marşrut avtobusu kimi. Yorğunam, çox yorğunam. Sabah ayılan kimi çarıqlarımı ayağıma keçirib düşəcəm adanın canına... (Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2011.- 9 aprel.- S.15.