“ÜNS”–5 il: təqvimi vərəqləyərkən
...
Hər bir soyun nəsildən-nəslə keçən özünəməxsus ailə ənənəsi var. Bizim ailəmizdə isə təqvim vərəqlərinin kolleksiyasını toplamaq ənənəsi var. Bu ailə üzvlərinin hər biri ilə əlaqədar əlamətdar və həyatında iz salan, yadda qalan günlərin, təqvim vərəqinin saxlanmasıdır. Bəzən asudə vaxtlarımda mən şəxsi arxivimdəki bu təqvim səhifələrini araşdırmağı xoşlayıram. Çünki hər vərəqin arxasında o dövrdə yaşadığım gün, bir yadda qalan tarixçə, müəyyən bir ovqat durur. Son günlərin birində 2006-cı ili, 22 aprel, şənbə vərəqini görəndə həmin dövrə – yaradıcılıq və təqdimat həyəcanlı günlərə qayıtdım. Nərgiz xanımın yeni layihələrindən birində iştirak etmək təklifı, heykəl eskizlərinin seçilməsi, quraşdırılma işləri və nəhayət təqdimat. Xatirələrdən şölələnən ürək yanğısı və böyük zəhmətin nəticəsi olan uğurlu təqdimat. İxtisasca filoloq alim, elmlər doktoru, professor Nərgiz xanım Paşayevanın yüksək bədii-estetik zövqə və çoxşaxəli intellektə malik bir insan olması sirr deyil.
O, artıq neçə illərdir ki, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı ölkəmizdə və xaricdə bir çox mühüm mədəni layihələri – tanınmış
sənət və elm adamlarının yubileylərinin beynəlxalq səviyyədə keçirilməsini təşkil edib, gənc istedadların tanınmasına şərait yaradıb. Reallaşdırılan bu
layihələrin hər biri isə öz ssenarisi, quruluşu və
özünəməxsus təqdimatı ilə fərqləndiyi
üçün həmişə geniş marağa səbəb
olur. Nərgiz xanımın 22 aprel 2006-cı ildə
açılışı olan “ÜNS” yaradıcılıq səhnəsi
layihəsinin də öz bənzərsizliyi ilə ədəbi-bədii
ziyalı mühitində geniş əks-səda doğurdu.
Tanınmış şərqşünas-alim
Aida xanım İmanquliyevanın xatirəsinə həsr
edilmiş “ÜNS” yaradıcılıq səhnəsi bu illər
ərzində ziyalılar üçün böyük
töhfə – “yaşıl ada”ya çevrilib. Xoşbəxtlikdən
mən də binanın yenidənqurma, bərpa və tərtibat
işlərinin gedişinin şahidi və müəyyən mənada
iştirakçısı da oldum. Bir gün emalatxanamda olarkən
çoxdan işlədiyim, eskiz variantında olan bir neçə
işim Nərgiz xanımın diqqətini cəlb etdi. 25-30 sm
olan bu işlərin bəzisi plastilində (teatrın həyətindəki
“Artist” heykəli), bəzisi isə gipsdə idi. Bir çox
işə baxıb onların içərisindən şərti
adları “Adəm” və “Həvva”, “Mütəfəkkir” və
sonralar “Artist” adlandırılacaq üçünü
seçən Nərgiz xanım, onları yeni layihəsi
üçün böyütməyi xahiş etdi. Məni bu
layihənin ideyası və məramı ilə tanış
etdi və təklif etdi ki, vaxt tapıb bu tikintiyə baş
çəkim. Elə o gündən də bizim iş birliyimiz
başlandı. Söhbət əsnasında artıq mən
özümçün onu da qət etdim ki, öz məramına
görə bura adi teatr deyil, ziyalıların ünsiyyət
ocağı olacaq. Bir şeyi də xüsusi qeyd etmək istəyirəm
ki, yenidənqurma və bərpa işləri aparılan bu
kiçik bina tikinti sahəsini deyil, daha çox
yaradıcılıq emalatxanasını
xatırladırdı.
Təmir ərəfəsində
mən tez-tez xalq arasında “Alimlər evi” kimi tanınan binaya
bitişik tikintiyə gedir, Nərgiz xanımla heykəl
fiqurların harada duracağımı yerindəcə
müzakirə edirdik. Çünki onların durduğu
yerlə daşıyacaqları ideya üst-üstə
düşməli idi. Burada nəyin harada dayanacağı,
şəkillər qalereyası, zalın quruluşu ciddi
müzakirələr obyekti idi. Belə müzakirələrin
nəticəsində “Adəm” və “Həvva” əsərləri
ümumi bir ad – “İlk səhnə” (I akt), “Mütəfəkkir”
isə “Dahilik iddiası ilə” adını qazandılar.
“ÜNS” yaradıcılıq səhnəsi
bütövlükdə çox düşünülmüş
şəkildə planlaşdırılıb. İlk
baxışdan həm foye, həm səhnə və
tamaşaçı salonu yığcam və xudmani
görünür. Lakin bu bir görüntüdür. Yaruslu
foye eyni zamanda tutumlu bir sərgi salonu, ziyalıların, sənətsevərlərin
sevimli məkanına çevrildi. Mən hesab edirəm ki, istər
interyer və eksteryerin tərtibatı, istər burada
keçirilən hər hansı bir tədbirin uğuru
bilavasitə Nərgiz xanım Paşayevanın irsi
yaradıcılıq istedadı və intellekti ilə
bağlıdır. Deyirlər ki, teatr asılqandan
başlayır. Nərgiz xanım burada da stereotipi
sındırdı. Kiçik həyətlə foye həmahənglik
təşkil edir. Tamaşaçı, daha doğrusu, mən
bura gələnləri qonaq adlandırardım, kiçik
darvazadan içəri daxil olan kimi milli və eyni zamanda
ümumbəşəri ideyalarla, mədəniyyət və
incəsənətlə ünsiyyətə girir. Çünki
Nərgiz xanımın layihəsinin leytmotivini, məhz Aida
xanım İmanquliyevanın yaradıcılıq qayəsini təşkil
edən mədəniyyətlərin dialoqu, “Şərq və
Qərb: ortaq mənəvi dəyərlər”, elmi-mədəni
əlaqələr ideyası təşkil edir. “ÜNS”-ün
bu məramı ötən beş il ərzindəki hər bir
təqdimatında – yaxın və uzaq xaricdən dəvət
edilən teatr truppalarının maraqlı tamaşalarında
və öz yaradıcılıq axtarışlarında, milli
və qərb musiqi axşamlarında əksini tapıb və
bura gələnlərə əsl sənət sevinci bəxş
edib. Məhz bu səbəbdən sənətsevərlərin
vaxtaşırı görüşdüyü “ÜNS”
yaradıcılıq səhnəsi təkcə
ziyalılarımız üçün deyil,
bütövlükdə Azərbaycanın vizual mədəniyyəti
üçün əvəzsizdir. Xüsusi olaraq onu da qeyd etmək
istərdim ki, məni təkcə bir tamaşaçı və
heykəltəraş olmaqla yanaşı, bir pedaqoq kimi də
sevindirən bir cəhət var.
Bu da bilavasitə Nərgiz xanım
Paşayevanın irsi yaradıcılıq istedadı və
intellektinin məhsulu olan “ÜNS”-ün interyer və eksteryer tərtibatından
tutmuş, burada keçirilən hər hansı bir tədbirin
bir örnək kimi müasir cəmiyyətimizin və gənclərimizin
bədii-estetik zövqünün formalaşmasında
oynadığı əhəmiyyətli roludur. Bu gün
respublikamızda genişmiqyaslı tikinti-quruculuq işləri
gedir, teatrlar da təmir edilir və yenidənquraşdırma
işləri aparılır. Lakin, etiraf edək ki, istər
öz bədii-estetik tərtibatına, istər öz qayəsinə
görə vaxtaşırı sənətsevərlərin
görüşdüyü “ÜNS” yaradıcılıq səhnəsi
– “bu kiçik, yaşıl ada” ziyalılarımız
üçün doğma ocağa çevrilib. Mən Nərgiz
xanım Paşayevaya və onun rəhbərlik etdiyi “ÜNS”
yaradıcılıq səhnəsinə yeni uğurlar
arzulayır və burada maraqlı görüşləri səbirsizliklə
gözləyirəm.
Fuad Salayev
525-ci qəzet.- 2011.- 9 aprel.- S.11.