“250 saylı məktəb Təhsil
Nazirliyinin etimadını hər zaman doğrultmağa
çalışır”
Məktəb insan həyatının
ikinci dünyasıdır. Həm də elə bir
dünyadır ki, hər kəsin taleyində, həyatında
mühüm rol oynayır, əvəzsiz xidmətlərilə
yaddaşlarda iz qoyur. Şagirdlərin taleyində, həyatında
mühüm rol oynayan təhsil müəssisələrindən
biri də Bakının Nizami rayonundakı 250 saylı orta məktəbdir.
Məktəb 1972-ci ildən fəaliyyətdədir. Şagirdlərin
yüksək səviyyədə təhsil alması
üçün lazımi şəraitin
yaradıldığı təhsil müəssisəsində tələblərə
cavab verən sinif otaqları, maraqlı kitablarla zəngin
kitabxana, müxtəlif fənn otaqları, idman zalı və
meydança mövcuddur. “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması” üzrə Dövlət
Proqramı çərçivəsində bu ildən məktəbdə
“Elektron məktəb” layihəsinin tətbiqinə
başlanılıb. Bununla əlaqədar olaraq məktəbə
yüksək optik ötürücü olan kabel çəkilib,
təhsil müəssisəsi sürətli internet xəttinə
qoşulub.
1993-cü ildən məktəbə
Nazim Adıgözəlov rəhbərlik edir. Yüksək
səviyyəli pedaqoji fəaliyyəti nəzərə
alınaraq, N.Adıgözəlov 250 saylı məktəbə
direktor təyin olunub. N.Adıgözəlov təhsilin
inkişafına xidmət edən yeni ideyaları dəstəkləyən,
işinə böyük məsuliyyət hissi ilə
yanaşan direktordur. N.Adıgözəlov deyir ki, rəhbəri
olduğu orta ümumtəhsil məktəbində 940 şagird
təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə
ümumilikdə 138 müəllim məşğul olur. Müəllimlərin
99 faizi ali təhsillidir. Hər bir şagirdi yüksək
keyfiyyətli təhsillə təmin edən təhsil müəssisəsində
elektron tədris kabinetləri fəaliyyət göstərir.
Kabinetlərdə kimya, fizika, biologiya, ana dili, Azərbaycan
tarixi və sair fənlər elektron resurslar vasitəsilə tədris
edilir.
Məktəbdə həmçinin
kimya, fizika, biologiya laboratoriyaları da var. N.Adıgözəlovun
sözlərinə görə, məktəbin şagirdləri
mütəmadi olaraq keçirilən müxtəlif intellekt
yarışmalarında, müsabiqələrdə,
olimpiadalarda fəal iştirak edirlər: “Bizim şagirdlər
mütəmadi olaraq keçirilən fənn
olimpiadalarında, bilik yarışlarında iştirak edir. Hər
il də bu yarışların şəhər və ölkə
turlarında müxtəlif yerlər tuturlar. Hər il ali məktəblərə
keçirilən qəbul imtahanında məktəbin məzunları
müvafiq balla ali məktəblərə daxil olurlar. Məktəbi
bitirən məzunların çoxu tələbə
adını qazanıb. Bizim məktəbin pedaqoji kollektivi
şagirdlərin yüksək səviyyədə orta təhsil
alması üçün səylə
çalışır, əlindən gələni əsirgəmir.
Biz çalışırıq ki, cəmiyyət
üçün savadlı, intellektli və ən önəmlisi
vətənpərvər gənclər yetişdirək. Rəhbəri
olduğum məktəb Təhsil Nazirliyi tərəfindən
ona göstərilən etimadı hər zaman doğrultmağa
çalışır. Mən də bir direktor kimi işimi
layiqincə icra etməyə və təhsil naziri Misir Mərdanovun
mənə göstərdiyi etimadı doğrultmağa
çalışıram”. N.Adıgözəlov
vurğulayıb ki, ölkədə təhsil və bu sahənin
inkişafı daim prezident İlham Əliyev tərəfindən
diqqət mərkəzində saxlanılır, təhsilə
dövlət səviyyəsində diqqət və
qayğı göstərilir. Bu gün Azərbaycan məktəblərində
şagirdlərin yüksək səviyyədə təhsil
alması üçün lazımi şərait
yaradılıb. Bakıda, ölkənin bütün rayon və
kəndlərində illərlə təmir edilməyən,
tam yararsız, qəza vəziyyətində olan, təlim-tərbiyə
üçün heç bir şəraiti olmayan məktəblərin
yerində müasir standartlara uyğun yeni məktəb
binaları inşa edilib. Təmirə ehtiyacı olan təhsil
müəssisələrində əsaslı təmir-bərpa
işləri aparılıb.
Yeni ümumtəhsil məktəblərinin
tikintisi, əlavə korpusların inşası, onların əsaslı
təmiri, müasir avadanlıqlarla təminatı,
infrastrukturunun yeniləşdirilməsi nəticəsində
minlərlə şagirdin təlim şəraiti
yaxşılaşdırılıb. Məktəbəqədər
təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində
yeni müəssisələrin inşası ilə
bağlı isə Nazirlik tərəfindən İnvestisiya
proqramı hazırlanıb: “2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin 1-ci siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanılıb. Ölkənin 14 rayonunda 1-ci siniflərdə
fənn kurikulumlarının tətbiqi vəziyyətinin
monitorinqi aparılıb. Azərbaycanın əksər orta məktəbləri
hətta ucqar rayonlarda fəaliyyət göstərən təhsil
müəssisələri belə kompüter
avadanlığı və müasir texnologiya ilə təmin
edilib. İstedadlı uşaq və gənclərin aşkara
çıxarılması və onlarla iş sahəsində tədqiqatlara
başlanılıb, ölkənin 21 bölgəsində 32
pilot məktəbi yaradılıb. Proqrama uyğun olaraq
ümumtəhsil məktəblərinin müəllimləri
üçün istedadlı uşaq və gənclərlə
fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr
edilən ixtisasartırma tədbirləri həyata
keçirilib. İstedadlı şagirdlərin təhsil
aldığı lisey və gimnaziyaların ali təhsil müəssisələri
ilə işgüzar əlaqələrinin yaradılması
istiqamətində lisey və gimnaziyalar müvafiq ali məktəblərə
təhkim olunub. Lisey, gimnaziya və məktəb-liseylərin
maddi-tədris bazasının möhkəmləndirilməsi, o
cümlədən bu tip məktəblərin şəbəkəsinin
genişləndirilməsi sahəsində də ciddi işlər
görülüb. Azərbaycanın təhsil sisteminin
inkişaf edərək, beynəlxalq standartlara uyğun səviyyəyə
gəlib çatmasında nazir Misir Mərdanovun xüsusi rolu
var”. Təhsil sistemində gedən islahatlar haqqında
danışan N.Adıgözəlov qeyd edib ki, təhsil
sistemində islahatların həyata keçirilməsində əsas
məqsəd Azərbaycanın təhsil sistemini dünya təhsil
sistemi standartlarına uyğunlaşdırmaq və müasir
nailiyyətlərin tətbiqinə şərait yaratmaqdı.
İslahatların düşünülmüş şəkildə
həyata keçirilməsi Azərbaycanda təhsilin səviyyəsinin
xeyli yüksəlməsinə, səmərəliliyin
artırılmasına zəmin yaradıb: “1999-cu ildə Heydər
Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı” 1999-cu ildən başlayaraq növbəti 15 il
üçün ümumi təhsilin inkişaf
strategiyasını müəyyənləşdirib. Bu gün
Azərbaycan təhsilində Təhsil Nazirliyi tərəfindən
tətbiq edilən yeniliklər, təhsilin təkmilləşdirmə
strategiyası məktəb nailiyyətlərinə təsir edən
bütün sahələr üzrə innovativ yanaşmalara əsaslanır.
Bura kurikulumun tətbiqi, təlim strategiyaları, qiymətləndirmə
metodları, təlim mühiti və icmaların təhsilə
cəlb olunması, idarəetmə və müəllimlərin
peşəkarlığının təkmilləşdirilməsi
kimi sahələr daxildir. Dünya Bankı ilə son 10 ildə
təhsil sahəsində səmərəli əməkdaşlıq
və həyata keçirilən uğurlu islahatlar nəzərə
alınaraq, Azərbaycan təhsil sahəsində uğur
qazanan ölkə kimi müəyyənləşdirilib,
Dünya Bankı tərəfindən digər ölkələr
üçün nümunə kimi qəbul edilib, bu sahədə
Azərbaycan təcrübəsinin öyrənilməsi
tövsiyə olunub. Əgər əvvəllər təhsil
islahatları sahəsində təcrübə öyrənmək
üçün xarici ölkələrə təlim səfərləri
edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən
xarici ölkələrdən Azərbaycana təlim səfərləri
nəzərdə tutulub. Azərbaycan təhsil sahəsində
həyata keçirilən yeniliklər baxımından həm
bir sıra postsovet, həm də region ölkələrini hiss
olunacaq dərəcədə qabaqlayıb. Rusiyada təhsil
sistemində yeniliklər etmək məqsədilə
şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi,
məktəblərin geniş zolaqlı internet şəbəkəsinə
qoşulması, əlverişli məktəb mühitinin
yaradılması, təhsil müəssisələrinə
maliyyə müstəqilliyinin verilməsi, inkluziv təhsil
üzrə 5 illik proqramın qəbul olunması və sair məsələlərlə
bağlı müvafiq qərarlar verilib.
Rusiyanın təhsil sistemində 2010-cu və sonrakı illər üçün tətbiq edilməsi nəzərdə tutulan bu yeniliklər Azərbaycan təhsilində 1999-cu ildən həyata keçirilməyə başlanıb və artıq tətbiq olunan bu yeniliklərdən müsbət nəticələr də əldə olunub”. Direktor vurğulayıb ki, Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları “Kurikulum islahatları”adı altında aparılır. Məzmun sahəsində yeni siyasətə görə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır. Tədrisdə yeni milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə çıxarmağa vadar edir. Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə yetirilməsini təmin edən alt-standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin müntəzəm qiymətləndirilməsinə imkan yaradır. Təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulması təmin olunur: “Həyat bilgisi” fənni fərdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. Başqa fənlərdən fərqli olaraq “Həyat bilgisi” fənni konkret bir elmin əsaslarını öyrətmir. Bu fənn ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. “Həyat bilgisi” fənninin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onu arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu vardır. Fənnin təlimində şagirdlərin təhsili, tərbiyəsi və inkişafı məsələləri üzvi surətdə əlaqələndirilir. Onlar “Həyat bilgisi”nin köməyi ilə əxlaqi yetkinlik, saflıq, düzlük, əqidəlilik, ədalətlilik, dözümlülük, tolerantlıq, özünə və başqalarına hörmət kimi yüksək mənəvi dəyərlərə yiyələnirlər. Dərslərin kurikulum əsasında keçilməsi gələcəyin kamil vətəndaşları olacaq uşaqların zəngin bilik xəzinəsinə yiyələnməsinə şərait yaradır. Azərbaycan təhsil sistemində dünya təhsil sistemi standartlarına uyğun müasir nailiyyətlərin tətbiqi ilə nəticələnən bu kurikulum sisteminə məhz Misir Mərdanovun nazir kimi fəaliyyəti sayəsində başlanılıb”. N.Adıgözəlovun sözlərinə əsasən, Azərbaycanda təhsil tarixində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən yeni qiymətləndirmə sistemi tətbiq olunur. Ölkənin bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir. Yeni qiymətləndirmə sistemi Təhsil Nazirliyi tərəfindən hazırlanan və 2009-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında həyata keçirilir. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks yanaşılır, onun əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır: “Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Qiymətləndirmə sahəsində yeni sistemin tətbiqi, müəllimlərin, məktəb rəhbərlərinin və şagirdlərin məsuliyyətini artırıb. Bu cür qiymətləndirmə şagirdin 11 illik orta təhsil səviyyəsini doğru və düzgün təyin etməyə kömək edir. Tətbiq olunan bu yeni qiymətləndirmə sistemi ekspertlər tərəfindən mükəmməl bir sistem kimi qiymətləndirilir. Mən bunu təhsil tarixində tətbiq olunan ən mühüm islahatlardan biri hesab edirəm. Bir direktor kimi imtahanların təşkilindən və gedişindən çox razıyam. Hər il hər şey təhsil Nazirliyi tərəfindən çox yüksək səviyyədə təşkil edilir”. N.Adıgözəlov əlavə edib ki, orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 9 aprel.- S.10.